Icma.az
close
up
RU
Görkəmli alimin zəngin tərcüməçilik fəaliyyəti

Görkəmli alimin zəngin tərcüməçilik fəaliyyəti

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Zülfiyyə İSMAYIL
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Naxçıvan Bölməsi İDƏİ-nin elmi katibi

Azərbaycan dilçilik elminin və dünya türkologiyasının inkişafında xüsusi xidmətləri olan görkəmli dilçi, türkoloq alim, pedaqoq, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Əbülfəz Aman oğlu Quliyevin çoxşaxəli yaradıcılığının bir istiqamətini də tərcüməçilik fəaliyyəti təşkil edir. O, tərcümə işi ilə geniş və mütəmadi şəkildə məşğul olur və tərcüməçilik fəaliyyəti də elmi tədqiqatları ilə bilavasitə əlaqədardır. Ə.Quliyevin Azərbaycan ilə Türkiyə arasında "İki dövlət, bir millət" devizli dostluq və qardaşlıq işinə xidmət edən fəaliyyəti yaşadığımız əsrin əvvəllərindən başlayıb. Hələ 2005-ci ildə Türkiyə Cümhuriyyəti Ankara şəhərindəki İLESAM təşkilatına üzv qəbul edilən alimin bu sahədəki xidmətləri əvəzsizdir. Onun akademik İsmayıl Hacıyevlə birgə ərsəyə gətirdiyi "Tarihte ve günümüzde Nahçıvan" əsəri naxçıvanşünaslığa xidmətin ən bariz ifadəsidir. Həmçinin sarsılmaz özülə malik olan milli-mənəvi dəyərlər sistemimizə, milli keçmişimizə, ümumxalq yaddaşına, el yaradıcılığına dərin köklərlə bağlılığın, böyük sevginin sayəsində ərsəyə gələn "Azerbaycan düğün türküleri", "Məişət-mərasim nəğmələri", "Azərbaycan mərasim (toy) nəğmələri" adlı kitabları folklor və etnoqrafik mədəniyyətimizə Əbülfəz müəllimin çox dəyərli hədiyyəsidir.

Onun rəhbərliyi altında respublikanın dialekt və şivələrinin öyrənilməsi istiqamətində səmərəli elmi-tədqiqat işləri aparılıb. Bu elmi-tədqiqat fəaliyyətinin müsbət nəticəsi olaraq Naxçıvan dialekt və şivələri 1998-ci ildən etibarən Türkiyə Cümhuriyyəti və Naxçıvanın elm adamları tərəfindən müştərək şəkildə araşdırılmağa başlanıb. Türkiyə Cümhuriyyəti Türk Dil Qurumunun qəbul etdiyi layihədən sonra Əbülfəz Quliyev, professor Tuncər Gülensoy, Paki Küçükər tərəfindən Naxçıvan Muxtar Respublikasından toplanmış dialekt materiallarının transkripsiyası yazıya alındı, fonetik-morfoloji cəhətdən araşdırıldı və nəticədə 2009-cu ildə Ankarada "Naxçıvan ağzı" adlı 733 səhifəlik bir əsər çapdan çıxdı. Bu dialektoloji lüğət Naxçıvan dialektologiyasının söz varlığını tamamilə əhatə etmədiyindən, həmçinin bu görülən işlərin də məntiqi davamı kimi Ə.Quliyevin 2010-cu ildə Ankara BRC nəşriyyatında işıq üzü görmüş "Naxçıvan ağızlarının söz varlığı" adlı əsəri xüsusi maraq doğurur. Alim bu günə qədərki araşdırmalarını və toplanmış dil faktlarını incələmiş, geniş, əhatəli sözlük hazırlamışdı.

Ə.Quliyevin məzmun və mündəricə baxımından daha çox diqqəti cəlb edən tərcümə əsərlərində biri Halil İbrahim Usta ilə birgə tərcümə etdiyi Rus şərqşünası A.V.Borovkovun "Orta Asyada bulunmuş Kuran tefsirinin söz varlığı (XII-XIII yy.)" adlı əsərdir. Bəhsikeçən irihəcmli bu kitab rus dilindən türk dilinə tərcümə olunub. Bu əsər 2002-ci ildə Ankarada Türk Dil Qurumunun nəşriyyatında işıq üzü görmüş, kitabın nəşri Türkiyədə həmin sahənin tədqiqatçıları tərəfindən yüksək qiymətləndirilmişdi.

Əbülfəz Quliyevin tərcüməçilik fəaliyyətinin ən dəyərli səhifələrindən birini görkəmli türk şairi və sufi mütəfəkkiri Mövlana Cəlaləddin Ruminin (XIII əsr) "Məsnəvi" əsərinə müraciət təşkil edir. Bu əsərin Azərbaycan dilinə tərcüməsini xüsusi vurğulamaq lazımdır. O, türkiyəli alim professor Adnan Qaraismayıloğlunun orijinaldan tərcüməsi əsasında türkcədən çevirdiyi Mövlananın ilk dəfə Azərbaycan dilinə uyğunlaşdıraq, filoloji tərcüməsini həyata keçirmiş, Naxçıvandakı "Əcəmi" Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla 3 cilddə (2012) nəşr etdirmişdi.

Əbülfəz Quliyev ədəbi-bədii fikir tariximizdə olduğu kimi, dil və ədəbiyyatımızın inkişafında böyük yeri olan Ədib Əhməd Yügnəkin "Atabətül-həqaiq" (2018) adlı nəsihətamiz, əxlaqi-didaktik, fəlsəfi əsərində işlənən sözlərin lüğətini hazırlayıb, ona şərh və izah yazıb. Eyni zamanda "Atəbətül-həqaiq" abidəsinin əlyazmasının B nüsxəsinin tam mətninin faksimlesi kitaba daxil edilib.

Ədib Əhməd Yügnəkin "Atabətül-həqaiq" əsərinin ön sözünün müəllifi və elmi redaktoru akademik Nizami Cəfərovdur. Kitab "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb. Tərtibçi əsəri müasir dilimizə uyğunlaşdırmaqla yanaşı, kitaba "Ədəbiyyatımızın qaynaqları" başlığı ilə geniş bir müqəddimə yazıb. Burada qeyd olunur ki, təxminən 250 beytdən ibarət olan bu əsərin dünya muzey və kitabxanalarında bir neçə əlyazma nüsxəsi mövcuddur. Təəssüf ki, bu əsər və onun müəllifi Ədib Əhməd haqqında kifayət qədər məlumat əldə edilməyib.

Əbülfəz Quliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş maraqlı əsərlərdən biri də Taylan Sorqunun müəllifi olduğu görkəmli türk hərb xadimi Xəlil Paşanın "İttihad və Tərəqqidən Cümhuriyyətə Bitməyən savaş" adlı xatirələrindən ibarət kitabıdır. Ə.Quliyev kitabı çapa hazırlayarkən bəzi bölmələri ixtisara salıb və yığcamlaşdırıb. Əsər Azərbaycan dilinə çox uğurla tərcümə edilib. Bunu da qeyd edək ki, əsərin özü də olduqca sadə, anlaşıqlı bir üslubda qələmə alınıb, çox oxunaqlı bir dildə yazılıb. Görünən budur ki, Xəlil paşanın xatirələrini çapa hazırlayarkən istedadlı bir qələm sahibi, publisist olan Taylan Sorqun yazının üslubunu əsl hekayə dilinə çevirmiş, oxunaqlılığı və anlaşıqlılığını təmin etmişdi. Tərcümə zamanı Ə.Quliyev də Azərbaycan dilinin geniş imkanlarından bəhrələnmiş, söz tərcüməsi deyil, ən uğurlu, işlək, fikirləri sadə, dəqiq şəkildə ifadə edən leksik imkanlardan yararlanmışdı.

Əbülfəz Quliyevin tərcümə etdiyi "Məhəmməd Salih. Şeybaninamə" əsərinin tərcüməsi də bu sahədə qiymətli mənbələrdən biridir. Türk dünyasını bütöv görən, çox geniş tədqiqatçılıq imkanlarına malik türkoloq alim Ə.Quliyev özbək şairi Məhəmməd Salihin "Şeybaninamə" poemasını (XVI əsr) Azərbaycan dilinə tərcümə edib. Qeyd edək ki, Ə.Quliyev özbək şairi Məhəmməd Salihin "Şeybaninamə" əsərinin tərcüməsi üzərində uzun illər çalışıb. Nəhayət, tamamlanan bu sanballı iş 2022-ci ildə kitab olaraq çap edilib, geniş oxucu kütləsinə təqdim olunub. Kitaba müəllifin yazdığı "Müqəddimə"də yığcam, lakin təfərrüatlı məlumat sığdırılıb. Burada "Şeybaninamə" əsəri, onun müəllifi Məhəmməd Salih haqqında ətraflı məlumatlar verilib. Əsərin həsr edildiyi özbək-cağatay hökmdarı Şeybani xan barəsində də müfəssəl məlumatlar verən müəllif əsərin yazılma səbəbi, ümumi məzmunu, bədii xüsusiyyətləri və sair haqqında bəhs edib.

Əbülfəz Quliyevin tərcümə əsərləri sırasında ali məktəblərin filoloji fakültələrini tələbələri üçün olduqca əhəmiyyətli mənbə olan "Əski türk yazılı abidələri müntəxabatı" adlı dərs vəsaiti də diqqəti cəlb edir. Bu kitabda verilmiş yazılı abidələr türk xalqlarının soy-kökünü, tarixini, dil tarixini, etnoqrafiyasını, ictimai-fəlsəfi təfəkkürünü, mifologiyasını, ədəbiyyatını, dövlət anlayışını, dini əqidə və təsəvvürlərini araşdırmaq və öyrənmək üçün son dərəcə tutarlı qaynaqdır.

Azərbaycan Yazıçılar Birliyi və Türk Dünyası Yazarlar Birliyinin Türkiyə üzvü olan Əbülfəz Quliyev bədii yaradıcılıqla da davamlı şəkildə məşğul olur. Azərbaycanın Türkiyədəki ilk səfiri həmyerlimiz İbrahim Əbilovun Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürklə dostluğundan, birgə əməkdaşlığından poetik bir üslubda bəhs edən "Qazi Mustafa Kamalın dostu" sənədli povesti Azərbaycan-Türkiyə dostluğuna həsr olunan, Azərbaycan-Türkiyə dostluğunun şanlı tarixinin öyrənilməsi baxımından qiymətli bir mənbədir.

Əbülfəz Quliyev 1920-1921-ci illərdə Naxçıvanın erməni işğalından xilas edilməsində böyük fədakarlıq göstərən türk sərkərdəsi general Veysel Ünüvarın Naxçıvan tarixşünaslığı baxımından böyük əhəmiyyətə malik olan Türkiyədə nəşr olunmuş xatirələrini Azərbaycan dilinə uyğunlaşdıraraq "Naxçıvan: təlatüm və burulğanlar (1920-1921)" adı ilə 2007-ci ildə, həmçinin Veysəl Ünüvarın "Səkkiz ay bolşeviklərlə üz-üzə" xatirələrini ikinci dəfə 2014-cü ildə daha da təkmilləşdirilmiş şəkildə "Əcəmi" nəşriyyatında çap etdirib.

Tərcüməçilik fəaliyyətini davam etdirən professor Ə.Quliyevin yeni çap etdirdiyi "Azərbaycan xalqının taleyinin ikiyə bölən məkan: Türkmənçaya bir baxış" adlı əsər də elmimizə dəyərli bir töhfə olaraq qiymətləndirilə bilər. Əsərin müəllifi Cənubi Azərbaycandan olan Hüseyn Qaraağacdır. Əsər farsca yazılıb, Ə.Quliyev əsərin Azərbaycan dilinə tərcüməsini uğurla həyata keçirib. Əsərin əhəmiyyəti ondadır ki, Azərbaycan tarixi üçün faciələrə yol açmış Türkmənçay müqaviləsinin imzalandığı Türkmənçay yaşayış yeri haqda demoqrafik, etnoqrafik və tarixi məlumatlar burada geniş yer alıb. Adıgedən əsər 1978-ci ildə Təbrizdə nəşr olunduqdan sonra geniş oxucu kütləsinin marağına səbəb olmuş və bu maraqdan irəli gələrək 1988-ci ildə yenidən nəşr edilmişdi. Ə.Quliyev əsərin dəqiq tərcümə işinə böyük zəhmət sərf edib, məzmun etibarilə düzgün anlaşılmasına nail olub. Azərbaycan dili mütəxəssisi olan tərcüməçi əsəri çevirərkən ana dilinin bütün imkanlarını səfərbər edib ki, tərcümə uğurla alınaraq əsərin dəqiq anlaşılmasına xidmət göstərsin.

Uzun illərdən bəri fasiləsiz şəkildə, böyük səbr və iradə ilə aktual mövzularda qiymətli tədqiqatlar aparan, çoxsaylı kitablar və məqalələr nəşr etdirən Əbülfəz Quliyev elmdə məxsusi mövqeyi və xidmətləri olan ustad alim məqamını qazanıb. Ə.Quliyev Türkiyə və Azərbaycan arasında elmi, mədəni əlaqələrin inkişafındakı əvəzsiz xidmətlərinə görə Avrasiya Qurumunun xüsusi mükafatına layiq görülüb. Professor Ə.Quliyevin öz diqqətini çəkən, yaradıcılıq üslubuna və ideya-estetik prinsiplərinə uyğun gələn əsərləri tərcümə etməsi onun imzasını elmi mühitdə tanıtmaqdan başqa, ona geniş oxucu auditoriyası qazandırıb. O, rəsmi sənədləri bədii təxəyyüllə işləməyin və tarixi faktlara poetik ruh verərək publisistik ovqat qazandırmağın gücünün alimə hər zümrədən olan pərəstişkar qazandıracağını sübut edib. Geniş mütaliə imkanları, zəngin təcrübə, dolğun, bol həyat müşahidələri, elmi üslubun aydınlığı və şirinliyinin vəhdətində bədii üslubda da qələmini sınamağın təsadüfi olmadığını göstərib. Həmçinin bu xidməti ilə hər iki ölkənin - Azərbaycan və Türkiyə oxucusunun könlünü fəth edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see265

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see220

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see202

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see197

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see176

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see171

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see166

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see153

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see150

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see142

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see135

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see135

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see134

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see130

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see129

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see126

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see125

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see125

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see125

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri