Icma.az
close
up
RU
Heydər Əliyevin ədəbiyyata xüsusi marağı vardı

Heydər Əliyevin ədəbiyyata xüsusi marağı vardı

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Xalq yazıçısı, publisist Elmira Axundova "Heydər Əliyev və yaradıcı ziyalılar" mövzusu üzərində işləyir. 2-cildlik kitab bu ilin payızında işıq üzü görəcək. Kitabın 2-ci cildində Elmira xanımın görkəmli sənət adamlarıyla çox maraqlı, eksklüziv söhbətləri yer alacaq.

Bu söhbətlərdə təkcə dahi Heydər Əliyevin obrazı, yaxud bu və ya digər cəhəti deyil, elə müsahiblərin özləri də oxucu üçün bəzən gözlənilməz, naməlum tərəflərdən açılır. Onlar müəlliflə canlı, səmimi, bəzən çox məhrəm dialoq aparır, təkcə müsahibənin qəhrəmanı barədə deyil, həm də öz həyatları haqda danışırlar və quru rəsmiyyətdən uzaq söhbətlər oxucu ictimaiyyətində şəksiz maraq doğurur.

Mart ayından başlayaraq söhbətlərdən bəzilərini "525-ci qəzet"də çap etməyə qərara almışıq. Təqdim etdiyi eksklüziv materiallara görə Elmira Axundovaya minnətdarlıq bildiririk.

Elmira Axundova - Elçin müəllim, Siz Heydər Əliyevlə ilk dəfə nə zaman və hansı şəraitdə tanış olmusunuz?

Elçin - 1975-ci ildə. Cəmi 31 yaşım var idi, yəqin ki, o vaxt üçün mən respublika Yazıçılar Birliyinin tarixində ən cavan katib idim.

1974-cü ildə Yazıçılar İttifaqının plenumunda İmran Qasımovu birinci katib seçdilər. Bir müddət sonra o, mənə bu rəhbər vəzifəni təklif etdi. O vaxt məni çox çap edirdilər, o cümlədən Moskvada da. 1972-ci ildə mən "Drujba narodov" jurnalının "Ən yaxşı ədəbi-tənqidi məqaləyə görə" mükafatını almışdım. İmran müəllimdə yeniliyə meyillilik var idi, o, konservativ əyalətçilikdən yaxa qurtarmaq, rəhbərlik üslubunu dəyişmək, Yazıçılar İttifaqına yeni ab-hava gətirmək istəyirdi.

Əlbəttə, bu, Heydər Əliyevin təyinatı idi; sovet dövründə yaradıcı təşkilatların birinci katibləri məhz təyin olunurdular, - indi niyə gizlədək. Və mən düşünürəm ki, Heydər Əliyev onu təyin edərkən cavanların irəli sürülməsini, o cümlədən Yazıçılar Birliyi rəhbərliyinə cəlb edilməsini məsləhət görüb.  

Heydər Əliyev İmran Qasımovun təklifini dəstəklədi. Bir dəfə - 70-ci illərin əvvəllərində Heydər Əliyev iclasların birində mənim çıxışımı dinləmişdi. Mən orada gənclərin adından danışdım, çıxış onun da xoşuna gəlmişdi. Bu barədə o, Teymur Əliyevə söyləmişdi. Bundan başqa, "Kommunist"in redaktoru Ağababa Rzayev də bir dəfə ağzından qaçırdı ki, Heydər Əliyev "Elçinin yazısını bəyənib". Təəccüblüdür ki, o, çox məşğul olmasına baxmayaraq, respublikanın ədəbi həyatını izləyir və mütaliə üçün də vaxt tapırdı. Mən respublika mətbuatında çap olunanda bilirdim ki, "birinci" oxuyacaq, bu da həm məsuliyyət, həm də güvənc hissi yaradırdı...

E.A. - Bununla belə, qayıdaq Heydər Əliyevlə ilk görüşünüzə. Söhbət nədən getdi, o, Sizə gələcək işinizlə bağlı məsləhət verdimi?

Heydər Əliyev ziyalılar haqqında

E. - O, mənimlə çox açıq danışdı. Heydər Əliyevdə "millilik" adlandırdığımız cəhət məni heyrətləndirdi. Məsələn, o deyirdi: "1937-ci ildə Azərbaycan ziyalılarını amansızcasına məhv edirdilər, - bunu deyərkən dönə-dönə Hüseyn Cavidin adını təkrarlayırdı, - indiki Azərbaycan ziyalıları - Stalin dövründə formalaşmış ziyalılardır. Və onlarda həmişəlik qorxu qalıb. Yaşlı nəsil nümayəndələrinin əsərlərində beynəlmiləlçilik hissi... həddindən artıq, hipertrofikdir. Mən istəyirəm ki, sizin nəsliniz milli zəminlə, Azərbaycan nağılları, Azərbaycan folkloru ilə daha sıx bağlı olsun". Və daha bir şey yadımda qalıb ki, o, bizim yazıçılarımız haqqında necə hörmətlə danışırdı, yəni xalq üçün Azərbaycan dilini qoruyub saxlayan onlardır. Məndən soruşdu ki, Azərbaycan məktəbini bitirmisən? "Əlbəttə", - cavab verdim. "Bax, görürsən. Azərbaycan yazıçılarından savayı, ziyalıların qalan hissəsinin uşaqları, bir qayda olaraq, rus məktəbində oxumuşlar. Sən isə - Azərbaycan məktəbində, başqa yazıçı uşaqları da eləcə. Mən istəyirəm ki, siz cavanlar cəsarətlə, kəskinliklə, heç nədən və heç kimdən qorxmadan yazasınız. Bir şey olarsa, birbaşa mənə müraciət edin".

E.A. - Mənə elə gəlir ki, Heydər Əliyevin yaradıcı ziyalılarla, xüsusən Azərbaycan yazıçıları ilə (bəstəkarlar, rəssamlar - nisbətən daha "kosmopolitik" ifadə vasitələri ilə üzləşən və işləyən sənətkarlardır) ünsiyyəti onun özünün dünyagörüşünə, dünyaduyumuna müsbət təsir göstərmişdir. Andrey Karaulova verdiyi müsahibəsində o etiraf edirdi ki, yaradıcı insanlarla  münasibətləri "daim məhrəm  olmuşdur", çünki "buna daxili ehtiyac duyurdu". Heydər Əliyev MK-nın birinci katibi olduğu dövrdə isə bu münasibətlər "genişlənmiş və möhkəmlənmişdir".

Cəsarətlə deyə bilərəm ki, yazıçılarla ülfəti, dostluğu Heydər Əliyevin özünü, öz daxili aləmini bir çox cəhətdən dəyişdirmiş, bilgi üfüqlərini genişləndirmiş, ən başlıcası isə - onda sovet partiya rəhbərlərinin dargöz mühafizəkarlığına qarşı davamlı etiraz hissi yetişdirmişdir.

"Altmışıncılara" münasibəti

E. - Maraqlı fikirdir. Hər halda, Azərbaycan "altmışıncıları"nın ən birinci və çox vaxt gözəgörünməz qoruyucusu, demək olar ki, himayədarı Heydər Əliyev idi. O zaman hamının haqqında danışdığı və 60-70-ci illərdə çox populyar olan "üçlüyün" - Anar, Elçin və Əkrəm Əylisli - arxasında mənən Heydər Əliyev durmuşdu. Əkrəm sonralar iftixarla bəyan edirdi ki, mən öz nəsr əsərlərimdə sərbəstliklərə yol verirdim, "Azərbaycan" jurnalında əvvəllər yasaqlanmış əsərləri çap etməyə imkan yaradırdım və s. Ancaq o zaman Heydər Əliyevin münasibəti, İmran Qasımov başda olmaqla bizim müdafiəmiz olmasaydı, bunları etmək də mümkün olmazdı.

Rusiyanın məşhur tənqidçisi Lev Anninski mənə deyirdi: "Siz respublikada nə oyunlar çıxarırsınız? Siz jurnallarınızda "kramolnı" (ideologiyaya zidd) əsərləri çap etməyə cəsarət göstərirsiniz!"

E.A. - Bəs niyə Azərbaycanda dissident ədəbiyyatı yox idi? Belə fikir var ki, Azərbaycan və bütövlükdə sovet yaradıcı  ziyalıları "Stalin şineli"ndən çıxmış və anadangəlmə qorxu batsilləri ilə yoluxmuşlar. Onlar əslində nəyə icazə verilirdisə, yalnız ondan yazırdılar...

E. - Bizdə dissident ədəbiyyatı əsasən ona görə yox idi ki, bütün əsərlərimizi çap edə bilirdik. "Azərbaycan" jurnalında, Heydər Əliyevin kəraməti sayəsində çap etdiyimiz əsərlərin elələri var idi ki, Moskva dərgilərində işıq üzü görə bilməzdi, onları dissident ədəbiyyatı sayardılar.

E.A. - Hesab edirsiniz ki, Heydər Əliyev respublikada çıxan qəzet və jurnalları şəxsən oxuyurdu?

E. - Mən buna tam əminəm. Bu yaxınlarda hardasa belə bir məlumata rast gəldim ki, Todor Jivkov on cildlərlə "Seçilmiş əsərləri"nə toplanmış məqalələri nəinki özü yazıb, ümumiyyətlə, heç onları oxumayıb da! "Sosializm komediyası" farsı üçün bundan gözəl bir illüstrasiya tapmaq, güman ki, çətindir... Leonid Brejnevi yaxından tanıyanların dediyinə və yazdığına görə, bu rəhbər də heç nə oxumurdu.

Və həmin kontekstdə Heydər Əliyev şəxsiyyətinin "inkişaf etmiş sosializm" çərçivələrinə sığışmayan bir cəhəti də mənim üçün əlamətdardır: mətbuatı şəxsən izləməsi. Onun çıxışlarında, söhbətlərində (mən həmin çıxışların sıravi dinləyicilərindən, sonralar isə daha yaxın iştirakçılarından biri kimi fikir yürüdürəm) dərhal hiss olunurdu ki, qələm əhlindən kimin kim olduğunu, hansı məzhəbə qulluq elədiyini yaxşı bilir və bu, köməkçilərin hazırladığı (eləcə də xeyirxahların, daha artıq dərəcədə isə bədxahların verdiyi) məlumatların nəticəsi deyil, öz təəssüratı, öz müşahidəsi, özünün bildiyidir.

Səksəninci illərin lap əvvəllərində mənim "Literaturnaya qazeta"da bir məqaləm çap olunmuşdu. O vaxt "Litqazeta" bir ədəbi problem, yaxud əsər haqqında müxtəlif fikirlər verirdi. Mənim məqaləm də Yuri Boldırevin məqaləsi ilə yanaşı verilmişdi və onunla kəskin ədəbi mübahisəyə çıxmışdım. Onda Həsən Həsənov Mərkəzi Komitənin ideoloji katibi işləyirdi və birdən-birə gecə mənə evə zəng elədi. Məlum oldu ki, Heydər Əliyev Soçidə (əgər səhv etmirəmsə) istirahət edir, məqaləni oxuyub və bu məqalə onun çox xoşuna gəlib. "Səni təbrik edir və deyir ki, sən düzgün fikir söyləmisən".

Burada maraqlı cəhət odur ki, cavan bir yazıçının, özü də sırf ədəbiyyat problemlərinə həsr olunmuş yazısı da diqqətdən (və maraqdan!) kənarda qalmadı və bu, "rəhbər diqqəti" yox, oxucu diqqəti idi. Yeri gəlmişkən, ətrafındakıların böyük qismi mətbuatla, ümumiyyətlə, mədəniyyətlə maraqlanan adamlar olmasa da, rəhbərdən çəkindikləri üçün, özləri də mətbuatı izləmək, ədəbi ictimaiyyətin problemlərinə məhdud qabiliyyətləri daxilində diqqətlə yanaşmaq məcburiyyətində qalırdı.

Dəfələrlə bunun şahidi və iştirakçısı olmuşam ki, Heydər Əliyev teatr tamaşalarına baxıb və sonra, səhnə arxasında yaradıcı kollektivlə görüş keçirib. Heç bir mübaliğəyə yol vermədən deyim ki, yüksək səviyyəli professional sənətşünas kimi tamaşanın təhlilini verirdi. Onun da şahidiyəm ki, həmin görüşlərdən sonra yaradıcı kollektivin həvəsi birə-on artırdı. Əsl sənət adamına, yaradıcı kollektivinə nə lazımdır? İlk növbədə xalqın onun sənətinə qiymət verməsi, onu başa düşməsi. Xalqa rəhbərlik edən adam da qiymət verməyi bacarırsa, bu - əlbəttə, çox effektli və əhəmiyyətli cəhətdir.

Bu cür görüşlər Moskvada da keçirilirdi: görkəmli arxitektorlarla, yazıçılarla, teatr kollektivləri ilə və deməliyəm ki, onların əks-sədası Azərbaycan mədəniyyətinin inkişafı üçün münbit şəraitin yaranması baxımından çox xeyirli olurdu.

Həmişə öz-özümə fikirləşəndə, təəccüb, bəzən, hətta heyrət etmişəm ki, Heydər Əliyev kimi SSRİ-nin ucqar bir yerində boya-başa çatıb təhsil alasan, uzun illər boyu DTK kimi sənətdən, yaradıcılıq mühitindən uzaq bir yerdə işləyəsən və bu dərəcədə də ədəbi-estetik təfəkkür tərzinə malik olasan. Yadıma gəlir, 1976-cı il idi, onda lap cavan bir yazıçı idim və Yazıçılar İttifaqına yenicə katib seçilmişdim. Moskvada Səməd Vurğunun anadan olmasının 70 illiyini keçirdik və sonra Daimi Nümayəndəliyimizdə yubiley iştirakçıları üçün kiçik bir qəbul düzəltdik. Adamların sayı az idi - 30-35 nəfər, amma kimlər idi: Leonid Leonov kimi "canlı klassik"dən tutmuş o zamanın böyük "ədəbiyyat generalları" - Georgi Markov, Aleksandr Çakovski, Sergey Mixalkov, Nikolay Qribaçovacan rus ədəbi ictimaiyyətinin "rəsmi və qeyri-rəsmi ən irəlidə gedənləri". Heydər Əliyev də orada idi və söhbətləri, çıxışları ilə masa arxasında əyləşənlərin, xüsusən, "ədəbiyyat generalları"nın çoxundakı "böyük qardaş" təkəbbürünü sözün əsl mənasında məhv etdi və o danışdıqca həmin "ədəbi generallar" göz-görəti kiçilirdi...

Bu, şəxsiyyətin miqyasıdır. O məclisdə yalançı məlumatfürusluqla, əvvəlcədən hazırlaşma ilə, gözə lap ustalıqla da olsa kül üfürməklə iştirakçıları ovsunlamaq mümkün deyildi, çünki onların özləri sovet "hakimiyyət mətbəxi"nin aparıcı fiqurları, funksionerləri idi. Yalnız şəxsiyyətin təbii özünüifadəsi, fitri qabiliyyəti onları o cürə göz-görəti kiçildə və hərəni öz yerində oturda bilərdi.

E.A. - O vaxtlar, artıq uzaqda qalan 70-ci illərdə Siz yaradıcılıq ittifaqının katibi işləyirdiniz, həm ölkə daxilində, həm də xaricdə geniş çap olunurduz və baş verənləri bir növ kənardan qiymətləndirə bilirdiniz. Ümumittifaq sosialist yarışlarına münasibətiniz necə idi?

E. - Müsahibələrin birində mənə belə bir sual verdilər ki, 70-ci illərdə, 80-ci illərin əvvəllərində Azərbaycanda "dalğalanan" Qırmızı bayraqlar haqqında nə deyə bilərsiniz? Belə cavab verdim ki, o Qırmızı bayraqlar tarixin faktıdır, onları danmaq olmaz və lazım da deyil. Doğrudan da belədir. Bu günün nəzərləri ilə yaxın (eyni zamanda çox uzaq!) keçmişimizə nəzər salanda, o "təntənəli" iclasları xatırlayanda, indi onlar adama fantasmaqorik, əcaib, hətta sürrealist təsir bağışlayır. Ancaq bu, məsələnin bir tərəfidir: görünən tərəfi. İkinci tərəf isə görünmür, dərindədir və mürəkkəbdir. O da bundan ibarətdir ki, həmin "təntənə"lərin arxasında konsperativ şəkildə, xəlvətcə, bəlkə də təhtəlşüur, sövq-təbii olaraq xalqın nüfuzunun artması, uzun illərin sarsıntısından sonra akvarellə nəzərə çarpacaq milliyyətçi dirçəliş prosesi başlamışdı. Yüksək bürokratiya xalqın lideri ilə necə hesablaşırdısa, xalqın özünə də münasibətdə, bəlkə də, daxilən istənilməyən, arzu olunmayan bir ehtiram yaranırdı.

O dövrdə "Sosialist əməyi"ndəki uğurların, keçici qırmızı bayraqların arxasında ilk növbədə xalqın özünütəsdiqi dururdu. Mən vaxtında bu barədə yazmışdım. Bütün bu "əmək qələbələri", bayraqlar, respublikanın bayrağına sancılan ordenlər nəhəng və o dövr üçün çox böyük cəsarətlə yaradılan aysberqin yalnız görünən tərəfi idi. Ancaq vacib və daha əhəmiyyətli olan isə onun görünməyən, suyun altında qalan, mahiyyəti məhz həmin milli özünütəsdiqdə olan cəhətlər idi...

O Qırmızı bayraqlarla bərabər, xüsusən 80-ci illərın əvvəllərində Azərbaycanda milli təfəkkürün, özünəqayıdışın ayrı-ayrı fərdlər arasında yox, bir küll halında oyanma dövrü idi...

Moskvaya yola düşməzdən əvvəlyazıçıların qəbulu

E. - 1982-ci ildə Moskvaya yeni vəzifəylə bağlı yola düşməzdən əvvəl Heydər Əliyev yazıçıları qəbul etdi. Orada Süleyman Rüstəm, İlyas Əfəndiyev, Mirzə İbrahimov, başqaları ilə bərabər, Anar da, mən olmuşuq. Yadımdadır, o, parçalanmış Azərbaycanın gələcək birliyi haqqında danışır, özü də söhbət müstəqil bir dövlət haqqında gedirmiş kimi danışırdı. O vaxt o, heyrətə gətirən şeylər dedi: "Mən Amerika müxbirini qəbul edirdim, o, məndən Cənubi Azərbaycan barədə soruşdu. Düşündüm ki, partiya xadimi kimi cavab versəm, bu, Siyasi Büroya çatacaq və arzuolunmaz reaksiya doğuracaq. Sonra isə qərara gəldim: nə olur-olsun! Və düşündüyümü dedim: biz ikiyə bölünmüş bir xalqıq və haçansa ədalət bərpa olunacaq". Zənnimcə, o dövrün ab-havası və Heydər Əliyevin tutduğu vəzifə kontekstində bu cür etirafların nə demək olduğunu açıqlamağa ehtiyac yoxdur...

Yeri gəlmişkən, o vaxt ilk dəfə "Cənubi Azərbaycan" sözlərinin üstündən qadağa götürüldü... Ona qədər mətbuatda "Cənubi Azərbaycan" ifadəsi işlənə bilməzdi. Elə fikir vardı ki, bu, SSRİ-İran münasibətlərinə ziyan vura bilər. 1981-ci ildə, yazıçıların qurultayında o, bizi hətta tənqid etdi, dedi ki, Cənubi Azərbaycan mövzusuna az diqqət yetiririk. Həmin qurultayda Balaş Azəroğlunu Respublika Yazıçılar İttifaqının katibi seçdik, ona Xalq şairi adını verdilər...

Təəssüflər olsun ki, böyük Azərbaycan şairi Hüseyn Cavidin xatirəsinin əbədiləşdirilməsinə xidmət edən nəcib əməlindən Heydər Əliyevin opponentləri onunla siyasi "haqq-hesablarını çürütmək" üçün istifadə etmişdilər. Həmin görüşdə Heydər Əliyev Cavidin nəşinin vətənə gətirilməsini xatırlayaraq demişdi:

"Siz bilsəydiniz ki, bu ideyanın nə qədər əleyhdarları vardı, mənə qarşı o vaxt nə qədər "anonimka"lar yazılmışdı! Hətta Brejnev də məni bir dəfə qınamışdı: "Bax, sən öz xalqın üçün çalışırsan, məşhur yazıçının nəşini vətənə gətirtmək istəyirsən, sənin öz azərbaycanlıların isə bizə "anonimka"lar yağdırır, sənin hərəkətlərini "antisovet" adlandırırlar".

E.A. - Siz xəstəliyindən sonra Moskvada Heydər Əliyevlə ünsiyyətdə olmusunuz, 1992-ci ildə isə "Aydınlıq" qəzetində onun barəsində, səs-küyə səbəb olmuş esse yazmısınız. Zəhmət olmasa, bu barədə danışın.

Heydər Əliyevin istefasından sonra onunla münasibətlər

E. - Həmin essedə belə bir parça var idi: 1985-ci ildə, Moskvada növbəti Beynəlxalq Kitab sərgisi açılırdı (həmin sərgilər iki ildən bir keçirilirdi). Onun təntənəli açılışında iştirak etmək üçün hökumət üzvləri, görkəmli ictimai xadimlər, yazıçılar pavilyonun qarşısına toplaşmışdılar. Yağış çiləyirdi, mərasim isə başlamaq bilmirdi, Heydər Əliyevin gəlişini gözləyirdilər. Yağış güclənirdi. Nazirlər, MK-nın şöbə müdirləri xarici qonaqların istehzalı baxışları altında yağışda islanır, başlarına qəzet tutur, ancaq mərasimi başlamağa cürət etmirdilər. Nəhayət, Heydər Əliyevin maşını yaxınlaşdı. Mən dəqiqliklə xatırlayıram ki, Siyasi Büronun gələcək üzvü, köhnə inzibati-amirlik sistemini kəskin ifşa edən, o vaxt isə yenicə MK-ya şöbə müdiri təyin olunmuş Aleksandr Nikolayeviç Yakovlev axsaya-axsaya yağışın altında maşına doğru qaçdı və yaltaqcasına Heydər Əliyevi qarşıladı.

Bu epizod yaddaşıma həkk olunmuşdu və Heydər Əliyevə xüsusən də elə həmin Yakovlevin kurasiyasında olan mərkəzi mətbuatda böhtanlar yağdırıldığı dövrdə mən bunu tez-tez xatırlayırdım.

E.A. - İlk dəfə xəstəlikdən sonra geniş auditoriya qarşısında Heydər Əliyev 1987-ci il sentyabrın 8-də göründü. O, VI Beynəlxalq kitab sərgi-yarmarkasının açılışında iştirak edirdi.

E. - 1987-ci ildə, Heydər Əliyev xəstələnib Qorbaçovun get-gedə dekorativləşən ətrafından qeyb olanda, Bakıda obıvatel dedi-qodusundan tutmuş, müxtəlif və az məlumatlı xadimlərin səsləndirdiyi proqnozlaradək cürbəcür şayiələr dolaşmağa başladı. Həmin payız günlərində mən Moskva Beynəlxalq kitab yarmarkasında iştirak edirdim və onun açılışında Heydər Əliyev xəstəlikdən sonra ilk dəfə camaat qarşısında göründü. Arıqlamışdı. Ağır xəstəlik keçirdiyi hiss olunurdu və mən ona baxarkən, 70-ci illəri-80-ci illərin əvvəllərini, onun heç bir konspekt olmadan geniş və ehtiraslı nitqlər söylədiyini xatırlayırdım. Orada da çox səmimi görüşümüz oldu.

Heydər Əliyevin Şuşada Vaqifin məqbərəsini ziyarət  etməsini yadıma salıram. O, quşbaşı yağan qar altında başıaçıq yeriyir, addımları geniş və mətin atırdı. Adama elə gəlirdi ki, sonralar dillər əzbəri olan Brejnevin söylədiyi "Azərbaycan geniş addımlarla irəliləyir" sözləri məcazi mənada deyil, lap gerçək mənada və məhz Heydər Əliyev haqqında deyilmişdir.

Və Moskvada, xəstəliyin üzdüyü Heydər Əliyevə baxarkən, mən düşünmüşdüm ki, elə bil, amansız sistem bu dəfə təbiətin özüylə sövdələşib və Heydər Əliyevi nişan alıb...

1987-ci il oktyabrın əvvəllərində Saşa İvanova zəng vurub məni Heydər Əliyevlə calaşdırmağı xahiş etdim. Çox mehriban danışığımız oldu. Kitab yarmarkası bağlanandan sonra mən və "Drujba narodov" jurnalının baş redaktoru Sergey Baruzdin ADR Yazıçılar İttifaqının dəvətilə birlikdə Şərqi Berlinə yollandıq. Məhz orada Heydər Əliyevin Siyasi Büro üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən azad olunması xəbərini eşitdik. Bax, elə o vaxt Baruzdini müşahidə edərkən, bu hadisəyə ikiüzlülük içində çürüyən "sovet cəmiyyətinin" münasibətinin necə olacağını anladım. Səfər boyu Heydər Əliyevi ağızdolusu tərifləyən Baruzdin birdən-birə onu tənqid etməyə, şovinistik bir istehza ilə qarasınca danışmağa başladı. Kəskin dönüş siyasi küləklərin istiqamətinin dəyişməsindən xəbər verirdi.

Berlindən qayıdaraq düşünürdüm ki, indi ilk növbədə ermənilər hücuma keçəcəklər. Təəssüf ki, gümanlarım doğru çıxdı. Heydər Əliyev elə böyük nüfuz sahibi idi ki, hətta erməni-daşnak irqçiliyi də onun öhdəsindən gələ bilmirdi. 

Moskvaya oktyabrın 25-də qayıtdıq. "Moskva" mehmanxanasına daxil olarkən ilk rastlaşdığım akademik Eldar Salayev oldu. Yadımdadır, ona dedim: "Eldar, görərsən, birinci ermənilər başlayacaq". Heydər Əliyevə zəng edə bildim. Qısa da olsa danışdıq. O: "- Mənə görə narahat olmayın, - dedi. - Vəzifə gəldi-gedər şeydir, bu gün var, sabah yox".

E.A. - Bütün maneələrə baxmayaraq, Heydər Əliyev Bakıya qayıtdı, respublika parlamentinə deputat seçildi. Naxçıvanda xalq onu mehribanlıqla qarşılasa da, Heydər Əliyev öz sabiq partiya yoldaşlarının soyuq və hətta düşmən münasibətilə üzləşdi. Bu, onun üçün çox ağır zamanlar idi.

E. - Heydər Əliyevin Bakıya qayıtması və ona fasiləsiz hücumlar dövründə Kral Lirin obrazı mənim yadımdan çıxmırdı. Şekspir ona görə əlçatmaz dərəcədə ucadır ki, o öz yaradıcılığında insan qəlbinin vahiməli labirintlərinə bələdçi olmuşdur. İnsan qəlbi isə nələrə qadir deyil! Heydər Əliyev bu cür ruhi deformasiyalarla üzləşərkən bəlkə də Kral Lirdən az pərişanlıq hissləri keçirməmişdir. Bəlkə də bunlar yalnız mənim fantaziyamdır? Bilmirəm...

... Bir epizod yadıma düşür. 1991-ci ilin mart ayında Müslüm Maqomayev adına Filarmoniyada Azərbaycan yazıçılarının IX qurultayı keçirilirdi. Qurultayın işə başlamasına bir az qalmış, mən foyedə, vəzifə sahibi olmuş tanınmış bir nəfərlə söhbət edirdim. Bizdən bir qədər aralıda yüksək vəzifəli bir qrup partiya funksioneri dayanmışdı. Müsahibimin üzü filarmoniyanın giriş qapısına baxırdı. Birdən gördüm ki, onun sifəti dəyişdi, sözünü yarımçıq kəsib tələsik foyedən çıxdı (daha dəqiq desəm, qaçdı). Əvvəlcə mən çaşdım, hətta fikirləşdim ki, yəqin yazığın mədəsi sancıb, sonra qeyri-iradi dönüb baxanda gördüm ki, Heydər Əliyev gəlir. Müsahibimi vahiməyə salan elə bu imiş: "Antiəliyev" partiyasından olan məmurların gözü qarşısında Əliyevlə salamlaşmalı olacaqdı.

Heydər Əliyevin bu adamın qaçmasını görüb-görmədiyini deyə bilmərəm, amma görməli idi, çünki ən xırda detal belə onun diqqətindən yayınmırdı. Mən bu hadisəyə görə pərtliyimi gizlətməyə çalışaraq, Heydər Əliyevlə salamlaşdım. O, uzun fasilədən sonra Azərbaycan yazıçıları ilə yenidən görüşməsinə şad idi. Amma şahidi olduğum insan miskinliyini və dəyişkənliyini dərk etməyin ağrısı bundan sonra hələ uzun müddət mənlə qaldı.

Vaxtilə məhz Heydər Əliyev bu adamın irəli çəkilməsinə şərait yaratmış, onun bəzi səhvlərini bağışlamış, onu rayon partiya komitəsinin birinci katibi, sonra daha yüksək vəzifəyə təyin etmişdi...

E.A. - Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi işlədiyi dövrdə görkəmli ədəbiyyat və incəsənət xadimlərinin xatirəsinin əbədiləşdirilməsinə çox vaxt ayırıb. O, tamamilə haqlı olaraq hesab edirdi ki, bu, milli özünüdərkin inkişafına, xalqın öz tarixinə, ədəbiyyatına marağının canlanmasına, onun mənəvi özünütəsdiqinə töhfə verəcək. Yadınızdadır, 1970-ci illərdə Səməd Vurğunun, Cəfər Cabbarlının, Üzeyir Hacıbəyovun, Bülbülün ev-muzeyləri açıldı, Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin, Müslüm Maqomayevin ev-muzeylərinin yaradılması haqqında qərarlar qəbul olundu.

E. - Heydər Əliyevin ədəbiyyata, yaradıcılığa xüsusi marağı vardı. Bir dəfə mənə dedi: "Həyatımda ilk sevincli hadisə bilirsən nə olub? Tolstoyun portretini qələmlə çəkməyim. Bu sevinc hələ də mənim içimdədir". O mənə bunu da danışmışdı: "Uşaq vaxtı Naxçıvanda tez-tez işıq kəsilirdi. Pəncərənin kəndarında oturub dərslərimi hazırlayırdım, çünki küçədən ora işıq düşürdü... Teatra getməyi çox sevirdim. Amma orada da tez-tez işıq kəsilirdi. Oturub səbirlə gözləyirdik ki, işıqlar yansın, tamaşa yenidən başlansın. Orada Uzun Yunus adlı bir elektrik vardı. O harasa gedib işığı düzəltməyə çalışırdı, mən də oturub gözləyirdim ki, Uzun Yunus nə vaxt gələcək..."

Ümumiyyətlə, Heydər Əliyevlə telefonla və ya şəxsən ünsiyyətdə olanda bunu həmişə aydın hiss edirdim, məndə belə təəssürat yaranırdı ki, söhbət ədəbiyyatdan, yaxud sözün geniş mənasında mədəniyyətdən gedəndə ölkə başçısı həmin anlarda ruhən dincəlir. Əlbəttə, əgər onun gündəlik ağır işlərin və problemlərin bolluğu arasında "dincəlmək" sözünü işlətmək yerinə düşərsə...

E.A. - Elçin müəllim, Siz 90-cı illərdə cənab Prezidentlə sıx ünsiyyət saxlamısınız, onun komandasının üzvü olmusunuz, Nazirlər Kabinetinin xətti ilə humanitar istiqamətə nəzarət etmisiniz. Heydər Əliyevin ilk növbədə hansı xarakter xüsusiyyətlərini vurğulayardınız?

E. - Heydər Əliyevin bir siyasət adamı, dövlət başçısı kimi elə xüsusiyyətləri var ki, onlar bir yerdə onun adı ilə bağlı olan məxsusi, personal bir "siyasi idarəetmə" məktəbi yaradır və mən çox istərdim ki, vəzifə sahibləri, səlahiyyətli şəxslər bu məktəbdən nəsə əxz etsinlər, götürsünlər, bəlkə gələcəkdə onu daha da inkişaf etdirsinlər.

...Cəmi ikicə misal gətirmək istəyirəm və bu misallardan biri lokal (amma çox əhəmiyyətli!) səciyyə daşıyırsa, ikincisi, mənim fikrimcə, ümumiyyətlə, siyasət aləmində yeni sözdür və həqiqətən siyasət dərsliklərinə düşəsi bir epizoddur.

Adətən Heydər Əliyevdən bəhs edən məqalələrdə, söhbətlərdə onun fenomenal hafizəsindən, yaddaşından bəhs edirlər və bu, həqiqətən belədir. Amma Heydər Əliyevin başqa bir fenomenal xüsusiyyəti də var: qulaq asmaq bacarığı, dinləmək qabiliyyəti, səbri.

Hərdən müvafiq sahənin rəhbərliyi ilə, ayrı-ayrı vəzifə sahibləri ilə kiçik müşavirələr keçirirdi və mən dəfələrlə şahidi olmuşam ki, həmin müşavirələrdə Heydər Əliyev necə böyük bir səbirlə çıxış edənlərə qulaq asırdı. Nə gizlədim, danışanların, məlumat verənlərin hamısının ağzından dürr tökülmür, bəzən qulaq asdıqca, şəxsən mənim canım sıxılırdı, hansısa bir səviyyəsiz çıxış adamı əsəbiləşdirirdi və bu səviyyəsizliyi, şübhəsiz ki, ilk növbədə, elə Heydər Əliyevin özü görürdü, amma hətta belə məqamlarda belə, o, danışanın sözünü kəsmir, söylənən fikirləri, gətirilən arqumentləri axıracan dinləyirdi. Bu da bir vergidir. Və elə bilirəm ki, dövlət başçısı üçün çox vacib bir vergidir: adamlara öz sözlərini axıra qədər deməyə münbit zəmin yaratmaq...

İkinci misal isə məni fikrən 1993-cü ilin avqustuna aparır. Heydər Əliyev respublika Ali Sovetinin sədri idi, ölkədə isə ciddi siyasi böhran yaşanırdı və belə bir vaxtda Bakıda gizli vərəqələr yayırdılar, o vərəqələrdə şəxsən Heydər Əliyevin əleyhinə hədyanlar yazırdılar, xalqı guya ki ayağa qaldırmaq istəyirdilər. Belə bir vəziyyətdə artıq dövlətə başçılıq etməyə başlamış Heydər Əliyev nə etdi? Milli Məclisin canlı yayımla bütün ölkəyə göstərilən iclasında həmin vərəqələrdə yazılanları kamera qarşısında ucadan oxutdurdu və küncdə-bucaqda gizli-gizli üç-beş nəfərin arasında yayılan vərəqələrdəki yazıları bütün xalq eşitdi, bununla da o vərəqələri yazanların və yayanların istədiklərinə tamamilə əks effekt, həm də çox güclü bir effekt alındı. Bu, çox şeydən xəbər verən və mənim fikrimcə, unudulmayacaq bir dərs idi.

Heydər Əliyevin fenomenal yaddaşı haqqında

1996-cı ilin noyabr ayında Məhəmməd Füzulinin yubileyi qeyd edilirdi. Yubiley ərəfəsində mən qonaqların siyahısını müzakirə etmək üçün Prezidentin yanında idim. Rusiyalı yazıçı Mixail Alekseyevə çatanda dedim ki, bu adam Sosialist Əməyi Qəhrəmanıdır, "Moskva" jurnalının keçmiş baş redaktoru olmuşdur və sair. Heydər Əliyev: "Mən onu yaxşı xatırlayıram. Bakıda Sofronovun pyesi tamaşaya qoyulanda Alekseyev onunla bərabər premyeraya gəlmişdi. Sən İmran Qasımovun və Mixail Alekseyevin yanında Rus Dram Teatrının parterində dayanmışdın. İmran sonra Alekseyevi təqdim etdi, xatırlamırsan?" "Yox", - deyə etiraf etdim.

İşdən sonra evə gəlib öz arxiv qeydlərimi araşdıranda gördüm ki, həqiqətən 1978-ci ildə Anatoli Sofronovun pyeslərindən biri Bakıda tamaşaya qoyulmuşdur və Sofronov premyeraya Alekseyevlə bərabər gəlmişdi. Həmin premyerada Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev də olmuşdu. Görün necə heyrətamiz yaddaşı var: təxminən 30 il keçəndən sonra rusiyalı bir yazıçı ilə adi bir görüşün harada, hansı şəraitdə, kimlərin yanında, hətta mənim - cavan bir yazıçının da orda olmasını xatırlayır.

Onun bir unikal cəhətini də mütləq qeyd etmək istəyirəm. Dəfələrlə şahidi olmuşam və hər dəfə də mat qalmışam ki, Heydər Əliyev, deyək ki, ağır və üzücü səfərdən qayıdıb, aeroportda məlum olub ki, filan ölkənin dövlət bayramıdır, səfirlik qəbul düzəldib, ora gedib təbrik etmək lazımdır, dərhal, yəni yarımca saat da istirahət etmədən maşına minib o qəbula gedib, həmin ölkə ilə və ümumiyyətlə, xarici siyasətlə bağlı parlaq nitq söyləyib, sonra oradan çıxıb kənd təsərrüfatı işçiləri ilə görüşüb, bu sahənin problemləri və onların həlli yolları ilə bağlı çıxış edib, sonra heç bir fasilə vermədən təhsil işçiləri ilə görüşüb, təhsilin müasir vəziyyəti və vəzifələri barədə danışıb, sonra da bir görkəmli şairin, yaxud rəssamın yubileyində iştirak edib, onun yaradıcılığı haqqında, Azərbaycan mədəniyyətində tutduğu yer barədə professional söhbət açıb... Və bu bir istisna deyil, onun gündəlik işinin tərkib hissəsi idi.

O, bu çıxışlara necə hazırlaşır, bir-birindən tamamilə fərqli sahələri ard-arda necə ehtiva edirdi, axı bir dəqiqə də boş vaxtı qalmırdı ki, heç olmasa psixoloji cəhətdən özünü kökləsin... Bu, həqiqətən, mənim üçün bir sirr-xudadır...

Mən həmişə fikirləşirdim ki, Heydər Əliyevin köməkçilərinin işi bir tərəfdən çətin idi, çünki tələb böyükdür, böyük də məsuliyyəti var, o biri tərəfdən də asan idi, çünki onun üçün başqa dövlət başçıları kimi, gecə-gündüz əlləşib, faktlar toplayıb, sitatlar yığıb çıxış yazmaq, məruzə hazırlamaq lazım deyildi. Bu işi köməkçilərinin əvəzinə onun özünün fitri istedadı görürdü. Elə yeri düşmüşkən deyim ki, onun bu cəhəti hörmətli Prezidentimiz İlham Əliyevin də səciyyəvi və çox qiymətli xüsusiyyətidir.

Heydər Əliyevin xarakteri barədə...

Ümumiyyətlə, mənə elə gəlirdi ki, Heydər Əliyev bəzən işin, fəaliyyətin bitib-qurtarmamağının doğurduğu daxili bir tənhalıq hissi keçirirdi... Mən adətən işdə nahar etmirdim, baxmayaraq ki, Nazirlər Kabinetində bütün rəhbərliyin gedib nahar edə biləcəyi xüsusi yeməkxana var idi. Amma hər dəfə evə gedirdim. Heydər Əliyev isə heç vaxt fasilədə evə getmir, həmişə işdə olurdu. O, fasilə zamanı bir neçə dəfə zəng vurmuş və məni işdə tapa bilmədiyi üçün evə zəng etmişdi. Soruşdu ki: "Həmişə fasilədə evə gedirsən?" "Bəli, Heydər Əliyeviç" - dedim. "Niyə yeməkxanaya getmirsən? Axı mən orada bir vaxtlar sizin üçün çox yaxşı yeməkxana tikdirmişdim".

Onun yaxşı əhval-ruhiyyədə olduğunu görüb, bir az bədii-alleqorik formada cavab verdim: "Düzünü desəm, Heydər Əliyeviç, hansısa müəssisədə nahar edəndə mənə elə gəlir ki, yeməklə birgə iclas eləyirəm". O, bir anlıq susdu, sonra yarızarafatla: "Deməli, deyirsən ki, mən həmişə yeməklə iclas eləmişəm?.." Bu, zarafat tərzində deyilmiş bir sözdü, o, ümumiyyətlə günorta nahar etmir, ancaq bu sözlərdə illərin gərginliyi var idi... İş, iş, iş...

"Heydər Əliyeviç" müraciəti ilə bağlı... Son illərdə onu köhnədənqalma "Heydər Əliyeviç" adlandırmalarından heç də xoşu gəlmirdi. "Cənab Prezident" - vəssalam. Amma mən onu, əvvəlki kimi, "Heydər Əliyeviç" adlandırmağa davam edirdim. Bir dəfə müşavirədə mənə dedi: "- Bilirsən, "Heydər Əliyeviç" sovet keçmişində qaldı. İndi biz müstəqil ölkəyik və artıq ruslar kimi insanlara ad və ata adı ilə müraciət etməyə ehtiyac yoxdur". Dedim ki: "Mən sizə "Heydər Əliyeviç" deyəndə, ağlıma gəlmir ki, bu, rus dilindədir, ya nəsə başqa şeydir. Bu müraciət mənim üçün obrazlaşıb, başqa cür deyə bilmirəm". Baxdı, bir söz demədi. Bundan sonrada ona elə əvvəlki tərzdə müraciət edirdim və o, bir daha mənimlə bu mövzuya toxunmadı.

E.A. - Ulu Öndərin 100 illik yubileyinin bu, həqiqətən də, həyəcanlı günlərində yekunda oxucularımıza nə demək istərdiniz?

E. - Bir cəhəti qeyd etmək istəyirəm, bilmirəm buna səlahiyyətim çatır, yoxsa yox, amma hər halda bunu vacib hesab edirəm. Heydər Əliyev bütün varlığı ilə rəhmətlik həyat yoldaşına, öz övladlarına, nəvələrinə bağlı idi və belə bir həyat yoldaşı, ata, baba bağlılığı çox mühümdür, ona görə ki, millətə, vətənə bağlılığın da kökü oradan başlayır.

Bəşəriliyə gedən yol millidən keçdiyi kimi, millətə, vətənə məhəbbət də ailədən gəlir və qədim Roma imperiyasından bu tərəfə tarix sübut eləyib ki, məhz məişətdə, şəxsi həyatda, şəxsi əxlaqda ciddi və səmimi olan dövlət başçıları öz ölkələri üçün tarixi işlər görməyi bacarıblar, əks təqdirdə dövlət başdan çürüyüb məhv olub, necə ki, elə həmin qədim Roma imperiyasının özü dağılıb tarixin çevrilmiş səhifəsinə döndü.

Heydər Əliyevin Azərbaycan xalqına bağlılığı, bu xalqın məişətinin ən xırda detallarına belə bələd olması, onun psixologiyasını və xarakterini dərindən duyması, bu xalqın mənəviyyatının folklorda, ümumiyyətlə, sənətdəki bədii-estetik ifadəsini incəliklərinə qədər bilməsi, Azərbaycan dilinin bütün zənginliyinə bələd olması mənim üçün həmişə ön planda olub. Həm də, elə bilirəm, yalnız mənim üçün yox, ümumiyyətlə, Azərbaycan yaradıcı ziyalısı üçün. Və həmişə də milliliyə, kökə tərəf səsləyib və sövq edib...

Yadıma gəlir, Füzulinin 500 illiyi münasibətilə Türkiyədə olduğumuz vaxt parlamentin sədri Cindoruq, İstanbulda, "Çırağan"da Prezident başda olmaqla, Azərbaycan nümayəndə heyəti üzvlərinin şərəfinə qəbul düzəltmişdi. Rəhmətlik Dəmirəl də Heydər Əliyevlə birlikdə idi. Bizim gözəl müğənnimiz Səkinə İsmayılova orada "Küçələrə su səpmişəm" xalq mahnısını oxudu. O mahnının Heydər Əliyevə necə dərin təsir etdiyini, onun necə kövrəldiyini görmək üçün xüsusi qabiliyyət yiyəsi olmaq lazım deyildi, həmin mənzərə indi də mənim gözlərimin qabağındadır və o zaman mən Heydər Əliyevə baxa-baxa fikirləşdim ki, bu adam ki Azərbaycan mədəniyyətinə bu dərəcədə bağlıdır, bu mahnı ki onun milli hisslərini bu dərəcədə tərpədir, həyatının səkkiz ilini Moskva mühitinə (özü də kommunist rejimdəki rəsmi mühitə... bəlkə də mühacirətə!..) necə dözüb? Bu da, görünür, onun iradəsinin, daxili səliqəsinin, səfərbərlik gücünün bir göstəricisidir...

E.A. - Əziz dostum, gözəl xatirələr üçün Sizə təşəkkür edirəm. Ümidvaram ki, Siz nə zamansa bu barədə sənədli kitab yazacaqsınız.

Tərcümə: Rəbiqə Nazimqızınındır

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gəncədə faciəli şəkildə ölən Elgünlə bağlı VİDEO

17 May 2025 15:15see396

Elgün öldürülüb, yoxsa intihar edib? Ekstrasens

18 May 2025 13:59see341

Elçin Quliyev general mayoru vəzifəsindən azad etdi FOTO

17 May 2025 18:47see252

Ədliyyə Nazirliyinin idarə rəisi sərxoş vəziyyətdə saxlanıldı

17 May 2025 20:26see186

Makron növbəti dəfə qeyri adi vəziyyətə düşdü Video

18 May 2025 01:29see135

Tut yığmaq üçün ağaca çıxan kişi yıxılaraq öldü

18 May 2025 21:32see132

Neftçi Səbail ə, Qarabağ Kəpəz ə qarşı

18 May 2025 08:01see129

Türkiyə və İran XİN rəhbərləri nüvə danışıqlarını müzakirə etdilər

18 May 2025 01:34see123

ABŞ da Alzheymer xəstəliyinin diaqnozu ilə bağlı yeni testə icazə verilib

18 May 2025 03:08see123

Misir aeroportunda bədbəxt hadisə: Reklam lövhəsi sərnişinlərin üzərinə aşdı

18 May 2025 17:49see118

Nəsillərarasındakı fərq nədir?

17 May 2025 17:36see118

İrəvan və Bakı arasında sülh müqaviləsi... Arakçı

17 May 2025 17:13see117

Media: Fransa Çex Respublikasında AES tikintisinə mane olur

18 May 2025 02:35see116

Ciorcia Meloni Aİ nin ekologiya siyasətini tənqid edib

18 May 2025 04:00see116

Mərkəzi Avropa ölkələrində uşaqlar arasında zəhərlənmə halları artır

18 May 2025 01:04see115

Azərbaycanlı futbolçu Almaniyada mövsümü 14 qolla başa vurub

19 May 2025 02:58see115

Xudafərin körpüsündə qazıntı aparan şəxsin meyiti tapıldı

18 May 2025 17:52see114

Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18 May 2025 07:21see111

Messi tarixin ən yaxşı oyunçusu seçildi

18 May 2025 17:38see111

Avtomobilini vurub qaçdılar Video

17 May 2025 14:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri