GİZLİ ÇƏKİLİŞ VƏ BİR BİRİNİN ARDINCA TORA SALINAN QADINLAR... Hərbçinin Kürdəmirdəki iyrənc SİLSİLƏ şantaj əməllərinin TƏFƏRRÜATI
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Kürdəmir rayonunda 1996-cı il təvəllüdlü Sərxan gəlir əldə etmək məqsədi ilə qadını fahişəliyə cəlb edib, onu adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edib, zorla onunla cinsi əlaqədə olub.
Mia.az-ın Teleqraf-a istinadən əldə etdiyi məlumata görə, Sərxan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olmaqla əsgər rütbəsində xidmət edərkən 2020-ci ilin təxminən sentyabr ayında dərzi fəaliyyətilə məşğul olan Zəminənin qızı Ləmanı Kürdəmir şəhərindəki mağazada görüb.
O, Ləmanın mobil nömrəsini əldə edib, qıza zəng vurub, mesaj yazıb, guya onunla evlənmək arzusunda olduğunu və onunla görüşmək istədiyini deyib.
Sərxan 2020-ci ilin təxminən sentyabr ayında Ləmanla Kürdəmir şəhərində, “Saatın yanı” deyilən ərazidəki binalardan birində kirayədə yaşadığı mənzilə gedib. Ləmanla könüllü şəkildə cinsi münasibətdə olub, baş verənləri mobil telefonunun kamerası ilə gizli üsulla videoya çəkib.
“Videonu qohumlarına göstərəcəm”
Daha sonra videonu Ləmana nümayiş etdirməklə onu hədələyib, “bundan sonra nə desəm edəcəksən, əks halda bu videonu sənin qohumlarına, rayon camaatına göstərəcəm, sosial şəbəkələrdə yayıb səni biabır edəcəm” deyib. Ləmanın etiraz etməsinə əsəbləşib, şillə ilə onun başına zərbə vurub. Sonrakı müddətlərdə Ləmanı hədə-qorxu gəlməklə yenidən kirayə yaşadığı evə dəvət edib, bir neçə dəfə onu soyundurub, intim görüntülərini çəkib.
Sərxan Ləmanı tam asılı vəziyyətə salıb, planlaşdırdığı cinayət əməllərini törətmək üçün özünə əlverişli şərait yaradıb.
2020-ci ilin noyabr ayında Ləman Sərxana vatsapda, eləcə də adi telefon danışıqları zamanı ailə üzvlərinin bu münasibətdən xəbər tutduqlarını deyib, dəfələrlə yalvararaq ondan əl çəkməsini xahiş edib.
Lakin Sərxan Ləmanla razılaşmayıb, ondan ayrılacağı və ya istədiyi zaman istədiyi formada cinsi əlaqədə olmadığı halda intim videosunu yayacağını, onu rüsvay edəcəyini deyib.
“Elə bilirsən məndən canını qurtaracaqsan?..”
Sərxan Ləmanı təhdid və şantajlarla qorxudaraq kirayə mənzilinə çağırıb. “Elə bilirsən məndən canını qurtaracaqsan, səndən xoşluqla əl çəkəcəm?” deyib, telefonu çıxararaq yenidən intim videogörüntünü nümayiş etdirib. Görüntüləri qardaşına göndərəcəyini dediyi üçün Ləman məcbur qalaraq onunla cinsi əlaqəyə girib.
Həmin il dekabr ayının ortalarında Ləmana zəng edib və onunla rahat şəkildə görüşəcəyini deyib. Ləman buna etiraz etdikdə intim videogörüntülərini yayacağını bildirib və kirayədə yaşadığı mənzilə çağırıb.
Ləman etiraz etdikdə və ya zənglərə cavab vermədikdə Sərxan ona müxtəlif hədə-qorxu məzmunlu mesajlar yazıb.
Ləman bu hədələri real qəbul edib, Sərxanın kirayə yaşadığı mənzilə gəlib. Sərxandan intim videogörüntülərini silməsini xahiş edib. Xahişlə razılaşmayan Sərxan qızdan paltarını soyunmasını tələb edib. Ləman etiraz etdikdə onun başına və bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub. “Özün könüllü soyunacaqsan, yoxsa səninlə ola bilməyəcəm, elə et ki, guya özün soyunursan” deyib.
Ləman Sərxanın vatsapda onun intim videogörüntülərini qardaşına göndərmək üzrə olduğunu görüb və cinsi əlaqəyə razılıq verib.
Sərxan 2020-ci ilin dekabr ayından 2021-ci ilin mart ayının sonlarınadək olan müddətdə Ləmanı hədə-qorxu gəlməklə bir neçə dəfə soyundurub, intim görüntülərini çəkib. Kürdəmir rayonu ərazisində kirayədə qaldığı mənzildə onunla görüşərək cinsi əlaqədə olub. Bu müddət ərzində Ləmanı 10-12 dəfə özü ilə cinsi əlaqəyə girməyə məcbur edib.
Məhkəmə sənədlərində göstərilir ki, Sərxan 2021-ci ildə axşam saatlarında Ləmana zəng edərək təcili pul lazım olduğunu deyib. Qadın isə pulunun olmadığını, azyaşlı övladlarını boşandığı ərinin aliment pulu ilə dolandırdığını deyib.
Sərxan yenidən Ləmana eyni məzmunlu hədə-qorxu gəlib, video-görüntülərini ailə üzvlərinə, yaxın qohumlarına göndərəcəyini, sosial şəbəkələrdə yayacağını söyləyib.
Övladının aliment pulunu da verdi
Ləman bütün bunları real və həyata keçirilə bilən hədələr kimi qəbul edib, gizli saxlamağa çalışdığı həmin video-görüntülərin ailə üzvləri, qohumları, tanışları arasında izlənəcəyindən, yaşadığı ərazidə yayılacağından, bununla da şərəf və ləyaqətinin ləkələnəcəyindən, bu videogörüntülərə görə ailə üzvlərinin onu namus üstündə öldürə biləcəklərindən, evdən qovula biləcəyindən, əxlaqsız qadın kimi övladlarının belə əlindən alına biləcəyindən qorxub.
Çıxılmaz vəziyyətdə qalan Ləman Sərxanla razılaşmağa məcbur olub. Kürdəmir Rayon Məhkəməsinin yaxınlığında yerləşən parkda Sərxanla görüşüb və bank kartına məxsus məxfi kodu ona verib. Sərxan bankomatdan kartın hesabında olan 200 manat məbləğində pulu nağdlaşdıraraq özünə götürüb.
Sərxan Ləmanı yenə intim görüntüləri ilə şantaj edib, ona yenə də pul lazım olduğunu deyib. Ləman son ümid yeri olan aliment kartını da ona verdiyini deyib və artıq heç bir pul verməyə maddi imkanı olmadığını bildirib.
Sərxan əvvəllər onda gördüyü noutbukunu satıb pulunu ona verməyi tələb edib.
O, çıxılmaz vəziyyətdə qalaraq Sərxanla razılaşmağa məcbur olub, noutbuku ona verəcəyini deyib.
Qadını 100 manata dostuna "satdı"
Növbəti gün Ləman keçmiş qaynatasının 2020-ci ilin yay aylarında 1100 manata alaraq ona hədiyyə etdiyi “Lenovo” markalı noutbuk tipli fərdi komputerini aksesuarları ilə birlikdə çantasına qoyub və Kürdəmir şəhər poliklinikasının yaxınlığında olan apteklərdən birinə qoyub. Sərxan həmin gün noutbuku oradan götürüb və əvvəlcədən 500 manat pulun müqabilində satmaq barədə razılaşdığı qohumuna 300 manata satıb.
Sərxan həmin ilin təxminən sentyabr ayında Kürdəmir şəhərində kirayədə yaşadığı mənzildə olarkən Ləmanı döyərək onunla qeyri-təbii yolla cinsi əlaqədə olmaq istədiyini bildirib. Ləmanın etiraz etdikdə onu yenə şantaj edib və hədələyib. Ləman rüsvay olmamaq üçün Sərxanla razılaşıb.
Daha sonra Sərxan Ləmanın iyrənc seksual hərəkətlər etməsini istəyib. Qadın etiraz etdikdə “ya videoların gedəcək qardaşına, ya da öp” deməklə onun məcburiyyət qarşısında qoyub.
2021-ci ilin noyabr ayında Kürdəmir şəhərində yerləşən mənzildə birgə yaşadığı xidmət yoldaşı Asif Sərxana Ləmandan xoşu gəldiyini, əgər Ləmanın könüllü istəyi olarsa, onunla intim münasibətdə olmaq istədiyini deyib.
Sərxan şəraitdən yararlanaraq gəlir əldə etmək fikrinə düşüb. Bu məqsədlə Asifə bunun üçün Ləmana 100 manat pul vermək lazım olduğu bildirib. Asif razılaşıb, amma Sərxana 70 manat verəcəyinin bildirib.
Sərxan Asifin 70 manatı nağd verməsinə, 30 manat məbləğində isə Ləman üçün ərzaq almasına razılaşıb.
Sərxan hədə-qorxu ilə Ləmanı fahişəliyə təhrik edən hərəkətlər edib. Ləmanla Asif həmin evdə cinsi əlaqədə olublar. Cinsi əlaqədən sonra Ləman Asifdən xahiş edib ki, Sərxanın telefonunda intim xarakterli videoların silinməsinə nail olsun. Asif Ləmanın xahişini ona çatdırsa da, Sərxan öz etirazını bildirib.
Daha bir qadın şantaj edildi
Sərxan 2021-ci ilin əvvəllərində Kürdəmir rayonunda evində tort bişirərək satmaqla məşğul olan Lətifənin qohumundan tort sifarişi vermək adı ilə mobil nömrəsini alıb. O, Lətifəyə vatsapda yazıb. Lətifə tort sifarişçisinin ona yazmasını güman edib və ondan kim olduğunu soruşub.
Sərxan əvvəlcə özünü Osman kimi təqdim edib, “səninlə aramızda sirr var, mən səni tanıyıram” məzmunlu mesaj yazıb. Lətifə nə sirri olduğunu soruşduqda, ondan bir müddət danışmağı, bir müddətdən sonra sirri deyəcəyini bildirib.
Lətifə həmin günlərdə mesaj yazan şəxsdə nə sirri olduğunu öyrənmək məqsədilə yazışıb. Sərxan Lətifəyə başqa şəxsə aid bir neçə şəkil göndərib, bu şəkildəkini ona oxşatdığını bildirib. Beləcə qarşılıqlı şəkil göndərilməsi baş verib.
Növbəti günlərin birində Sərxan Lətifəyə yenidən mesaj yazaraq, əri İmanı tanıdığını, vatsap yazışmaları və göndərdiyi şəkillər barədə ərinə deyəcəyini bildirib, onu bəyəndiyini, uzun müddətdir onu izlədiyini, beş dəqiqəlik onu görmək istədiyini, yaxından gördükdən sonra şəkillərini və yazışmalarını siləcəyini bildirib.
Lətifə Sərxana evdən çıxa bilmədiyini deyib və yalvararaq evli olduğunu, ondan əl çəkməsini xahiş edib. Hətta bir neçə dəfə Sərxanın ona mesaj yazdığı mobil nömrələrini qara siyahıya salıb. Lakin Sərxan ayrı-ayrı xatırlamadığı mobil nömrələrlə yenidən Lətifəyə mesaj yazaraq hədələyib, onun dediyini etməsə, yəni Lətifənin yaxından beş dəqiqəlik görməsə, şəkil və yazışmalarını ərinə, qohumlarına, hətta ərinin iş yoldaşlarına göstərib, onu biabır edəcəyini bildirib.
Lətifə bu mövzuda uzun-uzadı Sərxanla yazışaraq onu narahat etməməsini xahiş etsə də, Sərxan ondan əl çəkmədiyini başa düşüb, hadisələrin səhv başa düşülərək ailəsinin dağılacağını, övladlarından ayrı qalacağını düşünərək ərinə, qohumlarına və hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməyib.
Daha sonra Lətifə Sərxanın hədələrinin intensivləşdiyini görüb və onunla yaşadığı evin həyətində 3-4 dəqiqəlik görüşməyə, orda şəkillərini və yazışmalarını siləcəyinə dair razılaşıb.
Həmin gün evdən mağazaya getmək adı ilə çıxıb və Sərxanın onu başa saldığı ünvana, yəni Kürdəmir şəhərində “Yanan bazar” adlanan ərazidə yerləşən kirayə qaldığı evə gedib. Darvazadan içəri girdikdə Sərxanın əlindəki ttelefonu ona tuşladığını, yəni evin həyətinə girməsini çəkdiyini görüb.
O, içəri daxil olan kimi Sərxan darvazanın qapısını qıfılla bağlayıb və açarı cibinə qoymaqla onu iradəsinə zidd olaraq təxminən üç saat müddətində kirayədə yaşadığı mənzildə saxlayıb.
Videonu ərinə nümayiş etdirəcəyini dedi
Lətifə həmin müddət ərzində Sərxana yalvararaq şəkillərini və yazışmalarını silməsini xahiş edib. Sərxan ona baxıb gülərək artıq gec olduğunu, həyətə gəlməsini belə çəkdiyini, bunu da ərinə nümayiş etdirəcəyini deyib.
Lətifə Sərxana qışqıracağını, polis çağıracağını deyib.
Sərxan ona cavabda deyib ki, "öz ayağınla gəlmisən bura, onu da çəkmişəm, qışqırsan özünü biabır edəcəksən, mənim itirəcəyim heç nə yoxdur, çıx yuxarı söhbət edək, mamamın canı səni buraxacam”. O, nə qədər çölə çıxmaq istəsə də, Sərxan buna imkan verməyib. Hədələrini artıraraq israrla onun evə girməsini tələb edib.
Bundan sonra Lətifə evə girib. Sərxana yalvararaq onu buraxmasını xahiş edib, doğum günü olduğunu, artıq evinə qonaqlar gəldiyini deyib. Sərxan isə mənzilin qapısını da bağlayıb.
“Mən istədiyimi almasam, burdan çıxmayacaqsan”
Daha sonra Lətifənin qolundan tutub, birnəfərlik dəmir dəmir torlu çarpayı olan yataq otağına itələyib. Qadının israrlı xahişlərinə baxmayıb, “mən istədiyimi almasam, burdan çıxmayacaqsan” deyib, onun soyunmasını tələb edib.
Lətifə etiraz etdikdə Sərxan əynini geyinərək gedəcəkmiş kimi hərəkətlər edib. “Gedirəm ərinin yanına, yazışmalarımızı və şəkilərini, evə gəlməyinin videosunu ərinə göstərəcəm, bircə dəfə olaq, çıx get, söz verirəm, səndən əl çəkəcəm” söyləyib.
Lətifə Sərxanın hədələrini real qəbul edərək ailəsinin dağılmaması və rüsvay olmaması üçün onunla cinsi əlaqəyə girib.
Bundan başqa Sərxan Lətifə ilə aralarında olan yazışmalar, onun evinə gəldiyi zaman çəkdiyi videogörüntü və cinsi əlaqədə olarkən gizli şəkildə çəkdiyi videogörüntü barədə ona məlumat verib. Onu tam ələ alaraq özündən asılı vəziyyətə salıb, 2021-ci ilin avqust ayının ortalarında əvvəlcə yenidən görüşərək cinsi əlaqədə olmaq istədiyini bildirib, Lətifənin etiraz etməsindən sonra görüşə bilmədiyi və pul verməyəcəyi halda onu rüsvay edəcəyini deyib.
Lətifə ona tələb etdiyi 650 manat məbləğində pul tapa bilməyəcəyini deyib. Sərxan əsəbləşərək hədələrinin sayını daha da artırıb, ona həmin məbləği verməli olduğunu, hətta arvadının ad günü üçün ürək formasında tort hazırlamasını, tortun üzərinə “Dəyərlim, ad günün mübarək” yazısını yazmasını, 650 manat pulu və tortu 27 avqust 2021-ci il tarixədək vermədiyi halda onu rüsvay edərək həyatını məhv edəcəyini deyib.
Lətifə yalvararaq bir qədər məbləği azaltmasını xahiş edib.
Sərxan onunla razılaşmayıb, israrla 650 manat pulu və tortu hazırlayıb verməsini tələb edib. Əlacsız qalan qadın onun istəklərini yerinə yetirib.
Bundan sonra Sərxan həmin ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində yenidən “Whatsapp” mobil tətbiqi vasitəsi ilə və ya adi zənglə Lətifə ilə əlaqə saxlayıb. Bir neçə dəfə onunla görüşərək cinsi əlaqədə olmaq şərtini irəli sürüb. Lətifə ona yalvararaq əl çəkməsini, həyatını məhv etməməsini xahiş edib.
Sərxan hədə və şantajlarını çoxaldaraq təkrar-təkrar Lətifəni hədələyib, bir neçə dəfə görüşərək cinsi əlaqədə olduqdan sonra ondan əl çəkəcəyini desə də, Lətifə onunla qəti olaraq razılaşmayıb. O, yalandan xəstə olduğunu, həkimlərin ona cinsi əlaqəni qadağan etdiyini deyib.
Sərxan həmin ilin sentyabr ayının sonları, oktyabr ayının əvvəllərində yenidən Lətifə ilə əlaqə saxlayıb, bundan sonra 10 dəfə görüşərək cinsi əlaqədə olmalı olduğunu, əks halda şəkil, yazışma və video-görüntülərini ərinə, atasına, böyük oğluna, rayon camaatına göstərəcəyini deyib.
O, görüşməyə imkanı olmadığı halda, əvəzində ona 700 manat pul istəyib. Eyni zamanda yaxın zamanda hansısa dostunun həbsdən çıxması şərəfinə ona hədiyyə olaraq ortasında qara rəngli ulduz və qara rəngli təsbeh şəkli, aşağısında isə “AUE” və “dostlarından hədiyyə” yazıları olan tort bişirməsini istəyib, yalnız bu halda ondan əl çəkəcəyini deyib.
Lətifə çoxsaylı israrlardan və yalvarışlardan sonra Sərxanın hədələrinin təsiri nəticəsində məcbur olaraq razılaşıb. Əvəllər nisyə verdiyi tortlara görə xatırlamadığı qohum və tanışlarında olan borclarını alaraq 700 manat pul toplayıb, pul və tortu Sərxana verib. Cinayətkar əməlini davam etdirən Sərxan növbəti günlərdə yenə də Lətifəni hədələyərək onun 1415 manatını ələ keçirib.
Daha sonra Sərxan toruna daha iki qadını salıb. O, birinci “qurban”ı olan Ləmanın telefonundan nömrəsini götürdüyü Sevda və Fəridəni də şantaj edib. Onların hər ikisi də toruna salaraq onlarla zorla cinsi əlaqədə olub.
4 qadını şantaj edən gəncin cəzası nə oldu?
İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 144-1.1 (İnsan alveri, yəni zor tətbiq etmək hədəsi ilə və ya zor tətbiq etməklə, hədə-qorxu və ya digər məcburetmə vasitələri ilə, oğurlama, dələduzluq, aldatma yolu ilə, təsir imkanlarından və ya zəiflik vəziyyətindən sui-istifadə etməklə, yaxud digər şəxsə nəzarət edən şəxsin razılığının alınması üçün maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər verməklə və ya almaqla, şəxsin istismar edilməsi məqsədi ilə cəlb edilməsi, əldə edilməsi, saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və ya qəbul edilməsi), 145.1 (adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmə), 149.2.4 (zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla zorlama), 149.2.5 (təkrar zorlama), 151 (seksual xarakterli hərəkətlərə məcbur etmə), 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.5 (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) və 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) maddələri ittiham elan edilib.
Bu cinayət işinə Tərtər Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Sərxanın əməli Cinayət Məcəlləsinin 145.1, 149.2.5, 151, 182.2.2 və 243.1-ci maddələrinə tövsif edilib və həmin maddələr üzrə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə Sərxan 8 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Təqsirləndirilən şəxsin müdafiəçisi də apellyasiya şikayəti verib. Müdafiəçi müvəkkilinin barəsində olan cinayət işləri üzrə mötəbər sübutların olmadığı nəticəsinə gəlib və onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə dövlət ittihamçısının protesti təmin olunub. Sərxanın barəsində olan cəza 10 ilə qədər artırılıb.
Müdafiəçi tərəfindən verilən şikayət təmin olunmayıb.
MİA.AZ


