G Zero Epoxası və Orta Dəhlizin enerji təhlükəsizliyi üzərində təsiri
Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
G-Zero epoxası (ingiliscə G-Zero World) anlayışı beynəlxalq münasibətlər sistemində yaranmış idarəçilik və liderlik boşluğunu ifadə edir. Bu konsepsiyanı Eurasia Group-un prezidenti İan Bremmer 2012-ci ildə irəli sürmüş və onunla qlobal liderliyin tədricən zəiflədiyini vurğulamışdır. Bremmerin fikrincə, Amerika Birləşmiş Ştatları hələ də dünyanın ən güclü dövləti olsa da, artıq "liderlik etməyə könüllü deyil” və bununla da öz yaratdığı beynəlxalq nizamı tədricən sökür. Bununla da, beynəlxalq sistemdə yeni bir geosiyasi reallıq formalaşır — heç bir dövlət və ya güc mərkəzi qlobal qaydaların və normaların müəyyənləşdirilməsində qəti söz sahibi deyil.
İan Bremmerin fikrincə, "G-Zero dünya” elə bir dövrdür ki, burada artıq heç bir güc qlobal qaydaları müəyyənləşdirmək istəmir və ya buna real imkan tapmır. Bu epoxanın əsas xüsusiyyəti ondan ibarətdir ki, əvvəlki beynəlxalq nizamın dayaqları zəifləyib, böyük dövlətlər arasında koordinasiya yox dərəcəsindədir. ABŞ son illərdə bir çox beynəlxalq razılaşmalardan geri çəkilərək, yeni tariflər tətbiq etməklə və hətta ənənəvi müttəfiqlərinə qarşı "transaksional” yanaşma sərgiləməklə öz etibarlılığını sarsıdıb. Nəticədə, tərəfdaş ölkələr daha sabit və davamlı əməkdaşlıq formaları axtarmağa başlayıblar.
Bu boşluğu doldurmaq üçün Çin və digər güclər irəli çıxmağa çalışır. Çin özünü "sabit və çoxtərəfli əməkdaşlığa sadiq tərəfdaş” kimi təqdim edir və Şanxay Əməkdaşlıq Təşkilatı kimi platformalardan istifadə edərək "suverenlik birinci” prinsipi üzərində qurulan yeni, çoxqütblü model təklif edir. Hətta Pekinin təsirinə tam açıq olmayan ölkələr belə bu modelə alternativ görür və yeni diplomatik istiqamətlər axtarırlar.
Bremmer bu vəziyyəti "geopolitik resessiya” adlandırır — yəni böyük güclər arasındakı gərginliklərin artması, etimadın azalması və beynəlxalq sistemin dərin parçalanması mərhələsi. Bu şəraitdə ölkələr ABŞ-a güvənməkdə tərəddüd edir, Çin, Rusiya və digər aktorlar isə öz təsir sahələrini genişləndirməyə çalışırlar. Məhz belə bir mühitdə regional təşəbbüslər – xüsusilə Orta Dəhliz və Naxçıvanın enerji infrastrukturunun inkişafı yeni strateji əhəmiyyət qazanır. Bu layihələr həm iqtisadi, həm də geosiyasi baxımdan G-Zero epoxasının doğurduğu boşluğu qismən dolduran alternativ platformalar kimi meydana çıxır.
Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) — Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropanı birləşdirən çoxşaxəli logistika xəttidir. Bu marşrut sadəcə nəqliyyat alternativi deyil; o, Avrasiya məkanında yeni enerji və ticarət arxitekturası formalaşdırmaq potensialına malikdir. "Modern Diplomacy" nəşrinin qeyd etdiyi kimi, Orta Dəhliz "Şərqlə Qərb arasında sadəcə yeni yol deyil”, həm də "geosiyasi gərginliklər və iqlim çağırışları fonunda enerji təhlükəsizliyi və iqtisadi müstəqillik üçün həlledici əhəmiyyət daşıyan” strateji layihədir. Bu marşrut Çindən başlayaraq Mərkəzi Asiya ölkələri, Xəzər dənizi və Cənubi Qafqazdan keçərək Türkiyə vasitəsilə Avropa İttifaqına qədər uzanır və beləliklə, Avrasiyanın şərq-qərb istiqamətli inteqrasiyasını yeni mərhələyə daşıyır.
Orta Dəhlizin geosiyasi əhəmiyyəti ondan ibarətdir ki, o, həm enerji təhlükəsizliyi, həm də regional iqtisadi müstəqillik baxımından yeni bir nizam formalaşdırır. Ənənəvi enerji marşrutlarının bir neçə ölkə üzərində cəmlənməsi Avropanı həm tranzit risklərinə, həm də geosiyasi təzyiqlərə qarşı həssas vəziyyətə salmışdı. Orta Dəhliz bu mənada yeni bir strateji imkan açır: o, mövcud sistemləri tamamlayaraq enerji istehsalçısı olan dövlətlərə Avropa və qlobal bazarlara daha birbaşa və sabit çıxış yaradır, asılılıq səviyyəsini azaldır. Bu, xüsusilə Mərkəzi Asiya və Xəzər regionu ölkələrinə müxtəlif tərəfdaşlarla əməkdaşlıq əlaqələrini genişləndirmək və öz enerji siyasətlərində daha çox suverenlik əldə etmək imkanı verir.
Marşrut eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün yeni bir "regional oyanış” mərhələsini də ifadə edir. Uzun illər periferiyada qalan bu ölkələr artıq enerji və logistika baxımından regionun əsas mərkəzinə çevrilməkdədirlər. Modern Diplomacy nəşrinin vurğuladığı kimi, bu dövlətlər Rusiya və Çinin dominant tranzit sistemlərindən asılılıqlarını tədricən azaldaraq daha balanslı və çoxvektorlu xarici əlaqələr qururlar.
Orta Dəhlizin perspektivi təkcə karbohidrogen resurslarının daşınması ilə məhdudlaşmır; o, eyni zamanda yaşıl enerji transformasiyasını da təşviq edir. Avropa İttifaqının yaşıl investisiyaları sayəsində külək və günəş enerjisi layihələrinin regiona inteqrasiyası güclənir, bunun nəticəsində "təmiz və dayanıqlı enerji sektoru” formalaşır. Azərbaycan kimi ölkələr artıq hidrogen, külək və günəş enerjisi potensiallarını reallaşdırmaq istiqamətində konkret addımlar atır və Orta Dəhliz bu yeni enerjilərin Avropa enerji şəbəkəsinə çıxışını təmin edə biləcək strateji platformaya çevrilir.
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi və bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar nəticəsində Şimal marşrutu — yəni Rusiya üzərindən keçən Avropa–Çin ticarət xətti yüksək riskli istiqamətə çevrildi. "Atlantic Council" müəllifi Karel Valansinin sözləri ilə desək, bu proses "geosiyasi zəlzələlər” yaratdı və həmin silkələnmələr Mərkəzi Asiya ölkələrinə yeni strateji imkanlar açdı. Region dövlətləri, xüsusilə Qazaxıstan, Azərbaycan və Gürcüstan, Orta Dəhlizi inkişaf etdirməklə həm iqtisadi, həm də siyasi müstəqilliklərini möhkəmləndirməyə çalışırlar. Bu marşrut Rusiyanı və İranı kənarda qoyaraq Avropaya birbaşa alternativ ticarət və enerji xətti təqdim edir, bununla da bölgədə yeni diplomatik dialoq, nəqliyyat əməkdaşlığı və iqtisadi artım imkanlarını formalaşdırır.
"Atlantic Council" məqaləsində vurğulandığı kimi, Orta Dəhlizin strateji çəkisi artdıqca Türkiyə regionun əsas enerji və logistika habına çevrilir, Avropa İttifaqı isə bu marşruta yönəlik sərmayələrini ardıcıl şəkildə artırır. Bununla belə, ABŞ hələlik müşahidəçi mövqedə qalır, halbuki Orta Dəhliz həm Rusiyanın, həm də Çinin artan təsirini balanslaşdırmaq baxımından mühüm geostrateji alət kimi dəyərləndirilə bilər.
"Caspian Policy Center"in araşdırmasına əsasən, Orta Dəhliz mövzusundakı müzakirələr son illərdə nəzərəçarpacaq dərəcədə intensivləşib. Təşkilat qeyd edir ki, bu artımın əsas səbəbi "xarici investisiyaların bu yeni marşrutun meteorit sürətlə inkişafını dəstəkləməsidir”. Hərçənd "Orta Dəhliz” termini artıq iki onillikdən çoxdur mövcuddur, 2022-ci ildə Rusiyanın Ukraynaya müdaxiləsi bu layihəyə olan beynəlxalq marağı yenidən canlandırdı. Nəticədə, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri mövcud çatışmazlıqları aradan qaldırmaq üçün qarşılıqlı əməkdaşlığı dərinləşdirməyə başladılar. Bu prosesdə Çin və Avropa İttifaqı bölgədə əsas ikitərəfli aktorlar kimi ön plana çıxır.
Hazırkı investisiya mənzərəsi çoxşaxəlidir və bir sıra beynəlxalq maliyyə institutlarını əhatə edir. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB), Avrasiya İnkişaf Bankı (EDB) və Dünya Bankı Orta Dəhliz boyunca infrastrukturun modernləşdirilməsi, sərhəd idarəçiliyi və limanların genişləndirilməsi üçün milyardlarla dollar həcmində vəsait ayırır. 2025-ci ilə qədər EDB-nin portfelində 305 layihə yer alır, yığılı (kumulativ) investisiya həcmi 16,5 milyard dollar, cari portfel isə təxminən 4,6 milyard dollar təşkil edir. EBRD-nin isə Mərkəzi Asiyada kumulativ investisiyaları 21,5 milyard avroya çatıb.
Eyni zamanda, Çin də son otuz il ərzində Mərkəzi Asiya və Qafqaz regionuna 64 milyard dollardan çox sərmayə yatırıb. Əvvəllər bu vəsait əsasən enerji boru xətləri və nəqliyyat şəbəkələrinin inşasına yönəlmişdisə, son illərdə Çin daha çox "yumşaq güc” təşəbbüslərinə – kasıblığın azaldılması, təhsil proqramları və səhralaşmaya qarşı mübarizə kimi sosial layihələrə diqqət yetirir. Bu, Pekinin regiondakı təsirini iqtisadi məhdudiyyətlərin fövqünə çıxararaq siyasi və mədəni ölçülərdə də genişləndirməyə çalışdığını göstərir.
Digər tərəfdən, Avropa İttifaqı Orta Dəhlizin dayanıqlı inkişafını öz Global Gateway təşəbbüsü çərçivəsində prioritet istiqamət kimi müəyyənləşdirib. Təxminən 12 milyard avro dəyərində olan bu proqram, Orta Dəhlizin "boğaz nöqtələri”nin aradan qaldırılması və nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün nəzərdə tutulub. Avropa həmçinin yalnız fiziki infrastrukturun deyil, rəqəmsal gömrük və ticarət sistemlərinin modernləşdirilməsini də hədəfləyir. Bununla, Avropa İttifaqı regionda şəffaflığı və proqnozlaşdırıla bilənliyi artırmaq, həmçinin Orta Dəhlizi Avrasiyanın ən etibarlı və şəffaf iqtisadi marşrutlarından birinə çevirmək niyyətindədir.
2025-ci ildə Səmərqənddə keçirilən ilk Avropa İttifaqı–Mərkəzi Asiya sammiti Orta Dəhlizin inkişafında dönüş nöqtəsi hesab olunur. Sammitdə liderlər bu marşrut boyunca kritik infrastruktur layihələrini dəstəkləmək üçün 2024-cü ildə təsis edilmiş Koordinasiya Platformasının fəaliyyətini dəstəklədilər. Rəsmi məlumatlara əsasən, Global Gateway təşəbbüsü çərçivəsində 10 milyard avro məbləğində maliyyə resursu səfərbər ediləcək və "Trans-Xəzər nəqliyyat koridoru” vasitəsilə Avropa ilə Asiya arasında 15 gündən az müddətdə səmərəli və müasir ticarət marşrutu qurulacaq. Sammit iştirakçıları həmçinin kritik xammal sektorunda əməkdaşlığı dərinləşdirmək və Avropa İnvestisiya Bankının (EIB) regiondakı iştirakını genişləndirmək barədə qərar qəbul etdilər.
Orta Dəhlizin inkişafı Avropa üçün təkcə iqtisadi deyil, enerji təhlükəsizliyi baxımından da strateji əhəmiyyət daşıyır. Modern Diplomacy nəşrinin qeyd etdiyi kimi, bu marşrut Avropa istehlakçılarına daha çox təchizat variantı təqdim etməklə enerji təhlükəsizliyini artırır və bazarın sabitliyinə mühüm töhfə verir. Burada məqsəd yalnız karbohidrogenlərin daşınması deyil; həm də enerji diversifikasiyası, regional enerji suverenliyinin möhkəmləndirilməsi və yeni tərəfdaşlıqların formalaşdırılmasıdır.
"Atlantic Council"ın 2025-ci il təhlilinə görə, Orta Dəhliz "geosiyasi yenidənqurma” dövründə həm ticarət, həm də enerji təchizatı üçün ən etibarlı marşrutlardan biri hesab olunur. Qurumun məlumatına əsasən, Rusiya üzərindən keçən Şimal marşrutu illərlə Avropa–Çin daşımalarının 86 faizini təmin edirdi, lakin 2022-ci ildən sonra bu göstərici kəskin şəkildə azalıb və daşımaların əhəmiyyətli hissəsi Orta Dəhlizə yönəlib. Nəticədə, 2023 və 2024-cü illərdə Orta Dəhliz üzrə ticarət dövriyyəsi müvafiq olaraq 89 və 70 faiz artım nümayiş etdirib. Təhlildə həmçinin qeyd olunur ki, bu marşrut Bab əl-Məndəb boğazı və Şimal nəqliyyat xətti kimi riskli istiqamətlərə alternativ olaraq daha təhlükəsiz, sabit və uzunmüddətli perspektivə malik ticarət arteriyası kimi ön plana çıxır.
Bərpa olunan enerji və "yaşıl” Orta Dəhliz anlayışı bu marşrutun strateji dəyərinə yeni bir ölçü qazandırır. Modern Diplomacy nəşrinin vurğuladığı kimi, Orta Dəhliz təkcə iqtisadi və geosiyasi layihə deyil, həm də bərpa olunan enerji inteqrasiyası üçün platforma yarada bilər. Avropa İttifaqının "yaşıl investisiya” proqramları sayəsində külək və günəş enerjisi kimi resursların regional enerji şəbəkələrinə qoşulması nəticəsində bölgədə təmiz və dayanıqlı enerji ekosistemi formalaşır. Azərbaycan bu istiqamətdə mühüm rol oynayır: ölkə hidroenerji, külək və günəş potensialını artırmaqla "yaşıl gündəliyin” mərkəzinə çevrilir və Orta Dəhliz vasitəsilə bu resursların Avropaya ixracını strateji hədəf kimi müəyyənləşdirir.
Bütün bu proseslərin təhlili göstərir ki, G-Zero epoxası şəraitində Orta Dəhliz yalnız logistik xətt deyil, həm də regional sabitliyin və enerji suverenliyinin dayağına çevrilir. Qlobal liderlik boşluğu və ABŞ-ın etibarsız siyasəti nəticəsində dövlətlər öz iqtisadi gələcəklərini təmin etmək üçün daha çox regional təşəbbüslərə yönəlir. Bu baxımdan, Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət və enerji əlaqələrinin güclənməsi üçün əlverişli mühit yaradır.
Marşrut eyni zamanda Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin enerji siyasətlərini şaxələndirərək onları Rusiya və Çin kimi dominant təsir mərkəzlərindən daha asılı olmayan istiqamətə yönəldir. Türkiyə bu sistemdə enerji və logistika mərkəzinə çevrilir, Avropa İttifaqı isə yeni və daha sabit təchizat imkanları əldə edir.
Bu dinamik transformasiya xarici investisiyalarla daha da möhkəmlənir. ADB, EBRD, EDB kimi beynəlxalq maliyyə institutları ilə yanaşı, Çin, Avropa İttifaqı, Niderland, ABŞ və Türkiyə kimi aktorların sərmayələri regionun həm sərt, həm də "yumşaq” infrastrukturunu modernləşdirir. Bu sərmayələr enerji, gömrük və rəqəmsal iqtisadiyyat sahələrində normativ standartların yüksəlməsinə, şəffaflıq və proqnozlaşdırıla bilənliyin artmasına xidmət edir.
Nəhayət, "yaşıl Orta Dəhliz” təşəbbüsləri region üçün dayanıqlı gələcəyin əsasını qoya bilər. Bərpa olunan enerji layihələrinin inteqrasiyası Avrasiyanın karbon izini azaldacaq, eyni zamanda Avropanın enerji keçidinə töhfə verəcək. Beləliklə, Orta Dəhliz XXI əsrdə yalnız iqtisadi marşrut deyil, həm də qlobal enerji transformasiyasının mühüm elementi kimi formalaşır.
Əli Qədimov,
hüquqşünas, müstəqil tədqiqatçı


