Icma.az
close
up
RU
Haqqıdır, haqqa tapan millətimin İSTİQLAL!

Haqqıdır, haqqa tapan millətimin İSTİQLAL!

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Türkiyə Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasının dövlət himninə çevrilən İstiqlal Marşı haqqa tapan türk millətinin haqqıdır. Haqqıdır ki, 104 ildir, eyni sevgi, qürurla, şövqlə səsləndirilir. Hər misrasında hünər, hər sətrində cəsarət var bu marşın. Hər bəndindən torpaq sevgisinin ətri gəlir. Hər hərfi bir şəhid adının baş hərfidir.

Qan qoxusu var bu marşda. Çünki istiqlala çatanadək nə qədər qanlar axıdılıb. Düşməni Vətən torpağından qovmaq, ona həddini göstərmək üçün türk əsgəri illərlə mübarizə aparıb. Bu mübarizələr Türkiyəyə sayı-hesabı olmayan şəhid, həyatının qalan hissəsini əlil kimi yaşayacaq insanlar verib.

Bayrağını başı üzərində gəzdirib, onu ölkəsinin ən uca zirvəsinə sancan türk əsgərinin cəsarəti, hünəri, ərliyi, igidliyidir bu marş. Odur ki, İSTİQLAL MARŞI deyir:

Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;

Sönmədən yurdumun üstündə yanan ən son ocaq.

O mənim millətimin ulduzudur, parlayacaq;

O mənimdir, o mənim millətimindir ancaq.

Bayrağın üzərindəki nazlı hilal türk anasının rəmzidir. Oğlunu, qızını Vətən uğrunda qurban verən, başına qara şal salan, yaralısının başına pərvanətək dolanan, ömrünün sonunadək hər qapı döyüləndə itkin balasının gəldiyini güman edən türk anaları hilaldır. Nazı, xanımlığı övladının şəhidliyi ilə torpağa gömülən, üzündə kədər qırış açan, lakin qürurlu, məğrur türk anasının… Odur ki, İSTİQLAL MARŞI deyir:

Çatma, qurban olum, çöhrəni ey nazlı hilal!

Qəhrəman xalqıma bir gül! Nə bu şiddət, bu cəlal?

Sənə olmaz tökülən qanlarımız sonra halal…

Haqqıdır, haqqa tapan, millətimin istiqlal!

Türk türk olalı, torpağının bir qarışından belə keçməyən Allah bəndəsidir. Zaman olub ki, nəfsi başını aşanlar türk torpaqlarına göz dikib, onu mənimsəmək istəyib. Bu altı da, üstü də xəzinə olan torpaqlarda öz səltənətini qurmağı arzulayıb. Lakin türk övladı onun arzusunu gözündə qoyub. Torpağına dikilən gözləri oyub, nəfisli nəfəsləri kəsib, onları göz bəbəyi bildiyi dogma torpağından var gücü ilə qovub.

Türk milləti əzəldən azad olmasını, azad yaşamasını hər şeydən üstün tutub. Çünki azad olmaq, baş əyməmək türkün qanında bir coşğudur. Odur ki, İSTİQLAL MARŞI deyir:

Mən əzəldən bəridir hür yaşadım, hür yaşaram.

Hansı çılğın mənə zəncir vuracaqmış? Çaşaram!

Kükrəmiş sel kimiyəm, bəndimi çeynər, aşaram.

Yırtaram dağları, ənginlərə sığmam, daşaram.

Və türkün köksü hər zaman Vətəninin sərhədi olub. Başqaları poladları, zirehləri özünə sərhəd, sipər edəndə, türk əsgəri səf-səf düzülərək sinəsini düşmənə sipər edir. Elə buna görə da tökülən qanları torpaq əmdikcə, o, daha sevimli olub sahibinə. Çünki torpaqda atası, babası, qardaşı var.

Bu Vətən sevgisi həm də imandan gəlmiş bir duyğudur. Poladları, zirehləri əridən bir duyğu… Odur ki, İSTİQLAL MARŞI deyir:

Qərbin afaqını sarmışsa polad zirehli divar,

Mənim iman dolu köksüm kimi sərhəddim var.

Ulusum, qorxma! Necə belə bir imanı boğar,

"Mədəniyyət!" dediyin tək dişi qalmış canavar?

Türk oğlu, türk əsgərinin vuran qılıncından ötkəm onun ata-baba nəsihəti dinləməsi olub. Bu nəsihət, bu tövsiyə qılıncdan iti, silahdan güclüdür hər zaman. Yurd necə qorunmalıdır, bu ata-babadan öyrənilib. Onların yolu ilə gedilib. Onların ənənəsi davam etdirilib. Düşüncədə babaların diktəsi, əldə silah türkün torpaq, yurd sevgisi olub. Odur ki, İSTİQLAL MARŞI deyir:

Arqadaş! Yurduma alçaqları uğratma, saqın.

Sipər et sinəni, dursun bu həyasızca axın.

Doğacaqdır sənə vəd etdiyi günlər Haqqın…

Kim bilər, bəlkə sabah, bəlkə sabahdan da yaxın.

Bax, budur, türk atanın, türk babanın övladına tapşırığı. Torpaq bir türk üçün tək yurdunun üzərində yerləşdiyi məkan deyil. Torpaq, altında türk övladının uyuduğu ana qucağıdır. Torpaq analar görüb divanə olmasın deyə şəhid qanını sinəsinə çəkən təsəlli yeridir. Torpaq ananın göz yaşını balanın qanı ilə qovuşduran doğmadır. Türk ağsaqqalı, atası, babası öncə oğlununa torpağı tanıdır, sonra onu qorumağı öyrədir. Odur ki, İSTİQLAL MARŞI deyir:

Basdığın yerləri "torpaq" deyərək keçmə, tanı:

Düşün altındakı minlərcə kəfənsiz yatanı.

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı:

Vermə, dünyaları alsan da, bu cənnət vatanı.

Və yaxud:

Kim bu cənnət vətənin uğrunda olmaz ki fəda?

Şühəda fışqıracaq torpağı sıxsan, şühəda!

Canı, cananı, bütün varımı alsın bu Xuda,

Etməsin tək vətənimdən məni dünyada cüda.

Türk əsgəri Vətən, torpaq, yurd, millət üçün tək döyüşmür, onu tək qorumur, həm də İlahi Yaradandan yurdunun, Vətəninin qorunmasını dilək edir. Naməhrəmin yurdundan kənar olmasını Allahdan arzulayır. Və o zaman başının dik olacağını zənn edir ki, o zaman yurdunu qoruya biləcək.

Türk hər zaman öz nəşini torpaq üzərində görür. Çünki Vətən üçün doğulduğunu dərk edir. O, cənnət Vətən üçün ölümə hazır olduğunu ana südü ilə birgə əxz edib. Odur ki, İSTİQLAL MARŞI deyir:

Ruhumun səndən, İlahi, budur ancaq diləyi:

Dəyməsin məbədimin köksünə naməhrəm əli.

Bu azanlar ki, şəhadətləri dinin təməli,

Əbədi yurdumun üstündə mənim inləməli.

O zaman vəcd ilə min səcdə edər varsa daşım,

Hər cərihamdan, İlahi, quruyub qanlı yaşım,

Fışqırır ruhi mücərrəd kimi yerdən nəşim;

O zaman yüksələrək ərşə dəyər bəlkə başım.

Türkün namusu, qeyrəti, isməti, arı bayrağının dalğasındadır. Bayrağının ən uca zirvədə dalğalanması üçün, bu dalğaların Vətənə hüzur, səadət, xoşbəxtlik, əmin-amanlıq, azadlıq yayması üçün türk milləti canını hər zaman verməyə hazırdır. Türk üçün “ya olum, ya ölüm”dən başqa heç nə yoxdur.

Türk əsgəri türk bayrağını elə bir zirvəyə qaldırıb ki, o bayraq Türkiyənin hər tərəfindən görünür. Gözlər bayrağa dikiləndə qırmızı insanlara şəhid övladını andırır. Şəhid qanına boyanan bu bayraq elə buna görə şəhid ucalığında, şəhid zirvəsindədir.

İstiqlaliyyət müharibəsinin öndəri Mustafa Kamal Atatürkün böyük sərkərdəliyi ilə zirvələri fəth edən bayraq dalğalandıqca qürur yayır Türkiyəyə. Bir zamanlar dünyanı fəth etmək gücünü göstərən Böyük Türkiyənin tarixindən, dünənindən, bu günündən söhbət açır.

Çatdığı zirvəyədək keçdiyi həyat yolundan danışır türk bayrağı. Əsgərinin hünəri, qeyrəti, namusu, əzmi ilə bu zirvəyə qalxdığını diktə edir. Eşidir onu hər kəs: yaşlılar məsudluqdan sevinc göz yaşı axıdır, gənclər bu bayrağın hilalında öz rəsmini görüb türk əsgərinin davamçısı olduğunu dərk edir.

O dalğalardan Mustafa Kamal Atatürkün səsi bütün Türkiyəyə yayılır. O, deyir ki, ey türk milləti, qoy İstiqlal marşın heç susmasın.

Dalğalan sən də şəfəqlər kimi ey şanlı hilal!

Olsun artıq tökülən qanlarımın hamısı halal.

Əbədiyyən sənə yox, xalqıma yox bil ki, zaval:

Haqqıdır, hür yaşamış, bayrağımın hürriyyət;

Haqqıdır, Haqqa tapan, millətimin istiqlal!

104 ildir, səslənir İstiqlal marşı. Neçə belə yüzilliklər sonra da, qoy, səslənsin İstiqlal marşınız, əziz, doğma Türkiyəmiz. Biz həmişə sizinləyik: sevincinizdə də, kədərinizdə də. Sevinciniz bol, kədəriniz yox olsun!

Mətanət Məmmədova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Mart 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see329

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see296

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see296

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see287

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see285

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see279

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see277

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see273

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see268

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see261

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see246

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see243

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see235

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see229

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see227

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see226

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see212

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see212

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri