Icma.az
close
up
RU
Heydər ƏLİYEV: Yaz, Elmira, yaz, səndə bu yaxşı alınır, mən isə...

Heydər ƏLİYEV: Yaz, Elmira, yaz, səndə bu yaxşı alınır, mən isə...

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Müsahibimiz Xalq yazıçısı Elmira Axundovadır

(əvvəli qəzetimizin 9, 10 və 11 dekabr 2025-ci il saylarında)

Heydər Əliyev üçün ağır zərbələrdən biri də Qorbaçovun SSRİ-də həyata keçirdiyi “Antialkoqol” kampaniyası oldu. Çünki Heydər Əliyev Azərbaycanın birinci katibi olanda 1970-ci illərin sonunda respublikada üzümçülüyün və şərabçılığın inkişafına çox böyük əmək sərf etmiş və diplomatik siyasi gedişlər etmişdi. L.İ.Brejnev və Kremlin ozamankı böyük məmurları onun bu layihəsinə pul yoxdur, deməsinlər deyə, Heydər Əliyev öz diplomatik ustalığından məharətlə istifadə etmişdi. Bizdə üzüm istehsalı 2 milyon tona çatmışdı. Amma Qorbaçov bir qərarla bütün bunların üstündən xətt çəkirdi. Azərbaycanda yüzlərlə hektar üzüm plantasiyaları məhv edildi!

“Heydər Əliyev: şəxsiyyət və dövr” kitabından bir epizod:

Aleksandr İvanovun müsahibəsindən:“Antialkoqol kampaniyası ilə bağlı Heydər Əliyev Rıjkovla çox sərt danışdı. Siyasi Büronun iclası Kremldə üçüncü mərtəbədə keçirilirdi, onların kabineti isə elə həmin binada ikinci mərtəbədə idi. Ona görə də onlar öz kabinetlərinə pilləkənlə düşürdülər və mübahisələri davam edirdi. Biz isə – Rıjkovun mühafizəsinin rəisi və mən onlarla yanaşı gedirdik. Heydər Əliyev deyirdi: “Belə bir qərarı necə qəbul etmək olar? Axı mən bu iş naminə nə qədər zəhmət çəkmişəm, üzümçülüyü və şərabçılığı inkişaf etdirmişəm, belə qərar qəbul etmək olarmı?” O, antialkoqol kampaniyasının əleyhinə idi. Rıjkov isə ona cavab verdi: “Axı, necə olmalıydı, siz buna səs vermədiniz deyə, mən də səs verməməliydimmi? Heç nə edə bilməzdik!” Buradan aydın görünürdü ki, Rıjkov bu qanunun lehinə səs verib, Əliyev də bundan qəzəblənib və onunla yüksək tonda, emosional danışır”.

Əliyevin nə qədər haqlı olduğunu gözləməyə elə çox vaxt lazım gəlmədi. SSRİ antialkoqol kampaniyası ilə mübarizənin birinci ilində 70-80 milyard rubl vəsait itirmişdi. 3 ildə bütün SSRİ ərazisində 1000-dən artıq şərab zavodu bağlanmışdı.

“Heydər Əliyev: şəxsiyyət və dövr” kitabından bir epizod: “Azərbaycana səfərdən qayıdan İ.Laptev respublikanın şərabçılıq və üzümçülük rayonlarındakı vəziyyət barədə Heydər Əliyevə ətraflı məlumat verdi. Bundan sonra Heydər Əliyevin rəngi qapqara qaraldı və bir müddət özünə gələ bilmədi. Ümumiyyətlə, Heydər Əliyevin yeni Baş katiblə və onun “əmrlərinə sözsüz tabe olan” əsgərləri ilə münasibətlərinin soyuması bir kənara, bu, vəhşi antialkoqol kampaniyası, xüsusilə üzüm plantasiyalarının insanlığa yaraşmayan şəkildə məhv edilməsi onun ürəyində dərin bir yara açdı”.

* * *

Mənə elə gəlir ki, bu kampaniya da dolayısı ilə elə Heydər Əliyevə qarşı yönəlmişdi, çünki Kremldə onun Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı böyük əmək sərf etdiyini çox yaxşı bilirdilər.

İkinci bir məsələ də Heydər Əliyevin birdən-birə yüksək səviyyəli tədbirlərdən uzaqlaşdırılması idi. Tədqiqatlar apararkən mən bu məsələləri də çox əsaslı şəkildə araşdırıb Qorbaçovun naqisliklərini üzə çıxardım. Bilirsiniz ki, Andropovun və Çernenkonun Baş katib olduğu vaxtlarda bütün yüksək səviyyəli qəbullarda və görüşlərdə Heydər Əliyev onların yanında olur və bu məclislərdə iştirak edirdi. Bu dövrlərdə Qorbaçov həmişə arxa planda qalırdı. Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi nəqliyyat və rabitənin, bir çox digər sənaye sahələrinin kuratoru olmaqla yanaşı, həm də Siyasi Büronun Yaxın Şərq ölkələrində siyasi xəttini həyata keçirən şəxs, bilavasitə xarici əlaqələr üzrə kurator idi. Yəni o, Siyasi Büroda Şərqin nümayəndəsi idi. Təsadüfi deyildi ki, Qərb analitikləri Heydər Əliyevi Kremlin Şərq siyasətini formalaşdıran və həyata keçirən adam hesab edirdilər. Mixail Qorbaçova qədər Heydər Əliyev bir çox xarici ölkələrə rəsmi səfərlərə gedir və Kremldə Şərq və Qərb ölkələrinin rəhbər şəxslərini qəbul edib danışıqlar aparırdı.

Qorbaçovun Baş katib olduğu dövrdə getdiyi bütün xarici səfərlərini izlədim, aydın oldu ki, bu adam bir dəfə də olsun Heydər Əliyevi nümayəndə heyətinin tərkibinə belə daxil edib xarici səfərlərə aparmayıb. Xarici ölkə rəhbərləri Moskvaya gələndə də Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevi onlarla görüşdə iştirak etməyə qoymamışdır. Amma vəzifəcə ondan aşağı olan, Siyasi Büronun üzvü olmayan adamlar görüşlərdə, rəsmi qəbullarda iştirak edirdilər.

Baxın, 1985-ci il oktyabrın 10-da Liviya inqilabının lideri, polkovnik Müəmmar Qəddafi Moskvaya səfərə gələndə Heydər Əliyev Andrey Qromıko və Eduard Şevardnadze ilə onu “Vnukova” hava limanında qarşılayırlar. Ancaq həmin gün Kremldə SSRİ–Liviya yüksək səviyyəli danışıqlarında Heydər Əliyev iştirak etmir. Hətta Qəddafinin şərəfinə verilən nahara belə onu dəvət etmirlər. Baxın, işdən çıxarılmış Nazirlər Sovetinin keçmiş sədri Nikolay Tixonov burada iştirak edir, lakin Heydər Əliyev yoxdur. Bu çox xırda bir detal kimi görünə bilər. Amma necə olur ki, ərəb, müsəlman aləminin yeni lideri Müəmmar Qəddafi ilə görüşə Kremldə, Siyasi Büroda yeganə müsəlman olan Heydər Əliyev bu tədbirlərə dəvət olunmur?

Belə faktlar kifayət qədər çoxdur və heç biri təsadüf deyil. Ən maraqlısı və Qorbaçovun bütün iyrəncliklərini, Heydər Əliyevə qarşı paxıllığını üzə çıxaran çox maraqlı bir hadisə isə 1986-cı il iyulun sonunda Türkiyənin Baş naziri Turqut Özalın Moskvaya rəsmi səfəri zamanı olub. SSRİ rəhbərliyində təmsil olunan yeganə türk oğlu türk olan Heydər Əliyevi ümumiyyətlə bu səfərlə bağlı heç bir tədbirə, hətta nahara və sənədlərin imzalanması kimi protokol mərasimlərinə belə dəvət etməmişlər. Moskvadakı əfsanəvi türk oğlu haqqında kifayət qədər məlumatlı olan Turqut Özal və onun rəhbərlik etdiyi nümayəndə heyəti buna məəttəl qalsalar da, sovet məmurları ölü bir sükut nümayiş etdirirdilər.

– Heydər Əliyevlə ünsiyyətdə olan, onunla işləyən yüzlərlə siyasətçidən, mədəniyyət və incəsənət adamından, dövlət xadimindən müsahibələr almısınız və xatirələrini yazmısınız. Onların sırasında kimi ən maraqlı, kimi ən çətin müsahib hesab edirsiniz?

– Xüsusi xidmət orqanlarının, DTK-nın işçiləri. Onların bir çoxu çəkinirdi, hər şeyi danışmaq istəmirdilər, adi epizodlarla kifayətlənirdilər. Bir neçə dəfə zəng etmək, xahiş etmək, məsələnin mahiyyətini açıqlamaq lazım gəlirdi. Amma Heydər Əliyevlə işləyənlər çox maraqlı müsahibələr verirdilər, onlarla söhbətimiz asan olurdu. Onlar indi də deyirlər ki, sizin birinci kitabınız ən maraqlı və qiymətli kitabdır. Mən də deyirəm, kitabların hamısı qiymətlidir. Məsələn, Naxçıvan dövrü beşinci kitabda əks olunub və 831 səhifədir. Kim Heydər Əliyevin Naxçıvan dövründən bu qədər yazıb?

Danışmaq istəməyənlərdən bir Kryuçkov idi - SSRİ DTK-nın keçmiş rəhbəri. Amma onun bir neçə müsahibəsi dərc edilmişdi və mən dolayısı ilə onlardan istifadə etdim. Şəxsən mənimlə görüşməyə razılıq vermədi. Bir dəfə Kryuçkova zəng vurdum. Dedi: “Mən sizə müsahibə vermərəm”. Soruşdum niyə? Dedi: “Siz DTK haqqında çox pis bir kitab yazmısınız.” Sən demə Vaqif Hüseynov, mənim “Naşirin ölümü” kitabımı ona oxutdurub. Orada da Vaqif Hüseynovun Heydər Əliyevə qarşı bütün cinayət əməllərini ifşa etmişəm. Mən də Kryuçkova dedim, sizin bu cavabınız mənim fəaliyyətimə verilən ən böyük qiymətdir.

Amma onun birinci müavini Filipp Babkov mənə müsahibə verdi. Onun Heydər Əliyevə münasibəti çox yaxşı olub və uzun illər bir yerdə işləyiblər...

Müsahibədən bir epizod:

Elmira Axundova: 1950-ci illərin ortalarında Heydər Əliyev demək olar ki, sadə bir əməliyyatçı vəzifəsinə endirildi, lakin təxminən bir-bir il yarım sonra o, tezliklə yenidən 2-ci şöbənin rəisi vəzifəsinə yüksəldi. Bunu necə qiymətləndirirsiniz?

Filipp BOBKOV: Bu, onun layiqli insan və güclü peşəkar olduğunu göstərir. Onun işgüzarlığı burada əsas rol oynayıb. Heydər həyatı boyu heç vaxt karyeraçı olmayıb və heç vaxt hakimiyyətə can atmayıb. Hakimiyyətin ona gəlməsi onun dürüstlüyünə və işgüzarlığına bir töhfədir.

* * *

...2023-cü ildə “Heydər Əliyev və DTK” kitabım çap olundu. Bu kitaba 25 müsahibəmi daxil etmişəm. O zaman arxivə girməyə çox da imkan vermirdilər və bu müsahibələr olmasaydı, kitab da olmayacaqdı. Bu kitabım da DTX-nın rəisi Əli Nağıyevin sayəsində işıq üzü gördü.

Yeri gəlmişkən, bu müsahibədə Kəmaləddin Heydərovun adını xüsusi çəkmək istərdim. Çünki onun dəstəyi olmasaydı, mən 6 aydan artıq Moskvada orturub bu materialları toplaya, müsahibələri ala bilməzdim və bu kitabların da çoxu olmaya bilərdi...

– Elmira xanım, sizcə, siyasətçilər, tarixçilər, yazıçılar, jurnalistlər Heydər Əliyev haqqında hər şeyi deyib, hər şeyi yazıblarmı?

– Yox. Özümü öymək üçün demirəm, Heydər Əliyev haqqında ən çox yazan, kitab nəşr edən mənəm. Amma yazdıqca, görürəm ki, hələ Heydər Əliyev haqqında çox kitablar yazılacaq və yazılmayan şeylər də çoxdur. Amma yenə deyirəm, həyatının son dərəcə maraqlı və gələcək nəsillər üçün böyük dəyəri olan tarixin bir çox məqamlarını yazıya köçürməməsinə təəssüf edirəm.

İndi gördüyüm işə, araşdırdığım materiallara və daha çox da 300-dən çox adamdan götürdüyüm müsahibələrə baxanda deyirəm, nə yaxşı vaxtında bunları edə bildim. Axı onunla işləyən insanların böyük bir qismi artıq həyatda yoxdur. Məsələn, indi deyirəm, nə yaxşı ki, o zaman Heydər Əliyevin şəxsi mühafizəçisi olan Aleksandr İvanovdan 5 müsahibə aldım. İndi o həyatda yoxdur. Bu adam Moskvada gecə-gündüz Heydər Əliyevin yanında idi, onun ailəsinin bir üzvünə çevrilmişdi. Ondan ilk dəfə 2003-cü ildə Moskvada müsahibə aldım. Sonra Prezident İlham Əliyev onu Bakıya gətirdi, iş verdi, çünki onu çox istəyirdilər, sədaqətli insan idi. Moskvaya qədər də o, Bakıda Heydər Əliyevin mühafizəçisi olmuşdu. Onun müsahibələri mənə 50-60 səhifəlik material verdi. Bu materiallar heç yerdə yoxdur. Bu materiallarda Aleksandr İvanovun gördüyü Heydər Əliyev və onun ailəsi, onların həyat tərzi, Heydər Əliyevin karyerasındakı çox maraqlı məqamlar, Zərifə xanımın ana, həyat yoldaşı, elm xadimi və ən əsası, böyük insani keyfiyyətləri öz əksini tapıb. Belə müsahibələr çoxdur.

– Elmira xanım, Heydər Əliyev çox nadir siyasətçilərdəndir ki, son dərəcə maraqlı və zəngin həyat yaşamış olsa da, bunları heç vaxt qələmə almayıb. Bununla bağlı Heydər Əliyevlə söhbətiniz olubmu?

– Olub, həm də çox olub. Bu mənim üçün ən ağrılı mövzudur. 1990-cı illərdən başlayaraq bir neçə dəfə bu haqda söhbətimiz olub. Hətta Naxçıvanda onunla söhbətlərimdən birində dedim: “Heydər Əliyeviç, mən Bakıda kondinsioner zavodunun tikilməsindəki xidmətinizə görə sizə minnətdaram. Çünki biz həyət evində yaşayırdıq, damımız qırla örtülmüşdü. Yayda evdə nəfəs ala bilmirdik”.

Dedi: “Elmira, sən bilirsənmi mən bu zavodun Bakıda tikilməsinə hansı çətinliklərdən sonra nail olmuşam?” Dedim: “Yox”. Dedi: “İstəyirsən, danışım?” Dedim: “Əlbəttə, istəyirəm”. Onda Ulu öndər mənə bu zavodla bağlı çox uzun bir tarixçə danışdı və mən gördüm bu insan nə qədər böyük fədakarlıqla, ağılla buna nail olub.

Bunları danışıb qurtarandan sonra dedim: “Heydər Əliyeviç, çox yaxşı olardı siz bunları bir memuar kimi yazasınız. Bu çox yaxşı olardı”. Dedi: “Mən bu barədə fikirləşirəm. Hətta bəzi qeydlərimi etməyə başlamışam. Çünki mən çox böyük, zəngin və mənalı bir həyat yaşamışam. Kimlərlə işləməmişəm?! Bütün bunları gələcək nəsillərə çatdırmaq lazımdır”.

Bu söhbətimizdən bir neçə il keçdi. Heydər Əliyev artıq müstəqil Azərbaycanın prezident idi. Səfərlərin birində maraqlı bir epizod oldu və mən yenə bunu ona dedim: “Heydər Əliyeviç, axı siz deyirdiniz memuar yazacaqsınız. Bəs nə oldu?” Dedi: “Elmira, mənim vaxtım var?” Dedim: “Bəs Qorbaçovun, Yeltsinin vaxtı var?”. Dedi: “Nədi ki?” Dedim: “Qorbaçov artıq beşinci kitabını çap etdirir. Yeltsininsə ikinci kitabı nəşr edilib”. Əlini yelləyib dedi: “Ehh, sənin Yeltsininin içkidən başı ayılır ki, kitab yazsın. Elə bilirsən özü yazıb onları? Onun ətrafındakılar yazıb. Bəlkə özü heç oxumayıb onları. Mən isə alışmışam ki, hər işi özüm görüm. Əgər memuar yazsam, gərək hər şeyi özüm yazam, özüm hər şeyə baxam”.

Sonra öyrəndim ki, onun yanına ABŞ-dan “BBC”dən jurnalistlər gəliblər və təklif ediblər ki, memuarlarını götürsünlər. Neçə gün oturublar, Heydər Əliyev onları qəbul etməyib. Sonra yenə özü mənə danışdı ki, Müslüm Maqomayev də gəlib ona təklif edib, tanınmış istedadlı jurnalistlər, yazıçılar gətirsin onun memuarlarını yazsınlar. Ona da deyib ki, vaxtım yoxdur.

Sonralar, səhv etmirəmsə, 2002-ci ilin axırları idi, mən yenə Heydər Əliyevlə yaxın olan bir adama dedim, “bəs kişi mənə söz vermişdi memuarlarını yazacaq. Amma bir xəbər yoxdur”. Mənim sözlərimi ona çatdırmışdılar və artıq bu dəfə tam başqa cür yanaşmışdı. Bundan imtina etməmişdi və demişdi, “yaxşı, onda qoy Elmira bu memuarlar kitabını necə görmək istəyir, hansı suallara aydınlıq gətirmək lazımdır, kitab hansı üslubda yazılacaq, bu haqda qeydlərini yazıb göndərsin”. Mən kitabın planını da hazırladım, birinci kitab üçün sualları da tərtib etdim. Yadımdadır, onları İlham Heydər oğlunun vasitəsilə Heydər Əliyevə çatdırdım, o da atasının bu işə başlamasının böyük tərəfdarı idi. Lakin bu ideya reallaşmadı.

Sonra demişdi ki, Elmira da olacaq, Moskvadan da bir neçə tanınmış publisist, jurnalist dəvət edərik və bu işə başlayarıq”. O istəyirdi bu işi görmək üçün komanda olsun. Yəni vaxt itirmədən, uzun sürməsin deyə, bu, daha gözəl bir iş olardı. Amma o da alınmadı. Çünki bundan az bir müddət sonra xəstələndi... (Elmira xanımın gözləri dolur və bu məqamda qubar ona danışmağa imkan vermir.)

2003-cü ildə mən “Həqiqət anları” kitabını ona göndərdim. 2003-cü il aprelin əvvəlində kabinetdə işləyirdim, zəng gəldi. Heydər Əliyevin köməkçisi Tariyel Ağayev dedi, “cənab Prezident sizinlə danışmaq istəyir”. Heydər Əliyev dedi ki, onun 80 illiyi münasibətilə yazdığım “Həqiqət anları” kitabımı alıb. Kitab onun çox xoşuna gəlmişdi. Özü dedi: “Bu günlərdə Tariyel sənin yeni kitabını mənə verib. Afərin! Bilirdim ki, sən mənim səfərlərim barədə çox yazırsan. Həm Moskva mətbuatında, həm də yerli mətbuatda sənin məqalələrini oxuyurdum. Lakin bütün bunları qoruyub saxlamağın, onları sistemli şəkildə işləməyin və öz kitabında bu cür uğurlu şəkildə təqdim etməyin mənim üçün gözlənilməz və çox xoşağələn bir hal oldu. Sağ ol!”.

Birinci zəngində mənə mənzil hədiyyə etdiyini dedi, sonra zəng vurdu ki, mənzilin hazırdı, gedib baxa bilərsən. Dedi: “Elmira, sən məni iki dəfə sevindirmisən. Birinci dəfə “Naşirin ölümü” kitabını, ikinci dəfə də “Həqiqət anları” kitabını nəşr etdirib mənə göndərəndə. Bunlar çox qiymətli tarixi kitablardır. Mən istəyirdim kimsə bunları yazıb nəşr etdirsin”.

Onda mən öz niyyətimi onunla bölüşdüm: “Heydər Əliyeviç, Sizin bioqrafiyanızı yazmaq istəyirəm”. Çox uzaq bir səfərə könülsüz yollanan bir adam kimi belə cavab verdi: “Yaz, Elmira, yaz. Səndə bu yaxşı alınır, mən isə … özün görürsən ki, vaxtım çatışmır”.

Bu sözlər indiyə qədər qulağımda səslənir: “Yaz, Elmira, yaz. Səndə bu yaxşı alınır…”. Bir müddətdən sonra onun dediyi bu sözləri düşünəndə, dedim, ay Allahım, O, bilirmiş ki, əcəl yaxındadır. Bu, onun vəsiyyəti imiş. Bu, Heydər Əliyevin özünün mənə verdiyi xeyir-dua idi...

– Heydər Əliyevin Elmira Axundovanın yaradıcılığında yeri müəyyən mənada aydındır, bəs taleyində rolu nədir?

– Mənim üçün çox maraqlı sualdır. Çünki Heydər Əliyev həqiqətən mənim taleyimdə çox böyük rol oynayıb. Bu dahi insan mənim həyatımı dəyişib. Heydər Əliyev olmasa, mən adi bir jurnalist olacaqdım. Onlarla istedadlı, savadlı həmkarlarımdan biri kimi qələmim və ağlımla ailəmi dolandırardım, başqa heç nə olmayacaqdı.

Mənim bəxtim onda gətirdi ki, Heydər Əliyev mənim yaradıcılığımı bəyəndi, qəbul etdi və məni öz yanında görmək istədi. Əlbəttə, Ulu öndər mənə böyük vəzifə verməyib, amma yaradıcılığımın parlaması üçün mənə meydan açıb. Mənə bütün dünyanı göstərib.

– Axı vəzifələr təklif edib, siz nədənsə qəbul etməmisiniz...

– Bəli, olub, nə gizlədim. Birinci dəfə, 1994-cü ildə “Azərbaycan” qəzetinə baş redaktor vəzifəsini təklif etdi. Düşündüm ki, burada işləsəm, bununla da yaradıcılığım məhdudlaşacaq. Özünüz düşünün də, Heydər Əliyevlə dünyanı gəzib-dolanmasaydım, bütün bunları edə bilərdimmi? Yox! Əlbəttə, onun yanında olacaqdım, amma müşavirələrdə oturacağam, onun toplantılarından materiallar dərc edəcəkdim. Amma canlı ünsiyyət olmayacaqdı.

İkinci dəfə, o zaman dövlət müşaviri işləyən Qabil Hüseynli çox təkidlə mənə AzərTAC informasiya agentliyinin direktoru vəzifəsini üzərimə götürməyimi təklif etdi və dedi, bu, Heydər Əliyevin təklifidir. O zaman Şamil Şahməmmədov xəstələnmişdi və Heydər Əliyev istəyirdi ki, agentliyə mən rəhbərlik edim. Mənim üçün nə qədər çətin olsa da, bu təklifi də qəbul etmədim. Amma Ulu öndər məndən incidi. Heydər Əliyev heç kimə ikinci dəfə vəzifə təklif etməyib. Bircə Əhməd Əhmədzadədən başqa. O da Azərbaycana birinci dəfə rəhbərlik edən vaxtlarda. Əhməd müəllim müsahibəsində bu barədə mənə bildirib. Mənə də ikinci dəfə təklif etdi və imtina etdim.

Mən çox xoşbəxt insanam, çünki Heydər Əliyevin yanında çox maraqlı və dəyərli bir onillik yaşamışam. Polad Bülbüloğlu demişkən: “Mənim ən qiymətli diplomum Heydər Əliyev komandasında olmağımdır”. Bu, bir Akademiya idi. Bu, 10 il mənim həyatımı dəyişdirdi və mən Heydər Əliyevin tanınmış bioqrafı oldum. Bu, Heydər Əliyevin sayəsində mümkün oldu.

Heydər Əliyev 1999-cu ildə birinci dəfə xəstələnəndə ona məktub yazdım: “Heydər Əliyeviç, Siz tezliklə Vətənə qayıdın, sizsiz jurnalistlər heç nə yaza bilmirlər. Sizsiz heç nə baş vermir və biz də heç nə yaza bilmirik”. Məktub çox xoşuna gəlmişdi. Sonra bu məktubu qəzetdə çap etdirdim.

Xoşbəxtlik bilirsiniz nədə idi? Az adam olar ki, Yaponiya İmperatorunun sarayına girə bilsin, NATO-nun mənzil-qərargahında olsun. Mən girmişəm və Heydər Əliyevin sayəsində girmişəm. Bütün dünyanı onunla gəzmişəm. Lüksemburq sarayına girə bilərsiniz?

− Girmişəm Elmira xanım, 1994-cü ildə Heydər Əliyev ilk dəfə müstəqil Azərbaycanın Prezidenti kimi xarici səfər çərçivəsində Fransaya getdiyi zaman, mən də onun komandasında idim...

− Bax, görürsünüz, Heydər Əliyevin sayəsində. Heydər Əliyev BMT-nin tribunasında 1994-cü ildə çıxış edəndə mən zalda oturmuşdum və heyranlıqla ona qulaq asırdım. Bütün bunları yazdım və bütün bunlar böyük sənədli-tarixi əsərlərə çevrildilər.

– “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabından belə bir nəticə hasil olur ki, Heydər Əliyevin siyasəti və yolu yeni obrazda, yeni bir ruhda davam edir. Bu sizin qənaətinizdir, yoxsa reallıq bunu deyir?

− Şübhəsiz, bu belədir. Reallıq budur. Mən o kitabımda yazmışam, “Bəzən elə olur ki, şagird ustadından da irəli gedir”. Nə qədər parodoksal səslənsə də, XX əsrdə Heydər Əliyevin başa çatdıra bilmədiyi işləri Prezident İlham Əliyev çox böyük uğurla həyata keçirdi. Təkcə İkinci Qarabağ müharibəsində Zəfər qazanmadı, bütün Azərbaycanın simasını dəyişdirdi. Bizim regionların siması yeniləşdi, müasir şəhərlərə çevrildilər.

Milli Məclisin deputatı olan vaxtlarda tez-tez seçicilərlə görüşdüm. Adətən, bu görüşlərdə onlar yoldan, sudan, qazdan şikayətlənirdilər. Bir dəfə məndən nə tələb etsələr yaxşıdır? “Xanım deputat, müvafiq orqanlara deyin, bizim kəndləri yüksək sürətli internetlə təmin etsinlər”. Dedim, maşallah, görün hara gəlib çatmışıq.

Demək istəyirəm ki, Heydər Əliyev dahi insan idi. Ömür ona imkan vermədi Qarabağ məsələsini başa çatdırsın. Amma onu da danmaq olmaz ki, bu istiqamətdə çox nəhəng işlər gördü. Mənim kitablarımda ayrıca bir bölmə var ki, Ulu öndər bu istiqamətdə hansı işləri gördü. Dünya ictimaiyyətini 2020-ci il Zəfərinə hazırladı. Bu, çox mühüm bir məsələ idi. İlham Əliyev isə Zəfəri reallaşdırdı.

İlham Əliyev XXI əsrin siyasətçisidir. Müasir tendensiyaları bilir, dünyanın əsas aktorları ilə çox ağıllı siyasi dialoq aparır, regional liderə çevrilən Azərbaycanın beynəlxalq aləmdə mövqeyini möhkəmləndirir, Avropanın təhlükəsizliyinə töhfələrilə ölkənin nüfuzunu qaldırır.

Bu mənada, əlbəttə, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin arzularını gerçəkləşdirən siyasi liderdir, onun yolunu uğurla, şərəflə davam etdirir.

Müsahibəni qələmə aldı:
İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri