Icma.az
close
up
RU
“Həyat planlarla deyil, qərarlarla formalaşır” Avropadakı həmvətənimiz Murad Calalov

“Həyat planlarla deyil, qərarlarla formalaşır” Avropadakı həmvətənimiz Murad Calalov

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

"Avropada əldə olunan təhsil, dil bilikləri və peşəkar bacarıqlar önəmlidir. Bir çoxları Avropanı yalnız səthdən qavrayır, daha asan və əlçatan olanları mənimsəyir. Küçədəki hər hansı bir gəncin yaşam tərzini, davranış modelini “Avropa səviyyəsi” kimi qəbul edib onu təkrar etmək asan yoldur. Amma bu, Avropanın əsas dəyərləri deyil.

Mən Qafqazdan gəlmiş bir azərbaycanlı kimi bu mədəniyyəti daha fərqli hiss edirəm. Bəzən biz Avropaya inteqrasiya etdikdən sonra daha çox neqativ tendensiyaları götürürük, müsbət nümunələri isə arxa plana atırıq. Halbuki, Avropada ailə dəyərləri, sosial münasibətlər və ictimai məsuliyyət anlayışı da kifayət qədər güclüdür".

Bu fikirləri Metbuat.az-a müsahibəsində həmvətənimiz, 13 ildir Avropada yaşayan, Almaniyanın "Commerz" Bankının Maliyyə və Riskin İdarə olunması şöbəsinin aparıcı mütəxəssisi, iqtisadçı-ekspert Murad Calalov deyib.

Müsahibimiz Avropadakı şəxsi müşahidələri, mədəni dəyişikliklərə yanaşması, Şərqlə Qərbin vəhdətində Qafqaza dair baxış bucağı, diaspora fəaliyyəti və fərdi inteqrasiya prosesində qarşılaşdığı sosial-psixoloji dilemmlər üzərindən düşüncələrini bizimlə bölüşüb.

– Murad bəy, Bakıya uzun fasilədən sonra gəlmisiniz. İlk təəssüratlarınız necədir?

– Doğrudur, uzun fasilədən sonra yenidən Bakıda olmaq həm nostalji, həm də motivasiyaedici hissdir. Burada böyümüşəm, amma son illər həyat məni başqa istiqamətlərə apardı. Hər dəfə bu şəhərə qayıtdıqda keçmişimə, başlanğıcıma bir addım daha yaxınlaşmış kimi oluram. Bakı dəyişib – insanlar dəyişib, küçələrin nəfəsi də fərqlidir. Amma içimdəki hisslər eynidir: burda hər daşın, hər divarın bir xatirəsi var.

– Çox gözəl, Murad bəy, özünüz haqqında oxucularımıza məlumat verərdiniz. Kimdir Murad Calalov?

– Bu sual mənə tez-tez verilir. Mən cavabı hər zaman kəndimin adı ilə başlayıram. Azərbaycanın Şəki rayonunun Kiçik Dəhnə kəndindənəm. Hərçənd Bakıda doğulub böyümüşəm, amma ruhən kəndimə bağlıyam. Kəndimizin adını eşidəndə daxilən bir dirçəliş hiss edirəm. Çünki insan hardan gəldiyini unutmazsa, hara getməyindən də qorxmaz. Uşaqlıqdan ailəm xüsusəndə babalarım mənə bu dəyəri öyrədib: haralı olursansa ol, kim olursansa ol, kökünü unutma. Mən də bu prinsipə sadiq qalaraq, həm yerli, həm beynəlxalq müstəvidə öz ölkəmin, öz bölgəmin adını layiqincə təmsil etməyə çalışıram.

– Təhsil yolunuz necə başladı və necə dəyişdi?

– Əsas təhsilimi Azərbaycanda – Sumqayıt Dövlət Universitetində Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində aldım. Bu sahəni seçməyim təsadüfi deyildi. Dünya iqtisadiyyatı, qlobal sistemlər və dövlətlərarası münasibətlərin incəliklərini anlamaq istəyirdim. Universitet illərində təkcə dərslərlə kifayətlənmirdim. Sosial layihələrdə aktiv iştirak edirdim.
Azərbaycanda sülhməramlılarla, sosial qurumlarla əməkdaşlıq edərək uşaq evlərinə, kənd icmalarına dəstək olan layihələr həyata keçirdik. Bəzi kəndlərdə uşaqlar üçün resurs otaqları təmin etdik, bəzi yerlərdə isə ailələrə sosial yardım proqramları təşkil etdik. Bu dövr mənim üçün çox önəmli idi – çünki mən həm akademik, həm də sosial baxımdan formalaşırdım. Bu fəaliyyətlər mənə həm də “insan yönümlü iqtisadiyyat” anlayışını öyrətdi.

– Sizi biz daha çox Avropadakı fəaliyyətiniz ilə tanıyırıq. Bu istiqamətdə ilk addımları necə atdınız?

– Hər şey çox təsadüfi başladı. "Eurovision" dönəmində Şəkidə bir fransız turistin portmanesini tapıb ona kömək etdim. Bu sadə jest bizi tanış etdi və o şəxs mənə minnətdarlıq əlaməti olaraq Fransaya dəvət göndərdi. Dəvəti qəbul etdim və bu mənim Avropa ilə ilk fiziki təmasım oldu.
İlk dəfə idi ki, bu qədər inkişaf etmiş, tarixi və müasirliyi birləşdirən bir məkana ayaq basırdım. Kitabxanalar, universitet kampusları, sənət və intellektual həyatın içində olmaq mənə yeni bir dünya qapısını açdı. O səfərdən sonra özümə bir söz verdim: bu yerlərə təhsil üçün bir gün yenidən qayıdacağam. Və qayıtdım.

– Fransadan sonra yolunuz Almaniyaya düşür. Niyə məhz Almaniya?

– İqtisadiyyat üzrə təhsil almaq istəyən biri üçün Almaniya dünya səviyyəsində aparıcı ölkələrdəndir. Bu, sadəcə statistik göstərici deyil. Sistemin içində bunu hiss edirsən. Təhsilin strukturu, universitetlərin tətbiqi yönümlü olması, tələbə-şirkət əlaqələri, güclü akademik kadrlar – hər şey mükəmməl düşünülüb.
Avropa Birliyinin qurucularından biri kimi Almaniya, həm də dəyərlər baxımından bir məktəbdir. Orada öyrəndiyim təkcə iqtisadi nəzəriyyələr yox, həm də şəxsi inkişaf oldu. Sistemə, dəqiqliyə, qaydalara münasibətimi formalaşdırdı.

– Gənc yaşda ölkə dəyişmək çətin olmadı ki?

– Əlbəttə, çox çətin oldu. Bir çox insan bunu etiraf etməz, amma ilk dəfə təyyarədən düşdüyün an beynində minlərlə sual olur: “Bura haradır? Mən buraya necə uyğunlaşacağam? Dil, mədəniyyət, sistem, ailədən uzaqlıq… Mən bunların öhdəsindən gələcəyəmmi?”

Eyni zamanda ailədən psixoloji təzyiq vardı. “Evin tək oğlusan, getmə, burda qal” deyənlər az deyildi. Mən isə səssizcə inandığım yolda gedirdim. Planlarım çox vaxt baş tutmurdu, çünki xaricdə təhsil almaq təkcə istək deyil, böyük bir maliyyə, məsuliyyət və səbr tələb edir. Amma inad etdim.

– Yad mühitə adaptasiya necə oldu? Avropada ilə bizi fərqləndirən əsas hansı məqamların canlı şahidi oldunuz?

– Bir dəfə qatarla gedirdim, bir yaşlı qadına yer vermək istədim. Bizdə bu hörmət əlamətidir. Amma o xanım sərt şəkildə, demək olar, əsəbi reaksiya verdi. Şok oldum. Bu mənim üçün böyük bir dərs oldu. Başqa düşdüm ki, mədəniyyətlər fərqlidir. Biz Qafqaz insanıyıq, içimizdəki yumşaqlıq, ehtiram, ailə və qadın anlayışı fərqlidir.
Mən o an anladım: biz təkcə coğrafi baxımdan deyil, mədəni olaraq da dəyərliyik. Hətta bir nöqtədə bu təcrübələr mənə öz dəyərlərimi daha da güclə sevdirdi.

– Sosial layihələrdə iştirakınız haqqında da danışdınız. Bu istiqamətdə hansı ideallarınız olub?

– İdeyam həmişə bir olub: fərq yaratmaq. Sadəcə özüm üçün uğur qazanmaq yox, ətrafıma təsir etmək. Azərbaycanda olarkən kəndlərdə uşaq evlərinə dəstək, sosial ehtiyacı olan ailələrə kömək, sülhməramlılarla birlikdə layihələr – bunların hamısında məqsəd bir idi: insanlara dəyər qatmaq.
Hətta bəzi yerlərdə layihə uğurlu alınmasa da, qazandığım təcrübə mənim üçün dərs oldu. Bu yolda aldığım sertifikatlar, təcrübələr mənə daha böyük hədəflər üçün əsas verdi.

– Bəs Almaniya sizi necə qarşıladı? Biz Qafqaz mədəniyyətindən gəlirik, Almaniya isə olduqca sistemli bir Avropa ölkəsidir. Sizin ora adaptasiyanız necə oldu?

– Almaniyaya ilk addımımı atanda artıq Avropaya bir gəlib-getmə tarixim vardı. Fransaya getmiş, oradan da İspaniyaya qısa səfərlər etmişdim. Amma Almaniya tam başqa idi. Burada sistemli düşüncə, qanuna riayət, ictimai qayda çox ciddi idi. Almanların bir sözü var: "Deutsche Regeln" — yəni Alman qanunlarına riayət edin. Mən də ora gedərkən "mən buradayam, amma bu mədəniyyəti dəyişmək yox, dərindən anlamalıyam" deyə fikirləşirdim. Onlara hörmət edirdim, onlar da mənə.
Fransada tanıdığım dost mənə yanımda məscidə namaz qılacaq dərəcədə empatiya göstərirdisə, mən də Almaniyada onlara qarşı eyni anlayışla yanaşırdım. Bu yanaşma adaptasiyanı asanlaşdırır.
Həyat tərzim tam dəyişdi. Dünən dostum da dedi ki, sən artıq vaxtdan qabaq gələn, tədbirlərə gecikməyən birisən. Bu dəyişikliyin mənbəyi Alman sisteminin insanda yaratdığı nizam-intizam düşüncəsidir. Orada gördüyüm şey məni dəyişdirməklə yanaşı, dəyərlərimizə daha çox sahiblənib onlara yeni qatlar qatmağı öyrətdi. Bizim Qafqaz mədəniyyətimiz orada da sayğı ilə qarşılanır, əgər biz onu müsbət formada təqdim edə bilsək.

– Almaniyadakı ilk iş təcrübəniz nə olub?

– Universitet ərəfəsində alman dilim sıfır səviyyəsində idi. Ona görə ilk işim ot biçmək oldu. Sadə bir iş, amma o mühitdə alman sistemi ilə tanış oldum. Orada da azərbaycanlı, gürcü, moldovalı dostlarla birlikdə idik. Bu iş mənə universitet dərslərində öyrəndiklərimi praktik mühitdə yoxlama imkanı verdi.

Təhsilim boyu “Risk Management, Financial Controlling” kimi ixtisaslar üzrə dəstəkləyici kurslar alırdım. İqtisadiyyat sahəsində Almaniyada ixtisaslı olmaq tək dərslə təmin olunmur. Sertifikatlar, praktikumlar çox vacibdir. Mən SAP sertifikasiyası üzrə 17,000 avroluq proqram qazandım. 14,500 avro dəyərində bir layihəm qalib gəldi, o pulu əyləncəyə deyil, özümə investisiyaya xərclədim. Bu kurslar məni Commerz Bank-a apardı.
Səhər bankda iş, axşam SAP proqramları. Dinclik yox idi, amma mən hər addımda özümü qururdum. O dövrlərin ən vacib qazancı sistemli insan olmaq idi.

– Murad bəy, Almaniya bank sektoru ilə Azərbaycanın bank sektoru arasında nə kimi fərqlər var?

– Avropada bank sisteminə inam çox yüksəkdir. Orada insanlar depozitə pul qoyanda qorxmurlar. Faiz dərəcələri aşağıdır, çünki inflyasiya, bank batma riski azdır. Azərbaycanda faiz yüksəkdir, çünki risk faktorları var. Xalq hələ də 90-cı illərdə baş verən bank iflaslarını unutmur. Amma getdikcə inam artır. 2015-ci ildəki devalvasiya dünya trendi idi. Azərbaycan artıq bu cür sarsıntılara hazır dövlət mexanizmləri qurur.

– 44 günlük Zəfərimizdən sonra Avropa ictimaiyyəti bu mübarizəyə necə reaksiya verdi?

– O zamanlar çox duyğusal idi. Avropada bəzi dairələr bizi qınasa da, bir çox insanlar Azərbaycanın haqq yolunda olduğunu anlayırdı. Mən bunu çox hiss edirdim. Biz torpaqlarımızı qaytardıq, amma bunu sivil insanlara zərər vermədən etdik. Bu da Avropada bizi məhz "sivil qalib" olaraq tanıtdı. 30 ildən sonra dövlətimizin yumruq kimi birliyini Avropa da gördü.

– Murad bəy, işğaldan azad olunmuş torpaqlara ilk səfəriniz necə yadda qaldı?

– Mən işğaldan azad olunan ərazilərə ilk dəfə gedəndə torpaqlar tamamilə dağıdılmış vəziyyətdə idi. İndi orada quruculuq işləri başlayıb, çox abadlaşdırılıb. Oranın təmiz torpağı və havası hələ də gözümün önündədir. Bu dəyişimi görmək insanda ümid və qürur yaradır.

– Diaspor fəaliyyəti necədir? Azərbaycanlılar Avropada nə dərəcədə birlik nümayiş etdirə bilirlər?

– Açığı deyim, biz bir az fərdi xalqıq. Hər kəs qurulan birliyin başçısı olmaq istəyir. Bəzən birlik üçün atılan addımlar paxıllıqla qarşılanır. Halbuki başqa xalqlar azsaylı da olsalar, bir-birlərinə dəstək ola bilirlər. Biz isə hələ də bu məsələdə zəifik. Mən də bu sahədə çox zəhmət çəkmişəm, lakin bəzi hallarda sui-istifadə hallarına şahid olmuşam. Mən hətta qeyd edərdim, işğaldan azad olunmamışdan öncə də haqq səsimizin dünya arenasına çatdırılması üçün əlimdən gələni əsirgəmirdim.Bu məqsədlə dinc aksiyalara qoşulur və hər bir azərbaycanlının duymalı olduğu vətənpərvərlik hissini nümayiş etdirirdim.Mən ümumiyyətlə, vətənimə bağlı insanam. Dünyanın hansı nöqtəsində olsam da, azərbaycanlı olduğumu qürur hissi ilə bildirirəm.

– Avropa mədəniyyəti məsələsinə çox fokuslanırıq, amma mədəniyyət Şərqdən Qərbə yönəlib. Hazırda vəziyyəti iki ölkədə yaşayan biri kimi necə qiymətləndirərdiniz?

– 2013-cü ildə Avropaya gəldiyim zaman Almaniya sanki səssiz və sakit bir dünya idi. Amma 2015-2016-cı illərdən etibarən vəziyyət dəyişdi – terror hadisələri, sosial xaos, təhlükəsizlik narahatlıqları önə çıxdı. Sərhədlər açıldı, yoxlamalar artırıldı, insanların gündəlik həyatına təsir edən ciddi dəyişikliklər baş verdi.

– Avropada bəzi sahələrdə sistem qurulub, amma yol mədəniyyəti və ictimai nəqliyyatda vəziyyət o qədər də ürəkaçan deyil. Azərbaycanda isə əvvəllər xanımlara yer vermək adəti var idi, indi bu da azalıb. Avropada mədəniyyət deyəndə əsas dəyərlərə yox, bəzən səthi azadlıqlara fokuslanırlar...

– Bizim gənclik daha çox sosial şəbəkələr və xarici serialların təsiri altındadır. Real həyatda görünən şeylər kamera arxasında baş verənlərlə heç də eyni olmur. İnsanlar sosial mediada gördüklərini həyatın reallığı kimi qəbul edirlər. Bu, ailə dəyərlərinə ciddi zərər vurur.
Mən ora gedəndə alman dilini bilmirdim, amma özüm öyrəndim. Təəssüf ki, bəzən həmvətənlərimiz bir-birinə yardım etmək istəmirlər. Halbuki mənim başıma gələn çətinliklərdə bir kimsənin dəstəyi olmadan irəliləmişəm. Avropaya uyğunlaşmaq üçün ilk növbədə dil, təhsil və sosial bacarıqlar vacibdir.

Almanlar ailəyə bizim qədər bağlı deyillər. Uşaq doğum faizi aşağıdır. Onlar daha çox şəxsi həyat və azadlığa önəm verirlər. Amma ailə quran digər xalqlardan olanlar (məsələn, azərbaycanlılar) bu mühiti öz dəyərləri ilə zənginləşdirirlər.
Boşanmaların artmasının səbəbi kimi insanların bir-birini tanımadan evlənmələrini göstərərdim. İkinci səbəb isə sosial şəbəkələr və real ailə dəyərlərini təhrif edən seriallardır. İnsanlar kamera qarşısında olan "mükəmməl" həyatlara aldanıb öz ailə həyatlarını bəyənmirlər.

– Avropaya köçmək istəyən azərbaycanlılara nə tövsiyə edərdiniz?

– Əgər doğma ölkəndə yaşaya bilirsənsə, heç bir yer öz vətənin qədər yaxşı deyil. Amma Avropaya köçmək istəyənlər üçün ilk şərt dildir. Sonra təhsil, sosial bacarıqlar, sertifikatlar və fərqləndirici üstünlüklər gəlir. Hər kəsə arzum budur ki, harada olursa olsun, zəhməti ilə qazansın və dəyərlərinə sadiq qalsın.
Mən Almaniyaya sadəcə oxumağa getmədim. O sistemin bir parçasına çevrilib, eyni zamanda Qafqaz insanı olaraq orada da bir iz buraxdım. Dünya balaca deyil, amma bir insanın dəyəri harada olmasından asılı deyil. Şəxsiyyət, niyyət, dürüstlük harda olursa olsun tanınır. Almaniya bunu mənə öyrətdi. Və mən də ora bir az Qafqaz istiliyi, qonaqpərvərliyi gətirdim.

– Bəs bu gün Murad Calalovun gələcək planları nələrdir?

– Bunu indi daha aydın anlayıram: həyat planlarla deyil, qərarlarla formalaşır. Hər şey planladığın kimi getməyə bilər, amma düzgün niyyətlə atılan hər addım səni harasa aparır.
İndi əsas məqsədim öz sahəmdə, iqtisadiyyat və sosial inkişaf istiqamətində – Azərbaycanda və beynəlxalq arenada layihələr icra etməkdir. Gənclərə mentorluq, inkişaf proqramları, eləcə də təhsil alətləri ilə bağlı təşəbbüslər düşünürəm. Hədəfim sadəcə şəxsi karyera deyil, ümumi töhfədir.

Azərbaycan son illərdə böyük bir sıçrayış etdi. Artıq dünyanın bir çox yerində Azərbaycanın adını eşidəndə müsbət təəssüratlar yaranır. Bu həm siyasi uğurlar, həm iqtisadi islahatlar, həm də xalqın zəhmətsevərliyinin nəticəsidir. Mən isə harada olsam da, çalışıram ölkəmi, mədəniyyətimi, Qafqaz dəyərlərimizi təmsil edim. Çünki biz həm fərqliyik, həm də birik. İrəliyə doğru inamla gedirik.

– Müsahibə üçün biz sizə təşəkkür edirik.

– Gülbəniz xanım, mən də sizə təşəkkür edirəm. Uğurlarınız davamlı olsun!

Gülbəniz Hüseynli / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Avqust 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu tarixdə yerə METEOR YAĞACAQ Azərbaycandan da...

13 Avqust 2025 04:00see235

Pakistan ordusuna hücum: 9 əsgər həlak oldu

12 Avqust 2025 21:33see215

Nyu York birjasında təbii qaz bahalaşıb

13 Avqust 2025 08:53see174

Husilər PUA larla İsrailə zərbələr endiriblər

13 Avqust 2025 01:16see134

Makron Rusiya əleyhinə yeni sanksiyalar paketinin hazırlanmasından danışdı

13 Avqust 2025 19:27see133

Şimali Koreyalılar kütləvi şəkildə Rusiyaya işləməyə göndərilir

12 Avqust 2025 21:16see130

Qarabağ qalibiyyətə LAYİQ KOMANDADIR Şkendiya nın baş məşqçisi

12 Avqust 2025 22:41see128

Qarabağ UEFA reytinqində Azərbaycanın mövqeyini möhkəmləndirdi

13 Avqust 2025 10:21see127

5 min manatlıq reklam qiyməti: Blogerlər buna görə lüks həyat yaşayır AÇIQLAMA

13 Avqust 2025 19:32see125

Norveç ilə İsveç arasında dağ dişi qaz zəminində münaqişə yaranıb

13 Avqust 2025 06:28see124

Şəfa Qəbələ toplanışında 3 sınaq matçı keçirəcək AÇIQLAMA

12 Avqust 2025 21:16see124

Liverpul dan A Seriyası klubuna 35 milyon avroluq təklif

13 Avqust 2025 00:53see122

220 kiloluq qadın ərinin üstünə yıxıldı Ən qeyri adi ÖLÜM

13 Avqust 2025 22:26see121

Mərkəzi Gömrük Hospitalında təlim keçirilib

13 Avqust 2025 11:40see120

AZAL və “Gulf Air” arasında kod şerinq razılaşması imzalanıb

13 Avqust 2025 14:30see119

Rusiyanı tərk edən Puqaçovanın qonorarı yarıya endirilib...

13 Avqust 2025 18:34see119

Talassemiyanın tam müalicəsi mümkündürmü? Həkimdən AÇIQLAMA

13 Avqust 2025 15:18see119

“Qarabağ”dan dördüncü qol Yenilənir

12 Avqust 2025 20:37see118

2025 ci ildə ən çox turist qəbul edən ölkələr SİYAHI

12 Avqust 2025 16:02see117

Fənərbaxça Feyenoord matçındakı 7 qol Video

13 Avqust 2025 09:03see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri