Vyetnamdan Avropaya yükdaşımalarında Azərbaycanın rolu
Avtosfer saytına istinadən Icma.az xəbər verir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində açıqladığı rəqəmlər Bakı ilə Hanoy arasında əməkdaşlığın hansı istiqamətdə genişləndiyini göstərir. Ölkə başçısı bildirib ki, doqquz ayda tranzit daşımalarının həcmi təxminən altı dəfə artıb, Bakı ilə Hanoyun iqtisadi gündəmində isə yeni marşrutlarla yanaşı, neft-qaz və bərpaolunan enerji layihələri də var.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl inkişaf edir:
"2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dollardan artıq olub. Bununla yanaşı, bu göstərici hələ real imkanları əks etdirmir: hər iki tərəf qarşılıqlı ticarətdə əhəmiyyətli artım üçün böyük potensiala malikdir. 2026-cı ilin yanvar-sentyabr aylarında iki ölkə arasında tranzit daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb".
Ölkə rəhbəri, həmçinin Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün Azərbaycanın logistika infrastrukturundan, Orta Dəhlizdən və "Şimal-Cənub" nəqliyyat dəhlizindən istifadə imkanlarına da diqqət çəkib.
Vyetnam Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Prezident İlham Əliyevin bu ölkəyə rəsmi səfəri noyabrın 19-21-də olacaq. Səfər ərəfəsində verilən müsahibədə əsas iqtisadi məsələlərdən biri 2025-ci ildə qurulmuş strateji tərəfdaşlığın hansı layihələrə çevrilə biləcəyidir.
Tranzit artır və ticarətin strukturu dəyişə bilər
Daşımaların artması Azərbaycan üzərindən yük axınını genişləndirmək üçün imkan yaradır. Bunun davamlı ticarətə çevrilməsi isə marşrutun qiymətindən, çatdırılma müddətindən və daşımaların müntəzəmliyindən asılıdır. Vyetnam şirkətləri üçün Azərbaycan üzərindən keçən xətlər Avropaya alternativ çıxış imkanı yarada bilər. Azərbaycan üçün isə bu, tranzit xidmətlərini genişləndirmək və Cənub-Şərqi Asiya bazarına çıxışı asanlaşdırmaq imkanıdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ildə Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsi 153.41 milyon dollar olub. Bunun 152.30 milyon dolları Azərbaycanın Vyetnamdan idxalının, 1.11 milyon dolları isə Vyetnama ixracının payına düşüb. Prezident müsahibəsində mövcud dövriyyənin iki ölkənin imkanlarını tam əks etdirmədiyini bildirib. Rəqəmlər Azərbaycan üçün artım imkanlarından birinin Vyetnam bazarına ixracın genişləndirilməsi olduğunu göstərir.
Neft tərəfdaşlığına günəş və külək layihələri əlavə olunur
Energetika Nazirliyinin oktyabrda yaydığı məlumata görə, 2023-cü ildən Vyetnama 1.1 milyon tondan çox xam neft tədarük edilib. Prezident İlham Əliyev müsahibəsində qeyd edib ki, SOCAR və "PetroVietnam" arasında 2025-ci ildə imzalanmış memorandum yataqların kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı üzrə əməkdaşlığı nəzərdə tutur.
Vyetnamın "ROX Group" şirkəti Azərbaycanda tikinti və inkişaf, eləcə də bərpaolunan enerji sahələrində imkanları araşdırır. Sentyabrda Bakıda imzalanmış enerji memorandumu 600 MVt gücündə quruda külək enerjisi və Naxçıvanda 200 MVt gücündə günəş enerjisi layihəsinin qiymətləndirilməsini nəzərdə tutur. Layihələrin investisiya mərhələsinə keçməsi texniki-iqtisadi əsaslandırmadan və elektrik şəbəkəsinin imkanlarından asılıdır.
Bakı ilə Hanoy arasında etimadın tarixi
Müsahibədə İlham Əliyev əlaqələrin başlanğıcını Ho Şi Minin 1959-cu ildə Bakıya səfəri ilə bağlayıb, Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfərinin əməkdaşlığın genişlənməsində rolunu vurğulayıb. Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb. Vietnam.vn portalında yayımlanan "Báo Quốc Tế" məqaləsində bu məzunların Vyetnamın neft sənayesinə, elminə və idarəçiliyinə verdiyi töhfə xatırladılır.
2025-ci ilin mayında To Lamın Bakıya dövlət səfəri zamanı qəbul olunan Birgə Bəyannamə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Bakı ilə Hanoyun qarşısındakı iqtisadi fürsət bu siyasi etimada söykənir. Onun nəticəsi yükdaşımaların nə dərəcədə müntəzəm olacağında, enerji təşəbbüslərinin investisiya qərarına çevrilməsində və Azərbaycan məhsullarının Vyetnam bazarında davamlı satışında özünü göstərəcək./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Noyabr 2026 15:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















