Göz tənbəlliyi nədir?
Icma.az bildirir, Pravda.az portalına istinadən.
Göz tənbəlliyi (ambliyopi) uşaqlıq dövründə görmə sisteminin düzgün inkişaf etməməsi nəticəsində baş verən problemlərdəndir.
Pravda.az bildirir ki, bu vəziyyət hər iki gözdən gələn görüntülərin beyin tərəfindən düzgün şəkildə birləşdirilməməsi ilə ortaya çıxır. Həm tək tərəfli, həm də iki tərəfli görmə qabiliyyətinin azalmasına səbəb ola bilər.
Göz tənbəlliyinin səbəbləri
Göz tənbəlliyinin başlıca səbəbləri arasında çəpgözlük, eynək nömrələrinin çox fərqli olması, göz qapağı düşüklüyü və doğuşdan katarakt kimi vəziyyətlər yer alır. Çəpgözlük və ya göz qapağında düşüklük olan uşaqların ailəsi bu halları tez bir zamanda fərq edib, həkimə müraciət edir. Lakin eynək nömrələri arasındakı fərqlilik kimi problem zamanı isə xarici görünüşdə nəzərə çarpma olmur, bu səbəbdən də müntəzəm göz müayinəsi edilməzsə, xəstəlik gec aşkarlanır.
Göz tənbəlliyinin müalicəsi
Göz tənbəlliyi erkən diaqnoz və müalicə ilə asanlıqla müalicə oluna bilən bir vəziyyətdir. Uşaqların 6-cı ay, 1 yaş, 3 yaş və 6 yaşlarında müntəzəm göz müayinəsindən keçirilmələri vacibdir. Müalicə görmə tənbəlliyinə səbəb olan əsas xəstəliyin aradan qaldırılması ilə başlanır. Əgər səbəb çəpgözlük və ya göz qapağı düşüklüyüdürsə, bunlar cərrahi müdaxilə ilə müalicə edilir. Eynək müalicəsi və göz bağlama tətbiqləri də müalicənin bir hissəsi olaraq istifadə edilir. Göz bağlama müalicəsində yaxşı görən göz bağlanır və tənbəl olan gözün istifadə edilməsi təmin edilir.
Yetkin insanlarda göz tənbəlliyi müalicəsi
Yetkin insanlarda göz tənbəlliyi kritik yaş dövrü keçildikdən sonra müalicə olunması çətinləşir, lakin “Nörovizyon” müalicəsi kimi yeni metodlarla müsbət nəticələr əldə edilir. Bu müalicə kompüter proqramları və vizual tapşırıqlarla həyata keçirilir və görmə kəskinliyini artırmağa kömək edir.
Göz tənbəlliyi müalicə edilməzsə nə olar?
Göz tənbəlliyi düzgün müalicə edilmədiyi təqdirdə uşağın həyatında ciddi problemlərə yol aça bilər. Bu, yalnız görmə qabiliyyətində deyil, həm də başqa fəsadlar yarada bilər. Həmçinin, gələcəkdə peşə seçimi kimi məsələlərdə də çətinliklər yarana bilər.
Qeyd: Göz tənbəlliyi müalicə edilə bilən xəstəlik olduğu üçün uşaqların vaxtında göz müayinəsindən keçmələri və erkən diaqnozla müalicəyə başlanması önəmlidir.
Əminə Bayramova

