Icma.az
close
up
RU
Düz yaz, səhv yaz, amma özün yaz...

Düz yaz, səhv yaz, amma özün yaz...

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Son vaxtlar süni intellektdən istifadə plagiatlıq həddinə çatıb

Son vaxtlar hər hansı bir yazını oxuyarkən içimdə qəribə bir sual yaranır: “Bu yazını insan yazıb, yoxsa süni intellekt?” Oxuyursan, cümlələr yerli-yerindədir, səliqəlidir, sözlər bir-birini tamamlayır, bəzən aforizmlər, bəzən poetik təsvirlər... Yəni hər şey “ideal” görünür. Amma bir şey çatışmır. Görürsən ki, yazı var, hiss yox. Söz var, nəfəs yox. Nə qədər gözəl olsa da yapışmır ki, adama yapışmır. 

Halbuki bir zamanlar belə cümlələrə rast gəlmək oxucunu heyran qoyurdu. İndi isə “çox güman ki, ChatGPT yazıb” deyib keçiriksə, deməli, nəsə dəyişib.

Baxın, məsələn, bu cür cümlələr sosial şəbəkələrdə, bloqlarda, bəzən isə peşəkar media platformalarında da tez-tez rastımıza çıxır: “O baxışlar hələ də qəlbimin pəncərəsində gözləyir.” Bu cümlə sanki gözəl səslənir, amma içində real hiss varmı? Qəlbdə pəncərə varmı? Baxış ora necə daxil olur? Yox. Bu, sadəcə ritmik səslənən, emosional təsir yaratmağa çalışan, amma içi boş bir bəzəkdir. Bu cür ifadələr ilk oxunuşda romantik görünsə də, onları diqqətlə oxuyanda hiss edirsən: bu sözlərdən heç nə keçmir.

Süni intellektə komanda verib “romantik yazı yaz” deyəndə, o yüzlərlə belə cümlə təqdim edə bilər. Amma süni intellekt heç vaxt gecə saatlarında kiminsə mesajına cavab gözləməyib, itirdiyi birini ağlamayıb, dəyər verdiyi bir insanı daha heç vaxt görə bilməyəcəyini dərk edib boğazında düyün hiss etməyib. Bunları bilməyən, yaşamayan bir varlıq necə real hissləri çatdıra bilər ki?

Məsələ təkcə ədəbi yazılarda deyil. Jurnalistika da bu tendensiyadan ciddi şəkildə təsirlənib. Bəzi redaksiyalar, bəzi saytlar süni intellektin yazdığı materialları olduğu kimi, təftiş etmədən, redaktə etmədən, faktları yoxlamadan oxucuya təqdim edir. Səbəb sadədir: vaxt azdır, iş çoxdur, süni intellekt isə “çox yazır, tez yazır”. Amma bu, jurnalistika deyil.

İnsan təcrübəsi, müşahidəsi, düşüncəsi ilə yaranmayan, sadəcə “ağıllı alqoritm” tərəfindən avtomatik qurulan mətnin imzasız və izahsız şəkildə mətbuata təqdim edilməsi həm etik qaydalara ziddir, həm də oxucunun etibarını sarsıdır.

Yazının arxasında kiminsə dayandığı hiss olunmalıdır. Oxucu bilməlidir ki, bu yazı bir mövzunun arxasınca düşən, fakt toplayan, müşahidə aparan, analiz edən bir jurnalistin məhsuludur. Yoxsa süni intellektin düşünmədən 5 saniyəyə sənə təqdim  etdiyi, heç bir məsuliyyət daşımayan mətn deyil.

Təbii ki, süni intellektə yamamilə faydasız demək insafsızlıq olardı. O, yazı prosesində köməkçi rolunu oynaya bilər. Başlıq təklifi, plan qurmaq, faktları bir yerə yığmaq, hətta ilkin qaralama hazırlamaq baxımından alət kimi yararlıdır. Amma son məhsulda, yəni oxucunun qarşısına çıxan o yazıda insan izi olmalıdır. Çünki oxucu ilə dialoq qura biləcək yeganə varlıq məhz insandır.

Yazı təkcə məlumat vermək deyil. Yazı, müəllifin içindən keçib gələn bir axındır. Səni düşündürən, ağrıdan, sevindirən, qorxudan nə varsa, onu ifadə etməkdir. Süni intellektin belə bir qabiliyyəti yoxdur, ola da bilməz! Onun üçün ölüm bir anlayışdır, amma sənin üçün itirdiyin atandır, qoxusu yadında qalan nənəndir, qəfil bu dünyadan köç edən dostundur, başqa bir doğmandır. O yazıya çevriləndə, o zaman oxucu oxuduğu sözlərin arxasında hiss tapır, həyat tapır.

Bu yerdə media qurumlarına və redaktorlara bir neçə real və faydalı təklif vermək istəyirik. Bizə belə gəlir ki, süni intellektin iştirak etdiyi mətnlərdə şəffaflıq  olmalıdır. Əgər bir yazının hazırlanmasında süni intellektin rolu olubsa, zənnimcə bu barədə məlumat verilməlidir. “Bu məqalə süni intellektin köməyi ilə hazırlanıb” kimi bir qeyd kifayət edər. Bu, həm oxucunun haqqıdır, həm də medianın etikasına uyğun bir addımdır. Onsuz da sonda sənin imzan olacaq, qoy olsun. Amma oxucunu aldatmamaq, doğru söyləmək müəllifin ucalığıdır.

Redaksiyalar gənc jurnalistləri yazmağa təşviq etməli, ruhlandırmalıdır. Onlara müşahidə, təhlil etməyi, düşüncələrini ifadə etməyi öyrətmək üçün mütəmadi yazı müsabiqələri təşkil edilməlidir. Yazı yazmaq, əslində, zamanla formalaşan bir bacarıqdır və bunu tənbəl alqoritmlərə həvalə etmək, jurnalistika ruhunu öldürmək deməkdir.

 Redaktorlar müəllif yazılarını daha çox önə çəkməlidirlər. Şəxsi məqalələr, analizlər, reportajlar... Bunlar jurnalistikanın şah damarıdır. Yad mətnlərlə sayt doldurmaq, gündəlik layk toplamaqla qısa müddətli fayda əldə etmək olar, amma çox çəkməyəcək ki, bu, oxucunun saytdan uzaqlaşmasına səbəb olacaq.

Əziz oxucu, sən yazanda sən danışırsan. Bəlkə sözlərin səliqəli deyil, bəlkə cümlələrin natamamdır, amma səmimidir. Bəlkə bir abzasda üç dəfə eyni şeyi təkrar etmisən, amma hər dəfəsində içindən keçəni yazmısan. Bax, bu yazıdır.

Yazmaq üçün diplomun, fəxri adın, tanınmış imzan olmasa da olar. Sadəcə yaz. Ananla bağlı xatirə, kəndə gedəndə gördüyün yaşlı bir adam, uzun illərdən sonra rastlaşdığın uşaqlıq dostun... bunlar yazıya çevriləndə, sən orada özünü görürsən, özünü tapırsan.

 Unutma, sən yazmayanda səni heç kim eşitmir. Süni intellekt sənin əvəzinə hiss edə bilməz. Sənin bir səmimi cümlən, min pafoslu robot yazısından daha dəyərlidir.

Düz yaz, səhv yaz, amma özün yaz. Çünki yazının canı müəllifin nəfəsidir. O nəfəsin içində səs var, duyğu var, həyat var.Və ən əsası sən varsan. 

Hamlet Qasımov, 

XQ-nin bölgə müxbiri, 

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri