Millət vəkili ABŞ Konqresində aparılan anti Azərbaycan kampaniyalarından danışdı
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Konqresində keçirilən son dinləmələrdə Azərbaycan və Türkiyəyə qarşı bir sıra ittihamlar səsləndirilib. Qarabağda baş verən proseslər, dini azadlıqlar, “Qərbi Azərbaycan” mövzusu və Ermənistanın təhlükəsizliyi kimi məsələlərin müzakirə olunduğu dinləmələrdə Bakı və Ankaraya qarşı hərbi yardımın, silah satışının və diplomatik dəstəyin məhdudlaşdırılması ilə bağlı çağırışlar da yer alıb.
Vaşinqtonda baş verən bu müzakirələr ABŞ siyasi dairələrində Azərbaycan və Türkiyəyə qarşı təzyiq təşəbbüslərinin hansı istiqamətdə inkişaf etdiyi, onların regiondakı sülh prosesinə və ikitərəfli münasibətlərə mümkün təsirləri ilə bağlı suallar doğurur.
Maraqlıdır, ABŞ Konqresində Azərbaycan və Türkiyəyə qarşı səsləndirilən ittihamlar, hərbi və diplomatik dəstəyin məhdudlaşdırılması çağırışları necə qiymətləndirilir?
Bu müzakirələr regionda sülh prosesinə və Azərbaycan-ABŞ münasibətlərinin gələcək inkişafına təsir göstərə bilərmi?
Azərbaycanın bu cür siyasi kampaniyalara qarşı beynəlxalq müstəvidə hansı addımları atması vacibdir?
Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin deputatı Tural Gəncəliyev açıqlama verib.
Deputat bildirib ki, ABŞ Konqresində son dövrlərdə, xüsusilə demokratlarla əlaqəli erməni diasporu nümayəndələri və ümumilikdə anti-Azərbaycan qüvvələri tərəfindən ölkəmizə qarşı müxtəlif bəyanatlar səsləndirilir:
“Konqres ətrafında qondarma ‘Artsax’ın bayrağını əllərində tutaraq müxtəlif tədbirlər keçirməyə çalışırlar. Hesab edirəm ki, demokratların 2027-ci il yanvarın 1-dən yeni Konqres sessiyalarına başlamasından sonra bu cür təxribatların sayı arta, erməni lobbisinin fəaliyyət imkanları genişlənə bilər. Təbii ki, biz buna hazır olmalıyıq.
Onların dezinformasiya kampaniyalarına və təxribatlarına qarşı əvvəlki kimi qətiyyətli mövqe nümayiş etdirməliyik. Bunun üçün diqqətli davranmalı, ehtiyatı əldən verməməliyik.
Hazırda geosiyasi baxımdan həm regionda, həm də qlobal miqyasda mühüm proseslərin cərəyan etdiyi bir mərhələdəyik.
Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasından sonra Azərbaycanın təşəbbüsü ilə regionda sülh platforması formalaşıb, sülh təşəbbüsləri və ideyaları irəli sürülüb. Təbii ki, bu prosesdən narahat olan dairələr, Amerika Konqresindəki müəyyən qüvvələr, erməni diasporu və demokratlarla əlaqəli erməni diasporu nümayəndələri əvvəlki işğal dövründə yürütdükləri siyasəti indi fərqli metodlarla davam etdirməyə çalışacaqlar”.
Millət vəkili vurğulayıb ki, işğal dövründə həmin qüvvələr torpaqlarımız üzərində ciddi resurslar və təsir imkanları əldə etmişdilər:
“İşğal altında olan ərazilərimizdən istifadə etməklə qanunsuz fəaliyyətlərini həyata keçirir, torpaqlarımızı talan edir, regionu davamlı olaraq sülhə deyil, müharibəyə sürükləyirdilər. Müharibə başa çatdıqdan sonra isə həmin dairələrin və destruktiv qüvvələrin imkanları, fəaliyyət potensialı əhəmiyyətli dərəcədə azalıb.
Bu səbəbdən hər yeni fürsətdən və yaranan imkanlardan maksimum yararlanmaq, təxribatlar törətmək revanşistlərə və erməni diasporunun nümayəndələrinə xas davranışdır. Onlar bu fəaliyyətlərindən və səylərindən heç vaxt imtina etməyəcəklər.
Bizim güclü dövlətimiz var və onlar bizə qarşı heç nə edə bilməzlər. Lakin Konqres vasitəsilə, eləcə də Avropa İttifaqında, Fransada və erməni diasporunun möhkəm əlaqələr qurduğu dünyanın müxtəlif siyasi mərkəzlərində bu cür bəyanatlar səsləndirməyə, destruktiv fəaliyyətlərini davam etdirməyə çalışacaqlar.
Əslində isə Ermənistanın Baş naziri Nikol Paşinyan üzərinə götürdüyü öhdəlikləri mümkün qədər tez yerinə yetirməyə çalışır. Ermənistana və regiona qarşı erməni diasporunun radikal revanşist fəaliyyətlərinin yaratdığı zərər isə təkcə Azərbaycana deyil, daha çox Ermənistanın özünə yönəlir və gələcəkdə də bu ölkəyə ciddi təsir göstərə bilər.
Onların bizə qarşı edə biləcəyi hər hansı bir şey yoxdur. Bu baxımdan Azərbaycanın belə siyasi kampaniyalara qarşı beynəlxalq müstəvidə fəal mövqe tutması, beynəlxalq təşkilatların imkanlarından səmərəli istifadə etməsi mühüm əhəmiyyət daşıyır.
Biz artıq bu istiqamətdə fəaliyyət göstəririk: beynəlxalq təşkilatlara sədrlik edir, dünya miqyaslı mötəbər tədbirlərə ev sahibliyi edirik. Avropa, Asiya, COP29, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və digər platformalar Azərbaycanın çoxşaxəli, çoxvektorlu diplomatiyasının və xarici siyasət strategiyasının əsas istiqamətlərini təşkil edir”.
Pərvin Şakirqızı
Moderator.az / Redaktor
Parlament müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 23 Noyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















