Icma.az
close
up
RU
Hindistanın emosional qadağaları

Hindistanın emosional qadağaları

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu hikkə ilk növbədə Dehlinin özünə ziyan vuracaq

Hindistanda Azərbaycan və Türkiyə ilə bağlı baş qaldıran boykot çağırışları güclənir və getdikcə açıq-aşkar isterik xarakter alır. Hətta, ölkənin kino sənayesi də etiraz dalğasına tuş gəlib. Azərbaycan və Türkiyədə hind filmlərindən səhnələr çəkilməsini dayandırmaq tələbi səslənir.

Qeyd edək ki, Hindistan və Pakistan arasında 2025-ci il mayın 7-də Kəşmirdə başlanan, Nyu–Delhinin “Sindur” adı verdiyi son silahlı qarşıdurma gərginliyin artmasına səbəb olub. Hindistanın raket zərbələrinə cavab olaraq Pakistan qarşı tərəfin hərbi obyektlərinə, o cümlədən nəzarət xətti boyunca yerləşən mövqelərinə güclü zərbələr endirib. Toqquşmalar iki gün davam edib. Mayın 10-da ABŞ Prezidenti Donald Tramp iki ölkənin onun vasitəçiliyi ilə atəşkəsə razılaşdıqlarını bildirib.

İki nüvə dövləti arasında baş verən son hərbi qarşıdurma, qeyd etdiyimiz kimi, atəşkəs əldə olunması ilə yekunlaşsa da, beynəlxalq arenada ciddi sarsıntı yaradıb. Yəni, razılaşma münaqişənin deeskalasiyasının qarşısını alsa da, onun siyasi və ictimai dalğaları hələ də yayılmaqda davam edir.

Bakı və Ankara bu prosesdə hər zaman olduğu kimi, strateji müttəfiqi İslamabadın mövqeyini dəstəklədilər. Türkiyənin Pakistana hələ qarşıdurma başlamazdan əvvəl hərbi yardım göndərməsi, Azərbaycanın isə siyasi dəstək ifadə etməsi Hindistanda kəskin etiraz dalğasına səbəb olub. Orada Azərbaycan və Türkiyəyə qarşı kampaniya başlanıb. Əvvəlcə bu narazılıq sosial çağırışlarla ifadə olunsa da, qısa müddətdə ciddi iqtisadi və mədəni təsirləri olan boykot kampaniyasına çevrilib. Əvvəlcə hindistanlılar Azərbaycan və Türkiyəyə səyahət etməkdən çəkinməyə çağırılıb. Bunun ardınca böyük turizm şirkətləri turların satışını dayandırıb və əksər turistlər sifarişlərini ləğv ediblər. Onlayn platformalar yeni sifarişləri qəbul etmir. Rəqəmlər də bu tendensiyanı təsdiqləyir. Turizm portalının mayın 14-nə olan məlumatına görə, son bir həftə ərzində Azərbaycan və Türkiyəyə bilet satışında 60 faizlik azalma, bronların ləğvində isə 250 faizlik artım qeydə alınıb. Oxşar tendensiyaları digər servislər də təsdiqləyir. Məsələn, Türkiyəyə sifarişlərin 22 faizi, Azərbaycana isə 30 faizi ləğv edilib. “Ixigo” və “Pickyourtrail” kimi saytlar bu istiqamətlər üçün yeni sifarişləri qəbul etməyi tamamilə dayandırıb. Beləliklə, indiyədək Hindistan vətəndaşlarının maraqla səyahət etdiyi Azərbaycan və Türkiyə artıq “qara siyahı”ya salınır.

Daha ciddi addım isə ölkənin ən iri ticarət qurumlarından olan Hindistan Ticarətçilər Konfederasiyasının (CAIT) çağırışı ilə atılıb. Konfederasiyanın mayın 15-də keçirilən milli konfransında Azərbaycan və Türkiyə ilə ticarət əlaqələrinin tamamilə dayandırılması təklif olunub. Bu çağırışı 125 aparıcı şirkət yekdilliklə dəstəkləyib. Kampaniyanın təsiri “Bollivud”a (bu söz Hindistanın Mumbay şəhərinin kino sənayesinin sinonimi kimi işlədilir–S.H.) da çatıb. Biznes ictimaiyyəti prodüserlərə Türkiyə və Azərbaycanda çəkilişləri dayandırmaq üçün müraciət edib, buna məhəl qoyulmayacağı təqdirdə ictimai boykotla hədələyib. Həmçinin qərara alınıb ki, heç bir böyük şirkət bu ölkələrdə öz məhsullarının reklamını çəkməsin. Qeyd edək ki, son illər Azərbaycan hindistanlı turistlər arasında populyar istiqamətə çevrilib. Ölkəmizdə “Bollivud” filmlərindən səhnələr və musiqi klipləri çəkilib. Estrada ulduzları Azərbaycanın gəzməli-görməli yerlərindən, istirahət məkanlarından çəkdikləri görüntüləri sosial şəbəkə hesablarında da fəal şəkildə paylaşıblar.

Həmçinin, Mumbay (keçmiş Bombey) hava limanında yerüstü xidmətlərin 70 faizinə nəzarət edən Türkiyənin “Çelebi Hava Servisi” şirkəti ilə də müqavilə ləğv edilib. Qərar Hindistanın Mülki Aviasiya Təhlükəsizliyi Bürosu (BCAS) tərəfindən qəbul edilib. Əməkdaşlığın dayandırılması “milli təhlükəsizlik maraqları naminə atılan addım” adlandırılıb. Müxalifətçi “Şiv Sena” partiyasının lideri Murci Patel parlamentdə deyib ki, Pakistanı dəstəkləyən Türkiyə Hindistanda pul qazanmamalıdır. Bundan əvvəl “TRT World” telekanalının da ölkədə yayımlanması dayandırılıb.

***

Ancaq Hindistan tərəfi anlamır ki, onun bu emosional addımları, başladılan boykot kampaniyası Ankara və Bakının kursunu dəyişdirə, İslamabadla strateji ittifaqı sarsıda bilməz. Türkiyə, Azərbaycan və Pakistan arasında son illərdə yaranmış müttəfiqlik təkcə mədəni və dini yaxınlıq üzərində formalaşmayıb, güclü geosiyasi maraqlara əsaslanır. Hindistanın bu yanaşması Türkiyə və Azərbaycana müəyyən iqtisadi ziyan vura bilsə də, Pakistanla strateji müttəfiqliyin dəyəri daha böyükdür.

Ekspertlər bu fikirdədirlər ki, Hindistan bazarının itirilməsi ölkəmiz üçün ciddi problemə çevrilməyəcək. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 957 milyon dollar olub ki, bunun da 734 milyonunu əsasən neft və neft məhsullarının ixracı təşkil edib. Aydındır ki, Hindistan Azərbaycan neftini almaqdan tamamilə imtina etsə belə, Bakı asanlıqla alternativ alıcı tapa bilər. Çünki neft və neft məhsulları dünya bazarında yüksək likvidliyə malik əmtəədir. Əvəzində Hindistandan idxal olunan malların həcmi xeyli az – 223 milyon dollar aralığındadır. Onun da əhəmiyyətli hissəsini düyü təşkil edib. Ümumi idxalda bu məhsulun payı heç bir faizi keçmir. Əgər rəsmi Nyu–Delhi bu məhsulların ixracını dayandırsa, bu daha çox Hindistanın tədarükçülərini çətin vəziyyətə sala bilər – xüsusilə də Pakistanın həmin boşluğu doldurmaq üçün hazır vəziyyətdə olduğu nəzərə alınsa. Yəni, hindistanlılar Azərbaycan bazarını itirsələr, onların yerini tez bir zamanda Pakistan şirkətləri tutacaqlar.

Əlbəttə, Hindistandan edilən çağırışların arxasında yalnız konkret dövlətlərarası gərginliklər deyil, həm də daha geniş geosiyasi və ideoloji faktorlar dayanır. Azərbaycan və Türkiyənin İslam dünyasında artan nüfuzu, Pakistanla strateji tərəfdaşlığı, eləcə də Ermənistanla münasibətdə tutduqları mövqe Hindistanda bəzi çevrələr tərəfindən narazılıqla qarşılanır. Hindistan son illərdə Ermənistanla əlaqələrini nəzərəçarpacaq dərəcədə genişləndirib. Bu yaxınlaşma, əsasən, hərbi və hərbi-texniki əməkdaşlıq, diplomatik dəstək və regional siyasətdə ortaq maraqlar üzərində qurulub. 2020-ci ildəki 44 günlük Vətən müharibəsindən sonra Hindistanın Ermənistana silah satışı və siyasi dəstəyi artmağa başladı. Bu isə Azərbaycanın rəsmi dairələrində və cəmiyyətində narahatlıqla qarşılandı. Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın işğalçı siyasətinin açıq şəkildə tənqid edilməsi və bu siyasətin dəstəklənməsinə qarşı çıxışlar Hindistanın bəzi dairələrində narazılıq doğurur. Bu baxımdan, boykot çağırışları Hindistan-Ermənistan yaxınlığının bir “siyasi refleksi” kimi də dəyərləndirilə bilər.

Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji müttəfiqlik formatı Hindistanda ciddi şəkildə izlənilir. Bu üç ölkənin birgə hərbi təlimləri, diplomatik bəyanatları və beynəlxalq platformalarda bir-birinə verdikləri dəstək Hindistan tərəfindən potensial təhlükə kimi qiymətləndirilir. Xüsusilə Kəşmir məsələsində Pakistanın mövqeyini açıq şəkildə müdafiə edən bəyanatlar Hindistan ictimaiyyətində Türkiyə və Azərbaycanın mənfi imicini formalaşdırmağa xidmət edir. Bu kontekstdə Hindistan cəmiyyətinin bəzi təbəqələri bu üçlüyü “anti-Hindistan bloku” kimi qavrayır və buna qarşı təpkilərini ictimai platformalarda, o cümlədən sosial şəbəkələrdə boykot çağırışları ilə ifadə edirlər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə Kəşmir probleminə dair sərt çıxışlar etməsi də Hindistan tərəfindən narazılıqla qarşılanır. Qardaş ölkə prezidentinin 2019-cu ildə BMT-də Kəşmirlə bağlı etdiyi çıxış Hindistan mediasında geniş müzakirə edilmiş, bəzi analitiklər bunu “daxili işlərə müdaxilə” kimi qiymətləndirmişdilər. Bu ritorika Hindistanda islamofob siyasi qruplar tərəfindən manipulyasiya edilərək Türkiyəyə qarşı ictimai nifrət yaratmaq üçün istifadə olunur. Beləliklə, boykot çağırışları yalnız iqtisadi deyil, həm də ideoloji xarakter alır.

Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin də mayın 8-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Hindistanın Azərbaycandan idxal olunan mallara qadağa qoyması çox yanlış addım olardı: “Hindistanın Azərbaycandan idxal olunan mallara qadağa qoyduğu barədə qərarını görməmişəm. Bu, çox yanlış bir addım olardı. Hindistan tərəfi belə bir qərar verməkdənsə bölgədə yaranan gərginliyin aradan qaldırılması üçün təşəbbüskarlıq nümayiş etdirməlidir”.

Bugünkü vəziyyət bir daha göstərir ki, beynəlxalq münasibətlərdə hisslər və ictimai qəzəb üzərində qurulan strategiyalar uzunömürlü olmur. Əksinə, bu cür emosional boykotlar tərəflər arasında yaranmış iqtisadi və mədəni körpülərin zədələnməsinə, üçüncü tərəflərin isə həmin boşluqları doldurmasına gətirib çıxarır. Azərbaycan və Türkiyə Hindistanla münasibətlərində hər zaman praqmatik, qarşılıqlı hörmətə əsaslanan və beynəlxalq hüquqa uyğun yanaşmanı seçiblər. Hazırkı geosiyasi mənzərədə belə yanaşma daha səmərəli və etibarlıdır. Boykotlar isə gələcəkdə emosiyaların deyil, məntiqin qalib gələcəyi bir mərhələyə qədər sadəcə müvəqqəti dalğadır.

Akif NƏSİRLİ,
iqtisadçı ekspert

– Hindistanın siyasi bəyanatları iqtisadi münasibətlərə ciddi təsir göstərməyəcək. Azərbaycanın Hindistandan idxal etdiyi məhsullar başqa ölkələrdən də asanlıqla əldə oluna bilər. Hindistanın bizi boykot etməsi, əslində, onun özünə ziyandır. Biz Hindistandan kənd təsərrüfatı məhsulları, kimyəvi maddələr, düyü və digər məhsullar alırıq. Amma bu məhsulları başqa ölkələrdən də əldə edə bilərik. Məsələn, onların münaqişə yaşadığı Pakistandan.

Əgər Hindistan siyasətçiləri verdikləri bəyanatların ardınca gedib öz dövlətlərinin iqtisadi menecerlərinə bizi boykot etməyi tapşırsalar, o zaman Azərbaycan kimi bir bazarı itirəcəklər. Azərbaycana ixracatı dayandıra bilərlər, amma oradan aldığımız məhsulların yüzlərlə alternativi var. Yəni biz heç nə itirməyəcəyik. Ona görə də itirən yalnız özləri olacaq. Çünki gələcəkdə ola bilər ki, Hindistanın başqa ehtiyacları yaransın və o zaman Azərbaycan bu ehtiyacları ödəməyəcək.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 May 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see248

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see216

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see209

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see192

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see185

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see183

Bakıda binadan yıxılan kişi öldü

13 İyun 2026 10:33see179

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see178

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see173

İldırımlı hava AZAL ın təyyarəsi geri qayıtdı

12 İyun 2026 22:09see168

Bakıda parkinq böhranı: Yer yoxdur, qiymətlər isə artır VİDEO

13 İyun 2026 08:28see168

Tanınmış aparıcının ARXİV FOTOSU yayıldı

14 İyun 2026 03:45see164

Dünya çempionatı: Braziliya mllisi xal itirib

14 İyun 2026 04:09see164

Neft bazarında ucuzlaşmanın səbəbi: Gözləntilər niyə səhv çıxdı?

13 İyun 2026 02:50see163

Şuşada qurulan birlik: Cənubi Qafqazın siyasi gündəliyini müəyyən edən Bakı

13 İyun 2026 18:09see162

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

14 İyun 2026 04:04see161

DÇ 2026: İngiltərə millisinin düşərgəsində oğurluq

13 İyun 2026 07:24see161

ABŞ və İran sülh sazişinin yekun mətnini razılaşdırdı

12 İyun 2026 21:06see160

DÇ 2026: ABŞ Paraqvaya rəhm etmədi

13 İyun 2026 08:01see157

Dövlət “bir daşla üç quşu necə vura bilər”? “Uşaq pulu” ilə bağlı təklif

13 İyun 2026 13:50see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri