“GECƏ KEÇİR” ROMANINDA GECƏNİN KEÇDİYİ MƏQAM
(Məşhur Azərbaycan yazıçısı İsmayıl Qarayevin “Gecə keçir” romanı haqqında düşüncələr.)
İnsan zamanın və yaşadığı cəmiyyətin şah əsəridir. O, zamana bənzəyir, yaşadığı cəmiyyətə oxşayır.Hər bir bədii əsər öz müəllifinə bənzəyir, onun xarakterini ifadə edir.
Söz önü: İsmayıl Qarayevin yaradıcılığı milli adət-ənənələrimizlə, dilimizin təbii ifadələri, rəngarəng bədii təsvir vasitələri ilə zəngin, gözlənilməz hadisələrlə, oxucu hisslərini qəfil sürprizlərlə təlatümə gətirən, tamamilə müxtəlif zövq və dünyagörüşə malik oxucu auditoriyasının bədii təlabatını təmin etmək qüdrətinə malik ədəbiyyat nümunələrindən təşkil olunmuşdur.İsmayıl Qarayev janrından asılı olmayaraq öz yaradıcılığında öz yaradıcılıq ənənəsinə, öz yazı üslubuna, öz məntiqi deyim tərzinə sadiq qalan yazıçıdır. Yaradıcılıq məhsulunun ona məxsus olduğunu oxucu ilk sətirlərindən, ilk misralarından tanıyır. İsmayıl Qarayevin yaradıcılıq dili el dilinin saflığından qurulmuşdur. Yazıçı bədii dili el dili ilə naxışlanmış şəkildə təqdim edir.
Qısa tanışlıq: Azərbaycanlı yazıçı, şair, publisist, SSRİ Yazıçılar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin üzvüİsmayıl Abuzər oğlu Qarayev 1927-ci ildə Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində anadan olmuşdur. Əvvəlcə tibb təhsili alsa da Sonra BDU-nun filologiya fakültəsini bitirmişdir. Həkimlik və filoloqluq onun həyatında paralel olaraq inkişaf etmişdir. Bədii yaradıcılığa isə ötən əsrin əllinci illərində hekayə, oçerk, povest, roman və digər ədəbi janrlarda yazdığı əsərlərlə gəlmişdir. Fəaliyyəti tibb və bədii yaradıcılıqla məhdudlaşmır. İsmayıl Qarayev yazıçı, publisist, müəllim, redaktor, tərcüməçi, şair kimi çoxşaxəli yaradıcılıq imkanlarına malikdir. Ədəbi aləmə 1964-cü ilə çapdan çıxmış "O və mənim anam" kitabı ilə qədəm qoyan yazıçının doxsana yaxın kitabı nəşr olunmuşdur. Yazıçı Azərbaycan ədəbiyyatında mikroromanların ustad yaradıcısı kimi tanınır.
Ömrünün müəyyən dövründə repressiyaya məruz qalan yazıçının yaradıcılığının həmin mərhələsi də yaradıcılıq baxımından zəngin olmuşdur. Onun zindan həyatını əks etdirən xeyli romanları çap olunmuşdur. Bu əsərlardən biri olan “Sxodka” romanı kriminal aləmə həsr olunmuş ən qiymətli əsərlərdən biri hesab olunur. Yazıçı 9 oktyabr 1989-cu ildə vəfat etmiş, Goranboy rayonunun Tap Qaraqoyunlu kənd məzarlığında dəfn olunmuşdur.
Yazıçının “Gecə keçir” romanında ötən əsrin otuzuncu illərində sinfi ziddiyyətlər fonunda Azərbaycanda cərəyan edən hadisələr faktların və bədii təsvir vasitələrinin dili ilə təqdim olunur.
Əsərin süjet xəttini əri öldürülmüş, oğlunun həyatına qəsd hazırlanan, öz ailəsinin, qohumlarının, kəndinin, elinin, obasının qeyrətini çəkən qadın, ana qohum, nəhayət, qeyrətli vətəndaş Bəstinin hadisələrə münasibətini əks etdirən epizodlar təşkil edir.
Əsər bu cümə ilə başlanır: “ Ayı biləkli, kəl sinəli Alazan ağa mağarın baş tərəfində oturub mütəkkəyə dirsəklənmişdi... Buxara papağının dalını qaldırıb üzünə kölgə salmışdı. Qartal baxışları ilə mağarın o başında bir-birinə qısılmış yaşmaqlı zənənləri süzür, gözləri ilə doyub toxtayandan sonra lopa bığlarını tumarlayır, fil sümüyündən olan təsbehini şaqqıldadırdı...”
İpucu: Qonşu kəndin sahibi olan Alazan ağa toya Bəstinin qardaşı Sarışın həyat yoldaşı Güldəstəyə görə gəlmişdir. O, vaxtı ilə Bəstinin ərini öldürtmüşdü. Bütün bunları bilən Bəsti Alazan ağadan alacağı qisasın məqamını gözlədiyi üçün mağarın bir küncündə dayanıb onu müşahidə edir... Bəsti bilir ki, bu kəndin ağası Xatınoğlu Alazan ağaya vasitəçilik edir...
Bəsti Alazan ağanı da, Xatınoğlunu da nəzarətdə saxlayır, onların hər addımını izləyir intiqam məqamını gözləyir. Eyni zamanda düşmənləri də Bəstidən ehtiyat edir, onunla qarşılaşmaq istəmir, lakin onun aradan götürülməsi üçün tədbirlər tökür, yollar arayırlar.
Yazıçı əsər boyu Bəsti ilə Alazan ağanı və Xatınoğlunu dəfələrlə gecə, gündüz, aydınlıq, dumanlıq, çiskin, hətta tufanlı zülmət gecələrdə, dərədə, təpədə, qayalıqda, meşədə və digər kriminal şəraitlərdə qarşılaşdırır.
Yazıçı Bəsti ilə qan düşmənlərini dəfələrlə zülmət gecələrdə ərinin miras libasında qara köhlən üstündə üzbəüz gətirir. Qısa dialoq, zəhimli duruş, kəskin baxışlar ustad yazıçı qələminin qüdrəti ilə bədii boyalarla təsvir olunur. Hadisələrin bu cür təsviri, situasiyaların qoyuluşu ən soyuqqanlı oxucunun belə intizarda qalmasına, ürək çrpıntılarına, həyacanına səbəb olur.
Belə dialoqlar üçün yazıçı çox zaman şiddətlə yağan yağışlar, qəzəblə çaxan ildırımlar, tufanlarla yüklənmiş zülmət gecələri seçir. Və... hər dəfə də də qələbə Bəstiyə nəsib olur.
Müəllif Bəsti timsalında həqiqətin, ədalətin, qeyrətin, namusun, ağlın, insanlığın qələbəsini təsvir və təqdim edir.
Əsər el dilində, el arasında işlənən frazeoloji sözlərlə naxışlanmış, bədii boyalarla bəzədilmiş, sadə, oxunaqlı bir üslubda təqdim olunduğu üçün ən tələbkar oxucu zövqünü belə təmin edir, ən zövqlü oxucu ruhunu nəvazişlə oxşayır. Yeri gəlmişkən onu da deyim ki, el dilində, atalar sözlərindən, zərbi-məsəllərdən, sətiraltı eyhamlardan, məntiqi dialoqlardan istifadə etməklə fikir ifadə etmək İsmayıl Qarayev yaradıcılığının xarakterik, xoşagələn, zövq oxşayan məziyyətlərindəndir. Əsərin hər səhifəsi, hətta hər cümləsi belə incə bədii təsvirlərlə doludur. Yazıçı fikirlərini eyhamlarla təqdim etməklə oxucunu məntiqlə düşünməyə sövq edir. Bu üslub İsmayıl Qarayev yaradıcılığından ana xətt kimi keçir. Oxucu onun təbiət təsvirlərini, ümumiyyətlə, hadisələrin və epizodların təsvirini oxuduqca özünü təbiətin qoynunda və hadisələrin içərisində hiss edir.
Əziz oxucum, söhbət “Gecə keçir” əsərindən getdiyi üçün mən burada İsmayıl Qarayev yaradıcılığını bütünlüklə təhlil etmək, digər Azərbaycan və dünya yazıçılarının yaradıcılığı ilə müqayisə etmək fikrində deyiləm.
Hazırda ədəbi tənqidlə məşğul olanlar çox zaman dünya ədəbiyyatından çoxu nümunələr gətirməklə fikirləri əsas məqsəddən uzaqlaşdırırlar. Bəzən mənə elə gəlir ki, onlar fərqinə varmadan etdikləri mütaliənin miqyasını nümayiş etdirməklə, oxuduqları müəlliflərin və onların əsərlərinin adlarını sadalmaqlamüəyyən bir əsərin təhlilindən diqqəti yayındırırlar.
Azərbaycan ədəbiyyatında elə yazıçılarımız var ki, onların əsərləri dünya ədəbiyyatının ən məşhur əsərləri ilə yanaşı dayanmaq qabiliyyətinə malikdir. Bir oxucu olaraq İsmayıl Qarayevi də bu yazarlardan, onun əsərlərini də həmin əsərlərdən hesab edirəm. Yazıçının əsərlərini oxuduqca oxucu qəlbinə bir doğmalıq axır.
Әdəbi tənqid, әdәbi prosesin, bәdii әsәrlәrin izahına, tәhlilinә, qiymәtlәndirilmәsinә, hәmçinin yaradıcılıq prinsiplәrinin müәyyәnlәşdirilmәsinә vә tәsdiqinә hәsr edilәn әdәbi-bәdii yaradıcılıq növü kimi әdәbiyyatşünaslığın әsas sahәlәrindәn biri hesab olunur. Ədəbi tənqidin vәzifәsi müasir әdәbi prosesi, yeni yaradılan әsәrlәri, habelә keçmiş irsi müasir ictimai vә әdәbi-estetik tәlәblәr baxımından dәyәrlәndirmәkdir. Lakin təəssüf ki, indi bəzi tənqidçilərinfikirlərində qərəzçilik və subyektivlik çalarları qabarıq şəkildə özünü göstərir. Arzu edərdim ki, İsmayıl Qarayevin əsərləri külliyyatı yenidən müasir əlifbamızla dövlət sifarişi ilə nəşr olunsun və ədalətli, obyektiv ədəbi tənqidlə təhlil olunsun.
Xatırlatma: “Gecə keçir” romanı ilk dəfə 1973-cü ildə “Gənclik” nəşriyyatında iyirmi min tirajla çap olunmuşdur. Əsər diqqətli senzura, tələbkar, ustad redaktorlar, korrektorlar tərəfindən ərsəyə gətirilmişdir. Əziz oxucum, bu, müasir dövrdə eyni statuslu çap məhsulundan on dəfə artıqdır.
Əsərdə baş verən hadisələr dağətəyi bir regionda, tərəkəmə həyatı keçirən bir obada baş verir. Əsəri oxumağa başlayan hər bir oxucunun gözləri önündə onun öz eli-obası, öz doğma kəndi, kəndinin adamları canlanır. Oxucuya elə gəlir ki, hadisələr onun kəndində baş verir. Əsərin qəhrəmanları və personajları onun tanıdığı adamlardır. Qışlaq onların qışlağı, yaylaq onların yaylağıdır. Arandan yaylağa, yaylaqdan arana gedən yolun hər qarışı ona tanışdır. Sanki müəllif həmin yerlərin xəritəsini çəkmiş, eskizini cızmışdır.
Ədəbiyyatımızda dara düşəndə, elindən, obasından qaçmağa məcbur olanda düşmənin öz ailəsini dostuna deyil, ən qatı, lakin mərd düşməninə etibar etməsini əks etdirən bir çox epizodlar yer almışdır. “Gecə keçir” romanında İsmayıl Qarayev oxucu ruhunu məşhərə çəkən dialoq fonunda qatı düşmən olan Alazan ağa ərini öldürtdüyü, özünün və qardaşının ailəsinin namusuna tamah saldığı, dəfələrlə öldürülməsinə göstəriş verdiyi, lakin buna nail ola bilmədiyi Bəstiyə etibar edir.
Əsərdən:...Alazan qalxdı, Bəstinin yanından irəli keçdi, belini çəkə-çəkə addımladı. Yeriyəndə yeri titrədən kişi indi beli əzilmiş ilan kimi sürünürdü...
Dikdirdə dayandı, yolun çökəyinə baxa-baxa danışdı:
– Şərəbanını sənə tapşırıram, Bəsti bacı... O nə günahın yiyəsidir ki?..
Bəsti Şərabanı xanımı ən qiymətli əmanət kimi bir çox təhlükələrdən qoruyur, ona ev tikir, onu məişət avadanlığı və qida ilə təmin edir. Onun şəxsiyyətini, sağlamlığını, yeməyini diqqətdə saxlayır, namusunu öz namusu kimi hifz edir.
Söz sonu: İsmayıl Qarayev “Gecə keçir” romanında Azərbaycan ədəbiyyatına Bəsti xanım timsalında tipik milli Azərbaycan qadını obrazını təqdim etmişdir. Bəsti bir çox epizodlarda İsmayıl Şıxlının “Dəli kür” romanında yaratdığı Cahandar ağadan da üstün kişi xasiyyətlərinə malikdir.
İsmayıl Qarayev əsərlərinin təəssübkeş oxucusu:
İsgəndər Səklikov
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
Goranboy rayonu, Səfikürd kəndi