Haqqa qarşı haqsızlıqla çıxanlar başlanğıcdan məğlubdurlar
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rafael HÜSEYNOV,
Milli Məclisin Azərbaycan–İsveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Kim və kimlərsə şərin tərəfində durursa, nahaqqın müdafiəsinə qalxırsa, həmişə burada 3 səbəb var: ya həmin şəxs və şəxslər kiminsə fitnəsinə uyub, hansı məkrli qüvvəninsə təsiri altındadır və qıraqdan idarə edilir; ya sadəcə, mahiyyətdən xəbərsizdir, aldadılıb, yanlış yönəldilib, bilməyərəkdən şərin aciz xidmətçisinə çevrilib; ya da ən arzuolunmazı – həqiqətləri də bilir, yanında durduğunun haqsızlıqından da xəbərdardır, amma özünün də niyyəti dürüst olmadığından müəyyən xəbis məqsədlərlə şərlə əməkdaşlıq yolunu tutur.
Biz, İsveçlə dövlətlər və parlamentlərarası əlaqələrin bütün istiqamətlər üzrə inkişafının tərəfdarıyıq və bu səmtdə daim zəruri addımları atmağa hazırıq. Ancaq İsveç parlamentindəki bir neçə deputatın 2025-ci il martın 6-da verdiyi və münasibətlərimizin xoş məramı ilə əkslik təşkil edən bəyanat kimi qəbuledilməz sənədlərin ortya çıxmasını da narazılıqla və narahatlıq hissi ilə qarşılayırıq. Narahatlığımız ona görə deyil ki, təməlindən saxtakarlıq, yalan, təhrif və riyadan ibarət bir cızmaqara haqqımızda hansısa təəssürat yarada bilər. Onsuz da Azərbaycan dünya erməniçiliyinin natəmiz üsullardan istifadə ilə Avropada kimlərisə çeşidli fəndlərlə ələ alaraq öz təsiri altına salması, çaldığı havalara oynatmasının keçmişlərdən az şahid olmayıb, o qəbil idarə olunanların oxşar cəfəng yazı və çıxışlarının da həmişə isti-isti layiqli cavabını da vermişik ki, üfunətlərini daha geniş yaymaqdan bir az çəkinsinlər.
Erməni lobbisi bu dəfə qarmağını Riksdaqa atıb və parlamentdəki “İsveç–Ermənistan dostluq qrupu”nun üzvlərini onların siyasi bioqrafiyasında əsla xoş izi ilə qalmayacaq bir fitnəkar bəyanatı imzalamağa təhrik edib.
Ona görə qətiyyətlə “təhrik edib” yazıram ki, heç kəs bilavasitə özünün və ölkəsinin maraqlarına dəxli olmadan qərəzli, gerçəklərin ziddinə olan, faktları kobud şəkildə tərsinə çevirən belə çirkin sənədə imza atmaz.
İsveç parlamentindəki bir qrup deputat belə edibsə, bunu niyə etmələrinin cığırı mütləq birbaşa erməni lobbisi tərəfə aparır.
Onlarınsa saxtakarlıq və böhtanlardan ibarət niyyətlərini yeritməkdən və sözlərini dedirtməkdən ötrü nüfuzlu adamları və qurumları hansı yolverilməz üsullarla ələ almasının və irəlilətməsinin bir çox sərgüzəştli hekayətləri var. O cür macəralı söhbətləri az-çox eşidib-bilən ağıllı adam heç vəchlə adının ləkələnməməsindən ötrü özünü belə çirkablara bulaşdırmağa rəva görməz.
30 ilə yaxın müddətdə Ermənistan və dünya erməniçiliyi onlara havadarlıq edən güclərin köməyi ilə Azərbaycana qarşı qəddar işğalçılıq siyasəti apardı. Yüz minlərlə Azərbaycan insanının faciələrinə bais olan saysız hərbi cinayətlər, etnik təmizləmələr, deportasiya və didərgin salınmalar, darmadığın edilib xarabazara çevrilən yüzlərlə kənd, qəsəbə, şəhər, məhv edilən irs, zəhərlənən təbiət və bütün bu vəhşiliklərin zirvəsi olan Xocalı soyqırımı həmin qəsbkar siyasətin dünyaya bəlli olan müdhiş nəticələridir.
Ermənistanın və erməniçiliyin Azərbayacana qarşı apardığı bu əzazil qəsbkar siyasət minlərlə insanın həyatına son qoydu, üç onilə sığan müddətdə yeni minilliyə, XXI əsrə utanc sayılası hadisə Azərbaycanın başına gətirildi, bir neçə nəsil insan dünyaya qaçqın və məcburi köçkün kimi gələrək böyüdü.
Bütün bu faciələr Ermənistan, erməniçilk və onlara arxa duranlar tərəfindən başqa bir ərazidə deyil, əvvəldən axıradək sırf Azərbaycan torpaqlarında törədildi.
Başda BMT-nin Təhlükəsizlik Şurası olmaqla, o cümlədən, İsveçin də üzvü olduğu bir sıra beynəlxalq təşkilatlar bu təcavüzü pisləyən qətnamələr qəbul etsə, bəyanatlar yaysa da, son olaraq pırtlaşıq düyünü çözmək, şərin təkəbbürlü təntənəsinə son qoymaq elə Azərbaycanın öz öhdəsinə düşdü, 2020-ci ilin noyabrında çalınan zəfərlə zəbt edilmiş torpaqlar işğaldan azad edildi, onillərcə öz yurdlarından ayrı düşmüş məcburi köçkünlər tədricən azad torpaqlara qayıdaraq həyatlarını yeni səhfədən yaşamağa başladı.
Əvvəllərdə qaçqın və məcburi köçkünlərin miqdarı 1 milyon civarında idisə, təbii ki, 30 ilə yaxın müddət boyunca onların çoxalan dərdləri və qayğıları ilə bərabər sayları da artdı. Ermənistan, erməniçilik və onların havadarlarının yürütdüyü siyasətin nəticəsi hər 10 azərbaycanlıdan birini qaçqın və məcbur köçkün etmişdi. Belə müsibət isə üç onilə sığan müddətdə davam edəndə ümummilli bəlaya, hər bir azərbaycanlı ailəsinin kədərinə çevrilir.
Odur ki, bu qəbil məsələlərlə bağlı dünyanın istənilən nöqtəsində ədalətsiz, insafsız, həqiqətlərin tərsini avandına çevirən xətt yürüdən, haqsıza nəyin bahasına olur-olsun haqq qazandırmağa çalışan istənilən kəs və qurum bilməlidir ki, bununla birbaşa hər bir azərbaycanlının və bütöv millətin heysiyyətinə toxunur.
Azərbaycan xalqı isə ona qarşı belə təhqiramiz yanaşmaya dözməz, belə həqarətli münasibət bəsləyənləri bağışlamaz!
Ermənistanın, dünya erməniçiliyinin və onların fitnələrini hər zaman körükləmiş güclərin yaratmış olduğu informasiya blokadası çoxdan yarılıb, artıq 1990-cı illərin ortalarından etibarən dünyaya ardıcıl olaraq yayılan məlumatların, çoxsaylı nəşrlərin sayəsində beynəlxalq aləmə Azərbaycan xalqının məruz qaldığı təcavüzdən nələr çəkdiyi, işğal altındakı ərazilərdə nələr törədildiyi də yaxşı bəllidir.
Axırıncı 5 il ərzində işğaldan qurtulduqdan sonra azad edilərək quruculuğuna başlanmış əraziləri dünyanın dörd bucağından gələrək ziyarət edənlər də ermənilərin Xirosimaya, Naqasakiyə döndərdiyi ərazilərdə azərbaycanlıların qayıdışdan sonra hansı xarüqələr yaratdığına da şahid kəsiliblər.
Özündə müasir dünyanın ən ağır münaqişələrindən birinə son qoymaq gücü tapmış Azərbaycan əslində, bu hünəri ilə həm də bəşəriyyətə xidmət edib. Ancaq Ermənistanın özündə də, onun pərdə arxasındakı yönəldiciləri arasında da bu gedişatla barışmaq istəməyənlər, sönmüş ocağı təzədən alovlandırmağa çalışanlar, qızışdırıcılar, təhrikçilər ara-sıra baş qaldırmaqdadır.
İsveç Riksdaqındakı “Ermənistanla dostluq qrupu” üzvlərinin imzaladığı bəyanat həmin təhlükəli xorla səsləşən və zərbə dalğası İsveç parlamentinə dəyən bir təşəbbüsdür.
Erməni tərəfin işğal dövründə həyatını əlindən aldığı minlərlə insan bir yana, onillərcə haqqında gerçək bilgiləri gizlətdiyi 4 min civarında azərbaycanlı əsir və girovumuz da bizi həmişə nigaran qoyub.
Dünya boyunca müxtəlif beynəlxalq təşkilatlarda illərdən bəri bu barədə səsimizi qaldırmışıq, saysız sənədlər hazırlamışıq. Yenə bu tələbimizi dilə gətiririk. İstəyirik ki, bu səs İsveç parlamentinə, Riksdaqdakı ermənilərlə dostluq edən qrupun üzvlərinə və onların digər həmkarlarına da çatsın.
Azərbaycanda indi müharibə cinayətkarlarının məhkəməsi gedir: açıq, ədalətli, dünyanın gözü qarşısında. O ittiham onunanlar özləri günahlarını boyunlarına alırlar, peşimançılıqlarını dilə gətirirlər, onlara məhbəsdə olduqları müddətdə bəslənən insani münasibətdən razılıq edirlər.
Bizim vaxtilə erməni dustaqlığında və əsirliyində olanlara qarşı törədilmiş cəllad münasibətinin cildlərə sığacaq qədər sübutları, dəlilləri var.
Yazılıb, çəkilib – kitablarda, məqalələrdə, tükürpədən sənədli filmlərdə əksini tapıb, bunları dünyaya yaymışıq, internet hörümçəyi həmin həqiqətləri ani olaraq istənilən vaxt dünyanın ən uzaq nöqtəsindəki müşahidəçi və izləyiciyə göstərə bilir. Ancaq görmək, anlamaq, həmdərd ola bilməkçün gərək baxmaq, görmək, oxumaq istəyin də ola.
İsveç parlamentində həmin bəyanatı imzalamış o dəstənin belə bir istəyi varmı? Yoxdur və onlar hərbi əməliyyatlar bitəndən, münaqişə tərəfləri arasında döyüşlərin dayandırılması haqda razılıq əldə ediləndən sonra artıq casusluq, təxribat törətdiyinə, terrorçuluğa görə həbsə alınanları məsumlaşdırır, “hərbi əsir” adlandırır.
Cenevrə Konvensiyasından, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən dəm vuranlar, Azərbaycana utanıb-qızarmadan şər atan kəslər tarixi və hüquqi məsuliyyətlərini unutmamalıdırlar.
Bəyanata imza atan Markus Viechel oftalmoloq oğludur, gərək həqiqətləri daha yaxşı görə. Amma görmür, çünki o, çoxdan ermənlərlə bağlıdır, Ermənistan parlamentinin Fəxri medalı ilə təltif edilib, üstəlik, oradan bir medal da alıb. Daha başqa nələr alıb, özü və Allahı bilir.
Bəyanata imza atanlardan digəri – Björn Söder çoxdandır ki, İsveç kilsə məclisinin tam üzvü, dinə bağlı, demək, İlahiyə yaxın olmalı şəxsdir. Yaraşarmı ki, bu cür müqəddəsliyə üz tutan bir deputat o biri yandan müharibə canilərini “siyasi xadim”, terrorçuları “mülki şəxslər” adlandırır?!
Axı yerdə bu sərsəm bəyanatı oxuyan-eşidən adamlar öz yerində, yuxarıdan Allah da baxır, görür, cənab Söder!
Riyakar bəyanatın digər imzaçısı, əslən iranlı olan Nima Qulam gərək haqqa, düzlüyə, ədalətə tam əks olan bu sənədə qol çəkəndə düşdüyü təsirin dumanından ayılaraq anasını yada sala idi. Axı onun anası öz ölkəsində haqsızlığa qarşı mübarizələr aparmış, bu yolda cəzaya məruz qalmaqdan da çəkinməmiş bir insandır, axı onun ailəsi də qaçıqınlıq acısının nə olduğunu taleyi ilə yaşayıb və belə bir böhtançı, qərəzli, həqiqətlərə qaba etinasızlıqdan ibarət sənədə imza atanda bunu da düşünməlidir ki, bu haqsızlığı ilə ömrünə ermənilərin zədələr vurduğu yüz minlərlə qaçqını, köçkünü incidir.
Bəyanata imza atanların ən islamafobu və ən erməniçisi Erik Hellsborndur ki, qatı ermənipərəst mövqeyi ilə çoxdanın məşhurudur və bu da onun “müdrik” kəşfidir ki, sən demə “soyqırımına bais olan multikulturalizmdir”.
Özünü soyqırım bilicisi sayan bu fərdin söz yox, insanlığa qarşı zəmanəmizin ən dəhşətli soyqırımı olan Xocalı qətliamından xəbəri var.
Ancaq imzaladığı bəyanatdakı məntiqlə Erik Hellsborn, yəqin Xocalı genosidini də humanitar yardım hesab edər.
Sapı Türkiyədən olan “balta” – Yusuf Aydın dincə xaçpərəstdir və öz aləmində, guya bu biabırçı bəyanata imza atmasını xristian həmrəyliyi hesab edir. Ancaq fəaliyyətləri izlənincə onun da qatı erməniçi və islamofob olduğu aşkarlanır.
Yəni imzaçılar belə bir bir-birinə yaraşan zatlardan ibarətdir.
Qaldı ki, bəyanata imza atanlardan daha biri Arin Karapet, biz vaxtilə Avropa Şurası Parlament Assambleyasında onunla həmkar olmuşuq.
Karapetə üz tuturam – erməni olanda nə olar, axı ağa “qara”, qaraya “ağ” deyən belə yazıya imza atanda onu da düşünün ki, hətta Ermənistanın özündə artıq bir çox insanlar indi sizin imzaladığınız bu kağızdakının əksini düşünür!
Azərbaycan beynəlxalq hüquqa uyğun şəkildə öz haqqını müdafiə edib, suverenliyini, ərazi bütövlüyünü bərpa edib, onun tam hüquqi və mənəvi haqqı vardır ki, vətəndaşlarına və ərazisinə qarşı ağır cinayətlər törətmişləri yenə hüququn aliliyinə tam riayətlə mühakimə etsin.
Bu səbəbdən də İsveç parlamentindəki diktə yerinə yetirən bir ovuc deputatın imzaladığı bəyanat ilk sözündən son kəlməsinədək tənqidə dözmür, guya o cinayətkarların “səbəbsiz ittihamlarla”, “istintaqsız olaraq” həbs edilməsi, guya “siyasi təzyiqin aləti kimi istifadə edilməsi”, guya “bunun insan haqlarına birbaşa hücum olması” kimi çürük deyişlər ikrah doğurur.
Hələ bunlar azmış kimi ürəklərindən keçir ki, onların bu, qanuna, əxlaqa və hüquqa zidd bəyanatlarına beynəlxalq reaksiya da olsun, qabaqdangəlmişlik edərək gileylənirlər ki, “bu yalnız diplomatiya məsələsi deyil, əxlaqi və hüquqi bir öhdəlikdir”.
Hər bir siyasətçinin də, sıravi insanın da ilk vəzifəsi və öhdəliyi məhz vicdanlı, əxlaqlı olmaq, yalandan qaçmaq, saxtakarlıqdan uzaq olmaq, göz görə-görə həqiqəti təhrif etməməkdir.
Bu bəyanatsa yalanın, saxtakarlığın, əxlaqı meyarlardan və hüquqi şərtlərdən uzaqdüşmənin ən bariz örnəyidir və əlbəttə ki, mütləq şəkildə rədd edilir.
Azərbaycanlıların bu atalar sözü yəqin bir başqa şəkildə dünyanın ən müxtəlif xalqlarında, o cümlədən İsveçdə də var: “Doğruya zaval yoxdur, çəksələr min divana”.
Azərbaycan haqq mübarizəsini aparıb, torpaqlarını düşmən tapdağından azad edib və qətiyyətlə, ardıcıllıqla da 30 il ərzində ona qarşı soyqırımı cinayətindən tutmuş, yüz cür başqa fəlakətlər gətirmiş cinayətkarların hamısını bir-bir ədalət divanına çəkəcək, beynəlxalq hüquq müstəvisində onların hamısının da uyğun cəzasını ədalətlə müəyyənləşdirəcəkdir ki, dünyanın başqa bənzər cinayət törədənlərinə də dərs, görk olsun.
İsveç parlamentindəki o islamofob, erməniçi bir neçə nəfər də, bütün onlarabənzərlər də unutmasın ki, haqq yolundakı bu inamlı gedişlərimizə belə şərçi, qondarma, həqiqətlə daban-dabana zidd tərpənişlərlə nə bu gün, nə sabah heç kəs qarşı dura bilməyəcək! Haqqa qarşı haqsızlıqla çıxanların məğlubluğu elə başlanğıcdan labüddür!
