Gənclərin mənzil təminatı ilə bağlı yeni imkanlar...
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2027-ci ildən etibarən ev təsərrüfatlarının uçotu ilk dəfə olaraq “mygov” platformasında yaradılmış “Ev təsərrüfatları” altsistemi vasitəsilə tam elektron qaydada həyata keçiriləcək.
Axar.az xəbər verir ki, vətəndaşların fərdi qeydiyyatından fərqli olaraq, ev təsərrüfatlarının izlənilməsi onların necə yaşadıqlarını, ümumi büdcəni necə idarə etdiklərini müəyyən etmək hökumətin sosial-iqtisadi qərarlarında son dərəcə vacib rol oynayır.
Hazırda Dövlət Statistika Komitəsi dövlət proqramlarının (məsələn, regionların sosial-iqtisadi inkişafı proqramlarının) planlaşdırılması məqsədilə ev təsərrüfatları üzrə makroiqtisadi uçotunu aparır. Proses 1940-cı ildən kənd, 2012-ci ildən isə şəhər və qəsəbə yaşayış məntəqələrində inzibati ərazi dairələri üzrə nümayəndəliklər tərəfindən reallaşdırılır. Uçot hər bir ev təsərrüfatı üzrə sorğu əsasında həyata keçirilir, məlumatlar ailələrin faktiki yaşayış və təsərrüfat vəziyyətinə uyğun qeydə alınır. Lakin kağız daşıyıcılı ev təsərrüfatı qeydiyyatı, pərakəndə uçotun aparılması artıq köhnəlmiş təcrübə hesab edilir. Bu da makroiqtisadi göstəricilərin, əhalinin sosial-iqtisadi vəziyyətinin dəqiq müəyyən edilməsi, büdcə planlaşdırılması, sosial layihələrin reallaşdırılması, istehlak səbətinin tərkibinin müəyyənləşdirilməsi, inflyasiyanın hesablanması, gənc ailələrin sosial-iqtisadi vəziyyəti və mənzil-məişət şəraitinin qiymətləndirilməsi, sosial dəstəyə ehtiyacı olan gənc ailələrin müəyyənləşdirilməsi, çoxuşaqlı ailələrə dövlət dəstəyi tədbirlərinin ünvanlılığının artırılması kimi hökumətin praktik qərarlarına mənfi təsir göstərir.
Yeni qaydalara əsasən, 2027-ci il 1 yanvar tarixindən 30 yanvar tarixinə qədər yerli icra hakimiyyəti orqanları bu məlumatları elektron formatda toplayacaqlar. Bütün rəqəmlər elektron hökumət informasiya sistemi ilə inteqrasiya olunmuş vahid informasiya sistemində birləşdiriləcək. “mygov” portalında xüsusi “Ev təsərrüfatları” altsistemi yaradılacaq. Dövlət Statistika Komitəsinin yenilənmiş qaydalarına əsasən, sistemdə yalnız ailə tərkibi, məşğulluq, mənzil, torpaq və mal-qara ilə bağlı məlumatlar deyil, həmçinin infrastrukturla bağlı təfərrüatlar, kommunal xidmətlərə çıxış və əsas yaşayış şəraiti qeyd olunacaq. Komitənin açıqlamasına görə, rəqəmsal platformaya keçid yeni vergilərin tətbiqi və ya mülkiyyət hüquqlarının yoxlanılması ilə əlaqəli deyil. Əsas məqsəd regional büdcə hesablamalarının daha dəqiq aparılması, məktəb və xəstəxana tikintisinin planlaşdırılması, rəqəmsal infrastrukturun inkişafı, həmçinin həqiqətən ehtiyacı olan ailələrə sosial yardımın ünvanlı şəkildə çatdırılmasını asanlaşdırmaq üçün real vaxt rejimində işləyən, aktual məlumat bazası yaratmaqdır. Vətəndaşlar ev təsərrüfatlarına dair məlumatları ilə hər hansı sorğuya ehtiyac olmadan, proaktiv qaydada “mygov” platforması üzərindən “Bir pəncərə” prinsipi əsasında tanış ola biləcəklər.
Avropa və qonşu ölkələrin təcrübəsi
Dünya ölkələrinin demək olar ki, hamısı ev təsərrüfatları ilə bağlı qeydlər aparır. Bunun ən geniş yayılan üsulu dövri statistik siyahıyaalmadır. Hansı ki, əksər ölkələr bu modeldən istifadə edir. Digər model əhali və ev təsərrüfatları üzrə daimi dövlət reyestridir. Bu sistem daha çox Avropa və Şərqi Asiya ölkələrində inkişaf edib. Reyestr bir çox dövlət xidmətlərindən yararlanmaq, nikahı qeydiyyata almaq, miras məsələlərini həll etmək və digər məsələlərdə vacib hüquqi sənəd rolunu oynayır. Ən müasir üsul Skandinaviya ölkələrində (İsveç, Norveç, Danimarka və Finlandiya) tətbiq edilir. Bu ölkələrdə nümunəvi rəqəmsal reyestrlər mövcuddur. Belə ki, hər bir sakinə müəyyən bir yaşayış sahəsi (mənzil və ya ev) ilə əlaqələndirilmiş fərdi identifikasiya nömrəsi verilir. Dövlət hər bir ev təsərrüfatının tərkibi və onun ümumi gəliri barədə avtomatik məlumata malik olur. Bu da dövlətə sosial müavinətləri avtomatik təyin etməyə və ya vergiləri hesablamağa imkan verir.
Almaniyada isə yaşayış yerinin məcburi qeydiyyatı tələb olunur. Bu, ailələr üçün vergi dərəcələrinin müəyyən edilməsinə və sosial müavinətlərin hesablanmasına imkan verir.
Qazaxıstanda ev təsərrüfatlarının izlənilməsi postsovet məkanında ən qabaqcıl rəqəmsal analitika sistemlərindən biri olan “Rəqəmsal Ailə Xəritəsi”ni (DFM) özündə birləşdirir. Qazaxıstan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən istifadəyə verilmiş sistem dövlətə hər bir ailənin sosial profilini real vaxt rejimində görməyə imkan verir.
Ölkənin kəndlərində, qəsəbələrində isə yerli idarəetmə orqanları təsərrüfat uçotu aparırlar. Bu məlumatlar aqrar-sənaye sektorunda subsidiyaların planlaşdırılması, otlaq sahələrinin ayrılması, baytarlıq vəziyyətinin monitorinqi, həmçinin sosial yardım (məsələn, ünvanlı sosial yardım) almaq hüququ müəyyən edilərkən kənd sakinlərinin faktiki gəlirlərinin qiymətləndirilməsi üçün zəruri hesab edilir.
Rusiyada 2024-cü il tarixindən etibarən kağız daşıyıcısındakı təsərrüfat kitabları ləğv edilib. Hazırda qeydiyyatlar Kənd Təsərrüfatı Nazirliyinin informasiya sistemi əsasında fəaliyyət göstərən və “Elektron Təsərrüfat Kitabı” adlanan federal altsistemdə aparılır. Məlumatlar ildə bir dəfə, 1 yanvar tarixinə olan vəziyyətə əsasən toplanır. Yerli idarəetmə orqanlarının əməkdaşları evlərə baş çəkir və ya vətəndaşlarla müsahibə aparırlar. Ev təsərrüfatı qeydiyyatındakı məlumatlar təkcə statistik deyil, həm də birbaşa hüquqi qüvvəyə malik olur. Dəqiq məlumatlar bir çox hallarda təsərrüfat sahiblərini gəlir vergisindən azad etməyə imkan verir.
Sosial layihələrin reallaşdırılmasında dəqiq qərarlar
Azərbaycanda rəqəmsal qeydiyyatın aparılması həssas qrupları (çoxuşaqlı ailələr, tək yaşayan yaşlılar, əlilliyi olan şəxslər) müəyyən etməyə kömək edəcək. Bu şəxslər çox vaxt onlara düşən güzəştlərdən xəbərsiz olurlar və ya özləri müraciət edə bilmirlər. Məlumat bazaları, rəsmi olaraq yardım almaq hüququna malik ola bilən, lakin əslində buna ehtiyacı olmayan şəxsləri kənarlaşdıracaq. Bununla da büdcə vəsaitlərini həqiqətən həssas qruplar üçün ayrılmasını təmin edəcək. Ev təsərrüfatlarının demoqrafik göstəricilərinə dair məlumatlar məktəblərin, uşaq bağçalarının, klinikaların və sosial mərkəzlərin tikintisini qabaqcadan planlaşdırmağa imkan verəcək.
Kənd təsərrüfatı subsidiyaları və dövlət xidmətləri ilə inteqrasiya
İndiyə qədər fərdi yardımçı təsərrüfat sahibləri və kiçik fermerlər subsidiya almaq üçün sahib olduqları torpaq sahəsini və ya mal-qaranın sayını təsdiqləyən arayışı yerli idarəetmə orqanlarından alırdılarsa, yeni sistem həmin məlumatların mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsinə və oradan da avtomatik olaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) ötürülməsinə imkan verəcək.
Əldə edilən məlumatların EKTİS reyestrindəki məlumatlarla qarşılıqlı şəkildə yoxlanılması dövlət məhsuldarlığı, həmçinin gübrələrə, baytarlıq vaksinlərinə və suvarma suyuna olan tələbatı daha dəqiq proqnozlaşdıracaq. Eləcə də mövcud olmayan bitki və ya heyvanlar üçün subsidiyaların ayrılmasını dayandıracaq. Kənd Təsərrüfatı Kredit və İnkişafı Agentliyi və səlahiyyətli banklar əlavə bürokratik yoxlamalara ehtiyac olmadan, elektron hökumət sistemi vasitəsilə ailə təsərrüfatının faktiki tərkibini və istehsal bazasını yoxlaya biləcəklər. Bu da fermerlərə mikrokreditlərin verilməsini sürətləndirəcək.
Əvvəlki kağız əsaslı təsərrüfat uçotu sistemində əkin sahələri və mal-qara sayı ilə bağlı məlumatlar çox vaxt köhnəlmiş və ya şişirdilmiş olurdu ki, bu da kənd təsərrüfatı subsidiyalarından sui-istifadəyə gətirib çıxarırdı.
FİN kodları və kadastr məlumatları ilə əlaqələndirilmiş rəqəmsal, təsərrüfatlar üzrə aparılan sorğu dövlətə EKTİS-də bəyan edilmiş məlumatları real vəziyyətlə qarşılaşdırıb yoxlamağa imkan verir.
Digər tərəfdən, sistemin tətbiqi nəticəsində Azərbaycanın quraq bölgələri üçün suvarma suyunun paylanmasındakı problemlər həllini tapacaq. Belə ki, yaz mövsümü başlamazdan əvvəl hər bir kənd və təsərrüfat üzrə dəqiq əkin strukturunun müəyyən edilməsi Dövlət Su Ehtiyatları Agentliyinə hər bir rayon üçün su limitlərini və suvarma qrafiklərini əvvəlcədən hesablamağa imkan verəcək. Həmçinin Kənd Təsərrüfatı Nazirliyi və “Aqroservis” hər bir iqtisadi zona üzrə mineral gübrələrə, pestisidlərə və texnikaya olan tələbat barədə dəqiq proqnoz əldə edəcəklər ki, bu da əkin mövsümünün qızğın vaxtında çatışmazlığın qarşısını almağa kömək edəcək.
Korrupsiya risklərini və bürokratiyanı aradan qaldıracaq
Avtomatlaşdırılmış qeydiyyat sistemi korrupsiya risklərini və bürokratiyanı aradan qaldıracaq. Subsidiyaların və ya sosial yardımların verilməsi ilə bağlı qərarlar qəbul edilərkən insan amilini minimuma endirəcək. Vətəndaşlar banklarla və ya sosial müdafiə orqanları ilə iş apararkən, bələdiyyə idarəsinə getməyə ehtiyac olmadan, “mygov” şəxsi kabinetləri vasitəsilə bir kliklə ailə tərkibi haqqında arayış alacaqlar.
Gənclər siyasəti optimallaşacaq
Ev təsərrüfatlarının dəqiq izlənilməsi müasir gənclər siyasətini kökündən dəyişir. Belə ki, hökumətləri festivallar və forumlar kimi təşəbbüslərdən sosial-iqtisadi dəstəyə doğru istiqamətləndirir. Çünki dövlət rəqəmsal reyestrlər vasitəsilə ev təsərrüfatlarının faktiki tərkibi, gəlirləri və yaşayış şəraiti ilə tanış olaraq öz yanaşmasını tənzimləmək imkanı qazanır. BMT-nin və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının tövsiyələrinə əsasən, müasir gənclər siyasəti “gənclik keçidləri”nin – təhsildən məşğulluğa, valideynlərlə birgə yaşayışdan müstəqil həyata və öz ailəsini qurmağa doğru keçidlərin təhlilinə əsaslanır. Hökumətlər ev təsərrüfatlarını izləməklə bu keçidləri sənədləşdirə və beş qlobal sahə üzrə sosial siyasəti tənzimləyə bilirlər.
Azərbaycanda son illər ev təsərrüfatlarının faktiki tərkibinin və müvəqqəti sakinlərin mövcudluğunun sənədləşdirilməsi Bakı, Sumqayıt, Gəncə və digər bölgələrdəki real mənzil çatışmazlığını üzə çıxarıb. Lakin hələ də ölkədə mənzilə ehtiyacı olan gənclərin dəqiq sayını əks etdirən vahid rəsmi rəqəm yoxdur. Əhalinin rəqəmsal qeydiyyatı sistemi mənzil-məişət şəraitinin qiymətləndirməklə bərabər, ehtiyaclara dair rəqəmləri müəyyən edəcək. Bu məlumatlar əsasında Dövlət Mənzil İnşaatı Agentliyi və İpoteka və Kredit Zəmanət Fondu rayonlarda sosial mənzil tikintisinin həcmini, eləcə də gənc ailələr üçün güzəştli ipoteka kvotalarını dəqiq müəyyən edə biləcək.
Onu da bildirək ki, ölkədə 14–29 yaş arası təxminən 2,3 milyon gənc yaşayır. Yəni ölkə əhalisinin təxminən 22,6%-ə qədərini gənclər təşkil edir. Dövlət Kadastrı və Daşınmaz Əmlak Reyestrinin məlumatlarına əsasən, fiziki şəxslər tərəfindən həyata keçirilən bütün yaşayış sahəsi alışlarının təxminən 26%-i 35 yaşa qədər olan gənclərin payına düşür. Ölkədə mənzil alıcılarının median yaşı isə 44-dür. Bu da mənzil sahibi olanlar arasında gənclərin payının az olduğunu göstərir.
Digər tərəfdən, Dövlət Statistika Komitəsinin “Azərbaycan gəncliyi” adlı statistik məcmuəsinə əsasən, 30 yaşdan kiçik şəxsin başçılıq etdiyi ev təsərrüfatlarının 91,2%-i öz mülkiyyətində olan evlərdə, 4,1%-i dövlət mənzil fondunda, 3,5%-i isə bələdiyyə mənzil fondunda yaşayır.
“Gizli yoxsulluq” müəyyən ediləcək
Yeni sistem vasitəsilə gənc ailələri müstəqil iqtisadi vahid kimi müəyyən etmək və adambaşına düşən faktiki gəlirlərini obyektiv şəkildə qiymətləndirmək mümkün olacaq. Belə ki, qeydiyyat nəticəsində yoxsulluq riski yüksək olan gənc təkvalideynli ailələr, uşaqlarını təkbaşına böyüdən analar və ya atalar müəyyən ediləcək. Bundan sonra onların sosial xidmətlərdən, uşaq bağçalarından, güzəştli istirahət vauçerlərindən, uşaq müavinətlərindən, eləcə də DOST mərkəzləri vasitəsilə psixoloji və ya hüquqi dəstəkdən yararlanması mümkün olacaq. “Ev təsərrüfatları” altsisteminin Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı orqanlarının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reyestrləri ilə inteqrasiyası isə birdəfəlik doğuma görə müavinətlərin, aztəminatlı ailələrə aylıq ödənişlərin və uşağa qulluqla bağlı müavinətlərin təyin edilməsi prosesini sadələşdirəcək. Ailə tərkibini təsdiqləyən kağız sənədlərin toplanması zərurətini aradan qaldıracaq.
Demoqrafik və ailə siyasətinin tarazlaşdırılması
Dünyada trend olan nikahların azalması bu gün Azərbaycan üçün də keçərlidir. 2026-cı ilin ilk doqquz ayında Azərbaycanda 31 085 nikah qeydə alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4% (5 247 nikah) azdır. Son 15 il ərzində ölkədə illik nikahların sayı təxminən iki dəfə azalıb. Bakıda və Abşeron yarımadasında ev və ya kirayə qiymətlərinin yüksək olması, məşğulluq problemləri gəncləri maliyyə sabitliyinə çatana qədər evliliyi təxirə salmağa vadar edib. Ev təsərrüfatının tərkibi və gəlirləri haqqında məlumatların birləşdirilməsi hökumətlərə gənc ailələr üçün hansı konkret stimulların effektiv olduğunu hesablamağa kömək edir. Məsələn, Şərqi Avropada (məsələn, Macarıstan və Polşada) ikinci və ya üçüncü uşağın doğulması zamanı əhəmiyyətli vergi güzəştləri və ipoteka borcunun qismən silinməsini təmin etmək məqsədilə ev təsərrüfatları və ailə statusu üzrə qeydiyyat sistemlərindən istifadə olunur.
Digər əsas istiqamət məşğulluğun təmin olunmasıdır. Beynəlxalq Əmək Təşkilatının məlumatına əsasən, dünya üzrə gənclərin 20%-dən çoxu nə təhsil alır, nə də işləyirlər. Rəsmi statistikaya görə, Azərbaycanda 15–29 yaşlı gənclər arasında işsizlik səviyyəsi 8,4% təşkil edir. Əvvəlki illə müqayisədə rəsmi azalma qeydə alınsa da gənclər arasında işsizlik səviyyəsi ölkə üzrə orta göstəricidən (5,2%) xeyli yüksək olaraq qalır. Həmin gənclər çox vaxt məşğulluq xidmətlərində qeydiyyatdan keçmirlər və dövlət üçün “görünməz” olaraq qalırlar. Ev təsərrüfatı üzvlərinin tərkibi və məşğulluq vəziyyəti haqqında məlumatların qeydə alınması, konkret ərazilər və ailələr səviyyəsində belə gəncləri müəyyən etməyə, onların işsizlik səbəblərini təhlil etməyə şərait yaradacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 24 Noyabr 2026 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















