Icma.az
close
up
RU
Gələcəkdə yazılmış kitab

Gələcəkdə yazılmış kitab

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Herman Hessenin “Muncuq oyunu” romanı haqqında

Bəşəriyyətin yeni minilliyə qədəm qoymasıyla ötən əsrin sonlarında vaxtı keçmiş (yaxud da keçməkdə olan) kimi görünən anti-utopik roman janrı Haksli, Zamyatin, Oruell, Bredberi kimi yazıçıların yaradıcılığından nümunələr hesabına yenidən aktuallıq qazanmağa başladı. Məntiqlə belə olmamalıydı, fəqət oldu, bu məsələdə də anti-məntiq sağlam məntiqi üstələdi. Yeni əsrin dörddə biri arxada qalsa da, keçilmiş zamanın bataqlığından baş qaldıran qorxunc əjdaha insanlığı kamına çəkmək üçün ciyərlərinə yığdığı odlu nəfəsini bütün gücüylə işə salıb bizi geriyə dartır, açılan sabahımızı, günümüzü-saatımızı sümürüb qaranlıq bətninə qaytarmağa, ömrümüzü geri saymağa çalışır. Anti-utopik sayıqlamalar, qarabasmalar çağdaş elmin, texnologiyanın ağlasığmaz uğurları hesabına ayrı-ayrı qitələrdə, ölkələrdə yavaş-yavaş yuxudan reallığa çevrilir, dünyanı dinc, abad, xoşbəxt gələcəyə səsləyən ideyalar, optimist proqnozlar indi hamıya sözün gerçək mənasında sadəlövh utopiya kimi görünür.

Halbuki bir vaxtlar bəşər övladı yetirdiyi dahilərin nikbin xəyallarından ana südütək barınırdı, utopik layihələri həyata keçirmək üçün şirin canını sədəqə verir, gələcək nəsillərin xoş güzəranı naminə ömrünü xərcləyirdi. Qazanc hərisliyi mənəvi kredonu, əməllər xəyalları üstələyəndən bəri planetin üstündən qara duman çəkilmir, canlı sözdən quru səsə çevrilmiş müqəddəs ədalət kəlməsi dillərdə təlxək kimi oynadılır, sevgi, mərhəmət məsxərəyə qoyulur, sivilizasiyanın qazandığı bunca mənəvi dəyərin müqabilində dini-irqi faşizm təmayülləri güclənir, xalqlar, ölkələr arasında modern hasarlar qaldırılır, varlını yoxsuldan, haqlını haqsızdan ayıran xəndək kimlərinsə insanlığa qazmağa çalışdığı kollektiv məzar kimi günü-gündən dərinləşir. Bütün bu şər selinin qarşısında duruş gətirməyin, mənəvi immuniteti qorumağın tək yolu haqqa, xeyirə inamı itirməmək, əzəli-əbədi əxlaq qanunlarını bir an belə unutmamaqdır. Çünki unutduğun zaman zəif yerini iblisə nişan verirsən, özünü şeytanın oxuna diricə hədəf göstərirsən.

Əlbəttə, asan deyil, şər dörd yandan sellənib insanların ruhuna qətran kimi yaxılanda, haqq-ədalət dünyanın gözü qarşısında lağa qoyulanda, doğru söz, dürüst əməl qapıdan qovulanda, fırıldaqlar metafizik miqyas alanda saf inamı, təmiz əqidəni qorumaq asan deyil. Ancaq şərdən qorunmağın, şeytana yenilməməyin şərin qarşısına xeyirlə çıxmaqdan başqa yolu da yoxdur. Əldən bir şey gəlməyə bilər, real fəaliyyət üçün meydan tapılmaya bilər, fəqət həqiqəti sevmək, insanlığın taleyini düşünmək, dünyanın xoş gələcəyi haqqında utopik xəyallara dalmaq, yer üzündə ədalətin təntənəsini arzulamaq imkanımızı heç kəs bizdən ala bilməz! Buna ki icazə tələb olunmur...

***

İki dünya savaşının arasında yaranmış modernist ədəbiyyatın pessimizmi təbiidir, buna görə heç kimi qınamaq olmaz, hərçənd ən pessimist yazıçının da (əgər doğrudan yazıçıdırsa!) qurtuluş üçün verdiyi birbaşa, yaxud dolayı mesaj, resept, dərman var. Cəhənnəmin ortasında oturub xəyalını kirləndirməyən, anti-utopik romanlara mövzu verən zamanın içində utopik roman yaradan yazıçı isə ikiqat qəhrəman, əxlaq mücahidi sayılmalıdır. Prustla Coys dünya müharibəsinin gurultusu altında özlərinə çəkilib apolitik roman yazanda şər orucu tutmuşdular, xeyirə ümid bəsləmədən, haqqın qılıncına sarılmadan şərə də könül verməmişdilər. Hesse isə varlığına inanmadığı dünya tarixinin tünlüyündən, hay-küyündən sıyrılıb zamanın qırağında özünə yuva quranda xeyir salxımlarından şirə çəkən aparatını da götürməyi unutmamışdı, baxmayaraq ki, o da modernist ədəbiyyatın nümayəndəsi, pessimist qitənin sakiniydi, həyatı da adı çəkilən nəsildaşlarından rahat keçməmişdi, əksinə, uşaqlığında, gəncliyində aldığı mənəvi zərbələrdən dəli olmaq həddinə çatmış, neçə yol ölüb dirilmişdi. İblis onu haqqın qapısınacan qovmuşdu, fələk onu özünə qaytaranacan təntitmiş, qaçıb özündə sığınacaq tapanacan ləhlətmişdi. Prustla Coysdan fərqli olaraq o öz sığınacağına müqəddəs rəng vurmağı, onu ruhunun cənnəti kimi tərənnüm eləməyi də unutmamışdı.

Bədii-fəlsəfi yaradıcılığının həm zirvəsi, həm də bir növ yekunu sayılan “Muncuq oyunu” romanını Herman Hesse Avropada faşizmin tüğyan elədiyi, ardınca da qitədə dünya savaşının alovlandığı bir vaxtda on bir ilə yazmışdı. Belə bir zamanda mənəvi dəyərlərə inamı, etiqadı qoruyub-saxlamaq hər sənətkara müyəssər olan xoşbəxtlik deyildi. Bu gücü o, kürəyini söykədiyi Avropa mədəniyyətindən, ondan da çox hind-çin mənəvi xəzinəsinin fəlsəfi qaynaqlarından almışdı. İrqçi militarist çağırışlara qoşulmadığına görə bir çox dostu, həmkarı hələ əvvəlki müharibənin tüstüsü ayazımamış, tozanağı yatmamış ondan üz döndərmişdi. Almaniyadan İsveçrəyə köçməsi də təkcə aqressiv mühitin hər tərəfdən sıxdığı dincliyə təşnə təbiətini qorumaq üçün deyildi, həm də Fixte, Hegel kimi azman klassik filosofların alman xalqının çiyninə yüklədiyi ağır missiyanın - ümumdünya tarixini daşımaq kimi əlahiddə vəzifənin, alman tanrısına əsgəri xidmətin icrasından yayınıb öz balaca subyektiv tarixinin pəncərəsindən dünyanı seyrə dalmaqdan ötrüydü.

Romandakı utopik Kastaliya ölkəsi də dağları, gölləriylə, sivilizasiyanın arxasınca qaçmayan sakit təbiətiylə, zamandan, məkandan aldığı muxtariyyəti, həyatı, məişətiylə elə neytral İsveçrəyə bənzəyir. Bu ölkənin sakinləri, yəni Kastaliya Ordeninin üzvləri böyük sənətkarlar, elm adamları, onlardan dərs alan tələbələrdir. Onlar ailədən, xüsusi mülkiyyətdən, siyasi proseslərdə iştirakdan imtina eləyiblər, başqa sözlə, rahibanə, zahidanə həyat tərzi keçirirlər. Bura ruhlar diyarıdır, zamanın, fələyin öldürücü qanunları bu məmləkətdə işləmir. Kastaliya sakinlərinin iki başlıca məşğuliyyəti var: xüsusi elitar məktəblərdə orden üçün yararlı gənclər yetişdirmək, bir də muncuq oyunu oynamaq. Oyunun texniki detalları barədə müəllif oxucuda aydın təsəvvür yaratmır, mahiyyəti isə budur ki, kastaliyalılar bu oyun vasitəsiylə elmin, incəsənətin müxtəlif sahələrini birləşdirən, onları ortaq məxrəcə gətirən universal metadil yaradırlar. Məsələn, musiqi əsərini riyazi qanunlarla izah eləyir, fiziki qanunlara bədii mətnlərlə açar salırlar. Bu yerdə Eynşteynin “Dostoyevski mənə hər kəsdən, hətta Qaussdan da artıq təsir göstərib” dediyini xatırlamamaq olmur.

***

Kastaliya zahidləri mənəviyyat bahadırlarıdır. Muncuq oyunu bir məxrəcə gətirilmiş vahid həqiqəti ifadə eləyən metafora, həyatın sirlərini çözməyin, bir-birindən tamam uzaq görünən fenomenlər arasında əlaqələri tapmağın simvoludur. Muncuq oyunu din deyil, heç fəlsəfə də deyil, mahiyyətcə bu oyun zahirən bir araya gəlməyəsi intellektual fəaliyyət sahələri arasında təmas nöqtələrini kəşf eləyən, bütün sənət növlərini, elmləri bir qazanda əridib tək məhlula, ruhi qidaya çevirən incəsənətdir. Orden üzvlərinin bütün fiziki-mənəvi fenomenləri şüşə muncuqların kombinasiyaları ilə şərh eləməsi, riyaziyyatı incəsənətə bələdçi tutması - hesabla dini mistikanı calaşdırmış, tənasüxün (metampsixoz), reinkarnasiyanın sirrini rəqəmlərlə çözməyə çalışmış, həndəsəni, incəsənəti, etikanı, estetikanı, ruhaniyyatı, hətta kulinariyanı (pəhriz şəklində) bir təlimlə ortaq məxrəcə gətirmiş Pifaqor məktəbinin kütlədən gizli saxlanan mübhəm, sehirli intellektual əməliyyatlarını xatırladır.

Oyun bir növ təbiətdən cəmiyyətə, oradan mədəniyyətə, oradan da zehni fəaliyyət sahəsinə köçürülmüş metamorfik əməliyyat, müxtəlif çevrilmələri özündə əks elətdirən intellektual panteizmdir. Gerçəkdən, panteizm bir fikir cərəyanı kimi fəlsəfədən çox incəsənətə, dindən çox poeziyaya yaxındır; yaxın demək də azdır - panteizm elə incəsənətin özü, yüksək poeziyadır. Bu yaxınlığı, eyniliyi istər antik yunan-roma, istərsə də qədim hind-çin müdriklərinin yaradıcılığına nəzər salanda aydın görmək mümkündür. Daosizmdən tutmuş buddizmə qədər hər növ asketizm, Empedokldan, Demokritdən tutmuş Epikürə, Lukretsiyə qədər hər cür atomizm, Pifaqordan, Heraklitdən tutmuş həm yunan, həm romalı sifətiylə stoisizmə qədər hər üzünə fatalizm - hamısı poetik-absurdçu, panteist-pessimist təfəkkürün bəhrəsi, hamısı poeziyadır. Herman Hesse də bəşər fikrinin məzmununu topasıyla bir poetik-fəlsəfi mündəricatda birləşdirməyə, vahid metafora, vahid rəmzlə ifadə eləməyə çalışır.

Fəxri UĞURLU

Davamı növbəti sayımızda

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 İyun 2025 09:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri