FTX rəhbərindən Britaniyaya ittihamlar “Rusiyada terror və diversiya əməliyyatları təşkil edir...”
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov Böyük Britaniya xüsusi xidmət orqanlarını Rusiyanın ərazisində “terror və diversiya aksiyalarının təşkilinə” rəhbərlik etməkdə günahlandırıb.
“AzPolitika” xəbər verir ki, o, bu barədə MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin müşavirəsində çıxış edərkən bəyan edib.
Bortnikovun sözlərinə görə, Britaniya kəşfiyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) “Pautina” (“Tor”) adlı əməliyyatına nəzarət edib, nəticədə iyunun əvvəlində Rusiyanın bir neçə hərbi aerodromunda təyyarələr məhv edilib və ya zədələnib: “İngilislər bu əməliyyatın informasiya dəstəyini də təmin ediblər, mediaya saxta məlumatlar ataraq, guya Ukraynanın öz təşəbbüsü ilə Rusiyaya böyük zərbə vurduğu görüntüsünü yaradıblar”, - FTX rəhbəri bildirib.
Bortnikov həmçinin iddia edib ki, Britaniyanın xarici kəşfiyyat xidməti - MI6, Ukrayna xüsusi xidmət orqanları ilə birgə Rusiya ərazisində kritik infrastruktur obyektlərinə qarşı yeni hücumlar planlaşdırır. Onun sözlərinə görə, bu planlara “döyüş dalğıclarının iştirakı ilə əməliyyatlar” da daxildir.
FTX rəhbəri əlavə edib ki, London Avropa İttifaqını Rusiyaya qarşı silahlı qarşıdurmaya təhrik edir, məqsəd isə investorları qorxudaraq “kapital axınını öz maliyyə bazarlarına yönəltməkdir”. Bortnikov hətta Avropa sakinlərinə xəbərdarlıq edərək deyib ki, “onlar Ukraynanın aqibətinə baxsınlar”.
Diqqət çəkən məqam odur ki, Bortnikov çıxışında heç bir sübut təqdim etməyib. Eyni zamanda o, ABŞ-ni birbaşa ittiham etməyib, lakin ümumilikdə NATO alyansını Avropa üzərində pilotsuz uçuşlar təşkil edərək, bu hücumlarda Rusiyanı ittiham etməyə çalışmaqda günahlandırıb.
Xatırladaq ki, Böyük Britaniya Ukraynaya hərbi və kəşfiyyat dəstəyi verən əsas Qərb ölkələrindən biridir. London Kiyevə silah tədarük edir, Ukrayna hərbçilərinin təlimini təşkil edir və kəşfiyyat məlumatları paylaşır. Həm London, həm də Kiyev britaniyalı hərbçilərin birbaşa əməliyyatlara cəlb olunmasını qəti şəkildə təkzib edir.
Qeyd edək ki, Bortnikovun bu bəyanatından bir gün əvvəl Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketi elan edib. Yeni siyahıya, xüsusilə, “Rosneft” və “Lukoil” kimi nəhəng enerji şirkətləri daxil edilib.
Rasim Əliyev
“AzPolitika.info”


