Hava, su, günəş adam
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Dostluq məfhumunu anlayanda bildim ki, mənim ən yaxın dostum böyük qardaşımdır - bilmədiklərimi öyrədən, səhvlərimi deyən, çətinlikdə mərhəmətinə və yardımına arxalandığım, hər sözünə inandığım Vaqif Həmid oğlu Osmanlı. Yazmağı, oxumağı, kitablara marağı, hətta Vətəni sevməyi ondan öyrəndim.
Deyirlər, dostluq etmək bir istedaddır, əgər həm də, dostum istedadlıdırsa, onda mən çox şey qazanmışam.
Vaqif evimizin içində bir ədəbiyyat dərnəyi rəhbəri kimi hamımızdan (ailədə beş uşaq idik) bədii kitablar oxumağı və çoxlu şeir əzbərləməyi tələb edirdi. Hətta məşhur əsərləri səhnələşdirərdik. Ən çox mənə güvənər və tənqid edərdi. Sözün düzü, onun tənqidindən qorxur, bəzən də küsürdüm. Nəbi Xəzriyə "Zirvə qardaşı" "poema"sı yazmışdım. Axı, hamımız "Günəşin bacısı"nı əzbər bilirdik. İlk oxucum və ilk tənqidçim "poema"mı bəyənmədiyi üçün dəftərimi cırdım. İndi düşünürəm ki, onu yazan da, tənqid edən də, cırıb atan da haqlı imiş.
... İllər sürətlə keçdi. Sevimli qardaşım və doğma dostum, ömür vəfa edərsə, bir ildən sonra yetmişi haqlayacaq. Uşaq ağlıma gəlməzdi ki, zaman imkan verəcək, mən onun haqqında yazılar yazıb çap etdirəcəyəm:
"Dünyanı yazmaq dünyanı görmək qədər lazımmış. Əgər sənin kəlmələrin duyğularının dadını ifadə etməyi bacarırsa, söz qüdrətinin buna gücü çatacaqsa, yazmaq gözəl şeydir, qardaşım" (Vaqif Osmanlı "Oxunan dualar" kitabı, "Yaza bilmək səadəti" ön sözdən).
Mənim onomastika (adlar) lüğətimdə qardaşım Vaqifin isminin izahı "hava, su, Günəş adam"dır. Tanıyanlar dərhal düşünəcəklər ki, ona doğru ad seçmişəm. Bu isimlər bütün dünyanın varlığını göstərir, həm də qardaşımın şəxsiyyətini tamam ifadə edir. Yer planetində (bəlkə də, qalaktikada) canlılara can verən, təmənnasız hər kəsə, hər şeyə nəfəs verib qarşılıq istəməyən bir gözəgörünməz hava var. Çox zaman ovqatımız da ona köklənər.
Peşəkar dəniz hidrometeoroloqu Vaqif Osmanlı 40 ilə yaxın Neft Daşları hidrometeologiya stansiyasında sıravi işçi, mühəndis, baş mühəndis, aparıcı mütəxəssis, rəis olub. Küləklər şəhəri Bakının Venesiyasına gəmi ilə gedib gəlib, hava proqnozlarını vaxtından əvvəl öyrənməyə çalışıb.
Kəndimizdə onun uşaqlıq dostu, gənc kolxoz sədri mərhum Salam Əhmədov tez-tez zarafatla deyərdi: "Vaqif müəllim, ot biçənəkdən quruyub yığılmamış dağətəyi rayonlarda yağış yağacaq, - demə!"
Xəzər sevgisi ilə qolboyun yaşamaq onun duyğularının çalarlarını daha da artırdı. Hər dəfə keçmiş Nargin (indi Böyük Zirə) adasının - Nobellərin qazanc mənbəyi kimi gördüyü adanın yanından keçəndə Müşfiqi andı:
"Azı min dəfə bu əzabı çəkməli olmuşam. Sərnişin gəmimiz dənizdən qayıdanda, axşamın şər vədəsində Böyük Zirənin yanından keçəndə mütləq gəminin sağ göyərtəsinə çıxıb ətrafı dinləyərdim. Sanki həmin vaxtlar xeyirlə şərin mücadilə anlarıydı, bəlkə elə kabus buna deyirlər? Axşam vaxtı qulağıma qəribə səslər gəlirdi. Sanki nigaran, nakam ruhlar məni səsləyirdi. Ruhların səsi necə olur, yaxud ruhun səsi olurmu? Olur, bunu eşitmək, duymaq, anlamaq, əlbəttə, asan deyil...
Mən hər dəfə oradan keçəndə bir doğma ruhun səsinə hay vermişəm - Mikayıl Müşfiqin nakam harayına:
Ah, mən gündən-günə bu gözəlləşən,
İşıqlı dünyadan necə əl çəkim?"
Hamının kövrələ-kövrələ oxuduğu "Niyə Müşfiqin məzarı yoxdur" əsəri (mən buna əsər deyirəm) beləcə yazılıb. O sular da, əfsus, Müşfiqin yerini demir, susur.
Sənətə və sənətkara qiymət vermək üçün mütləq filoloq olmaq şərt deyil. Vaqif coğrafiya ixtisasını seçib. Mükəmməl mütaliəçidir, dünya ədəbiyyatını, hətta musiqi və muğam nəzəriyyəsini yaxşı bilir. Sirlərlə dolu kainat, təbiət onun maraqlarını, dünyagörüşünü artırır. Əsas da qələmi sözə baxandı, yaxşı ifadə etməyi bacarır. Təbiətə "vüqarlı, təmkinli, səxavətli ana" deyib: "Erməni xislətli qu-qu quşları", "Qarışqaların həyatı", "Sirli-sehrli təbiət", "Talış gözəli - dəmirağac", "Canlıların rekordları", "Xəzər dənizinin adları", "Canlı termometrlər", "Coğrafi adlar - dünənimiz, bu günümüz, sabahımızdır", "Sabah hava necə olacaq" və başqa elmi məqalələri maraqla oxunur.
Vaqif Osmanlı birinci kitabı çap olunanda 60 yaşı vardı. Zəngin və səliqəli qovluqlarını arxivindən çıxartmaq üçün biz - doğmaları onu razı saldıq. Əslində bu yazılar bir məktəb dərsliyi kimi əhəmiyyətli mövzuları əhatə edirdi: ata-ana məhəbbəti, Vətən sevgisi, sənətkarlara rəğbət, təbiətə qayğı, coğrafiyaya aid maraqlı bilgilər, deyimlər, şeirlər və s.
Kitabı yubiley hədiyyəsi oldu. O vaxtdan hər il dalbadal bir kitabı nəşr edildi.
Təqaüdə çıxandan sonra heç boş vaxt keçirmədi. Günəş adam gənc yazarların ağsaqqalı - "Vaqif əmi"sidir. Nicat Həşimzadə, Nemət Mətin, Elvin Rizvangil, Nəcəf Əsgərzadə, Miri Rəsulzadə və başqaları onun elminə, ilhamına, tənqidinə, təhlilinə inandılar, tövsiyələrini dinlədilər, redaktəsinin peşəkarlığından öyrəndilər. İndiyədək 30-dan çox kitabın redaktoru olub, qəzet və jurnallarla əməkdaşlıq edib. İndi "Ədəbi ovqat" dərgisinin baş redaktorudur. Gənc imzaların tanınması, yaradıcı gənclərin həvəslənməsi və istedadların axtarışı üçün əlindən gələni əsirgəmir.
Parlaq düşüncəsi və zəkası, halal, şərikli çörəyi ("Şərikli çörək" filmindəki adaşı kimi) var. Bəşər adamının ayrı-seçkiliyi və qərəzi yoxdur, dini və imanı ədalət və insanlıqdır:
Dünya, vurğun könül sənə,
Tamarzıyam, bir gülsənə.
Qayıdacaq bir gün yenə
Yer kimi fırlanan ömrüm.
Bir dostundan eşitdiyim və qürurlandığım cümləni paylaşmaq istərdim: "Mən minlərlə insan görmüşəm, ünsiyyətdə olmuşam, Vaqif müəllim qədər mənəviyyatlı ikinci adama rast gəlmədim".
Zamanın yumruğu əzsə də məni,
Şax gəzərəm, amma fağır adamam.
Kədər addım-addım gəzsə də məni,
Şikayət etmərəm, ağır adamam.
Günəş kimi torpağın başına dolanan Vaqif müəllimdən vətənpərvərlik dərsi alanlar çox olub. Axı, o, ilk gənclik illərindən - 21 yaşından müəllimlik edib. Ana təbiəti, havanı, suyu, torpağı, Azərbaycan coğrafiyasını biliyi və dəyərli sözü ilə tərənnüm edib.
Birinci Vətən savaşı, torpaqlarımızın beşdən birinin işğal edilməsi onun yaradıcılığına daha kəskin mövzular gətirdi. "Oxunan dualar"da (2016) oxuculara tanıtdığı qəhrəman çətin, uğurlu döyüş yolu keçmiş Qarabağ qazisi Şakir Hüseynovdur. Bu oçerkin epiqrafı Öndərimiz Heydər Əliyevin müdrik fikirlərindən biridir: "Ya ayağa qalxıb torpaqlarımızı azad etməli, ya məhv olmalı, ya da millət olmadığımızı etiraf etməliyik".
Hələ 2016-cı ildə müəllif inanırdı ki, "Azərbaycanın işğal altındakı ərazilərinin düşmən tapdağından azad olunacağı günün uzaqda olmadığına şübhə edənlər yanılırlar. Qarabağ qazisi, ehtiyatda olan zabit, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mayoru Şakir Seyfəddin oğlu Hüseynovla yaxından tanış olan gündən mən bu fikrimdə qətiyəm" ("Vətənin oğlu").
O zaman atəşkəs idi, ancaq Vətəni qoruyan igidlər dilimizdən düşmürdü.
İkinci Vətən müharibəsi zamanı vətənpərvərlik ruhunun ən yüksək səviyyədə olduğu günlərdə Vaqif müəllim misraları ilə də hay salmışdı:
Düşmən caynağında Kəlbəcər, Laçın,
Ağdam, Ağdərənin bəxti ağ deyil.
İgidlər, qələbə yolunu açın,
Yurdsuz ömür sürmək yaşamaq deyil!
Şəhidlərin, qazilərin ağrısını, acısını ağ vərəqə sarılmış qələmlərin mürəkkəbiylə sağaltmaq istəyirdi. "İkinci Qarabağ gündəliyi"ndə şəhidlərin tabutunu çiyinlərində aparan Nargül, Səkinə, Füruzə xanımlar, bu savaşın ilk şəhid qadını Arəstə xanım, "Həkim və yaralı əsgərin dialoqu"nu yazan doktor Aynurə Hidayətqızı haqqında ürəyi yana-yana yazdı. Yazdı ki, bəşər övladı Azərbaycan qadınının ürəyini görsün.
Sözü kimi özü də mərd olan şairlərə böyük ehtiramla yanaşan Vaqif Osmanlının həm sənəti ilə, həm cəsarəti ilə Vətənə sevgisini sübut edən qazi sənətkarlara həssas münasibəti bir neçə kitablıq sözə çevrilib.
O, əsgər gödəkcəsinə ən gözəl ballada həsr edən Birinci Vətən müharibəsində Milli Qvardiyanın döyüşçüsü, fəlsəfi düşüncəli riyaziyyatçı, poeziya bilicisi Süleyman Abdulla yaradıcılığını maraqla araşdıraraq, bir kitablıq təhlil ərsəyə gətirib:
Hər səhər oyanıb işə gedəndə,
Canımda görürəm o qarı, sisi.
Hərbi geyiminə baxıb görürəm,
Gödəkcəm doludur Vətən sevgisi.
Sığmaz çantasına son xəritələr,
Bilir ki, bu sərhəd Vətənə dardır.
Gözaltı baxıram, gənc zabitimdə,
Köhnə kişilərin qüruru vardır.
Elə həmin illərdə 6000-dən çox şəhidi olmuş Ağdamın qazi şair oğlu Rəfail Tağızadə ciblərində şeir kitabları, ürəyində alov ön cəbhədə misra-misra dualara ümid edərək soyuq səngəri isti Vətən eşqi ilə qızdırıb. "Sən burda məndən sevgi gözləmə" kimi bənzərsiz mesajı ilə, kişi qətiyyətinin ciddiliyi ilə məhəbbətin bütövlüyünü qoruyur: "Səngər həyatının özəlliklərini yerli-yataqlı qələmə almaq üçün şair də döyüşçü olmalıdır".
Adətən, yazarlar əsərin epiqrafını hansısa müdrikdən bir sitat gətirirlər. Döyüşçü Rəfailin epiqrafı özününküdür: "Öz torpağında səngər qazmaq, özünə qəbir qazmaq kimidir" (qazi şairə ordu günü təbrikindən).
Rəfail müəllimin Vətən və sevgi şeirləri, poemaları həm də gözəl publisistikası haqqında Vaqif Osmanlının çoxsayı yazıları var.
"Xəzan yarpağı" kitabının təhlili də araşdırmaçının xüsusi zövqü ilə qələmə alınıb: "Bütün insanlığa "Eşq olsun!" söyləyən Bəhruz Məmmədov da qazi şairdir. Onun bütün şeirlərində ustad Musa Yaqub ruhuna güvən duyulur. Bəhruz Məmmədov anlayıb ki, Qafqazın poeziya qartalı "ilahi, mən bu daşı götürüm, götürməyim" dilemması ilə üz-üzə qalan şeir sərkərdəsi dünyanın bu boyda "oyun-moyunu"ndan bezib dünyanın haqq tərəzisinin gözləri əyilməyən tərəfinə köçüb. "Musa Yaqubun vəfatına" şeiri onun ustadına yazdığı elegiyadır".
Bu cümlələri yazarkən müəllif "Xəzan yarpağı"nın altından, üstündən nə qədər ipə-sapa düzülmüş misra tapıb şeirsevərlərə ərmağan edir.
Ana xəstə, qayğıya ehtiyacı olan balasına daha çox məhəbbət və mərhəmət bəsləyirsə, qazi şairlər də Vətəni o cür sevirlər, sevgidən yaranan əməlləri ilə sevilir, bəyənilirlər.
Söz qalası qurmaq üçün çox oxumalı, gecələrin yuxusundan imtina etməli, bəzən yazdığını poza bilməli, yerinə ondan güclü söz tapıb qoymalısan. Söz üstə söz qoymaq, daş üstə daş qoyub möhkəmləndirməkdən daha əziyyətlidir. Bu əziyyətlərdən qorxmayan Vaqif Osmanlı "Sözün azadı" kitabını ərsəyə çatdırmaq üçün yazıçı, elmi tənqidçi Azad Qaradərəlinin bütün külliyyatının - 400-dən çox hekayə, 16 roman, 3 cild elmi-tənqidi məqalələrin təxminən üçdən ikisini oxuyub incələyib.
Sözü yaratmaq üçün zəka qədər zəhmət də lazımdır. Sözün gücünə güvənən özünün və əqidəsinin təsdiqinə inanır, bilir ki, söz diridir, dirildəndir.
Mənim 65 illik yaxın və doğma dostum, böyük qardaşım Vaqif doğru sözünün işığında yaşayır. Hava kimi kəlmələrə nəfəs verərək, su kimi şəffaf, duru nəfsi ilə onu qoruyaraq, Günəş kimi söz səltənətini isidərək yaşayır.
Yazmaq onun üçün səadətdi - həyatını gözəl fikirləri ilə rəngbərəng edir. Ürəyindən keçənlər ordan saf su içir. Şəffaflığın içində gerçək bir həyat var. Mən gerçək həyatı da, doğru sözü də və bu gerçəkliyin sahibi Vaqif qardaşımı da çox sevirəm!

