Göy məscid təxribatı sülhü əngəlləyəcək?
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Göy məscid ətrafında baş verənlər, ümumiyyətlə, bu məscidin Ermənistan və İran tərəfindən farslaşdırılması, tarixinin saxtalaşdırılması, o cümlədən son təxribat hesab olunan hadisə Azərbaycan-Ermənistan sülh prosesi fonunda xoşagəlməz haldır”.
Bunu “Cebheinfo.az”-a açıqlamasında politoloq Asif Nərimanlı İrəvanda yerləşən tarixi Göy məscidin mərasim zalına erməni şairi Yeqişe Çarentsin adının verilməsi ilə bağlı danışarkən deyib. O qeyd edib ki, Göy məscid ətrafında baş verənlər sülh prosesini tamamilə sıfırlamayacaq və normallaşma prosesini geriyə atmayacaq:
“Lakin bu hadisə qarşılıqlı etimad mühitinin zəifləməsinə, hazırda rəsmi sülh danışıqları ilə paralel şəkildə həyata keçirilən etimad quruculuğu istiqamətindəki addımlara inamın azalmasına səbəb ola bilər. Bir tərəfdən, Azərbaycan və Ermənistan arasında rəsmi sülh prosesi davam edir, digər tərəfdən isə iki ölkənin ictimaiyyətləri arasında etimad mühitinin yaradılması istiqamətində addımlar atılır.
Belə bir şəraitdə Azərbaycana məxsusluğu faktiki olaraq aksioma olan, heç bir şübhə doğurmayan, tarixi və mədəni mənsubiyyəti bəlli olan maddi-mədəni irs nümunəsinə qarşı bu cür addımların atılması istər-istəməz həm rəsmi səviyyədəki danışıqlarda inamsızlıq yarada, həm də ictimai etimad mühitinin formalaşmasına mənfi təsir göstərə bilər. Fikrimcə, bu məsələ sülh prosesini dayandırmasa, yaxud tamamilə sıfırlamasa da, ümumi prosesə mənfi təsir göstərəcək və müəyyən mənfi atmosfer formalaşdıracaq. Sülh prosesi, şübhəsiz ki, davam edəcək. Ancaq baş verənləri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından xoşagəlməz hadisə hesab edirəm”.
Politoloq vurğulayıb ki, əslində, Ermənistan tərəfi bu məsələdə daha fərqli addım ata bilərdi:
“Belə ki, sülh sazişi imzalandıqdan və qarşılıqlı etimad mühiti formalaşdıqdan sonra tərəflər arasında səfərlər təşkil oluna, Ermənistan Göy məscidi ibadətə açmaqla müsəlmanlara xoş niyyətini nümayiş etdirə bilərdi. Amma sülh prosesinin davam etdiyi, Ermənistanın sülhə hazır olduğunu bəyan etdiyi bir vaxtda Azərbaycanın maddi və mənəvi irsinə qarşı belə bir təxribatın törədilməsi istər-istəməz bu ölkənin sülhə yanaşması ilə bağlı şübhələr yaradır. Xüsusilə Azərbaycan cəmiyyətində, ictimaiyyət arasında bu şübhələri daha da artırır.
Təbii ki, Ermənistan tərəfi hazırda yerləşdiyi ərazinin tarixi Azərbaycan torpaqları olduğunu inkar etməyə, eyni zamanda, orada Azərbaycanın bütün izlərini silməyə çalışır. Bu istiqamətdə, demək olar ki, vandalizm siyasəti həyata keçirilir. Həm məscidlərə, həm də digər tarixi-mədəni irs nümunələrinə qarşı belə münasibət sərgilənir.
Göy məscid isə qorunub saxlanılan nadir nümunələrdən biridir. Düşünürəm ki, Ermənistan bu məscidi özündə müəyyən tolerantlıq mühitinin mövcudluğunu nümayiş etdirmək, belə bir görüntü yaratmaq məqsədilə qoruyub saxlayır. Lakin digər tərəfdən, məscidin fars abidəsi kimi təqdim edilməsi Azərbaycanın tarixi-mədəni irsinə qarşı saxtakarlıqdır. Bu prosesi isə Ermənistan və İran birlikdə həyata keçirirlər”. Asif Nərimanlı əlavə edib ki, Göy məsciddəki addımlar Ermənistan və İranın əsl niyyətini ortaya qoyur:
“Orta əsrlərə aid, üzərində fars dilində yazılar olan qəbirüstü daşları Göy məscidə gətirirlər və bunu farsların bu coğrafiyada yaşamasının nümunəsi kimi təqdim edirlər. Həmin daşlar Ermənistan-İran dostluğunun və qardaşlığının göstəricisi kimi məsciddə sərgilənir. Bu da faktiki olaraq Azərbaycana qarşı müəyyən təxribatın olduğunu göstərir. Görünür, Ermənistan və İran bu addımları bilərəkdən atırlar.
Təbii ki, burada əsas məqsəd Azərbaycanın tarixi-mədəni irsini silmək, onu sıradan çıxarmaqdır. Amma bu cür addımlarla təkcə Azərbaycanın tarixi və tarixi faktları təhrif edilmir, eyni zamanda, sanki bilərəkdən regionda gərginliyin yaradılmasına sövq edirlər. Düşünürəm ki, bu məsələdə İran daha çox maraqlıdır. Azərbaycan və Ermənistan arasında sülh prosesi yekunlaşacağı təqdirdə İranın Cənubi Qafqazda onsuz da zəifləyən təsir imkanları daha da məhdudlaşa bilər.
Çünki İran Ermənistan vasitəsilə regiondakı mövcudluğunu qorumağa və proseslərdə iştirak etməyə çalışır”. O bildirib ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanarsa, İrəvan Avropaya inteqrasiya yoluna keçəcəksə və Türkiyə ilə sərhədlər açılarsa, İran üçün regional vəziyyət daha da mürəkkəbləşəcək:
“Bu baxımdan, Göy məsciddə baş verənləri İran tərəfinin sülh prosesinə qarşı yönəlmiş təxribat xarakterli addımı kimi də qiymətləndirmək olar. Lakin Ermənistan tərəfi də bu prosesdə iştirak edirsə, deməli, məsuliyyət həm Ermənistana, həm də İrana aiddir. Bu hadisələr sülh prosesini birbaşa sıradan çıxarmasa da, tərəflər arasında etimad mühitinin formalaşmasına mənfi təsir göstərə biləcək haldır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Göy məscid Asif Nərimanlı
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 13 Noyabr 2026 17:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















