“Heç vaxt ayaqqabı geyinə bilməyən xəstəsinə şəfa verdi” onu cənub bölgəsinin İLİZAROVU adlandırırdılar
Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Atam həkim İlham Qubadovun adı gələndə, Məhəmməd peyğəmbərimizin -“İnsanların ən xeyirlisi çox yaşayıb xeyir əməllər edəndir”,- kəlamı yada düşür. Bizim cənub zonasında hər kəsin tanıdığı, qapısını ümidlə açdığı və itirilmiş ümidlərinin yenidən gerçəkləşdiyi bir ünvandır.. Maraqlı və olduqca önəmli bir faktı sizə xatırlatmaq istəyirəm.. 1968-ci il idi. Balaca Kamal yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilir. Bibisi Mənzər xanım Kamalı çox sevdiyi üçün uşağın yanında qalmağa qərar verir. Həkim xəstəni yoxlayan zaman Mənzərin ayağını görür və onu əməliyyat etmək istədiyini bildirir. Anadan çox böyük qüsurla doğulan və ömründə heç vaxt ayaqqabı geyinə bilməyən Mənzər xanım ayaqlarının sağalmasına inanmadığı üçün razılaşmır. Və bir müddətdən sonra qohumlarının təkidi ilə həkimin yanına gələrək əməliyyata razılıq verir. Təbii ki, respublikamızda səhiyyənin və texnikanın indiki kimi inkişaf etmədiyi zamanda belə əməliyyatları etmək həkimdən güclü bilik və böyük risk tələb edirdi. Tezliklə əməliyyat başlayır və uğurla nəticələnir. Gipsdən açılan ayaqları görən xəstə sevincindən hönkürtü ilə ağlayır, həkim isə,-“indi gəlirəm”,-deyib otağı tərk edir. Bir müddətdən sonra geri qayıdan həkimin əlində ayaqqabı qutusu var idi. Ömründə ilk dəfə geyinəcəyi ayaqqabını da uğurlu əməliyyatdan sonra həkim öz əlləri ilə şəfa verdiyi ayaqlar üçün almışdı. Bir həkim üçün bundan şərəfli, bir xəstə üçün isə bundan fərəhli gün ola bilməzdi. Bir neçə müddətdən sonra buna oxşar əməliyyat qonşu respublikanın vətəndaşı Q.Naxmatova üzərində aparılır və yenə də uğurlu sonluqla nəticələnir. Daha sonra isə belə əməliyyatların sayı yüzlərlə olur"
Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, mərhum İlham Qubadovun qızı, bioloq, elmi işçi Nuranə Qubadova deyib.
O daha sonra atasının tibb sahəsindəki xidmətlərindən danışıb:

"Cənub zonasında ilk İlizarov aparatını xəstə üzərində müvəffəqiyyətlə tətbiq edən həkim İlham Qubadov uzun illər “Sağlamlıq və şəfqət” fondunun cənub zonasına rəhbərlik etmiş və yüzlərlə insana yardım göstərmişdir. O uzun illər oğlu, tibb elmləri üzrə fəlsəfə doktoru, həkim, travmatoloq-ortoped Elşad Qubadovla birlikdə çalışmış və neçə-neçə insana yeni həyat bəxş etmişlər. Köklü bəy-xan əsilli və ziyalı xislətli nəsildə uzun illər ərzində neçə-neçə həkim sənətinin davamçıları olmuşdur. Sonuncu nəsillərdən olan qardaşı Xandadaş, oğlu Elşad və qızı Sevinc Qubadovlar səhiyyəmizə şərəflə xidmət etmiş və daim xəstələri tərəfindən sevilmişlər. Atam haqqında onun həyatını və fəaliyyətini əks etdirən 2023-ci ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan “Şəfalı əllər” kitabının son cümləsində yazıram: - “Mən onu uşaq ikən bir Ata kimi, böyüdükcə və həyatı dərk etdikcə isə Şəxsiyyət kimi sevmişəm”. Bu gün hər bir cənublu ailəsinin heç olmasa bir üzvünün tam sağlamlığına qovuşmasında atam İlham Qubadovun və onun həyatdan vaxtsız gedən övladları-Sevinc və Elşadın əməyi vardır. Ruhlarınız şad olsun, həkimlərimiz və əvəzolunmazlarımız" deyə o bildirib.

Nuranə xanım daha sonra atasını bu sözlərlə xatırlayıb:
"Hələ orta məktəbdə oxuyurdum. Bir gün küçə qapısı döyüldü və içəri iki kişi daxil oldu. Gələnlərdən birinin yuxarı ətrafı və baş nahiyəsi tamamilə şişmiş və qızarmışdı. Xəstə əlinin əzilməsindən və uzun müddət sınıqçının yanında müalicə almasından danışdı. Hər gün sağalacağına inanan xəstə şişlərin və ağrıların artdığını görüb narahat olmağa başlayır. Vəziyyətin çox pis olduğunu görən dostu ona həkim İlham Qubadovun yanına getməyi məsləhət görür. Xəstənin vəziyyətini görən həkim çox əsəbiləşib dedi:-“Sağlamlığını hər adama etibar etməməlisən, iltihab artıq sənin baş nahiyəndədir”-. Hamımız həyəcan içində idik.
Çarəsiz qalan xəstə atamdan imdad istəyib onu sağaltmağını xahiş edirdi. Atam tez sakitləşdi və dedi: -“Narahat olma, səni sağaldacağam”. O gündən etibarən hər gün onun haqqında düşünür və atam evə gələndə ondan xəstənin halını soruşurdum. Bir gün yenə soruşduqda atam dedi: - “Xəstə artıq sağalıb evinə getdi”-. Sevincimin həddi- hüdudu yox idi. Ancaq hey fikirləşirdim ki, görəsən atam iltihabı xəstənin baş və bədən nahiyəsindən necə təmizləmişdi? Hələ uşaq yaşlarımdan onun tibbə aid olan kitablarını oxusam da, buna cavab tapa bilmədim. Və bir gün başıma gələn hadisə bütün suallarımı cavablandırdı. Bu hadisədən bir müddət sonra alın nahiyəmdən aldığım ağır zədə nəticəsində orada dərin bir yara əmələ gəldi. Evdə özümdən 5 yaş kiçik olan bacımdan başqa heç kim yox idi. Başımın zədələndiyini və qanın sürətlə axdığını görən bacım müxtəlif steril olmayan parçalardan istifadə etməklə qanın dayanmasına nail oldu. 3 saatdan sonra məni xəstəxanaya çatdırdılar və atam yaranı tikdi. Bir həftədən sonra isə başımda dəhşətli ağrılar başladı. Güzgüyə baxanda tikişlərin dibində balaca iltihabların əmələ gəldiyini gördüm. Düşündüm ki, bu xaricdən olan iltihab prosesidir. Lakin yanılmışdım. İltihab artıq daxildə öz işini görmüş və infeksiya nəticəsində başda ağrılar və şişkinliklər əmələ gəlməyə başlamışdı. Baş hissə ölçüsündən iki dəfə artıq böyümüşdü. İltihab o qədər çoxalmışdı ki, gözlərim tamamilə qapanmışdı. Hələ uşaq ikən ölümün mənə nə qədər yaxın olduğunu dərk edirdim. Çünki başın daxilində olan bu qədər iltihabın təmizlənməsinin mümkünsüzlüyünü anlayırdım. Atam isə hər gün işdən gəlib başımın üstündə dayanır, nə isə fikirləşirdi. Bir gün yenə işdən evə qayıdanda bacımdan tibbi alətlər olan çantasının gətirilməsini istədi. Yaranın ağzını açdı, müxtəlif tibbi üsullarla dərinin altından iltihabı təmizlədi. Qısa müddətdən sonra iltihab tamamilə çəkildi. O, açılan yaranın yenidən tikilməsinin vacib olduğunu söylədi. Mən isə ağrılardan o qədər bezmişdim ki, alnımda çapığın qalmasına belə razılaşdım və ikinci dəfə yaranın tikilməsindən imtina etdim. Bu gün mənim alın nahiyəmdə həmin çapıq aydın bilinir. Lakin mən atamın sayəsində tam sağlamlığıma qovuşdum. 23 noyabr 2025-ci ildə atam İlham Qubadovun cismən aramızdan ayrılmasının 10 ili tamam olur. Düşünürəm ki, etdiyi əməllərlə hələ uzun illər xatirələrdə yaşayacaq" deyə mərhum həkimin qızı bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 22 Noyabr 2025 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















