“Hər şeyi ört basdır etmək üçün Tağıyevin qızını psixiatriya xəstəxanasına saldılar” Tanınmış tarixçi ilə MÜSAHİBƏ
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az xəbər verir ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix elmləri doktoru Fərhad Cabbarov Musavat.com-un həmsöhbəti olub.
Onunla söhbətimiz azərbaycanlı milyonçu, xeyriyyəçi, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı Hacı Zeynalabdin Tağıyevin ev muzeyində baş tutdu.
Tarixçi söhbətə milyonçunun iş otağından danışmaqla başladı:
- Tağıyevin yaşadığı bu bina 101 otaqdan ibarət olub. Onların böyük hissəsi yaşayış otaqları olub. Hacının iş günü elə bu otaqda başlayırdı. Köməkçisi hər səhər ona müxtəlif qəzetlərdə çıxan məlumatları oxuyurdu. Otaqların bir hissəsi isə icarəyə verilirdi. Arakəsmə ilə yaşayış hissə işçi hissədən ayrılırdı. Giriş isə ayrı-ayrı qapılardan idi.
Azərbaycanda sovet hökuməti qurulanda bu mülk onun əlindən alındı. Burada müxtəlif qurumlar yaradıldı, otaqlar kirayə verildi. Binaya ən çox ziyan vuran uşaq evi oldu. Kimsəsiz uşaqlar bu binaya yerləşdirilmişdi. Onlar Tağıyevin evindəki parketi sındırıb isinmək üçün zalın ortasında ocaq qalayırdılar. Həmin uşaq evini çox çətinliklə buradan çıxardılar. Tağıyev Nuru Paşanı bu evdə qarşılayıb, ziyafət verib. Türk zabitləri bir gecə bu evdə qalıblar.

- Hacı yazıb oxumağı heç zaman öyrənmədi?
- Yox, ancaq imzasını qoya bilirdi. Buna baxmayaraq, hər səhər qəzetlərdəki məlumatları oxutdururdu. Hər şeydən xəbərdar idi. Haradasa söhbət edəndə deyirdi ki, filan qəzetdə oxumuşam… Demirdi ki, mənə oxuyublar…
- 1918-ci ildə baş verən Mart soyqırımı zamanı bina zərər görmədi?
- Ətrafda yeganə bina idi ki, ermənilər ona toxunmadı. Bu, Tağıyevin nüfuzu ilə əlaqədar idi. İsmayilliyə binasını, “Kaspi” qəzetinin redaksiyasını yandırdılar, lakin bu binaya toxunmadılar. Sovet hökuməti qurulanda Hacını bu binada həbs etmək istəyirdilər. Məsələyə Nəriman Nərimanov qarışdı, ona imkan verdilər ki, ailəsi ilə birgə Mərdəkandakı bağ evinə köçsün. Qızı Sara xanım xatirəsində yazır ki, Nəriman Nərimanovgilə gedib, ona vəziyyəti danışıb. Nərimanov əsgərlərə zəng edib deyib ki, Hacıya toxunmasınlar.
- Nəriman Nərimanovla Tağıyevin arasında incikliyin olduğu bildirilir. Bunun kökü haradan gəlir?
- 1906-cı ildə Azərbaycan müəllimlərinin ilk qurultayı keçirilirmiş. Orada hökumətə hansı tərzdə müraciət edilməsi ilə bağlı mübahisə düşüb. Nərimanov və nisbətən gənc müəllimlər deyirdilər ki, hökumətdən tələblər edilməlidir. Həsən bəy Zərdabi kimi nisbətən yaşlı və təcrübəli insanlar isə deyirdilər ki, tələb yox, xahiş etmək lazımdır. Onlar deyirdilər ki, “tələb edirik” yazılsa, Rusiya Azərbaycan dilində olan məktəblərin açılması ilə bağlı heç bir hüquq verməyəcək. Orada bu barədə mübahisə düşür, iclası aparan deyir ki, ağılla düşünmək lazımdır. Bu an Nərimanov ayağa durur və deyir ki, ağıl yaşda deyil, başdadır. Bu söz Zərdabiyə çox pis təsir edir və iclası tərk edir. Çünki orada ən yaşlı adam o idi.
Bu mübahisənin xəbəri gəlib Hacı Zeynalabdin Tağıyevə çatır. Səhəri gün Tağıyev iclasa gəlir və ucadan deyir: “Siz kimə qulaq asırsınız, kimin arxasınca gedirsiniz. Nərimanov kimdir? Mənim pulumla gedib oxuyub. Cibində bir qəpik pulu yoxdur, indi durub yol göstərir”. Bu söz Nərimanova toxunur. Deyir: “Mən bilmirdim ki, Hacı gəncləri ona görə pul verib oxutdurur ki, onların öz şəxsi fikri olmasın. Belə çıxır ki, onları pulla susdurur. Mən hamının yanında bəyan edirəm ki, Hacının pulundan imtina edirəm və qəpiyinə kimi qaytaracağam”.
Tağıyev hirslənir, deyir: “Cavanların hamısı belədir, naşükürdürlər, mən bütün tələbələrin pulunu kəsəcəyəm”.
Onu sakitləşdirirlər, hirsi soyuyur, sözünü geri götürür. Sovet dönəmində isə yalandan deyirdilər ki, Nərimanovla Tağıyev arasındakı mübahisənin əsas səbəbi Hacının xalqımızın müstəqil olmasını istəməməsi ilə bağlıdır. Halbuki orada milli müqəddərat məsələsi müzakirə olunmamışdı.
Ən maraqlı cəhət isə odur ki, onların bu cür mübahisəsindən sonra 1908-ci il Bakıya qayıdanda Tağıyevin Qızlar Məktəbində işləyir. İctimai məsələləri heç vaxt şəxsi düşmənçiliyə çevirməyiblər. 1920-ci ildə də Nərimanov Tağıyevi xilas etdi və Mərdəkandakı evinə gedib ona baş çəkdi.
Tağıyevin Əhməd bəy Ağaoğlu ilə də münasibətləri çox yaxşı. Gah da gərgin olub. Ağaoğlu kəskin, öz fikrində duran adam olub və Hacını ən çox o tənqid edib. Buna baxmayaraq, ən çox tərifləyən də o olub.
Fərhad bəylə söhbətə ev muzeyinin zallarından danışmaqla davam edirik:
- Şərq zalının tavanında qızıldan Quran ayələri yazılıb. Burada qonaqlıqlar olub, müxtəlif ictimai yığıncaqlar keçirilib. 1905-ci ildə erməni-müsəlman davası olanda barışıq iclası Şərq zalında baş tutub. Necə olubsa, sovet dövründə tavan gözdən yayınıb, Quran ayələrini dağıtmayıblar.
Tağıyev dindar idi, Həcc ziyarətində olub, amma mövhumatçı deyildi. Quranı Azərbaycan dilinə 3 cilddə tərcümə etdirmişdi. Tərcümə edən Bakı qazisi Məhəmməd Kərim Mircəfərzadə idi.
Yeri gəlmişən, Tağıyev dindar olsa da, qızların təhsil almasına çox önəm verirdi. Onun qızları Leyla və Sara xanım Rusiyada təhsil alıblar, Sürəyya isə konservatoriyanı bitirib. Onun həyat yoldaşı Sona xanım Müqəddəs Nina qız məktəbini bitirmişdi.
- Fərhad bəy, zalları gəzdikcə görürəm ki, Hacı təmtərağı sevən bir insan olub.
- Elədir, yaxşı həyat tərzi sürüb. Baxın, Şərq zalında musiqi alətləri var. Tağının övladları pianoda da ifa edirmişlər. Hacının birinci nikahdan 3, ikinci nikahdan isə 5 övladı olub.
- Söhbətimizin bu yerində Hüseyn Ərəblinskinin öldürülməsinin Hacı ilə əlaqələndirilməsindən danışmaq istərdim. Deyilənlərin həqiqət payı varmı?
- Bu, şayiə idi. Yaymışdılar ki, guya Sona xanımın Hüseyn Ərəblinski ilə münasibəti olub, Hacı da qısqandığı üçün Ərəblinskini öldürüb. Hətta deyirlər ki, guya Ərəblinskaya təxəllüsünü də Sona xanım Ərəblinskaya görə götürüb. Məsələ bundadır ki, o, təxəllüsü götürəndə Sona xanım artıq Tağıyevlə evlənmişdi. Digər məqama diqqət yetirək. Əgər belə şey olsaydı, Tağıyev Hüseyn Ərəblinskiyə öz teatrında tamaşada oynamağa icazə verərdimi? Gülməlidir. İstintaq materialları var və orada göstərilir ki, mülk üstündə öz qohumu tərəfindən qətlə yetirilib. Tarixi şəxsiyyətləri qaralamaq ən asan şeydir.

Fərhad bəylə söhbət edə-edə bilyard otağına keçirik.
- Asudə vaxtlarında bilyard oynayırdı. Musa Nağıyev, Murtuza Muxtarovla dost idilər, bu evdə görüşürdülər. Şəmsi Əsədullayevlə həm dost, həm də quda idilər. Qızı Leyla xanım Əsədullayevin oğlu Əli ilə evlənmişdi.
Uşaqlar üçün oxu zalından yemək otağına keçirik, Fərhad bəy davam edir:
- Buradakı servislərin hamısında Tağıyevin insialları var. Servisləri Parisdən gətirtmişdi və hamısının üzərinə adının, soyadının baş hərfini yazdırmışdı. Bu servisləri Hacının nəticəsi bizə verib. Onun varisləri Bakıda çoxdur. Rusiyada nəvə və nəticələri yaşayır. Amerikada və Fransada da varisləri var. Oleq və Lev adlı nəvələri Sara xanımın övladlarıdır, sağdırlar, Rusiyada yaşayırlar. Qız Leyla xanımın övladları və nəvələri isə Səfiyurdlu soyadını daşıyırlar. 2010-cu ildə bizim yubileyimizə gəlmişdilər.
Bakıda isə Tağıyevin birinci oğlu İsmayılın varisləri yaşayırlar. 2016-cı ildə Sankt-Peterburqa gedəndə onun nəvəsi Oleqlə görüşdüm. O mənə anasının bütün arxivini verdi və onu Bakıya gətirdim. Arxivdə əlyazmalar, Sara xanımın yığdığı fotolar, atası ilə bağlı xatirələr var. O, bütün həyatını atasının adını bərpa etməyə həsr etmişdi. 1991-ci ildə Sara xanım vəfat edəndə Tağıyevin adı bərpa olunmuşdu. Sara xanım bu yolda gözünün nurunu itirdi, səhhəti pisləşdi. Əlində nə pul var idisə, bu işə xərcləyirdi.
- Ömrünün son günlərində maddi sıxıntıdan əziyyət çəkdiyi bildirilir. Nəvəsi isə bunu təkzib edir.
- Bizim cəmiyyətimizdə belə təsəvvür var ki, Sara xanım aclıqdan ölüb. Elə deyildi. Onun oğlanları, qızı və nəvələri var idi. Sadəcə olaraq o, həyatını etiraz kimi yaşayırdı. Nimdaş palto, botinka geyinirdi, çox köhnə şal istifadə edirdi. Bu ona görə deyildi ki, pulu yox idi. Bu, onun sovet rejiminə etiraz forması idi. Demək istəyirdi ki, sovet hökuməti görün milyonçunun qızını nə vəziyyətə gətirib çıxarıb. Əlbəttə ki, onun övladları analarının qayğısına qalırdılar. Səməd Vurğunun qızı, daha sonra dövlət xadimi Vəli Məmmədov da ona kömək edirdi.
Oleq danışırdı ki, anası arxiv sənədlərini yığdığı portfeli şalla özünə bağlayıb gəzirmiş. Qorxurmuş ki, birdən sənədlər itər və ya oğurlayarlar.
- Deyəsən, Sara xanımı psixiatriya xəstəxanasına da yatırıblar.
- Stalin öləndən sonra Sara xanım Bakıya qayıtmışdı. 1956-cı ildən başlayaraq müxtəlif yerlərə məktublar yazaraq atasının bəraət almasına çalışırdı. Bu da sovet hökumətinin xoşuna gəlmirdi, ona görə də Sara xanımı xəstə adı ilə Süleyman Rüstəm küçəsindəki psixiatriya xəstəxanasına yatırdılar. Sonradan oradan qurtula bildi. Sara xanım bu muzeyə tez-tez gəlirmiş. Köhnə işçilər danışırdı ki, Sara xanım onlara deyirmiş: “Siz elə bilirsiniz ki, taxdığınız qızıllar zinət əşyasıdır? Siz bizim dövrümüzdəki zinət əşyalarını görməmisiniz”.
Sara xanım atasının dəqiq doğum tarixini də araşdırıb tapmışdı ki, bu, 1838-ci ildir.
- Fərhad bəy, belə bir məlumatlar da dolaşırdı ki, Tağıyev ömrünün son illərində o qədər müflis olmuş imiş ki, evinə ət ala bilmirmiş. Köməkçisini qəssaba nisyə ət dalınca göndərib, qəssab isə verməyib. Bu, nə dərəcədə realdır?
- İnandırıcı deyil. Mərdəkan camaatı heç vaxt belə etməzdi. Tağıyevin mülkünü əlindən almışdılar, cibinə girib pulunu oğurlamamışdılar ki. Növbəti şayiədir. Tağıyevin keçmiş fəhləsi xatirəsində yazır ki, Mərdəkana Hacıya baş çəkməyə gediblər. Həyətə girmək istəyəndə qarovulçu deyib ki, Hacı eyvanda dincəlir, səs etməyin. Hacı bunu eşidib onları içəri çağırıb, gedəndə isə hərəsinə bir vedrə üzüm verməyi tapşırıb. Milyonu olmasa da, səxavətini göstərib. Belə bir adama Mərdəkan camaatı 1 kilo əti verməyəcəkdi?!
Bir məlumatı da sizinlə bölüşüm. Hamımız elə bilirdik ki, Hacı bu binadan çıxarılandan sonra Mərdəkana köçüb. Ötən il arxiv sənədindən məlum oldu ki, Tağıyevə şəhərdə ev veriblər. O, hökumətə bu barədə ərizəsində yazır: “Siz mənə ev vermisiniz, amma mən kirayə pulunu ödəyə bilmirəm. Xahiş edirəm, məni kirayə pulundan azad edin. Mərdəkana isə gedə bilmirəm, qışda ora əlverişli deyil”.
Deməli, Hacı bir müddət mərkəzdə qalıb, sonra Mərdəkana köçüb.
Həmin illərdə yaşanmış məşhur bir hadisə də var. 1922-ci ildə indiki Musiqili Teatrı təmir ediblər. Sidqi Ruhulla, Mirzağa Əliyev maşınla Mərdəkana gedib Hacını açılışa gətirirlər. Teatrın zalı camaatla dolu imiş. Ön hissədə isə xalq komissarları oturubmuş. Tağıyev içəri girəndə bütün zal ayağa durub əl çalır. Bu o dönəm idi ki, Hacı artıq milyonçu deyildi, mülkləri əlindən alınmışdı. Sovet hökumətinin qılıncının dalı da, qabağı da kəsirdi. Bir sözlə, elə bir vəziyyət yaranır ki, komissarlar da ayağa durub Hacını qarşılamalı olurlar. Bu, Tağıyevi təsirləndirir. Deyir, mən ömrümdə iki dəfə həyəcan keçirmişəm, gözümdən yaş gəlib. Birinci dəfə Kəbədə olanda, ikinci dəfə isə indi.
- Hacının oğlu Məmmədtağı çox gənc yaşında vəfat etmişdi. İstərdim bir az da onun haqqında danışaq.
- Həmin dövrdə zabitlər arasında məşhur “rus ruletkası” oyunu var idi. Tapançaya bir patron qoyurdular və barabanı fırladırdılar və alınlarına tuturdular. Atəş açılanda boş çıxdısa, deməli, bəxtin gətirdi, sağ qaldın. Məmmədtağı barabanı fırladıb atəş açanda güllə düz alnından dəyir və ölür. Danışırlar ki, bu xəbər gələndən sonra Sona xanım ruhi xəstəliyə tutulub və əsəbləri pozulub. Siz fikir verin, 1918-ci ildə oğlu öləndən sonra şəkillərdə Tağıyevin saçı və saqqalı ağ olur. Ona qədər isə həmişə rəng qoyurdu.
- Sara xanım iki dəfə evli olub. Onun birinci həyat yoldaşı Zeynal bəy Səlimxanovun taleyi necə olmuşdu?
- Onu repressiya etmişdilər. İkinci həyat yoldaşı isə rus idi. Hacının digər qızı Leyla xanım dediyimiz kimi, Şəmsi Əsədullayevin gəlini idi. Sovet hökuməti qurulanda o, həyat yoldaşı ilə birgə İrana, oradan isə Türkiyəyə köçmüşdü. Çünki həyat yoldaşı Əli Əsədullayev Cümhuriyyət ordusunun zabiti idi, Azərbaycanda qalsaydı, həbs olunacaqdı. Əli xüsusi missiya ilə İranda idi, Tağıyev qızının təhlükəsizliyini nəzərə alıb onu da ora göndərdi. Onların məzarları Türkiyədədir.
Yeri gəlmişkən, Sara xanım atasının məzarını Mərdəkanda sonradan çətinliklə tapdı. Anası Sona xanımın məzarının yeri isə bilinmir. Çünki onun dəfn edildiyi Çəmbərəkənd məzarlığı dağıdılmışdı.
Söhbətimizin sonuna çatırıq. Fərhad bəy Tağıyevin oxutduğu bir neçə tələbədən də söz açır: “Dövlət arxivinə baxarkən qarşıma maraqlı məlumat çıxdı. Sənəddə yazılmışdı ki, Ələsgər və Ələkbər Quliyevlərin təhsili üçün pul ayrılır. Mən araşdırdım və məlum oldu ki, bu şəxslər bəstəkar Tofiq Quliyevin atası və əmisidir.
Əziz Əliyev də Tağıyevin vəsaiti hesabına oxuyub. İrəvandan Hacıya məktub yazıb bildirib ki, hərbi tibb akademiyasında təhsil almaq və bunun üçün Sankt-Peterburqa getmək istəyir. Buna görə də ona 300 rubl lazımdır.












