Icma.az
close
up
RU
Hərtərəfli tərəqqi Azərbaycanın dünya düzənində mövqeyini möhkəmləndirir

Hərtərəfli tərəqqi Azərbaycanın dünya düzənində mövqeyini möhkəmləndirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin bütün müsahibələrindəki bir məqam daim diqqətimi çəkib. Üslub və intonasiya! Bəlkə, onu fərqli edən başlıca amil elə budur! Yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibə də bu kontekstdə dövlət başçısının tanış obrazını yenidən sərgilədi: məzmunlu, məramlı, çoxhədəfli, sərrast, səbatlı, korrekt, dürüst, cəsarətli və hökmlü!

Bəli, dünya böyük təbəddülatlar dövrünü yaşayır. Cənab Prezidentin yerli televiziya kanallarına müsahibəsində də bu fakt diqqət mərkəzində idi. Prezident bunun aydın və birbaşa izahını verdi: “Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var”. Bir daha göründü ki, belə bir dünya düzənində ölkə başçısı İlham Əliyev üçün önəmli olan milli birlik düşüncəsinin möhkəmlənməsi və dərinləşməsidir. Bu müsahibə ölkənin strateji inkişaf xəttini, regional və qlobal mövqeyini, milli təhlükəsizlik, iqtisadi və sosial siyasətini kompleks şəkildə əks etdirən sənəd kimi dəyərləndirilə bilər.

Müsahibənin əvvəlində dövlət başçısı bildirdi ki, 2025-ci ildə Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq: “Biz bu il regionda yeni balans yaratdıq və Azərbaycan xalqı artıq öz gələcəyini təhlükəsiz və ümidverici şəkildə planlaşdıra bilir. Bu, bizim həm diplomatik, həm də hərbi uğurlarımızın məntiqi davamıdır. Əldə olunan qələbə yalnız meydanda deyil, beynəlxalq arenada da təsdiqləndi. Azərbaycan sülh və sabitlik təşəbbüslərində lider mövqeyini qoruyur”.

Bu ifadə Azərbaycanın müharibədən sonrakı dövrdə yalnız hərbi qələbə ilə kifayətlənməyərək, diplomatik, siyasi və sosial baxımdan yeni mərhələyə keçdiyini göstərir. Sülh yalnız kağız üzərində deyil, struktur və hüquqi mexanizmlərlə təmin edilir ki, bu da regionda yeni idarəetmə və diplomatik yanaşmanın başlanğıcıdır. Prezidentin sözlərinə görə, uzunmüddətli sülh yalnız güclü diplomatiya, iqtisadi əsaslar və praktiki idarəetmə mexanizmləri ilə qoruna bilir. Ölkə başçısının bu yanaşması həm milli, həm də regional sabitlik və dayanıqlı inkişaf üçün fundamentaldır.

Regional sülh və Ermənistan-Azərbaycan münasibətləri sahəsində Prezidentin mövqeyi hər zamankı kimi harmoniya və nizam ölçülərinin çərçivəsində idi: “Biz artıq keçmiş münaqişəyə baxırıq və yeni reallıqda yaşamalıyıq. Hər iki tərəf üçün sülhün praktik nəticələri önəmlidir”.

Bu fikir Azərbaycanın yalnız siyasi və hərbi üstünlük əldə etməklə kifayətlənməyib, həm də sülhün praktik, hüquqi və iqtisadi nəticələrini formalaşdırmaq istəyini göstərir. Dövlət başçısı əlavə etdi ki, regional infrastruktur layihələrinin bərpası və iqtisadi əlaqələrin inkişafı sülhün möhkəmləndirilməsində əsas vasitələrdir. Bu yanaşma həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanın mövqeyini gücləndirir. Prezidentin sözlərindən aydın olur ki, münaqişə yalnız keçmişdə qalmayıb, həm də gələcəkdə qarşılıqlı etimad və əməkdaşlıq platforması kimi qiymətləndirilir. Bu, Azərbaycanın regional sülhün aktiv təşəbbüskarına çevrilməsinin göstəricisidir. Prezident əlavə etdi ki, “Biz qarşılıqlı etimadın və regionda dayanıqlı əməkdaşlığın tərəfdarıyıq və bu istiqamətdə layihələr həyata keçiririk”. Bu yanaşma həm də beynəlxalq tərəfdaşlar üçün Azərbaycanın etibarlı və balanslı oyunçu olduğunu nümayiş etdirir. Regionda infrastruktur və enerji layihələrinin inkişafı isə Azərbaycanın həm iqtisadi, həm də strateji mövqeyini gücləndirir.

Xarici siyasət və çoxvektorlu yanaşma sahəsində Prezident vurğuladı ki, ABŞ ilə münasibətlər 2025-ci ildə yeni mərhələyə daxil oldu, əvvəlki məhdudiyyətlər aradan qalxdı və bu, region üçün strateji əhəmiyyət daşıyır: “ABŞ-la əməkdaşlığımız gələcəkdə daha da genişlənəcək və ölkəmizin beynəlxalq nüfuzunu möhkəmləndirəcək. Biz birgə layihələr, investisiya təşəbbüsləri və texnologiya transferi üzrə əməkdaşlığı sürətləndiririk. Bu proses Azərbaycanın iqtisadi inkişaf strategiyasına töhfə verir. Regionda sülh və sabitliyin təmin olunmasında ABŞ ilə koordinasiyamız kritik əhəmiyyət daşıyır. Bu münasibətlər, həmçinin beynəlxalq hüququn aliliyini qorumaq və qonşularla əməkdaşlıq üçün vacib platforma təmin edir”.

Bu, Azərbaycanın qlobal güc mərkəzləri ilə əməkdaşlığını gücləndirmək və regional maraqlarını qorumaq üçün atdığı strateji addımı göstərir. Əlbəttə ki, çoxvektorlu diplomatiya ölkənin həm regional, həm də qlobal maraqlarını qorumaq üçün zəruridir. Çinlə strateji tərəfdaşlıq, Rusiya və Avropa ilə iqtisadi və təhlükəsizlik əlaqələri Azərbaycanın geosiyasi manevr imkanlarını artıran balanslı siyasət apardığını nümayiş etdirir. Bu yanaşma Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini qorumağa xidmət edir.

Xarici siyasətdə strateji çeviklik Azərbaycanın uzunmüddətli təhlükəsizliyini və iqtisadi inkişafını dəstəkləyir. Çoxvektorlu diplomatiya Azərbaycanın yalnız siyasi üstünlüklərini gücləndirmir, həm də regionda sülhün təmin olunmasına xidmət edir. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquq normalarına və əməkdaşlığa əsaslanan imicini möhkəmləndirir. Dövlət başçısının sözlərinə görə, qlobal əməkdaşlıq həm də regional layihələrə investisiya imkanlarını artırır və Azərbaycanın strateji mövqeyini gücləndirir.

Müsahibədə təhlükəsizlik və ordu siyasəti sahəsinə də toxunan cənab Prezident qeyd etdi ki, biz beynəlxalq hüquqa əsaslanan dünyada yaşamırıq, biz torpaq üzərində yaşayırıq, buna görə də güclü olmaq lazımdır. Dövlət başçısı bildirdi ki, özəl sektor artıq Azərbaycan ordusunun istehsalına töhfə verir, yeddi özəl şirkət artıq hərbi məhsullar istehsal edir ki, bu da ölkənin müdafiə sənayesinin diversifikasiyasına əhəmiyyətli dəstək göstərir: “Biz yerli istehsalı artırırıq, hərbi texnologiyaları modernləşdiririk və beynəlxalq standartlara cavab verən məhsullar istehsal edirik. Bu, yalnız müdafiə potensialımızı artırmır, həm də iqtisadiyyatımıza əlavə dəyər qatır. Müdafiə sənayesi sahəsində innovasiyalar həyata keçirilir və bunun nəticəsində strateji müstəqilliyimiz güclənir”.

Bu cavab Azərbaycanın hərbi potensialın gücləndirilməsinin yalnız revanşist təhdidlərə qarşı olmadığını, həm də regional stabillik və suverenlik siyasətinin vacib elementi olduğunu vurğulayır. Ordu yalnız müdafiə mexanizmi kimi deyil, həm də sülhün qorunması üçün strateji vasitə kimi qiymətləndirilir: “Hər bir ölkə öz təhlükəsizliyini təmin etməli və möhkəmləndirməlidir”.

Bu qənaətlər, əslində, Azərbaycanın müdafiə və strateji planlamada uzunmüddətli yanaşmasının əsasını təşkil edir. Güclü ordu həm daxili sabitliyi, həm də regionda balansı qorumaq üçün vacibdir. Təhlükəsizlik konsepsiyası yalnız hərbi mövqeyə deyil, həm də diplomatik və iqtisadi alətlərə əsaslanır. Dövlət başçısının sözlərinə görə, güclü ordu Azərbaycanın suverenliyini qorumaq və potensial təhlükələri minimuma endirmək baxımından strateji əhəmiyyət kəsb edir. Praqmatik yanaşma göstərir ki, Azərbaycan hüquqi və diplomatik mexanizmlərlə yanaşı, praktik güc imkanlarına da malikdir. Ordu, həmçinin regional layihələrin qorunması, sərhəd təhlükəsizliyi və strateji infrastrukturun müdafiəsi üçün vacibdir.

Prezident İlham Əliyevin yanvarın 5-də səsləndirdiyi fikirlər, həmçinin elm və təhsilə dair bir çox aktual məqamları da özündə çevrələyirdi. Bu fikirləri təhlil edərkən bir qənaət hasil olur: ölkə başçısının təhsilə yanaşması situativ deyil, uzunmüddətli və sistemli düşüncəyə əsaslanır. O, təhsili təkcə sosial sahə kimi deyil, dövlətin strateji resursu kimi qiymətləndirir. Bu yanaşma onu göstərir ki, təhsil məsələsi Prezident üçün iqtisadi inkişaf, milli təhlükəsizlik və dövlətin rəqabət qabiliyyəti ilə birbaşa bağlıdır. Yəni burada məqsəd yalnız savadlı fərdlər yetişdirmək deyil, eyni zamanda, ölkənin gələcəyini təmin edəcək intellektual baza formalaşdırmaqdır.

Elm və təhsilin birləşdirilməsi ilə bağlı fikirlər Prezidentin islahatçı baxışının əsas elementlərindən biridir. Bu mövqe onu göstərir ki, o, mövcud problemlərin kökünü struktur uyğunsuzluqlarda görür. Elm təhsildən ayrı fəaliyyət göstərdikdə, elmi nəticələr praktikaya keçmir, təhsil isə yeniliklərdən geri qalır. Prezidentin bu məsələyə diqqət çəkməsi faktiki olaraq sovetdən qalma parçalanmış modeldən imtina və daha çevik, müasir idarəetmə modelinə keçidin zəruriliyini ifadə edir. Bu, həm də dövlət resurslarının daha səmərəli istifadəsinə hesablanmış praqmatik yanaşmadır.

Kadr siyasəti ilə bağlı vurğular Prezidentin institusional yaddaşla yanaşı, yenilənməyə verdiyi əhəmiyyəti göstərir. Gənc və müasir düşüncəli kadrların önə çəkilməsi çağırışı dolayısı ilə sistemdə mövcud olan ətalət, formalizm və bəzən məsuliyyətsizlik problemlərinə işarədir. Burada Prezidentin mesajı aydındır: struktur islahatı yalnız ad dəyişiklikləri ilə məhdudlaşmamalı, düşüncə tərzi də dəyişməlidir. Bu isə təhsil sistemində real nəticələrə yönəlmiş idarəetməni ön plana çıxarır.

Müəllim amilinə xüsusi diqqət Prezidentin təhsilin keyfiyyətini insan faktoru ilə əlaqələndirdiyini göstərir. O, açıq şəkildə anlayır ki, ən yaxşı proqramlar və binalar belə peşəkar və motivasiyalı müəllim olmadan effektiv ola bilməz. Müəllimlərin sosial təminatının və nüfuzunun artırılması fikri həm də cəmiyyətə mesajdır: təhsil sahəsində çalışan insanlar dövlət üçün prioritetdir. Bu yanaşma uzun müddətdə gənclərin müəllimlik peşəsinə marağını artırmağa yönəlib.

Gənclərlə bağlı fikirlərin analizi göstərir ki, Prezident təhsili yalnız məktəb və universitet mərhələsi ilə məhdudlaşdırmır. O, təhsili insanın cəmiyyətə aktiv şəkildə inteqrasiya prosesinin əsas hissəsi kimi görür. Xaricdə təhsil almış gənclərin ölkəyə cəlb edilməsi çağırışı beynəlxalq təcrübənin lokallaşdırılması və qlobal biliklərin milli maraqlara uyğun istifadəsi məqsədi daşıyır. Bu, eyni zamanda, beyin axınının qarşısını almağa yönəlmiş rasional siyasət kimi qiymətləndirilə bilər.

Digər bir məqam. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modelinin gələcəkdə ölkənin digər bölgələrində — hətta ölkə üzrə — tətbiq oluna biləcəyi fikri mühüm ictimai-siyasi müzakirə predmetinə çevrilmişdir. Dövlət başçısı bu modelin daha çevik və operativ idarəetmə mexanizmi olduğunu vurğulamışdır ki, bu da mərkəzi və yerli strukturlar arasındakı əlaqələrin optimallaşdırılması, bürokratik prosedurların sadələşdirilməsi və qərarvermə sürətinin artırılması ilə xarakterizə olunur.

Azərbaycanın azad edilmiş ərazilərində formalaşdırılan region inkişaf modeli yalnız inzibati koordinasiya vasitəsi deyil, həm də sosial-iqtisadi transformasiya prosesidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən məskunlaşdırılması uzunmüddətli planlaşdırma, müasir infrastrukturun yaradılması, əsas sosial xidmətlərin bərpası və iqtisadi fəaliyyətin stimullaşdırılması üzərində qurulur. Bu sahədə dövlət strategiyası 1,1 milyon vətəndaşın doğma torpaqlara qayıdışını hədəfləyir və ərazilərdə şəhərsalma, nəqliyyat, enerji, kənd təsərrüfatı, logistika və digər sahələri əhatə edən kompleks inkişaf planları icra olunur.

Bu idarəetmə modelinin digər bölgələr üçün məntiqli olub-olmadığını qiymətləndirərkən bir neçə əsas amili nəzərə almaq vacibdir. Birincisi, Qarabağ və Şərqi Zəngəzur kimi strateji və postsosialist kontekstdə xüsusi ehtiyaclar var – uzun illər işğal nəticəsində infrastrukturun məhv olması, əhalinin məcburi köçkün vəziyyətində olması və demoqrafik tarazlığın pozulması kimi sosial-iqtisadi çətinliklər mövcuddur. Ərazilərin reinteqrasiyası yalnız texniki bərpa deyil, həm də sosial təhlükəsizlik, iş yerlərinin yaradılması, təhsil və səhiyyə xidmətlərinin təşkilini tələb edir. Bu da çevik idarəetmə mexanizminin tətbiqini əsaslandırır.

İkincisi, regionda iqtisadi potensialın reallaşdırılması üçün dövlət və özəl sektor arasında əməkdaşlıq, investisiya mühitinin yaxşılaşdırılması və kiçik və orta sahibkarlığa dəstək kimi təşəbbüslər vacib rol oynayır. Belə təşəbbüslər müasir idarəetmə strukturları vasitəsilə təşviq olunur və yerli iqtisadi həyatın canlanmasına təkan verir.

Hazırkı mərkəzləşdirilmiş idarəetmə mexanizmi ilə müqayisədə belə modelin tətbiqi bir sıra üstünlüklər təmin edə bilər. Operativ qərarların qəbul olunması, yerli problemlər üzrə daha çevik reaksiya, regionların spesifik ehtiyaclarının nəzərə alınması bu yanaşmanın əsas üstünlüklərindəndir. Bu xüsusiyyətlər sosial xidmətlərin göstərilməsinin keyfiyyətini artırmaq, infrastruktur layihələrinin icrasını sürətləndirmək və regionlararası iqtisadi fərqlərin aradan qaldırılması üçün effektiv alətlər ola bilər. Bununla belə, modelin yalnız idarəetmə səmərəliliyini artırmaqla kifayətlənməyib, həm də sosial inklüzivlik, şəffaflıq və hesabatlılıq prinsiplərini dəstəkləməsi zəruridir.

Digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzur modelinin ölkənin daha sabit və inkişaf etmiş regionlarında tətbiqi müəyyən çətinliklərlə müşayiət oluna bilər. Məsələn, uzun müddətdir ki, mərkəzdən idarəetmə mexanizminə əsaslanan struktur Azərbaycanın bütün regionlarında eyni dərəcədə tətbiq olunub və yerli özünüidarəetmə formal olaraq mövcud olsa da, real səlahiyyətləri mərkəzi hakimiyyətin təsiri altında qalır.

Bu baxımdan yeni modelin tətbiqi üçün qanunvericilik səviyyəsində dəqiqləşdirmələr, yerli icra strukturlarının səlahiyyətlərinin aydınlaşdırılması və mərkəz–region münasibətlərinin yenidən tənzimlənməsi zəruridir.

Bu yenidən tənzimləmə aşağıdakılarla bağlı ola bilər: yerli özünüidarəetmə institutlarının real səlahiyyətlərlə təmin edilməsi, regional idarəetmə səviyyəsində qərarvermə proseslərinin şəffaflaşdırılması və mərkəzi hakimiyyətlə koordinasiyanın effektiv mexanizmlərinin yaradılması. Belə dəyişikliklər yerli problemlərin daha effektiv həllinə şərait yaradaraq, dövlət və vətəndaş arasında qarşılıqlı etimadın möhkəmlənməsinə dəstək verə bilər.

Bütünlükdə, Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi yeni dünya düzənində ötürülən təklif və çağırışların qlobal mahiyyəti baxımından unikal sayılmalıdır. Ümummilli məram və məqsədin əməli şəkildə realizəsini tələb edən bu çağırışlar ölkə başçısının fəaliyyətinin aydınlığına adekvat olaraq həllini tapmalı, ona layiqli şəkildə icrasına başlanmalıdır.

Elnarə AKİMOVA,
Milli Məclisin deputatı, filologiya elmləri doktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Yanvar 2026 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see155

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see149

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see142

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see130

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see128

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see125

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri