Görmə qabiliyyəti zəif olan insanlar üçün süni intellekt əsaslı naviqator hazırlanıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 11 iyun, AZƏRTAC
Görmə qabiliyyəti məhdud olan şəxslərin ətraf mühitdə rahat hərəkət edə bilməsi üçün maneələri tanıyan süni intellekt əsaslı naviqator Novosibirsk Dövlət Texniki Universitetində (NDTU) hazırlanıb.
AZƏRTAC xəbər verir ki, universitetin mətbuat xidmətinin məlumatına görə, sistemin analoqlarından əsas fərqi onun oflayn rejimdə işləməsidir və istifadə üçün yalnız smartfon kifayətdir.
“İstifadəçi bizim hazırladığımız tətbiqi yükləyir, kameranı işə salır və cihazı sinəsinə bərkidir. Bundan sonra xüsusi təlim keçmiş neyron şəbəkə işə başlayır. Süni intellekt video axınından kadrları təhlil edərək ətraf mühiti və potensial təhlükəli obyektlərə olan məsafəni müəyyənləşdirir və istifadəçini səs vasitəsilə xəbərdar edir”, – deyə layihənin müəlliflərindən biri Yeqor Avdeyev bildirib.
Obyektləri tanımaq üçün tərtibatçılar əl ilə işarələnmiş məlumatlar üzərində öyrədilən konvolyusional neyron şəbəkə modelindən istifadə edirlər. Süni intellekt təxminən beş metr məsafədəki maneələr barədə xəbərdarlıq edir ki, bu da istifadəçini məlumatla yükləməmək üçün nəzərdə tutulub. Sistem həmçinin qəfil meydana çıxan maneələrə, məsələn, avtomobillər və ya bağlanan darvazalara da reaksiya verir. Tətbiq bir kadrı təxminən 300 millisaniyəyə emal edir.
Hazırlanmış bu sistem həm yerli, həm də xarici analoqlardan fərqli olaraq, tamamilə oflayn rejimdə işləyir, reklam və ödənişli abunə tələb etmir.


