Icma.az
close
up
RU
Hakimlərin əvvəlki seçim sistemində çatışmazlıqlar var idi Əliməmməd Nuriyev

Hakimlərin əvvəlki seçim sistemində çatışmazlıqlar var idi Əliməmməd Nuriyev

Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişikliyinin tətbiqi ilə bağlı fərman imzalayıb.

Qanuna əsasən, hakimlərin seçim prosesi test imtahanı, yazılı imtahan və müsahibə əsasında olmaqla üç mərhələdən ibarət olacaq.

Mövzu ilə bağlı Modern.az-a danışan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, hakimlərin seçimi ilə yeni dəyişikliklərin Azərbaycan hüquq sisteminə bir neçə istiqamətdə təsiri ola bilər:

“İlk növbədə proses sadələşdirilmiş və daha şəffaf olacaq. 3 mərhələyə endirilmiş seçim prosesi konkret və aydın meyarlar əsasında həyata keçiriləcək. Bu da müraciət edənlər üçün prosesi daha sadə və başadüşülən edərək şəffaflığın artırılmasına töhfəsinə verəcək. Eyni zamanda test və yazılı imtaha mərhələsi namizədin bilik və peşə hazırlığını obyektiv şəkildə qiymnətləndirəcək. Edilən dəyişiklik eyni zamanda keyfiyyətli və bacarıqlı hakimlərin seçilməsinə yeni töhfələr verə bilər. Çünki seçim prosesinin mərhələli olması hakim olmaq istəyənlərin hüquqi biliklərini və təcrübələrini dərin şəkildə yoxlamağa imkan verəcək. Bu da hüquq sistemində peşəkarlığın və ədalətliliyin təmin edilməsinə kömək edəcək. Bir digər mühüm təsir ədalət mühakiməsinə inamın daha da artırılması olacaq. Belə ki, şəffaf və obyektiv seçim mexanizmi cəmiyyətdə məhkəmə sisteminə olan etimadı gücləndirəcək. Hazırda məhkəmə sisteminə inam və etimadla bağlı müəyyən problemlər var və geniş müzakirələ davam edir. Bu gün ən vacib məsələlərdən biri də ədalət mühakiməsinə inamın artırılmasıdır. Təsadüfi deyil ki, 3 aprel 2019-cu il Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə Hüquq İslahatlarının Dərinləşməsi” haqqında fərmanın da əsas fəlsəfəsi məhz məhkəmə sisteminə etimadın artırılması idi. Yüksək səviyyəli hakimlərin seçilməsi ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə təsir göstərə, qərarların daha obyektiv olacağına inamı dərinləşdirə bilər. Başqa bir təsir ondan ibarətdir ki, korrupsiya riskləri azalacaqdır. Müsahibə və seçim mərhələlərinin konkret meyarlar əsasında keçirilməsi korrupsiya və subyektiv müdaxilə risklərinin qarşısının alınmasına yönəlmiş addımlardan biri ola bilər. İmtahan və müsahibə mərhələləri vasitəsilə seçimlər bilik və bacarıqları yüksək olan şəxslərin hakimliyə seçilməsi genişlənəcəkdir. Bu dəyişikliklər hüquq sistemində davamlı islahatların bir hissəsi kimi nəzərdən keçirilə bilər. Yeni və gənc kadrların hakim korpusuna cəlb olunması məhkəmə sisteminin modernləşməsinə və yeniləşməsinə də kömək edəcək. Beləliklə 3 mərhələli seçim sistemi Azərbaycan məhkəmə sistemini daha şəffaf, ədalətli, effektiv olmasına təkan verəcək və hüquq islahatlarının daha geniş şəkildə həyata keçirilməsinə də xidmət edəcək”.

Bu məsələdə beynəlxalq təcrübə necədir?

Ə.Nuriyev qeyd edib ki, beynəlxalq təcrübədə hakimlərin seçimi üzrə tətbiq edilən modellər və metodologiyalar ölkənin hüquq sistemi, siyasi quruluşu və məhkəmə sistemi müstəqilliyə yanaşma tərzindən fərqli olaraq dəyişir. Lakin bir çox ölkələrdə şəffaflıq, obyektivlik və yüksək peşəkarlığın təmin edilməsi məqsədilə oxşar mərhələli seçki sistemləri mövcuddur.

Məsələn Almaniyada hakimlərin seçilməsi prosesi federal və əyalət səviyyəsində fərqlənir. Əsas meyar namizədlərin hüquqi bilikləri, təcrübəsi, peşə etikasıdır. Namizədlər yazılı və şifahi imtahanlardan keçirlər. Əlavə olaraq praktiki təcrübə və hüquq sahəsindəki fəaliyyətləri qiymətləndirilir.

Fransada hakim olmaq istəyən namizədlər milli ədliyyə məktəbində xüsusi hazırlıq kurslarını keçməlidirlər. Onların seçimi də imtahanlar və müsahibələr əsasında keçirilir. Təhsil və praktiki hazırlıq dövrü hakimlərin seçilmiş hakimlərin bilik və bacarıqlarının inkişaf etməsi üçün önəmli bir mərhələdir. Əlavə olaraq orada da tədris kursları müəyyən edilir. Namizədlər bir neçə ay bu kurslarda bilik və bacarıqlarını artırırlar.

İsveçdə hakimlərin seçimini Müstəqil Məhkəmə Şurası həyata keçirir. Seçim zamanı namizədlərin peşəkar təcrübəsi və etik davranış normaları əsas meyar kimi götürülür.

Türkiyədə hakim və prokurorlar üçün seçim prosesi Məhkəmə və Prokurorluq Şurası tərəfindən həyata keçirilir. Seçim prosesi yazılı imtahan, müsahibə və nəzəri hazırlıq mərhələlərindən ibarətdir. Bundan sonra namizədlər müəyyən təcrübə dövrü keçirlər.

Hakimlərində seçim prosesində beynəlxalq standartlar

Müsahibimiz qeyd edib ki, BMT-nin ədalət mühakiməsinin müstəqilliyinə dair prinsiplərdə hakimlərin seçilməsi prosesinin şəffaf, obyektiv və siyasi təsirlərdən azad həyata keçirilməli olduğu qeyd olunur:

“Avropa Şurası və Venesiya Komissiyası isə hakimlərin təyinində və seçimində müstəqil məhkəmə şuralarının rolunu vacib sayır. Şuraların fəaliyyəti ədalət mühakiməsinin müstəqilliyinin təminatçısı rolunu oynayır. Eyni zamanda mənim də təmsil etdiyim Transparency International beynəlxalq şəffaflıq təşkilatı hakim seçiminin çoxmərhələli və açıq olmasını korrupsiya risklərinin azaldılması və məhkəmə sisteminə inamın artırılması kimi qiymətləndirir. Beynəlxalq təcrübədə oduğu kimi Azərbaycanda 3 mərhələli seçim prosesi də test imtahanı, yazılı imtahan və müsahibə mərhələsi olmaqla aparılır. Bu sistem şəffaflıq və obyektivliyi təmin etməklə yanaşı hüquq sistemində peşəkarlığın artırılmasına da kömək edəcək. Əsas məsələ prosesi həyata keçirən qurumların tam müstəqil və ədalətli faəliyyət göstərməsidir. Yeri gəlmişkən qeyd etməliyəm ki, Məhkəmə-hüquq Şurası bu prosesi bütövlükdə həyata keçirir. Edilən dəyişikliklər Şuranın məsələlərə daha obyektiv, ədalətli və şəffaf yanaşmasının göstəricisi kimi qiymətləndirilə bilər. Biz 15 dekabrda hakim seçkilərinin test imtahanı mərhələsində iştirak etdik. Test imtahanları yüksək səviyyədə təşkil olunmuşdu, proses çox şəffaf və açıq keçirilirdi. İmtahan zamanı hərhansı problem müşahidə etmədik. Eyni zamanda burada çoxsaylı namizədlərin olması da prosesə inam və etimadın nümunəsidir. İmtahanda 327 nəfər iştirak edirdi. Hakimlərin əvvəlki seçim sistemi 6 mərhələdən ibarət idi. Bu sistemin daha çox mərhələdən ibarət olması onun daha şəffaf, obyektiv olması mənasına gəlmir. Sistemin çoxmərhələli olması bir sıra üstünlüklərlə yanaşı bəzi çatışmazlıqları da ortaya çıxarır. Əvvəlki sistemin üstünlüyü o idi ki, daha geniş qiymətləndirmə imkanları mövcud idi. Eyni zamanda bilik və bacarıqların müxtəlif mərhələlərdə dərin qiymətləndirməsi keçirilirdi. Bu da ən hazırlıqlı namizədlərin seçilməsinə yönəlmişdi. İkinci üstünlük peşəkarlığın təmin edilməsi ilə bağlı idi. Çoxmərhələli proses namizədlərin nəzəri biliklərini, praktiki bacarıqlarını, etik meyarlarını hərtərəfli qiymətləndirmək üçün daha geniş imkanlar yaradırdı. Uzunmüddətli və çoxmərhələli seçim sistemi yalnız ciddi hazırlıq keçmiş və yüksək biliklərə malik şəxslərin prosesi tamamlasına imkan yaradırdı. Burada çatışmazlıqlar nə idi? Əvvəlki sistem uzun və ləng proses idi. Bu sistem namizədlərin seçimini xeyli uzadırdı. Bu da məhkəmə sistemində kadr çatışmazlığına və müəyyən bölgələrdə vakansiyaların doldurulmasının gecikməsinə səbəb olurdu. Burada bürokratik maneələrə də var idi. Çoxsaylı mərhələ bəzi hallarda subyektiv müdaxilələr üçün şərait yaradırdı. Namizədlər arasında haqsız rəqabət və qeyri-obyektivlik risklərini artıra bilirdi. Eyni zamanda sistemin çoxmərhələli olması məhdud resurslar və vaxt itkisi hesabına ümumi effektliyi də azaldırdı. Məhkəmə təcrübəsində sürətli və səmərəli hakim ehtiyac daha çox hiss olunurdu. Həmçinin namizədlər üçün müəyyən çətinliklər yaranırdı. Uzun və mürəkkəb mərhələlər namizədlərin motivasiyasını azalda bilirdi. Eyni zamanda bəzi hüquqşünaslar üçün bu proses maliyyə və vaxt fərqi yaradırdı”.

Yeni sistemdə məqsəd nədir?

Ə.Nuriyev bildirib ki, üç mərhələli sistem yuxarı da qeyd edilən çatışmazlıqların aradan qaldırılmasına yönəlib:

“İlk növbədə prosesin daha qısa müddətdə daha az mərhələ ilə keçirilməsi məhkəmələrin kadr ehtiyaclarını operativ şəkildə həll edəcək. İkinci olaraq test, yazılı və müsahibə mərhələləri prosesin obyektiv bə şəffaf olmasını təmin edəcək. Üçüncü burada bürokratika azalacaq, daha sadə struktur əlavə maneələrin aradan qaldırılmasına kömək edəcək və resurslara qənaət olunacaq. Son olaraq Əvvəlki sistem nəzəri cəhətdən daha çox mərhələ və keyfiyyət və obyektivlik vəd edirdi. Lakin praktikada bu prosesin ləngiməsi, resurs itkiləri və bəzən subyektiv yanaşmalar şəffaflığın və ədalətin tam təmin edilməsində çətinliklər yaradırdı. Yeni 3 mərhələli sistem isə keyfiyyətdən güzəşt etmədən daha sürətli, şəffaf, effektli seçim aparmağa imkan yaradacaq. Əsas məsələ bu mərhələlərin obyektiv və ədalətli keçirilməsidir ki, ilk imtahanında bunun şahidi olduq. Namizədlər öz biliklərini obyektiv, hərtərəfli şəraitdə tətbiq edə bilirdilər. Gələcəkdə Azərbaycan məhkəmə-hüquq sistemi məhz bu islahatlar nəticəsində özünün effektliyini daha da artıracaqdır”.

seeBaxış sayı:68
embedMənbə:https://modern.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri