Güclü vətəndaş cəmiyyəti naminə yeni hədəflər
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Noyabrın 5-6-da keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu, vətəndaş cəmiyyətinin gələcəyi, dövlət-QHT tərəfdaşlığının yeni perspektivləri və institusional inkişaf məsələləri haqqında “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyinin sədri , pedaqoq, psixoloq , şair, baş redaktor, tədris mərkəzin rəhbəri Səidə Musayeva ilə müsahibə:
– Gəncədə keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunu ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı baxımından hansı mərhələnin göstəricisi hesab edirsiniz?
– 2026-cı il noyabrın 5–6-da Gəncə şəhərində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu vətəndaş cəmiyyətinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma oldu. 400-dən çox QHT nümayəndəsinin iştirakı tədbirin geniş miqyasını və sektorun birgə müzakirələrə olan ehtiyacını nümayiş etdirdi.
Mənim üçün bu forum yalnız təcrübə mübadiləsi və yeni tanışlıqlar deyil, həm də QHT sektorunun inkişaf dinamikasını, mövcud imkanlarını və qarşıda duran çağırışları qiymətləndirmək baxımından əhəmiyyətli idi.
Bu gün Azərbaycan QHT sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur. Artıq əsas məqsəd yalnız layihələrin həyata keçirilməsi deyil, institusional baxımdan güclü, peşəkar idarəetmə sisteminə malik və cəmiyyətə real təsir göstərən təşkilatların formalaşdırılmasıdır. Hesab edirəm ki, Gəncə Forumu bu istiqamətdə mühüm mesajlar çatdırdı.
– Dövlət və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın gücləndirilməsi QHT-lər üçün hansı yeni imkanları yaradır?
– Dövlət və vətəndaş cəmiyyəti arasında səmərəli əməkdaşlıq ölkənin sosial inkişafının mühüm dayaqlarından biridir. QHT-lər cəmiyyətin ehtiyaclarını daha yaxından görən, sosial problemləri müəyyənləşdirən və onların həlli üçün təşəbbüslər irəli sürən institutlardır.
Bu baxımdan dövlət qurumları ilə QHT-lər arasında dialoqun genişləndirilməsi, qarşılıqlı etimadın və institusional əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Forumun yüksək səviyyədə təşkili və QHT sektorunun inkişafına göstərilən sistemli dəstək baxımından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin fəaliyyətini xüsusi qeyd etmək istərdim.
Agentliyin təşəbbüsləri QHT-lərin institusional potensialının artırılması, fəaliyyət imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşdırılması üçün mühüm zəmin yaradır.
– Müasir dövrdə QHT-lərin institusional inkişafı və peşəkar idarəetməsi üçün hansı dəyişikliklərə ehtiyac var?
– Müasir QHT yalnız ictimai təşəbbüslərin icraçısı deyil, həm də strateji düşünən, dəyişən sosial reallıqlara uyğunlaşan və innovativ həllər təqdim edən təşkilat olmalıdır.
Forumda müzakirə olunan strateji idarəetmə, rəqəmsal kommunikasiya, informasiya təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və layihələrin sosial təsirinin ölçülməsi məsələləri məhz bu baxımdan aktualdır.
Məncə, QHT-lərin gələcək inkişafı bir neçə əsas prinsipə söykənməlidir: peşəkar komanda, şəffaf idarəetmə, düzgün strategiya, davamlı maliyyə imkanları və ictimai etimad.
Xüsusilə rəqəmsallaşma dövründə informasiya resurslarından səmərəli istifadə, ictimaiyyətlə düzgün kommunikasiya və təşkilatların fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulması vacibdir.
Əsas məsələ dəyişikliklərə uyğunlaşmaqla yanaşı, təşkilatın öz missiyasını və ictimai məsuliyyətini qoruyub saxlamaqdır.
– QHT-lər arasında əməkdaşlıq və beynəlxalq tərəfdaşlıq sektorun gələcək inkişafında hansı rolu oynaya bilər?
– Hər bir təşkilatın öz təcrübəsi, biliyi və resursları var. Bu potensialın birləşdirilməsi daha geniş miqyaslı sosial layihələrin həyata keçirilməsinə imkan verir.
Mən hesab edirəm ki, QHT-lər arasında sağlam əməkdaşlıq mühiti formalaşdırılmalı, ortaq maraqlar ətrafında birgə təşəbbüslər artırılmalıdır.
Beynəlxalq tərəfdaşlıq da bu prosesin mühüm istiqamətidir. Xarici təşkilatlarla əlaqələr, beynəlxalq təcrübə mübadiləsi və birgə layihələr Azərbaycan QHT-lərinin imkanlarını genişləndirir, onların fəaliyyətinə yeni yanaşmalar gətirir.
Lakin beynəlxalq əməkdaşlıq yalnız əlaqələrin qurulması ilə məhdudlaşmamalıdır. Əsas məqsəd həmin əməkdaşlığı real layihələrə, bilik və təcrübə mübadiləsinə, eləcə də ölkəmiz üçün faydalı nəticələrə çevirməkdir.
– Rəhbərlik etdiyiniz “İnnovativ Proqress və Ekologiya” İctimai Birliyinin fəaliyyətində hansı prioritetlər və yeni hədəflər müəyyənləşdirilib?
– Təşkilatımızın əsas missiyası sosial-iqtisadi inkişafı dəstəkləmək, innovativ düşüncəni təşviq etmək, ekoloji məsuliyyəti artırmaq və cəmiyyətin inkişafına xidmət edən təşəbbüsləri reallaşdırmaqdır.
Fəaliyyətimizdə təhsil, sosial inkişaf, ekoloji maarifləndirmə, qadınların və gənclərin potensialının gücləndirilməsi, innovativ yanaşmaların təşviqi kimi istiqamətlərə xüsusi önəm veririk. Bizim üçün hər bir layihə konkret sosial ehtiyacdan yaranmalı və davamlı nəticəyə xidmət etməlidir.
Gələcək hədəflərimiz sırasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, daha geniş auditoriyanı əhatə edən layihələrin hazırlanması və təşkilatın institusional imkanlarının gücləndirilməsi xüsusi yer tutur.
Müasir QHT-lər yalnız mövcud problemlərə reaksiya verməməli, həm də gələcək ehtiyacları əvvəlcədən müəyyənləşdirərək yeni təşəbbüslərlə çıxış etməlidirlər.
– Bir QHT rəhbəri və vətəndaş cəmiyyətinin nümayəndəsi kimi, Azərbaycanın gələcək inkişafında QHT-lərin rolunu necə görürsünüz və bu istiqamətdə hansı əsas mesajı vermək istərdiniz?
– Mən hesab edirəm ki, Azərbaycanın gələcək inkişafında vətəndaş cəmiyyətinin rolu getdikcə daha da artacaq. Çünki inkişaf etmiş cəmiyyət yalnız iqtisadi göstəricilərlə deyil, həm də insanların fəallığı, təşəbbüskarlığı, sosial məsuliyyəti ilə ölçülür.
QHT-lər dövlətlə cəmiyyət arasında mühüm əlaqələndirici körpü olmaqla yanaşı, yeni ideyaların, sosial təşəbbüslərin və innovativ yanaşmaların formalaşmasına töhfə verirlər. Bu potensialdan daha səmərəli istifadə etmək üçün təşkilatların peşəkarlığı, institusional dayanıqlılığı və qarşılıqlı əməkdaşlığı gücləndirilməlidir.
Mənim üçün QHT fəaliyyəti məsuliyyət, missiya və cəmiyyət qarşısında öhdəlikdir. İllər ərzində qazandığım təcrübə mənə göstərib ki, hər bir ideyanın dəyəri onun insanlara və cəmiyyətə verdiyi fayda ilə müəyyən olunur.
Gələcəkdə yeni təşəbbüslər, beynəlxalq əməkdaşlıq və sosial əhəmiyyətli layihələrlə genişləndirməyi qarşıma məqsəd qoymuşam.
Güclü vətəndaş cəmiyyəti qurmaq üçün hər birimiz öz sahəmizdə dəyişikliklərin iştirakçısı olmalı, təşəbbüslərimizlə cəmiyyətin inkişafına töhfə verməliyik. Çünki gələcəyin güclü cəmiyyəti bu gün atdığımız məsuliyyətli addımlarla formalaşır.
Fidan Salmanova
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 12 Noyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















