Hamının ölümsüz olduğu yerdə necə ölmək olar? Alov İnanna
Icma.az, Kulis.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kulis.az Alov İnannanın nağıllarını təqdim edir.
SU PƏRİSİ VƏ KENTAVR
I
Bir dəfə Kentavr dəniz kənarında qayalıqları dolaşarkən suların qoynunda bir qız gördü. Qıza heyran olan Kentavr öz at bədənini qayalar arasında gizlədib vurğunluqla ona baxmağa başladı. Bu, dalğalarla oynayan gözəl bir Su Pərisi idi. O, uzaqdan gördüyü at belindəki igiddən bərk xoşlandı, yavaş-yavaş sahilə tərəf üzüb, gülən gözlərini qayalar arasından ona gülümsəyən oğlana dikdi.
Kentavrın daxilində kəskin mübarizə gedirdi: bir tərəfdən qıza aşiq olduğunu duyur, qorxunc bir cazibə ilə ona doğru can atırdı, digər tərəfdən isə qızın gülən gözlərinin onun yarı at, yarı insan olduğunu görəndə necə nifrət və dəhşətlə dolacağını düşünür və taleyinə lənətlər yağdırırdı.
Su Pərisi qayalar arxasındakı bu utancaq oğlanı daha yaxından görmək üçün sahilə yaxınlaşmaqda davam etdi. Birdən dayandı, bir az da üzsəydi, bədəninin balıq hissəsi görünəcəkdi. Su Pərisinin qəlbini ağrılı kədər bürüdü, o, ömründə belə duyğu yaşamamışdı, oğlan qeyri-adi dərəcədə gözəl və cazibədar görünürdü. Bu duyğu Su Pərisinin heç zaman duymadığı sevgiyə bənzəyirdi:
“O bilmir ki, mənim bədənim balıq bədənidir, o bilmir ki, mən ikili həyat yaşayıram. Duyğularım, düşüncələrim, arzularım insan duyğularıdır, düşüncələridir, arzularıdır, yaşayışım isə balıq yaşayışıdır. Ruhum insanındır, bədənim balığın. Ah! O, mənə necə də heyran-heyran baxır. O, məni qüsursuz hesab edir… Amma mən…”
Su Pərisi sarsılmış halda geriyə üzməyə başladı və elə ona görə də o anda Kentavrın da yoxa çıxdığını görmədi. Həmin an qayaları sürətlə tərk edən Kentavr da ağlayırdı:
“O, mənim faciəmi bilmədi. O, indi yəqin sahilə çıxıb məni axtarır və tapmayıb nifrət edəcək. Amma əvəzində mən onun üçün əbədi olaraq nöqsansız qalacağam”.
II
Bir neçə gün keçdi. Kentavr və Su Pərisi bir-birini unuda bilmədi. Hər ikisi dəhşətli əzablar içində qovrulur, bir-birini yenidən görmək həsrəti ilə alışıb-yanırdılar. Daha belə yaşamaq mümkün deyildi.
III
Kentavr yenidən qayalıqlara üz tutdu. Ürəyi şiddətlə döyünür, dizləri əsirdi: “Ah, bu odur, odur!” Uzaqdan sevgilisini dənizdə görən Kentavr sevincdən bağırmaq istəyirdi. Su Pərisi də xoşbəxt idi. Hətta bilmək olmurdu ki, üzündən aşağıya doğru axan göz yaşlarıdır, yoxsa üzərkən dənizdən sıçrayan su damlaları.
Bir müddət susdular. Hər ikisinin gözlərindən alovlu şüalar saçılırdı.
– Gəl bura! Gəl! – Su Pərisi əl eləyirdi.
Kentavr sanki yuxudan ayıldı. Başını bir anlığa aşağı dikdi, özünü toplayıb cavab verdi:
– Sən gəl! Çıx sudan.
Bu dəfə Su Pərisi kədərə qərq oldu:
– Mən… mən sudan çıxa bilmərəm.
Azacıq düşünüb ürəkləndi:
– Gəl, su ilıqdır. Gözəldir. Üzə bilmirsənsə, öyrədərəm, gəl!
Kentavr söz tapmadı. Bir xeyli key kimi qaldı. Bütün cəsarətini bir yerə yığıb qayalar arxasından çıxdı.
Su Pərisi yerində donub qaldı. Bilmədi, gülsün, ya ağlasın.
Bu neçə gündə çəkdiyi əzabı xatırladı. Gözləri acıq və nifrətlə doldu:
– Pah! Sən atsanmış ki…
Rahatlanıbmış kimi üzünü Kentavrdan çevirib var gücü ilə suya atıldı və quyruğu havada parıldadı.
Kentavr əvvəlcə gözlərinə inanmadı. Amma qızın sahildən get-gedə uzaqlaşdığını görəndə hər şeyi anladı.
– Ey! Özündənrazı balıq! Bəs sən özün nəsən?!
Su Pərisi dayandı. O, Kentavrdan bu şəkildə ayrıla bilməzdi.
Kentavrın bayaqkı özünəinamsızlığı yox olmuşdu:
– Mən sənə dəlicəsinə aşiq olmuşdum. Sən gözümdə yüksəldikcə, özümü aşağılarda görürdüm. Sevgim artdıqca uçurum dərinləşirdi. Sən mənim idealım idin.
– Mən də səni nöqsansız hesab edirdim, – Su Pərisinin bayaqkı acığı getmişdi.
– Səni düşündükcə nə qədər qüsurlu olduğumu görür, az qala özümü sularda boğmaq istəyirdim. İnsan olmaq üçün hər şeyə hazır idim.
– Bəs indi?
Sual əslində yersiz və tələsik idi.
– İndi daha özümə yazığım gəlmir. İdealımı itirdim, bu, məni bədbəxt eləmədi. Özümə inamım artdı. Bu isə məni xoşbəxt eləmədi.
– Bu, yalançı özünəinamdır, – deyə Kentavr gülümsədi.
Su Pərisi deyəsən onu dinləmirdi:
– Görəsən, hansı yaxşıydı?
Kentavr bilmədi ki, Su Pərisi sualı özünə verir, yoxsa ona.
DİV ÜRƏYİ
Biri vardı, biri yox idi, əhalisi divlərdən ibarət böyük bir məmləkət vardı. Bu məmləkətin bütün divləri bir-birinə oxşayırdı; eyni görkəmdə, eyni xasiyyətdə.
Divlərin qəribə bir adətləri vardı. Balaları bir az böyüyüb ağıllanan kimi yığışıb əcaib bir mərasim keçirərdilər; balaca divin bağırtısına fikir vermədən ürəyini çıxarıb bir şüşəyə qoyardılar və həmin andan da artıq xasiyyətcə də onlara bənzəyən yeni bir div – divlər cərgəsinə qoşulardı.
Şüşə sındırılmayana qədər bu divlərə ölüm yox idi.
Bu məmləkətdə heç kəs heç kəsi ürəkdən sevməzdi.
Birinin ayağına dəyən daş o birinin ürəyinə ağrı verməzdi. Heç kəsin heç kəsə ürəyi yanmazdı.
Heç kəs heç kəsə ürək qızdırmazdı, ona görə də ürəyini açmazdı. Heç kəs ürəklənib qəhrəmanlıq göstərməzdi. Kimsənin ürəyi yaralı deyildi, ürəyinə dağ çəkilmiş bir div belə yox idi.
Bu divlər ürəkdən gülüb, ürəkdən ağlamazdılar. Heç kəs ürəyində danışmazdı, hamı fikirləşərdi.
Heç kəsin ürəyi heç kəsi tutmazdı; bu üzdən də çox nadir hallarda evlənmələr olardı – ürəksiz.
Bu divlərin ürəkləri heç vaxt ağrımazdı, ona görə də “infarkt” sözünü eşitməmişdilər. Onlar ürəklərini gücə salmazdılar, ona görə çox güclü idilər. Onların heç nə üçün ürəkləri getməzdi, onlar üçün əvəzedilməz heç nə yox idi.
İçərilərində nə ürəyi düz olan var idi, nə də ürəyi xain. Onların ürəklərinin götürmədiyi heç nə yox idi, hər şeyi qəbul edərdilər. Onların ürəyi bulanmazdı, hər şeyi yeyərdilər. Onların ürəyi döyünməzdi, daha çox daşa bənzərdi.
Bir dəfə necə oldusa, balaca bir divin böyüməsindən illərlə bir-birindən xəbərsiz qalan valideyn divlərin xəbəri olmadı və bu div ürəyi ilə birgə böyüməyə başladı.
Ürəksizlər içində yaşayan ürəkli div elə bil, cəhənnəmdə idi.
– Axı ürək bizim nəyimizə lazımdır? O, bizə mane olardı. Orqanların ən gərəksizi ürəkdir. Ona görə biz onu özümüzdən kənarlaşdırırıq. Ürəklə yaşamaq özündə ölüm gəzdirməkdir. Ürəyimizi özümüzlə gəzdirmirik, ona görə də ölmürük. Sakit, həyəcansız, laqeyd, ağıllı, rahat bir ömür sürürük. Məqsəd budur, – divlər onu başa salmağa çalışırdılar.
Ürəkli divin o anda az qalırdı ürəyi ağzına gəlsin, ürəyinin qanı beyninə vururdu. Çığıra-çığıra soruşurdu:
– Axı ürəksiz yaşamaq da ölü kimi yaşamaqdır! Siz yaşamırsınız, mövcud olursunuz! Həm də əgər ürək belə gərəksizdirsə, niyə ürəyinizdən ölürsünüz?
Divlər əvvəl bu sualı mənasız adlandırıb uzun-uzun çərənləyirdilər. Son nəticədə də heç biri ona cavab verməzdi.
Ürəkli divi heç kəs duymurdu, lakin ona qulaq asar, onu anladıqlarını bildirərdilər, sonra gülümsəyərək laqeyd-laqeyd hərə gedərdi öz işinin dalınca. Div də qalardı ürəyi partlaya-partlaya. O, divləri ürəkdən sevirdi, ona görə də onlara ürəkdən nifrət edirdi.
Div dərdləri ilə birgə böyüyə-böyüyə sürətlə qocalmağa başladı. Əvvəllər onu dinləyənlər qısa müddətli təəccüblənirdilər, indi isə onu görənlər həmin cür təəccüblənirdilər: divlər ölkəsində ondan başqa qocalan yox idi.
Ürəkli div axırda o qədər qəzəbləndi ki, bütün divlərin şüşələrini sındırmaq qərarına gəldi. Lakin elə yoldaca ürəyi yumşaldı, elə peşman oldu ki, yazıq, hönkür-hönkür ürəkdən ağlamağa başladı. Ağlaya-ağlaya divin ürəyi partlayıb, özü öldü.
Divlər bir neçə gün sonra ürəkli divin ölümündən xəbər tutdular. Xeyli fikirləşib yüngülvari qəmlənmək qərarına gəldilər. Və yenidən rahat, şad-xürrəm yaşamağa başladılar.
ZAMANIN NAĞILI
Saatın içindəki arıq, uzun Saniyə əqrəbinə fikir verən azdır. O, bir an belə nəfəs dərmədən, eyni ritmlə gecə-gündüz fırlanmaqda davam edir. Zəmanəsinin ən ağır yükü onun çiyinlərindədir. Zamanı aparan odur. O qan-tər içində dayanmadan hıqqıldaya-hıqqıldaya, daha doğrusu, çıqqıldaya-çıqqıldaya irəliləyir, irəliləyir.
Saniyə əqrəbi çəkdiyi əziyyətin düzgün qiymətləndirilmədiyi qənaətindədir, çünki onun altmış addıma getdiyi yolu Dəqiqə əqrəbi bir addıma gedir. O nə qədər əzab-əziyyət çəksə də, nə qədər irəli tullansa da Dəqiqə əqrəbinə çata bilmir ki, bilmir.
O fiziki olaraq yorulmasa da, arada ruhdan düşdüyünü üzə vurmur. Saniyə əqrəbi bu ədalətsizliyə üsyan edəcək gücdə deyil, sadəcə öz alın yazısından gileylidir. Bir yandan da özünü Dəqiqə əqrəbi ilə müqayisə etməyini səsləndirməkdən qorxur: xəbər Saatın qulağına çatsa, nə olar?
Bir gün Saniyə əqrəbi daha dözmədi, ürəyindəkiləri Dəqiqə əqrəbinə boşaltmağa qərar verdi. Dəqiqə əqrəbi saniyələrlə Saniyə əqrəbini dinlədi, sakit-sakit gülümsədi:
– Onda mən də deyə bilərəm ki, mənim altmış addımda getdiyim yolu Saat əqrəbi bir çıqqıltısıyla gedir. Mənim də altmış cəhdim onun bir cəhdinə bərabərdir.
Saniyə əqrəbi bu cavabı gözləmirdi:
– Hmm. Deməli Saat əqrəbi içimizdə ən az əziyyət çəkib ən çox yol gedəndir ki...
– Deməzdim, – Dəqiqə əqrəbi təmkinlə etiraz etdi. – Əgər Saat əqrəbini dindirsək, onun da deməyə sözü olar. Məsələn, o da deyə bilər ki, mənim iyirmi dörd saatlıq cəhdim Sutkanın bir cəhdinə bərabərdir. Sutkanı dindirsən, o da özünü Həftəylə müqayisə edəcək, öz yeddi cəhdinin Həftənin bir cəhdinə bərabər olduğunu deyib gileylənəcək. Beləcə, Həftə özünü Ayla, Ay İllə, İl qərinələrlə və Era ilə müqayisə edəcək. Nəhayət hamısı Əbədiyyətə gəlib çatanda dayanacaq. Ancaq sən bilirsənmi, bizim hamımızın içində ən şanslısı sənsən?
– Necə yəni, mən?
– Bəli, sən. Əbədiyyət andadır, an da sənsən. Yəni sən əslində Əbədiyyətsən. Sən bizim ən kiçik bir parçamız kimi görünürsən, bizə xidmət edən kimi görünürsən. Ancaq biz sənə xidmət edirik. Ya da belə: biz bir-birimizlə var oluruq. Biz bir-birimizin içindəyik.
Saniyə əqrəbi eşitdiklərini bir saniyədə anladı və çox xoşbəxt oldu, daha ürəklə çıqqıldaya-çıqqıldaya yoluna davam elədi.
Ağ yağış - Çingiz Aytmatovun hekayəsi Ankarada küçəyə Üzeyir Hacıbəylinin adı verildi Məşhur aktyor saxlanıldı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:19
Bu xəbər 08 Yanvar 2026 12:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















