Icma.az
close
up
RU
Hamımızın azadlığı uğrunda vuruşan Ukrayna!

Hamımızın azadlığı uğrunda vuruşan Ukrayna!

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Və yaxud dünyanın hazırkı qlobal problemlərinin həllində Ukrayna məsələsinin yeri

Вся Россия стонет от ужаса вырвавшихся наружу, ничем не сдерживаемых зверских инстинктов, побуждающих людей совершать самые ужасные, бессмысленные убийства.

Л.Н. Толстой. Не убий никого

Bütün Rusiya cilovsuz və insanları ən dəhşətli, mənasız qətllər törətməyə sövq edən vəhşi instinktlərdən dəhşət içində inildəyir.

L.N.Tolstoy. Heç kimi öldürmə

Hazırda biz insanların yaşadığı yer kürəsində onu titrədən elə qlobal problemlər ortaya çıxmışdır ki, onların həlli olduqca çətindir. Hətta demək olar ki, mümükünsüz kimi görünür. Baş verən qlobal problemlərin həlli yolunun tapılması və yerinə yetirilməsi məsələsində bütün əmək, yaradıcı, elmi fəaliyyətində şaquli istiqamətdə dərinliklərə baş vurmağa həvəssiz olan, üfüqi istiqamətdə yayılmış formada işləməyi üstün tutan müsəlmanlar, onların aparıcı tərkibinə daxil olan türk dünyası (özəlliklə Azərbaycan türkləri), bu çalxalanan dünyanın qaynar qazanında yerləşən insanlar üçün dünyalarca mürəkkəb proseslərin mənasını dəqiq başa düşmək və özləri üçün daha əlverişli mövqeni seçmək, ağıllı hərəkət etmək, müqayisəli baxsaq, daha çətindir.

Bəşəriyyət (mən yer kürəsində yaşayan insanları nəzərdə tuturam) onun ətrafında baş verən kataklizmlərdən, tufandan, dəniz və okean püskürməsindən, zəlzələlərdən, güclü tufanlı yağışlardan, qasırğalardan, içməli su və bütovlükdə susuzluq problemlərindən, qlobal istilik problemlərindən, suyu, havanı, torpağı ekoloji cəhətdən çirkləndirən tullantılardan əziyyət çəkir, qorxur.

Təbii və süni sürətdə yaradılan müxtəlif patogen mikroorqanizmlər tərəfindən törədilən müxtəlif qorxulu infeksiya xassəli azarlar, dərman azlığı, bir çox kasıb ölkələrdə qida çatışmazlığından əziyyət çəkən uşaqların və qocaların problemləri və mənim qeyd etmədiyim digər problemləri həll edə bilməyən qoca dünyanı müharibə yolu ilə özünə tabe etmək istəyən iri dövlətlərin əlindən qurtarmaq məsələsi indi ən zəruri məsələdir.

Dünyada yeni düzən yaratmaq bəhanəsi ilə onu yenidən bölmək istəyən və ya köhnə, sıradan çıxmış imperiyasını bərpa etmək məqsədini ortaya qoyan iri dövlətlər saydığım və sayıb başa çatdıra bilmədiyim bəlaların qarşısını alıb, sülh və barışmaq yolu əvəzinə, dünyanın bir çox yerlərində istehsal etdiyi silahları satmaq, torpaqları zəbt etmək, insanları qırıb talamaq yolunu tutmuşdur.

Hazırda dünyanın belə qaynar qazanların, od-alovun içində qovrulan, dağıdılan bölgələrindən biri Ukraynadır. Hamımızın əvəzinə azadlıq uğrunda vuruşan, canından keçən ukraynalılar haqqında öz fikirlərimi sizin nəzərinizə çatdırmaq fikrində oldum.

Eldar Məmmədbəyli

Belə bir deyim var: Zülm etmək, qırğın törətmək, hər şeyi dağıtmaq fəaliyyəti vaxtaşırı olur, amma xeyirxah işlər, qurmaq, yaratmaq əməlləri stabil olaraq həmişə davam edir. Bütün qeyd etdiklərimi əsas tutaraq dünya liderlərinə üz tutaraq deyirəm, bu qanlı müharibələrdən əl çəkin, bəşəriyyətin əsas hissəsini təşkil edən xeyirxah insanlara - ziyalılara, din xadimlərinə, müharibədə silah tutub insanları qıran əsgərlərə - hamıya-hamıya müraciət edirəm, gəlin bu müharibələrin qarşısını birgə almağa çalışaq, dörd ilə yaxın müddətdə davam edən Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına kömək edək. Təcavüzkarın müstəqil dövlətin, BMT-nin tanıdığı sərhəddindən çıxmasını tələb edək. Hamı bilməlidir ki, azad dünyanın, demokratiyanın taleyi burada həll olunur.

Amerika sosioloqları və camaatı sorğu statistikasını çox xoşlayır və müxtəlif sorğulara ürəkdən inanırlar. Görünür, bu ondan irəli gəlir ki, onların ölkəsində həmişə bu sahəyə ciddi yanaşılır. Sorğuda iştirak edən hər kəs dəridən-qabıqdan çıxır ki, anketdəki suallara doğru-dürüst cavab versin. Amma bizim ölkəmizdə aparılan sosioloji sorğulara, özəlliklə, Zahid Orucun apardığı sorğulara şübhəli yanaşanlar daha çoxdur. Amerikalılar həmişə müxtəlif sahələrə dair: dünyanın ən yaxşı adamı, dünyanın ən qətiyyətli kişisi, Who is who? (Kim kimdir?) və s. sorğular aparırlar. Son illərin sorğularında bir çox hallarda dünyanın ən qətiyyətli kişisi sorğusunda V.Putin birinci yerə çıxırdı. Amma ən sonuncu sorğuda bu yeri Ukrayna prezidenti V.Zelenski tutdu. Çox qəribədir, dünyada (yer kürəsində) baş verən hadisələri yüksək dəqiqliklə izləyən ABŞ, İsrail və Britaniya kəşfiyyatı Rusiyanın Krımı bir gecənin bir neçə saatı ərzində necə asanlıqla tutduğunu əvvəlcədən görə bilmədilər, Putin və Rusiya dünyanın bir saylı bəlasına çevrildi. Allaha şükür olsun ki, Rusiyanın Ukraynaya hücumunu kəşfiyyat tam dəqiqliyi ilə əvvəlcədən xəbər verdi.

Əziz oxucular! Peyratesdən (pirat, dəniz qulduru - yunanca) ötrü dünyada işdən başqa heç nə mövcud deyil. O, sözün həqiqi mənasında var-dövlətin bolluğundan çatlayır, sərvətini yığmağa yer tapmır. Onun mülkləri və müəssisələri bütün dünyanı başına götürüb, şeytanla birgə işləməkdən xeyir gəlməz.

Onu da nəzərinizə (nöqteyi nəzər yox) çatdırmaq istəyirəm ki, planetimizdə insanlar tərəfindən baş verən haqsızlığın hamısını şeytanın üstünə yıxmaq Allahın təkliyi prinsipinə uyğun gəlmir.

Diqqətinizə çatdırım ki, mən Ukraynanı uşaqlıqdan sevirdim. Kəndimizdə olan ən yaxşı alma növünün adı “Ukrayna alması” idi. Hələ uşaqlıqdan bir ukrayna mahnısını əzbərləmişdim:

Я хожу, не смею волю дать словам

Милый мой, хороший догадайся сам.

(Neyləyim söz açmaq gəlmir əlimdən

Özün duy əzizim bu sevgini sən).

Hərdən bu mahnını “Sarıtel” saz havası üstündə dodaqaltı mizildanırdım.

Yeniyetmə vaxtımda əsgərlik xidmətini Ukraynada çəkmiş bir yaxın qohumum ordudan sonra ukraynalı bir qızla evlənib, özü ilə kəndimizə gətirmişdi. Bu Tamara xanım necə mədəni, tərbiyəli və gözəl xanım idi. Mən elə bilirdim ki, (elə indi də elə bilirəm) o türk (azərbaycanlı) qızıdır. Sonra aspirantura illərində SSRİ-nin EA Kimyəvi-fizika İnstitutunda istedadlı, yüksək təfəkkürlü və mədəni insanlar olan: Gena Şustov, Nikolay Rudçenko, Zon İlya, Gela, və s. çoxlu sayda ukraynalı yoldaşlarla Moskva şəhərində elmi işlər aparırdıq. Bu qeyri-adi uşaqlarla (o dövr üçün biz uşaqlar idik) çox yaxın dostluq əlaqələri yaranmışdı. Əsasən Dnepropetrovsk şəhərindən gələn bu uşaqlar hamısı müdafiə edib bütün dünyaya səpələnmişdilər (ABŞ, Kanada və Avropa ölkələrinə).

Azərbaycanın və Ukraynanın müstəqilliydən sonra tale elə gətirdi ki, mən 2000-ci il, may ayının 21-27-də Azərbaycan nümayəndə heyətinin tərkibində Ukraynaya səfər etdim. Bu səfər mənə Ukrayna və ukraynalılarla daha yaxından tanış olmaq imkanı verdi.

21 may 2000-ci ildə Bakıdan Kiyevə uçduq. Heyətin tərkibi 12 nəfərdən ibarət idi: 1) Rüstəm Məmmədov – Prezident Aparatının bölmə rəisi; 2) Mehman Cavadoğlu – “Müsavat” qəzeti; 3) Həsən Quliyev – “Turan” İA-nın eksperti; 4) İradə Bağırova – “Space Tv”; 5) Elşən Şirinov – “Azadlıq” qəzeti; 6) Elmira Abdullayeva – “Зеркало” qəzeti; 7) Çingiz Sultansoy – “Bakı” mətbuat klubu (qrupun rəhbəri) və adını unutduğum digər səxslər.

Kiyevin mərkəzində Rus otelində yerləşdik. Bu otelin çox gözəl şəraiti var idi. Hamımız təkadamlıq nömrədə yerləşdik. Axşam yeməyini yeyib, şəhərlə tanış olmaq ümidi ilə yatdıq. Mayın 22-də səhər yeməyindən sonra, bizi qarşılayan nümayəndələrlə birlikdə Kiyevin köhnə təhsil müəssisəsi olan Kievo-Moqilian akademiyasına getdik. Bu akademiya 1615-ci ildə Ukrayna Polşanın tərkibində olan vaxt açılmışdır. Akademiya köhnə Avropa memarlığı stilində olan binada yerləşdirilmişdir. Ukrayna Rusiya ilə birləşdikdən sonra 1871-ci ilə qədər işləmişdir, sonra isə bağlanmışdır. Sovetlər Birliyi zamanında akademiya “Hərbi-dəniz siyasi məktəbi” kimi fəaliyyət göstərmişdir. Kravçukun ölkəyə rəhbərlik etdiyi vaxtda Moqilian akademiyası kimi fəaliyyətə başlamışdır. Dərslər həm rus, həm də ukrayna dillərində keçirilir. Dərslər 1991-ci ildən ancaq ukrayna dilində keçirilir. Biz orda olarkən mühazirələr ukrayna dilində oxunurdu. İlk dəfə yeni qəbul qaydası test üsulu ilə aparılırdı. Böyük, yaxşı təchiz olunmuş laboratoriyalar var idi. Rektoru kollektiv özü seçir. Humanitar, təbiətşünaslıq, iqtisadiyyat, sosiologiya fakültələri var idi.

Prezident seçkiləri zamanı əsas mübarizə Kuçma və kommunistlər arasında gedirdi. Bu zaman çoxlu sayda qanun pozuntularına yol verilmişdi. Müxalifət seçki zamanı birləşə bilməmişdi. Aşağıdakı partiyalar: Ukraynanın Sosialist Partiyası Moroz, sağ partiya Marçuk, Vitrienko (qadın), Simenenko Kommunist Partiyası iştirak edirdi. Çıxış edən qeyd etdi ki, ölkədə islahatlar mütləq lazımdır. Parlamentə (Rada) 450 deputat seçilmişdi. Onlardan 200-ü sollardan təşkil olunmuşdu. Bu seçkilərdə bankir Yuşenko aktiv iştirak edirdi. Qərb onun tərəfini saxlayırdı (sonralar o, prezident vəzifəsini tuta bildi). Kuçmanın ətrafında 7 oliqarxın birləşməsi haqqında söhbətlər gedirdi. Lazarenkonu aradan çıxarmışdılar. Volkov, Surkiç və Medviçi də bu sahədə aktiv fəaliyyət göstərdiyi haqqında çıxışlarda məlumat verirdilər.

Volkov “Возрфждения регионов” partiyasını, başqası isə “Демократический союз” partiyasını təşkil edirdi. Marçuk Timoşenko Energetika Nazirinin birinci müavini təyin edilmişdi. Tarasyuk Daxili İşlər Nazirliyini ələ keçirmişdi. Ortaya belə şərtlər qoyulmuşdu: ya liberalizm, ya da tayfa-klan kapitalizmi. Kuçmanın işi Avropa Şurasının standartlarına uyğun gəlmədi. Konstitutsiya Məhkəməsi iki məsələni uyğun həll etdi.

Sonra 2-ci mühazirə oldu. Bu məruzədə ölkədə baş vermiş dəyişikliklər barədə məlumat verildi. Əmək haqqının artırılması və vergilər haqqında qanunun təkmilləşdirilməsi həyata keçirilir. Biznes haqqında normal qanunlar qəbul edilmişdir. Kolxozların yenidən xüsusi formada təşkil edilməsi barədə söhbət oldu.

Sonra Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinə getdik. 1997-ci ilin mart ayından Nazim İbrahimov bu ölkədə səfir işləyirdi. Səfir və müavini Elman Zeynalov məlumat verdi: Səfirliyin müəyyən sayda əməkdaşları var, 3 hektar sahə Azərbaycan səfirliyinə ayrılmışdır. Səfirlik çox gözəl mənzərəli yerdə yerləşmişdi. Səfirliyin binası müasir şəkildə tikilmiş və burada hər şərait vardı. Azərbaycan diasporu çox güclü idi. Kuçma bunun böyük güc olduğunu deyirdi. Təşkilatlanma işləri də davam etdirilirdi. Nüfuzlu iş adamları vardı. Kuçma və Kiyev şəhərinin merinin azərbaycanlılar tərəfindən güclü müdafiə olunması onlara böyük nüfuz qazandırmışdı. Azərbaycanlı iş adamları kilsənin təmirini təşkil etmişdilər. Azərbaycan məktəbləri açılmışdı. Bakıda Şevçenkoya heykəl qoyulmuşdu. Siyasi sahədə əlaqələr möhkəmlənirdi.

Kuçma Dağlıq Qarabağ məsələsində Azərbaycanı açıq müdafiə edirdi. Mən bu müzakirədə aktiv iştirak etdim. Səfir çox səmimi danışırdı. Sonra Azərbaycanın Ukraynadakı diasporu ilə görüş təşkil olundu. Çox yüksək səviyyəli görüş oldu.

Diasporun aşağıdakı üzvlərini qeyd etmişəm:

Yəhyayev Şakir Yəhya oğlu – konqresin sədr müavini; Quliyev Namiq; Hümbətov; Əsgərov Şöhrəddin – Ukrayna Aviokompaniyası Prezidenti; Aslanov İsmayıl; Əbülfəz Qasımov – sədr müavini; Mətanət xanım; Nadir Zeynalzadə – “Savalan” qəzetinin redaktoru; Tələt Əliyev – konqresin sədri çıxış etdilər.

Dnepropetrovsk vilayət konqresinin sədri Nadir Zeynalzadə idi.

Mayın 23-də (2000-ci il) Ukrayna Baş Radasında olduq. Bizi yanacaq-enerji komissiyasının rəhbəri Kuçerenko Aleksey Yuryeviç qəbul etdi. Bu komissiya 6-cı mərtəbədə fəaliyyət göstərirdi. Bizi çox mehriban qəbul etdi. Bizim tərəfdən R. Məmmədov çıxış etdi. Görüşdə onun müavini də iştirak edirdi. Müavin həm də Ukrayna və Azərbaycan parlament əlaqələri qrupunun sədri idi. Azərbaycan Ukrayna münasibətləri, strateji müttəfiqlik, yanacaq sahəsi barəsində ətraflı məlumat verdi. Sonra qanunverici və icra orqanların təşkili barədə danışdı. Odessa-Brodi neft boru kəməri haqqında məlumat verdi.

Sonra energetika nazirinin müavini Aleksandr Krut ilə görüşdük. Çox məlumatlı və savadlı çıxış etdi. Əlaqələr haqqında ətraflı danışdı. Şimal neft kəməri haqqında məlumat verdi. O, Azərbaycanda olduğu haqda da bəhs etdi, aramızda yaxşı əlaqələr olduğunu qeyd etdi. Çox ətraflı məlumatlar verdi və bu əlaqələri yaxşılaşdırmaq barədə danışdı.

Ukrayna Xalq Hərəkatı təşkilatının qərargahında olduq. Sədr Gennadi Udovenko bizi qəbul etdi. O, nədənsə Ə.Elçibəyi xatırladırdı. Müavini Ponomarçuk da görüşdə iştirak edirdi. Sədr Azərbaycanla dostluq, milli azlıqlarla münasibətlər barədə söhbət açdı. Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini tam müdafiə etdiklərini dedi. Gürcüstan, Özbəkistan, Ukrayna, Azərbaycan, Moldova birliyi haqqında danışdı. Krım tatarlarının müdafiəsi haqqında məsələyə toxundu.

Ukraynanın “Novosti” İnformasiya agentliyində də görüşümüz oldu. Bu geniş informasiya mərkəzinə malik olan bir təşkilat idi. Olduqca maraqlı informasiya mərkəzi olduğu aydın görünürdü.

Kiyevdə olduğumuz günlər ərzində çox fəal şəkildə ayrı-ayrı təşkilatlarla və insanlarla tanış olurduq. Çox gərgin şəkildə işləyirdik. Ayrı-ayrı müxalifət və iqtidar partiyaların rəhbərliyi ilə görüşlər də çox maraqlı keçirdi. Onlar bizi çox yüksək səviyyədə qəbul edirdilər. Onu da qeyd edim ki, bizim nümayəndə heyətinin tərkibində müxtəlif qruplardan olan nümayəndələrin arasında da təhtəl-şüur olaraq bir yaxınlıq və xoş münasibətlər yaranmışdı.

Tanışlıq nəticəsində bəlli oldu ki, Avropanın bir çox təşkilatlarının Kiyevdə nümayəndəliyi var, onlar çox mütəşəkkil şəkildə birgə işləyirlər. Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarla sıx əlaqələr olduğu aydın gözə çarpırdı. Ən maraqlısı isə, müxtəlif qrantlar verən təşkilatların Kiyevdə nümayəndəliyinin olduğu da nəzərə çarpırdı. Avropa Ukrayna vasitəsi ilə Cənubi Qafqazla, Mərkəzi Asiya ölkələrinin təşkilatları ilə əlaqə yaradırdı. O cümlədən, ölkəmizin müvafiq təşkilatları vasitəsi ilə əlaqə yarada bilmişdi.

Qısa müddət ərzində Ukraynanın muzeylərində olmağı bacardıq. Ukraynalılar bizi çox mehriban, yüksək səviyyədə qarşılayıb xidmət göstərirdi.

Növbədə Lvov şəhərinə getmək dayanırdı. Axşam Kiyev-Lvov qatarı ilə Lvova yola düşdük. Əla xidmət var idi. Vaqonlar və xidmət bizə nisbətən yüksək səviyyədədir. Ukraynanın gözəl təbiətini pəncərədən seyr edirik. Necə gözəldir Ukraynanın yazı! Əla və gözəl bir Avropa şəhərinə çatdıq. İnsanları necə mədəni və qonaqpərvərdir buranın. Mən gözlərimlə bander axtarırdım. Lakin heç nə görünmürdü. “Qrand otel” mehmanxanasına yerləşdik. Bu mehmanxananın şəraiti çox əla idi. Səhər yeməyindən sonra şəhər merinin görüşünə getdik. Başçı yox idi, müavin bizi qəbul etdi. Sonra brifinq oldu. Mən burada çıxış etdim.

Şəhərlə tanış olduq. Çox yüksək mədəniyyət məni heyran etmişdi. Buradakı kilsə, dram teatrı, opera və balet teatrı və digər mədəniyyət obyektləri, şəhərin öz təbiətinin gözəlliyi - hər şey harmonik şəkildə insanın ruhunu oxşayır.

Sonra Brodi şəhərinə getdik. Burada bizi çox yüksək səviyyədə qarşıladılar. Burada nümayəndə heyətinin hər birinə fotoalbom şəklində yüksək tərtib olunmuş kitab bağışladılar. Çox qiymətli və gözəl olan bu kitabı indi də qoruyub saxlayıram və vaxtaşırı varaqlayıb Ukraynanı xoş xatirələrlə yada salıram.

Lvovla tanışlıq zamanı bəzi obyektlərlə tanışlıq məndə heyranlıq hissi yaradırdı. Bu şəhər 1253-cü ildə Qalisko-Volinsku Dövlətinin kralı Danilo Qalitski tərəfindən yaradılmışdır. İ.Franko adına Lvov Dövlət Universiteti 1870-ci ildə qurulmuşdur. Bu universitet öz qədimliyi və müasirliyi ilə seçilir.

Mənim baza ixtisasım əczaçılıq olduğundan Lvov Dövlət Tibb Universiteti ilə də tanış oldum. 1784-cü ildə yaradılmış bu universitet də möhtəşəmdir. Bu inversitetdə digər həkim ixtisaslı kadrlarla yanaşı, stomotoloqlar və əczaçı kadrlar hazırlanır. Mənim üçün çox maraqlı oldu ki, bu universitetin rektoru Boris Semyonoviç əczaçı olmaqla yanaşı, dünyada tanınmış alim idi.

Ukraynada bu mədəniyyət, elm və incəsənət obyektləri ilə tanış olduqda dahi bəstəçimiz Ü.Hacıbəyovun estetik zövqünün, gözəllik duyğusunun dərinliyinin bəddi zövqünün kamilliyi, idrakın parlaqlığı və həqiqəti müdafiə cəsarəti heyrətamizdir. Görün geniş elmi fikrin məhsulu olan nə qədər doğru və düzgün nəticə çıxarır: “Mən belə hesab edirəm ki, bütün siyasi və iqtisadi məsələlərin həllində yeganə yol bir çox əsrlərin təcrübəsi nəticəsində avropalıların gəlib çıxdıqları yoldur – sinədən gələn təbii səslə oxumaq yoludur”.

Beləliklə, Lvovla olan tanışlıq məndə bu fikri yaratdı ki, hər bir görülən işdə millət öz səsilə öz taleyini, öz əli ilə özü istədiyi kimi həll etməlidir, öz təbii səsi ilə.

Sonra Avropaya gedən Brodi-Odessa neft-boru kəmərinin axırıncı sərhəd məntəqəsində olduq və sonra bu ətrafda olan tarixi muzeylər və gəzməli yerlərdə, Frans Ferdinandın öldürüldüyü qəsrlə tanış olduq.

Səfərin sonunda, yenidən Kiyevə və oradan Bakıya uçduq.

Əlvida ey Ukraynanın gözəl paytaxtı Kiyev! Heç vaxt ağlıma gəlməzdi ki, rus ordusu tərəfindən bu gözəl Ukrayna şəhəri bizim Qarabağımız kimi darmadağın olacaqdır. Ukrayna xalqı bizim də azadlığımız uğrunda vuruşur, qalib gələcəyinə məndə şübhə yoxdur.

P.S. Bu yazını yazdığım zamanda Ukrayna torpağına təcavüz edilməsindən üç il keçmişdi. SSRİ çökdükdən sonra RF-nın yeni müstəqil Ukrayna Dövlətinin başına gətirdiyi imperialist oyunlar, vəhşiliklər barəsində ayrı bir yazı yazmaq vədi ilə sizdən ayrılıram. Gələn görüşlərədək.

P.P.S. Kiyevdən Bakıya gələn təyyarədə mən Borçalı mahalından olan sevimli xalq şairimiz Abbas Abdulla ilə qonşu yerlərdə oturmuşduq. Uçuş müddətində maraqlı söhbətlər etdik. Onu Ukrayna dilinə tərcümə olunan şeirlərinin dərc olunması ilə əlaqədar olaraq dəvət etmişdilər. Stüardessalar ilə dil tapan şair bizə özü ilə gətirdiyi “dadlı” araqdan içməyə icazə ala bilmişdi. Nadir hallarda araq içən məni sevimli şairimiz öz şirin söhbətləri ilə elə ovsunlamışdı ki, birdə gördüm mən artıq normanı keçərək meyxoş vəziyyətdəyəm.

Bakıda hava limanında çox isti idi. Sərxoş vəziyyətdə baqaja verdiyim çamadanı səhv salmışdım. Mənim içi ukrayna şokaladı və karamel konfetləri, kolbasa və sosika məmulatları ilə dolu olan çamadanım, nümayəndə heyətinin digər sərxoş üzvünün çamadanı ilə dəyişik düşmüşdü. Zəngləşdik  və çamadanları vaxtında dəyişdirə bildik.

Mən bu yazını yazarkən xəbərlərdə (bu ilin may ayının son günlərində) dedilər ki, ukraynada görkəmli azərbaycanlı şair Abbas Abdullanın yubileyi keçirilmişdir. “Мир тесен”.

Sağlıqla qalın.

Eldar MMƏMMƏDBƏYLİ

Kimya elmləri doktoru,

professor

Kiyev, Dnepr çayının sahilində

BDU-nun professoru R.F. Məmmədovla Lvovda

Dostluq neft kəməri, Brod stansiyası

Azərbaycanın Ukraynada səfiri N. İbrahimovla, Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 İyun 2025 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see137

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see121

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see120

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see120

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see117

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see117

Azad olunmuş ərazilərdə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb

23 İyun 2025 18:47see115

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see115

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see114

İranda daha bir nüvə alimi və oğlu öldürülüb Qayınanası isə güllələnib

24 İyun 2025 06:24see114

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see114

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see114

Breket taxanlara qida xəbərdarlığı stomatoloq

24 İyun 2025 03:02see113

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see113

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see112

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see112

İmkanlı turistlərinin kazino oynamasının bizə faydası var Elman Nəsirov

23 İyun 2025 13:01see111

“Mançester Siti” “Əl Əyn”ni darmadağın etdi

23 İyun 2025 07:18see110

Mahir Emreliylə bağlı şad xəbər! bundan sonra bir milyon avro...

23 İyun 2025 15:05see110

Gürcü iqtisadçı: Orta Dəhliz Avropa üçün yeganə real və etibarlı alternativə çevrilib MÜSAHİBƏ

23 İyun 2025 19:08see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri