Hüquqi dövlətdə dünyəvilik və ideoloji təxribatın yolverilməzliyi
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ümumtəhsil müəssisələrində geyim qaydalarının müəyyənləşdirilməsi məktəb həyatının təşkilinin tərkib hissəsidir. Vahid məktəbli formasının məqsədi şagirdlərin geyimində ümumi standart yaratmaq, məktəbdaxili nizam-intizamı qorumaq və təhsil mühitində təşkilati qaydaların tətbiqini təmin etməkdir. Belə bir yanaşma təhsil müəssisəsinin öz funksiyalarını ardıcıl və hamı üçün anlaşılan normalar əsasında yerinə yetirməsinə imkan verir.
Lakin vahid forma ilə dini geyimlər məsələsi müzakirə edilərkən normativ sənədlərin konkret müddəalarına istinad etmək zəruridir. Geyim formasının müəyyənləşdirilməsi, onun vahidliyini pozan elementlərə münasibət və dünyəvilik prinsipinə uyğun olmayan geyimlərlə bağlı məhdudiyyətlər ayrı-ayrı hüquqi məsələlər kimi təhlil edilməlidir. Ümumi qaydanın mövcudluğu öz-özlüyündə bütün dini geyimlərin ölkənin bütün ictimai məkanlarında qadağan edildiyi anlamına gəlmir.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Ələsgərovun sözlərinə görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 6 oktyabr 2026-cı il tarixli 325 nömrəli qərarı ilə dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyiminə dair tələblər təsdiq edilib. Qərar müəllimlərin geyimində vahid yanaşmanın formalaşdırılmasına, geyimin təmiz, səliqəli, sadə və işgüzar üslubda olmasına, pedaqoji fəaliyyətin xarakterinə uyğunluğa yönəlib.
Sənəddə geyimin ümumi təhsilin dünyəvilik prinsipi ilə uzlaşması da tələb olunur. Bu, konkret olaraq, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə aid normativ tənzimləmədir.
Bu qərarın hüquqi əhəmiyyətini izah edərkən onun kimlərə şamil olunduğunu, hansı geyim normalarını müəyyənləşdirdiyini və necə tətbiq edilməli olduğunu aydın göstərmək vacibdir. Müəllimlər üçün müəyyən edilmiş geyim tələblərini dövlət orqanlarında çalışan bütün şəxslərə, ali məktəblərin tələbələrinə və ya ölkə əhalisinin bütün üzvlərinə aid etmək olmaz.
Şagirdlərin geyiminə münasibətdə də eyni hüquqi dəqiqlik qorunmalıdır. Müəyyən edilmiş məktəbli formasına dair tələblər, onların pozulması ilə bağlı tədbirlər və dini geyim elementlərinin həmin qaydalar çərçivəsində qiymətləndirilməsi müvafiq normativ aktların mətninə əsaslanmalıdır. Hər hansı şagirdin təhsil hüququna təsir edən qərar ümumi mülahizələrə və ya şəxsi münasibətə deyil, konkret hüquqi əsasa söykənməlidir.
Azərbaycanın təhsil qanunvericiliyində millilik və dünyəvilik mühüm prinsiplər kimi təsbit olunub. “Təhsil haqqında” Qanunun 3-cü maddəsinin 3.0.4-cü bəndində milli və ümumbəşəri dəyərlərin qorunması, onların vəhdətinin təmin edilməsi əsasında dünyəvi təhsil sisteminin yaradılması və inkişaf etdirilməsi təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirilir.
Aydın Ələsgərov söhbət əsasında qeyd etdi ki, dünyəvi təhsil sisteminin mahiyyəti məktəbin hər hansı dini dünyagörüşünün üstün tutulduğu məkana çevrilməməsi, tədrisin elmi biliklərə və ümumi təhsil standartlarına əsaslanmasıdır. Məktəb bütün şagirdlər üçün ortaq təhsil mühiti yaratmalı, uşaqların mənşəyindən, sosial vəziyyətindən və ailələrinin dini baxışlarından asılı olmayaraq, onların bilik və bacarıqlar əldə etməsinə şərait yaratmalıdır.
Burada bir məqam da unudulmamalıdır. Dini inanc insanın şəxsi həyatına, dünyagörüşünə və mənəvi seçimlərinə aid məsələdir. Dövlətin təhsil siyasəti isə həm dünyəvi təhsil mühitinin qorunmasını, həm də qanunvericiliklə gerçəkləşdirilən hüquq və azadlıqlara hörmət edilməsini nəzərdə tutmalıdır.
Bu iki prinsip arasında münasibət konkret hüquqi normalar əsasında qiymətləndirilməlidir. Məktəbdə müəyyən edilmiş qaydalara əməl edilməsi tələbi ilə dini etiqad azadlığı arasındakı münasibət avtomatik şəkildə bir tərəfin digərini istisna etməsi kimi təqdim olunmamalıdır. Eyni zamanda, dini etiqad azadlığına istinad edilməsi də məktəbin bütün təşkilati qaydalarının öz-özünə qüvvədən düşməsi demək deyil.
Azərbaycan təhsilinin əsas məqsədlərindən biri milli irsə, dilə, tarixə və mədəniyyətə hörmət edən, eyni zamanda, müasir dünyagörüşünə və geniş biliklərə malik şəxsiyyət yetişdirməkdir. “Ümumi təhsil haqqında” Qanunun 7-ci maddəsində də ümumi təhsilin məqsədləri sırasında Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət edən, müstəqil düşünməyi bacaran vətəndaş yetişdirilməsi göstərilir. Bu baxımdan milli kimliyin qorunması ilə dünyəvi təhsil arasında ziddiyyət yaratmaq üçün hüquqi və məntiqi əsas yoxdur.
Məktəblərdə milli geyimlərdən istifadə məsələsinə də bu mövqedən yanaşmaq lazımdır. Milli bayramlar, mədəniyyət tədbirləri və tarixi irsin təbliğinə həsr olunan mərasimlər uşaqlarda milli mənsubiyyət və mədəni irs haqqında təsəvvürlərin formalaşmasına kömək edir. Belə tədbirlərdə milli geyimlərin və onların elementlərinin istifadəsi təhsil müəssisəsinin müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilə bilər.
Orta məktəb yalnız biliklərin mənimsənildiyi müəssisə deyil. Uşaqlar burada kollektiv münasibətlər qurur, sosial davranış qaydalarını öyrənir, fərqli ailələrdən və sosial təbəqələrdən olan yaşıdları ilə ünsiyyət qururlar. Buna görə də məktəbdə ümumi qaydaların mövcudluğu təkcə təşkilati deyil, həm də sosial əhəmiyyət daşıyır.
Vahid məktəbli forması şagirdlər arasında geyim üzərindən rəqabətin azalmasına, məktəb kollektivinə aidlik hissinin güclənməsinə və ümumi nizam-intizamın formalaşmasına kömək edə bilər. Maddi imkanları fərqli olan ailələrin uşaqlarının eyni geyim standartı əsasında məktəbə gəlməsi sosial fərqlərin zahiri görünüş vasitəsilə qabardılmasını müəyyən qədər məhdudlaşdıra bilər.
Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətlinin sözlərinə görə, şagirdlərin geyimində bahalı brendlərin, müxtəlif aksesuarların və dəbdəbəli bəzək əşyalarının ön plana çıxması məktəb mühitində sosial müqayisələri gücləndirə, ailələr üçün əlavə maliyyə yükü yarada bilər. Vahid məktəbli forması isə maddi imkan fərqlərinin zahiri görünüşdə təzahürünü azaldır, şagirdlər arasında ümumi mənsubiyyət hissini gücləndirir və diqqətin tədris prosesinə yönəldilməsinə şərait yaradır.
Vahid məktəbli forması məsələsinin dini etiqad azadlığı, xüsusilə hicabın istifadəsi ilə əlaqələndirilməsinə münasibət bildirən alim qeyd etdi ki, bu məsələyə yanaşarkən hüquqi normalar və fərdi hüquqlar nəzərə alınmalı, ictimai müzakirələr faktlara əsaslanmalıdır. Onun fikrincə, Azərbaycanın dünyəvi dövlət prinsipləri və Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlar təhsil siyasətinin mühüm normativ əsaslarıdır.
Təhsil müəssisələrində geyim qaydaları müəyyənləşdirilərkən təhsil prosesinin xüsusiyyətləri, ictimai maraqlar və fərdi hüquqlar arasında hüquqi baxımdan əsaslandırılmış tarazlıq qorunmalıdır. Buna görə də vahid məktəbli forması məsələsi dini mənsubiyyətlə bağlı ümumiləşdirilmiş mülahizələr əsasında deyil, təhsil siyasətinin məqsədləri və müvafiq hüquqi normalar çərçivəsində dəyərləndirilməlidir.
E.Mədətli təhsil işçilərinin geyim mədəniyyətinin də xüsusi əhəmiyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, müəllim yalnız bilik ötürən şəxs deyil, həm də davranışı, ünsiyyət mədəniyyəti və peşə etikası ilə şagirdlərin şəxsiyyət kimi formalaşmasına təsir göstərən nümunədir. Bu baxımdan müəllimlər üçün geyim mədəniyyətinin ümumi prinsiplərinin müəyyənləşdirilməsi peşəkar məsuliyyətin və təhsil müəssisəsinin institusional kimliyinin möhkəmləndirilməsinə xidmət edə bilər.
Beləliklə, vahid məktəbli forması yalnız geyimin standartlaşdırılması kimi deyil, təhsil mühitində sosial bərabərliyin, intizamın, kollektiv məsuliyyətin və institusional mədəniyyətin möhkəmləndirilməsi baxımından qiymətləndirilməlidir. Əsas məqsəd şagirdlərin xarici görünüşünü vahid standartlara uyğunlaşdırmaqla yanaşı, onların intellektual inkişafına, dünyagörüşünün genişlənməsinə, milli-mənəvi dəyərlərə bağlılığının və vətənpərvərlik şüurunun formalaşmasına xidmət edən sağlam təhsil mühiti yaratmaqdır.
Yeri gəlmişkən, məktəbli geyimi ətrafında yaranmış müzakirələrin digər mühüm istiqaməti bəzi təhsil müəssisələrində qarşıdurmaların baş verməsi, əmlaka zərər vurulması və dini şüarların səsləndirilməsi ilə bağlı məlumatlardır. Təqdim olunan məlumatlarda məktəb şüşələrinin sındırılması, təhsil müəssisələrinin girişlərinə ziyan vurulması və Qaradağ rayonunda məktəb direktorunun avtomobilinin yandırılması kimi hadisələr qeyd edilir. Bu faktların hər biri aidiyyəti qurumların məlumatları və araşdırmaların nəticələri əsasında ayrıca qiymətləndirilməlidir.
Əgər təhsil müəssisəsinə qəsdən zərər vurulması, müəllimlərin hədələnməsi və ya ictimai asayişin pozulması təsdiqlənərsə, həmin əməllərə qanun çərçivəsində hüquqi qiymət verilməsi zəruridir.
Burada prinsipial fərq var: geyim qaydası ilə bağlı qərara etiraz etmək, onun dəyişdirilməsini tələb etmək və hüquqi mübahisə aparmaq bir məsələdir, zorakılığa əl atmaq, əmlakı dağıtmaq və insanları təhdid etmək isə tamam başqa məsələdir.
Məktəbin şüşəsinin sındırılması, müəllimin təhdid edilməsi və ya uşaqların təhsil mühitində qorxu ilə üzləşməsi heç bir halda konstruktiv müzakirə üsulu sayıla bilməz. Əgər məqsəd şagirdlərin hüquqlarını qorumaqdırsa, bu məqsədə, ilk növbədə, uşaqların təhlükəsizliyini, təhsilini və ləyaqətini gerçəkləşdirən vasitələrlə nail olunmalıdır.
Onu da qeyd edək ki, məktəbli geyimi ətrafında müzakirələr yalnız ölkədaxili informasiya məkanında qalmayıb. İranın bəzi media resurslarında Azərbaycan məktəblərindəki vəziyyət hicabla bağlı qadağa və ona qarşı etirazlar kontekstində işıqlandırılıb. Təqdim olunan materiallarda “Mehr”, “Tasnim”, “İSNA” və “Asr-e İran” kimi media qurumlarının mövzuya yer ayırdığı bildirilir.
Bu nəşrlərin hadisələri hansı başlıqlarla təqdim etməsi, rəsmi sənədlərin məzmununu nə dərəcədə dəqiq əks etdirməsi və xəbərlərdə müxtəlif tərəflərin mövqelərinə yer verilib-verilməməsi informasiya təhlili baxımından əhəmiyyətlidir. Məsələnin yalnız bir tərəfini ön plana çıxaran, normativ qaydaların əhatə dairəsini izah etmədən bütün hadisələri dini hüquqların pozulması kimi təqdim edən materiallar ictimai müzakirənin birtərəfli formalaşmasına səbəb ola bilər.
Məktəbli geyimi ətrafında yaranmış vəziyyətin ən həssas tərəfi azyaşlıların mümkün qarşıdurmaların mərkəzinə çəkilməsidir. Uşaqların dini hisslərindən, valideynlərin narahatlığından və cəmiyyətin mənəvi dəyərlərinə həssas münasibətindən siyasi məqsədlər üçün istifadə edilməsi təhlükəli nəticələr doğura bilər.
Uşağın hüquqlarının qorunması, ilk növbədə, onun təhlükəsizliyinin, təhsilinin, fiziki və psixoloji rifahının təmin olunmasını tələb edir. Məktəb uşaqların siyasi mübarizə vasitəsinə çevrildiyi, böyüklərin mübahisələrinin onların üzərinə yükləndiyi məkan olmamalıdır. Şagirdlər mübahisəli məsələlər barədə sual verə, öz fikirlərini ifadə edə və valideynləri vasitəsilə qanuni müraciətlər edə bilərlər. Ancaq onların təhlükəli qarşıdurmalara sövq edilməsi və ya başqalarına təzyiq vasitəsi kimi istifadə olunması yolverilməzdir.
V.BİNYATOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 14 Oktyabr 2026 12:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















