Icma.az
close
up
RU
Gənc qlobal lider: Azərbaycanda “yaşıl binaların” formalaşması üçün böyük potensial mövcuddur MÜSAHİBƏ

Gənc qlobal lider: Azərbaycanda “yaşıl binaların” formalaşması üçün böyük potensial mövcuddur MÜSAHİBƏ

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 4 noyabr, Aytac Haqverdiyeva, AZƏRTAC

Dünya miqyasında iqlim dəyişmələri və ekoloji problemlər fonunda “sıfır tullantı” infrastrukturu və ekoloji cəhətdən təmiz tikinti materiallarından istifadə getdikcə daha böyük əhəmiyyət qazanır. Bu yanaşma həm təbii resursların qorunmasına, həm də iqtisadi səmərəliliyin artırılmasına xidmət edir. Azərbaycanda da bu istiqamətdə mühüm addımlar atılır. “Yaşıl bina” konsepsiyası, enerji səmərəli layihələr və tikinti tullantılarının təkrar emalı kimi təşəbbüslər ölkənin davamlı inkişaf strategiyasının əsas hissəsinə çevrilib. Tikinti sənayesində ekoloji standartların tətbiqi, yerli material istehsalında karbon emissiyalarının azaldılması və “ağıllı şəhər” layihələrinin reallaşması bu sahədə yeni mərhələnin başlanğıcını göstərir.

Bu prosesin aktiv iştirakçılarından biri “Ka Design” atelyesinin təsisçisi və kreativ direktoru, Bramco Qrupunun prezidenti, Dünya İqtisadi Forumunun gənc qlobal lideri Kanika Devan AZƏRTAC-ın suallarını cavablandırıb.

- Sizi maliyyə və investisiya bankçılığından bu qədər fərqli bir sahəyə, yəni dizayn və infrastruktur sahəsinə keçməyə nə ilhamlandırıb?

- Mən həmişə elə bir sahədə olmaq istəmişəm ki, orada insanların həyatını yaxşılaşdırmağa birbaşa təsir göstərə bilim. Uşaqlıqdan Pensilvaniya Universitetinin Uorton Məktəbini bitirib, ilk işimə başlayana qədər keçdiyim yolda ancaq bu məqsədlə yaşamışam. Öz fikirlərimi təhlil edərkən başa düşdüm ki, cəmiyyətə sevinc gətirmək üçün həyata keçirmək istədiyim bütün layihələr mənim “Robin Hood modeli” adlandırdığım anlayışla bağlıdır. Uşaqlıqda Bəhreyndən Hindistana nənə və babamı ziyarət etməyə gedəndə öz yaşıdlarımın və ya məndən kiçik uşaqların küçələrdə evsiz, ac qalmasına həmişə təəccüblənirdim. Anladım ki, mən bu boşluğu aradan qaldırmaq, kütlələrə sevinc gətirəcək işlər görmək istəyirəm. İnanırdım ki, hər kəsin “gümüş qaşıqla böyümək” fürsəti olmalıdır. Fərz edirdim ki, əgər bir uşaq ləyaqətli və eyni zamanda, sevgi dolu sığınacaqda böyüsə, həm uşaq, həm də valideynlər daha yaradıcı və innovativ olmaq üçün zehni enerji sərf edə bilərlər. Bu səbəbdən Uortonda oxuduğum illərdə innovativ üsulları həyata keçirməyin yolunun sahibkarlıqdan keçdiyini anladım və Uortonda Maliyyə və Sahibkarlıq İdarəçiliyi üzrə ixtisaslaşdım. Sahibkarlıq idarəçiliyi üzrə hazırladığım tezis kütlələri onların kimliyini əks etdirən, estetik baxımdan fərqli yaşayış şəraiti ilə təmin etməyi nəzərdə tuturdu. Mən bu ideyanı həyata keçirmək üçün əvvəlcə İnvestisiya Bankçılığına getməyi qərara aldım. Çünki “Citigroup”un Layihə Maliyyələşdirmə Qrupunda işləmək mənə böyük infrastruktur layihələrinin maliyyələşdirilmə mexanizmlərini dərindən öyrənməyə imkan verəcəkdi. Kanadanın “Highway 407” layihəsi, Panama Kanalının genişləndirilməsi və Amerika Birləşmiş Ştatlarının şimal-şərqindəki böyük enerji zavodları kimi layihələr üçün maliyyə modelləri və strukturlar yaratdıqdan sonra “Citigroup”dan ayrılıb, uşaqlıqdan xəyal etdiyim sahibkarlıq planıma geri döndüm. Atam mədən mühəndisi olduğundan, ənənəvi iqtisadiyyata inanırdı və mənə Uortondakı sahibkarlıq tezisimdə yer alan modelimi, yəni lüks yaşayış sahələrini kütlələrə əlçatan edən, tam inteqrasiya olunmuş istehsal, dizayn və tikinti sistemini xatırlatdı. Bu həm həyat keyfiyyətini yüksəltmək məqsədimə, həm də təbiətə zərər verməyən, təbii materiallardan istifadə edən vizyonuma uyğun idi. Beləcə, yeni minilliyin başlanğıcında sıfır tullantı infrastrukturu yaradan yeni bir dünyanın qurulması səyahətim başladı.

- Qlobal səviyyədə qadın sahibkar və lider kimi karyeranızda hansı ən böyük maneələrlə qarşılaşmısınız?

- Mən üzləşdiyim heç bir problemi nə “maneə”, nə də “çətinlik” adlandırıram. Məncə, bunların hamısı böyük bir təhsil və öyrənmə fürsətidir. Əsl təhsil, əslində, bizi tərbiyə olunduğumuz mühitdən fərqli vəziyyətlərlə üzləşdirən bu cür təcrübələrdədir. Bir qadın kimi hava limanı, xəstəxana və ya yeddi ulduzlu otel tikərkən layihə sahəsində öz fikirlərimi qətiyyətlə ifadə etməyi öyrənməli oldum. İşçilər onlara elmi əsaslı izahlar göstərənə qədər “xırda bir xanımın” maşınlardan və tikintidən heç nə anlamayacağını düşünürdülər. Nyu-Cersidə ilk fabrikimi açanda, baş ustam və menecerim mənə dedilər ki, “məhsuldarlığımız heç nəyi dəyişməyəcək, insanların fikirləri eyni olaraq qalacaq”. Ancaq mən aldığımız ilk sifarişdə müştərinin mərmər döşəməsini diz çöküb öz əllərimlə bərpa edəndə onların fikirləri dəyişdi. Bütün bunlara baxmayaraq sizin problem dediyiniz, mənim isə təcrübə olaraq qiymətləndirdiyim bir çox məqam olub. Məsələn, Dehli Beynəlxalq Hava Limanında dizayn və tikinti işləri apararkən, mənə “get alış-veriş et və əsas texniki qərarlara qarışma” dedilər. Karyeramın əvvəlində böyük bir inşaat şirkəti layihə haqqımızın 25 faizini ödəməkdən imtina etdi, Mumbay Hava Limanı layihəsində isə prinsipial mövqeyimizə görə 7 il ödəniş almaq üçün gözləməli olduq. Bütün bu təcrübələr mənə ruhdan düşməməyi və maneələri aşmaq üçün yeni motivasiya üsulları tapmağı öyrədib. Hazırda isə dünyanın müxtəlif yerlərində bir çox mükafatın sahibiyəm və öz uğurlarımı bölüşmək imkanım var.

- Layihələrinizin bir çoxunda ekoloji cəhətdən təmiz materiallardan istifadə etmisiniz. Sizin fikrinizcə, iqlim dəyişikliyi ilə mübarizədə tikinti sənayesi hansı rolu oynaya bilər?

- Tikinti sənayesi iqlim dəyişikliyi ilə mübarizədə əsas rolu oynayır. Çünki fiziki mühit bizim evimizdir və maddi dünyanın hər bir elementi tikinti sənayesindən gəlir. Hazırkı vəziyyətdə bu sənaye havanı, torpağı, işığı və suyu çirkləndirir. Mədənçilikdən tutmuş bərpa işlərinə qədər hər mərhələ torpağa zərər verir. Hazırda BMT və COP dialoqları vasitəsilə hökumətləri bizim sıfır tullantı dizayn, istehsal və tikinti metodologiyamızı tətbiq etməyə təşviq edirik. Sənaye maliyyə baxımından yenidən çərçivələnməlidir ki, bizim kimi ekoloji cəhətdən məsuliyyətli şirkətlərə maliyyə dəstəyi verilsin. Məsələn, Dehli Beynəlxalq Hava Limanında suyu pH7 səviyyəsində təmizləyərək bünövrə və döşəmə yapışdırıcısında istifadə etdik, bu da binanın uzunömürlülüyünü təmin etdi. Binanın ömrü nə qədər uzun olsa, o qədər az tullantı və torpaq çirklənməsi yaradacaq. Həmçinin xarici örtük üçün istifadə olunan bütün təbii daş materiallar daxili işlərdən qalan tullantılardan hazırlanmışdı. Qalan toz və daş qırıntıları sıfır tullantı sənəti və materiallara çevrildi. Bundan əlavə, 2010-cu ildə Dehlidəki “Leela” hotelinin qranit fasadı tamamilə Bəhreyndəki hava çirklənməsinə nəzarət edilən fabrikimizdə istehsal olunub. Hazırda isə biz ada bərpası layihələrində dəniz ekosistemini balanslaşdırmaq üzərində işləyirik. Sintetik tikinti materiallarının sağlamlığa mənfi təsirini nəzərə alaraq, bu materialların istifadəsi və atılması təcili şəkildə yenidən qiymətləndirilməlidir.

- Son illərdə Azərbaycan davamlı memarlıq və “ağıllı şəhər” layihələri sahəsində uğurlu irəliləyişlər əldə edib. Bu istiqamətdə düşüncələriniz nədən ibarətdir?

- Əslində, COP29 tədbirləri çərçivəsində Azərbaycana səfərim zamanı Nigar Arpadarai, Taleh Ziyadov və Anna Soave ilə keçirdiyimiz görüşlər nəticəsində bu ölkə istiqamətində genişlənmək planlarımız tam şəkildə möhkəmlənib. Çünki Azərbaycanın təbii ehtiyatları və coğrafi imkanları bu modeli regionda nümunəyə çevirmək üçün əlverişli zəmin yaradır. Həmçinin Xəzər dənizində ekoloji cəhətdən təmiz texnologiyamız vasitəsilə emal edilə biləcək bir çox məhsullar mövcuddur və bu məhsullar həm Azərbaycan, həm də dünya üzrə yüksək keyfiyyətli tikinti materialları üçün dəyərli xammal rolunu oynaya bilər.

Bölgənin yaşıl infrastruktur mərkəzi kimi inkişaf potensialı isə olduqca həyəcanvericidir. Eyni zamanda, kənd təsərrüfatında zəngin təbii ehtiyatlar burada balanslı və bioloji müxtəlif infrastrukturların bərpasını nümayiş etdirmək üçün ideal şərait yaradır. Bu, mənim çox böyük həyəcanla yanaşdığım bir sahədir, çünki bu model vasitəsilə iqlim həllərinin insan rifahı ilə necə inteqrasiya oluna biləcəyini dünyaya nümayiş etdirilə bilər. Bizim Azərbaycanla apardığımız müzakirələrin əsas məqsədi davamlı mədənçilik, sıfır tullantı infrastrukturu və ekoloji bərpa üzrə ən yaxşı təcrübələrimizi yerli bizneslərə gətirərək, yerli “yaşıl” təşəbbüsləri dəstəkləməkdir. Məqsədimiz rəqabət aparmaq deyil, yerli şirkətlərlə əməkdaşlıq qurmaqdır.

- Fikrinizcə, Azərbaycan kimi enerji ehtiyatları ilə zəngin ölkələrdə “yaşıl tikinti” və “eko-dizayn”ın gələcəyi necə olacaq?

- Azərbaycanda keçirdiyim bir neçə həftə ərzində mövcud infrastrukturun vəziyyətini araşdırdıqdan sonra bu qənaətə gəldim ki, ölkədə həqiqi mənada “yaşıl binaların” formalaşması üçün böyük potensial mövcuddur. Belə ki, ölkə artıq enerji ixracından əldə etdiyi gəliri davamlı infrastrukturun qurulmasına yönəldə bilər. Düşünürəm ki, gələcəkdə “yaşıl tikinti”nin inkişafı üçün enerji sərfiyyatının azaldılması və enerji səmərəliliyi əsas prioritetlərdən biri olacaq. Çünki “yaşıl tikinti”nin ən böyük üstünlüklərindən biri yerli resurslardan ağıllı şəkildə istifadə etməkdir. Xəzərsahili rütubətli, dağlıq, yarımsəhra bölgələr olmaqla, Azərbaycanın müxtəlif iqlim zonaları isə memarlıq üçün ideal laboratoriyadır. Hazırda “ağıllı bina” texnologiyaları artıq enerji istehlakı, su istifadəsi və havalandırma sistemlərini avtomatik tənzimləyə bilir. Gələcəkdə Azərbaycanda “smart & green” yanaşmasının daha çox yayılacağını, yəni binaların həm rəqəmsal, həm də davamlı olacağını düşünürəm. Unutmaq olmaz ki, bütün qərarların mərkəzində torpaq dayanmalıdır. Çünki Azərbaycanın əsas zənginliyi onun torpağından, dənizindən və dağlarından qaynaqlanır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:46
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see178

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see171

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see162

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see154

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see149

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see140

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see135

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see134

Qaradağın deputatı həbslər haqda danışdı KONKRET

02 Noyabr 2025 20:48see133

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see132

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see132

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see130

Fələstin fraksiyaları Qəzzada müvəqqəti administrasiyanın strukturunun razılaşdırılmasını müzakirə edir

02 Noyabr 2025 19:52see130

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see127

The Economist: Tayvanın B planı ...

02 Noyabr 2025 20:46see126

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see125

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see123

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see122

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see121

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri