Heydər Əliyevin ana dili konsepsiyasının nəzəri tədqiqi
Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan dövlətçiliyinin zəngin ənənəsi milli dövlətçilik prinsiplərinə əsaslanaraq milli varlığı özündə ehtiva edən milli dilin inkişafına zəmin yaradır. Dilin ünsiyyət vasitəsi kimi inkişafı ictimai münasibətlər əsasında meydana çıxır və buna görə də dövlətçilik prinsipi dilə siyasi amil kimi yanaşaraq onun hüquqi statusunu və fəaliyyət qaydalarını təyin edir.
Aparılan dil siyasətində dilin funksional imkanları dövlət tərəfindən qanunlar çərçivəsində həyata keçirilir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlət dilinin inkişafı ilə apardığı dil siyasətinin konseptual əsaslarının müəyyənləşdirilməsi dilçiliyin qarşısında duran əsas vəzifələrdəndir. Bu baxımdan, professor Mahirə Hüseynova və Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” monoqrafiyasında qoyulan problemlər aktuallığı ilə seçilir. Bu dəyərli tədqiqat ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur.
Monoqrafiyada Heydər Əliyevin apardığı dil siyasəti, onun dövlətçiliyin əsas atributlarından biri kimi funksionallaşmasını şərtləndirən cəhətlər təyin edilərək elmi-nəzəri əsasları müəyyənləşdirilmişdir. Əsərin giriş hissəsində ana dilinin inkişafına dair konseptual xüsusiyyət kəsb edən zəruri aspektlər təyin edilmiş və dillə bağlı meydana çıxan problemlərin operativ həllinə təsirini göstərən mühüm amillər, milli demokratik dövlət quruculuğu prosesində aparılan dil siyasəti etnik-mədəni mövcudluğumuzun kontekstində təhlil edilmişdir.
Ümummilli lider Heydər Əliyevin vahid ümumi məqsədə yönələn Azərbaycan dilinin inkişaf konsepsiyasının istiqamətlərinə həsr olunan əsər üç fəsildən və əlavə hissədən ibarətdir. Əsərin birinci fəslində dövlətçilik və dil siyasəti, dövlətçilik və dil quruculuğu, dövlət dil konsepsiyası anlayışları geniş şəkildə təhlil olunmuşdur.
Dövlətin yeritdiyi dil siyasəti dövlət dilinin inkişafını tənzimləyir. Dil quruculuğu prosesini planlı şəkildə həyata keçirən dövlət siyasəti ayrı-ayrı fərdlərin mənafeyini deyil, millət və xalqın mənafeyini özündə əks etdirir. Bu baxımdan, milli və mənəvi dəyərləri yüksək qiymətləndirən Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi inkişafı və yüksəlişi uğrunda davamlı olaraq mübarizə aparmışdır. Monoqrafiyada dövlətçiliyinin inkişafı və onun atributlarının formalaşması əsaslandırılaraq, Azərbaycan dövlətçiliyində Heydər Əliyev və dil quruculuğu prosesi, dövlətçilik və dil siyasətinin istiqamətləri araşdırılmışdır.
Müəlliflər dil quruculuğunda dil siyasətinin geniş sosial siyasi məzmununu linqvistik məzmunla qarşılıqlı əlaqədə götürür və aparılan dil siyasəti hər şeydən əvvəl dövlətçiliklə əlaqələndirilir. Dövlət tərəfindən aparılan dil siyasətinə cəmiyyətdə onun sosial mövqeyindən irəli gələn tələbata uyğun olaraq məqsədyönlü hərəkət kimi yanaşılır. Dil siyasətinin əsas məqsədi aydınlaşdırılaraq, onun obyektiv hüdudları müəyyənləşdirilir.
Azərbaycanşünaslıqda milli dil siyasətinin həyata keçirildiyi ən yeni dövr Heydər Əliyevin adı ilə bağlı olması ilə bağlı qeyd edilir ki, bu siyasətin başlıca məqsədi Azərbaycan dilinin dövlət dili kimi qorunması, möhkəmlənməsi və inkişaf etməsinin təminatının yaradılmasıdır. Əsərdə ictimai həyatda dövlət quruculuğunda dilin tutduğu mövqe yüksək dəyərləndirilir və bu məsələnin həlli aparılan düzgün dil siyasəti ilə əlaqəli şəkildə araşdırılmışdır.
Ulu öndər Heydər Əliyevin dil siyasətinin aparılmasında mövqeyinin sabitliyi Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsinə və onun bütün sahələrdə inkişafına təminat verilməsi nəticəsində dil dövlətçiliyin əsas atributlarından hesab edilərək, kitabda dilin funksionallaşmasını şərtləndirən cəhətlər təyin edilərək onun qorunmasının və inkişafının əsas amilləri müəyyənləşdirilir.
Azərbaycan dilinin dövlət dili adlandırılmasının siyasi mahiyyəti odur ki, dövlət dili böyük ictimai-siyasi hadisədir, dilin rəsmi, diplomatik, hüquqi sənədlərdə, inzibati orqanlarda, hərbi sahədə dil kimi işləkliyi təmin edilsin. Əsərdə dövlətçilik quruculuğunda dil siyasətinin bu hədəfi, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba problemləri, tarixilik, müasirlik, varislik və ənənə əsas prinsiplərdən biri kimi götürülür.
Azərbaycan xalqının milli müstəqillik və dövlət müstəqilliyi əldə etdiyi dövrdə isə yürüdülən dil siyasəti milli dilin inkişaf etdirilməsinin təməl daşları olaraq qəbul olunur və onun ideyaları fundamental konseptual əsaslarda inkişaf etdirilir. Dili millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biri hesab edən Azərbaycanın dahi rəhbəri öz praktik fəaliyyəti ilə elmi-pedaqoji mühitdə Azərbaycan dilinin tətbiqi məsələlərinin genişləndirilməsi strateji gələcəyə hesablanmış bir təşəbbüsdür.
Əsərdə ana dilinin respublikanın dövlət dili səviyyəsində inkişafında dil məsələsinə xalqın mənəvi problemlər kontekstində yanasilir və ana dilinin müxtəlif istiqamətlərdə inkişafı üçün perspektivləri müəyyənləşdirilir. Azərbaycan müstəqilliyini qazandıqdan sonra milli şüurun inkişafı, demokratik cəmiyyət yaranması ana dilimizin tətbiq sahəsini genişləndirməyi bir zərurətə çevirdi.
Monoqrafiyada XX əsrin əvvəllərində dövlətçilik və dil siyasəti, XX əsrin 20–60-cı illərində Azərbaycan Respublikasında dil siyasəti, ötən əsrin 60–80-ci illərində milli dövlətçilikdə dil siyasəti, Azərbaycan dilinin inkişafında Heydər Əliyev mərhələsi geniş şəkildə araşdırılmışdır. Bu mərhələlər müəyyənləşdirilən zaman dövlətçilik və dil siyasəti, dövlət dil konsepsiyası, dil quruculuğunun istiqamətləri, Azərbaycan dövlət dil siyasətinin formalaşması tarixi və müstəqillik illərində dil quruculuğu prosesi ardıcıllıqla tədqiq olunmuşdur. Əsərdə Heydər Əliyevin Azərbaycan dilinin inkişaf konsepsiyası ilə bağlı apardığı dil siyasəti iki mərhələyə ayrılmış və milli dilə münasibət və onun tətbiq sahələri xarakterizə edilmişdir.
Ulu öndər Heydər Əliyevin apardığı dil siyasətində respublikanın milli-ictimai maraqları əsas götürülərək ana dili müstəqil dövlət dili kimi inkişaf etdirilmişdir. Ümummilli liderin Azərbaycan dilinin dövlət dili kimi inkişafı ilə bağlı 1969–2003-cü illərdə apardığı dil siyasəti rəsmi sənədlər əsasında xarakterizə edilmişdir. Heydər Əliyev Azərbaycan dilinin tarixi keçmişinin tədqiqi ilə bağlı işlərin gücləndirilməsi ilə yanaşı, müstəqillik illərində Azərbaycan dilinin tətbiqi ilə bağlı mövcud problemləri də daim diqqət mərkəzində saxlamışdır.
Azərbaycan dilinin dövlət dili statusunun hüquqi cəhətdən tənzimlənməsi və dövlətçilikdə dil problemlərinin həlli istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsinə ilkin olaraq ulu öndər imza atmışdır. Heydər Əliyev epoxası kimi tarixə daxil olmuş bu dövr Azərbaycan dilinin beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması ulu öndərin düşünülmüş və uzaqgörən dil siyasətinin nəticəsində olmuşdur.
Əsərin sonunda Prezident İlham Əliyevin ana dilinin dövlət dili statusunun qorunması və onun inkişafını şərtləndirən dil quruculuğu siyasəti də tədqiq olunmuşdur. Dövlət başçısı İlham Əliyevin dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu strateji xətti inkişaf etdirməsi əsaslandırılmışdır. Bununla da Azərbaycan dilinin inkişafı ilə bağlı aparılan konsepsiyanın birmənalı şəkildə ana dilinin dövlət dili kimi tətbiqi, sabit qayda-qanunlar və əsaslı təməllər üzərində təkmilləşməsi yolları müəyyənləşdirilmişdir.
Əsərdə Heydər Əliyevin dövlət dili siyasətinin əsas prinsipləri ilə bağlı irəli sürülən və zəngin faktlarla əsaslandırılan dövlətçilik və dil haqqında müddəalar azərbaycançılıq ideologiyasının son illərdəki nailiyyətlərinin parlaq təzahürüdür. Professor Mahirə Hüseynova və professor Sayalı Sadıqovanın “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası” əsəri milli varlığımız olan Azərbaycan dilinin möhkəm təməllər üzərində inkişaf konsepsiyasını müəyyənləşdirən fundamental tədqiqat əsəridir.
Geniş və çoxcəhətli problemləri özündə ehtiva edən bu əsər dilçiliyimiz üçün dəyərli bir mənbədir. Əsər dilin sosiolinqvistik aspektdən tədqiqinə, nəzəri qənaətlərin və müddəaların formalaşdırılmasına istiqamət verir. Azərbaycan filologiyasında əhatə dairəsi və yüksək elmliyi ilə seçilən poliqrafik baxımdan da yüksək səviyyədə nəşr olunan bu monoqrafiya Azərbaycan dilçiliyi üçün əhəmiyyətli bir əsərdir.
Möhsün NAĞISOYLU,
AMEA-nın müxbir üzvü
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 03 Fevral 2026 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















