Gələcəyimizin təminatçıları! TƏHLİL
Prezident İlham Əliyev: "Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər"
"Uşaqlar cəmiyyətin sabahıdır. Bizim üzərimizə düşən əsas vəzifə onlara aydın səma altında etibarlı gələcək bəxş etməkdir. Ölkəmizdə uşaqlara hərtərəfli qayğının dövlət siyasətinin tərkib hissəsi olması Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindəndir. Bu istiqamətdə bir sıra mühüm işlər görülmüş və görülməkdədir. Uşaqlarımız yüksək təhsil almaq, bacarıqlarını inkişaf etdirmək və istedadlarını üzə çıxara bilmək üçün hər cür imkana malikdirlər". Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına müraciətində yer alıb. Dövlətimizin başçısı qeyd edib ki, bu Forumun ənənəvi şəkil alması Azərbaycanda uşaq hüquqlarına diqqətin bariz təzahürlərindəndir. "Builki Forum "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilir. Onun həsr olunduğu uşaqlar və ekologiya mövzusu aktuallığı ilə seçilir və övladlarımızın təhlükəsiz ətraf mühitdə yaşamaları baxımından xüsusi məna daşıyır. Bu yaxınlarda Azərbaycan nəhəng miqyaslı beynəlxalq tədbirə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyasına ev sahibliyi etdi. Konfransda ətraf mühit amillərinin uşaqların sağlamlığına təsiri, uşaqlar naminə iqlim fəaliyyətinin gücləndirilməsi məsələləri geniş müzakirə olundu. Çünki Yer üzündə bütün uşaqların sağlam və təmiz dünyaya, yaşıl gələcəyə ehtiyacı var və onlar buna layiqdirlər", - deyə Azərbaycan Prezidenti müraciətində vurğulayıb.
İqlim dəyişiklikləri ilə bağlı qlobal səviyyədə xəstəliklərin 88 faizi beş yaşından aşağı uşaqların payına düşür. Daşqınlar və kəskin hava şəraiti uşaqların təhsilə çıxışını məhdudlaşdırır, onların məktəbə getmələrində maneələr yaradır. Bunu nəzərə almaq olduqca vacibdir. Gənc qızların təhsillə təmin edilməsi və erkən yaşlardan bu sahəyə sərmayə qoyulması böyük əhəmiyyət daşıyır.
UŞAQ HÜQUQLARININ ETİBARLI TƏMİNATI
Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri iqlim dəyişmələri və onun ətraf mühitə mənfi təsirləridir. Son illər iqlim dəyişmələrinin təsiri ilə bağlı planetimizdə təbii fəlakətlərin sayı xeyli artıb. Dünyanın bir sıra ölkələrində baş verən sel və daşqınlar, torpaq sürüşmələri və digər təbiət hadisələrinin coğrafiyası ildən-ilə genişlənməkdədir. Bu da insan sağlamlığına və ətraf canlı aləmə zərərli təsir göstərməklə yanaşı, iqtisadiyyat və bizneslər üçün də ciddi risklər yaratmaqdadır. Azərbaycan Respublikası iqlim dəyişmələrinə həssas, inkişaf etməkdə olan ölkə, beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələri ilə mübarizəyə öz töhfəsini verir. İqlim dəyişiklikləri uşaqlara birbaşa təsir göstərən amillərdən biridir.
Hər bir ölkənin gələcək inkişafı məhz onun yetişən nəslindən asılıdır. Odur ki, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün dövlətimiz tərəfindən tədbirlər görülür. Bu qayğı sağlam düşüncəli, sağlam ruhlu, sağlam vücudlu insanların yetişməsi ilə yanaşı, onların vətənə bağlı, vətən sevgili vətəndaş kimi böyüməsinə xidmət edir. Təbii ki, yetişən nəslin xalqa bağlı şəkildə böyümələri və formalaşmaları hər bir dövlət üçün prioritet məsələdir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq, əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların layiqli vətəndaş kimi yetişmələri, uşaqlarla bağlı sosial problemlərin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından dövlət səviyyəsində bütün addımlar atılır.
Azərbaycan müstəqillik dövründə, uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı imzaladığı Fərmanı uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqlarının təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu sənəd cəmiyyətdə uşaqların müdafiəsinə və onların inkişafına xüsusi təkan oldu.
Ulu Öndər Heydər Əliyevin ideyaları əsas götürülərək, müasir dövrdə uşaq və gənclərin vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyə sisteminin hüquqi əsası formalaşdırılmış və normativ mənbə kimi bir sıra proqramlar qəbul edilmişdir.
VƏTƏNDAŞLIQ VƏ VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ
Uşaq siyasətinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə bir sıra uğurlu dövlət proqramları və layihələr reallaşır.
Uşaq siyasəti ilə bağlı Prezident İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edilib. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından, xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti" Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləmiş oldu. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması idi. Eyni zamanda, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasında əhəmiyyətli bir sənəddir.
Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası ilə əlaqədar yaranan ictimai münasibətləri tənzimləmək və bu sahədə dövlət orqanlarının, müəssisələrin və təşkilatların hüquq və vəzifələrini müəyyən etmək məqsədilə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Azərbaycan Prezidentinin 2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir. Uşaq müəssisələrindəki uşaqların ailələrə verilməsini təmin etmək və onların həmin müəssisələrə verilməsinə şərait yaratmaq diqqətdədir.
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, Fond xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkildə formalaşması istiqamətində həyata keçirilir. Fond tərəfindən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə əks-səda yaradıb. Bu gün uşaq və gənclərin mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Bundan başqa, onlarda milli mədəniyyətimizə maraq, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə olan tələbat, bədii zövq və incəsənətə meyil, cəmiyyət həyatında iştirakın formalaşmasına hərtərəfli yardım göstərilir.
Uşaqların sağlam həyat tərzinin təmin edilməsi, sağlamlıqlarının möhkəmləndirilməsi istiqamətində də ciddi addımlar atılır. Sevindirici haldır ki, ölkəmizdə son illər görülən genişmiqyası işlər sırasında ana və uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər mühüm yer tutur. Bu və ya digər tədbirlər bu sahəyə dövlət qayğısının təzahürüdür.
Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq, uşaqların sabahı üçün böyük tədbirlər görür və dünyanın işıqlı sabahını təmin edir.
ERMƏNİ VƏHŞİLİYİNİN QURBANINA ÇEVRİLƏN UŞAQLAR
Əlbəttə ki, erməni vəhşiliyinin qurbanına çevrilən uşaqları qeyd etməliyik. 44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermirmi? Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Vətən müharibəsi dövründə 12 nəfər uşaq həlak olub. Beynəlxalq konvensiyaları pozan ermənilər qanun qarşısında məsuliyyət daşıyırlar.
Bu gün Azərbaycan xalqı qalib xalqdır. Hər qarışına qan axıdılan müqəddəs torpaqlarımız azad nəfəs alır. Bu torpağın gələcək qurucuları bu günün məsum uşaqlarıdır.
"XOŞBƏXTSİNİZ Kİ, PARLAQ MƏDƏNİYYƏT YARATMIŞ QƏDİM VƏ BÖYÜK BİR XALQIN ÖVLADLARISINIZ"
Qeyd edək ki, Ümumrespublika Uşaq Forumları uşaqların öz hüquqlarına dair qərarların qəbul olunmasında iştirakını təmin etmək, onlara problemlərinin həlli ilə bağlı təşəbbüslər irəli sürmək və təkliflər vermək imkanı yaratmaq, ictimaiyyətin diqqətini uşaq hüquqlarının qorunmasına yönəltmək baxımından əhəmiyyətlidir. Keçirilən forumların əsas xüsusiyyəti və fərqləndirici cəhəti onu bütünlüklə uşaqların idarə etməsidir.
"Siz müstəqillik salnaməmizə şanlı səhifələrin yazıldığı günlərin şahidi olan ən yeni nəsli burada təmsil edirsiniz. Sizin şəxsinizdə Azərbaycan uşaqlarının hamısına üz tutub deyirəm: xoşbəxtsiniz ki, parlaq mədəniyyət yaratmış qədim və böyük bir xalqın övladlarısınız. Siz həm də gələcəyimizin təminatısınız. Qüdrətli Azərbaycanı məhz sizə əmanət edəcəyik. Siz bizim üçün çox dəyərlisiniz.
İnanıram ki, Forum çərçivəsində aparacağınız əhatəli fikir mübadiləsi və qəbul edəcəyiniz qərarlar uşaqlarla bağlı dövlət siyasətimizin bundan sonra da uğurla gerçəkləşdirilməsi işinə öz töhfəsini verəcəkdir", - deyə Prezident müraciətində bildirib.
Nəzakət ƏLƏDDİNQIZI