Hüquqlarımızın təminatına həsr edilən Konstitusiyamız
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bu il Azərbaycanın dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan əsas hadisələrdən biri, müstəqil Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illik yubileyidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycan Respublikasının Konstitusiyasının tarixi SSRİ-nin tərkibində olduğu dövrlə bağlı olmuşdur. Çox təəssüf ki, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Əsas səbəblərdən biri 1919-cu ildə Müəssisələr Məclisini çağırmaq mümkün olmaması idi.
Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdi. Bu konstitusiya isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna gətirib çıxaran dövlət çevrilişini qanuniləşdirmişdi. Bundan sonra SSRİ-də baş verən ictimai-siyasi hadisələrlə əlaqədar 1925-ci ildə IV, 1927-ci ildə V, 1931-ci ildə VII və 1935-ci ildə VIII Ümumazərbaycan Sovetlər qurultaylarında Konstitusiyaya dəyişiklik və əlavələr edilərək SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası qəbul edilmişdir. Azərbaycan SSR, 1936-cı il SSRİ Konstitusiyasına əsasən Zaqafqaziya SSR-in tərkibindən çıxaraq müttəfiq respublikaya çevrildikdən sonra, onun Konstitusiyası 1937-ci ildə qəbul edilmiş və 1936-cı il SSRİ Konstitusiyasına tam uyğunlaşmış idi. Azərbaycan SSR-in 1978-ci ildə qəbul edilmiş sonuncu Konstitusiyası da 1977-ci ildə təsdiq edilmiş SSRİ Konstitusiyasına uyğunlaşdırılması məqsədini daşıyırdı.
O vaxt respublikaya rəhbərlik edən Heydər Əliyevin prinsipiallığı nəticəsində Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasına Azərbaycan xalqının milli şüurunun qorunmasında və inkişafında əhəmiyyətli rol oynayan Azərbaycan dilini dövlət dili elan edən 73-cü maddəsi daxil edildi. Qeyd etmək lazımdır ki, o vaxt SSRİ-nin tərkibinə daxil olan 15 respublikadan 12-nin Konstitusiyasında bu müddəa öz əksini tapmamışdı.
18 oktyabr 1991-ci ildə qəbul edilən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan öz suverenliyini bərpa etdi. Azərbaycan Respublikası müstəqilliyin ilk illərində öz tarixinin mürəkkəb dövrünü yaşamışdır. O vaxt respublikada daxili siyasi vəziyyət gərgin idi və dərin hakimiyyət böhranı yaranmışdı. Azərbaycan xalqının suveren dövlətdə yaşamaq arzusu, azadlıq ideyalarına bağlılığlı onun əleyhinə olan düşmən dairələrin maraqlarına toxunduğuna görə onlar xalqı bu yoldan azdırmaq, onun gələcəyə inamını sarsıtmaq üçün müxtəlif təxribatlardan və digər çirkin vasitələrdən istifadə edirdilər. Bu da öz növbəsində respublikada ictimai-siyasi durumu daha da mürəkkəbləşdirirdi. Anarxiya və dağıdıcılıq siyasəti ölkədə baş alıb gedir, ağır iqtisadi vəziyyət, sabitliyi pozmaq istəyən qüvvələrin azğınlığı, bir-birinin ardınca həyata keçirilən təxribatlar, dövlət çevrilişi cəhdləri, mütəşəkkil cinayətkarlığın təhlükəli xarakter alması ictimai-siyasi və sosial ziddiyyətlərin kəskinləşməsinə rəvac vermişdi.
Yalnız cənab Heydər Əliyevin hakimiyyətə gəlməsi sayəsində ciddi intizam, tələbkarlıq və dövlət mənafeyi kimi amillər ön plana çəkildi, müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsində uğurlu addımlar atıldı, cəmiyyətdə hökm sürən hərc-mərcliklərə və özbaşınalıqlara qarşı mübarizənin əsası qoyuldu, ictimai-siyasi sabitliyin bərqərar olunması məqsədi ilə ciddi tədbirlərin həyata keçirilməsinə başlanıldı. Respublikada qanunçuluğun bərpası istiqamətində bir neçə fərman və sərəncamlar imzalandı. Ancaq hüquqi dövlət quruculuğu yolunda atılan ən mühüm addımlardan biri Azərbaycan Respublikasının Konstitusiyasının 12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilməsi oldu. BU KONSTİTUSİYA MÜSTƏQİL AZƏRBAYCANIN İLK KONSTİTUSİYASI İDİ.
Nəzərə almaq lazımdır ki, 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası öz müstəqilliyini elan etdikdən sonra da 1978-ci il Konstitusiyası hələ də öz hüquqi qüvvəsini saxlamışdı. 1991-1993-cü illərdə onun mətninə çoxlu əlavələr və dəyişikliklər edilməsinə baxmayaraq, Azərbaycanın SSRİ-nin tərkibində statusunu müəyyən edən 7-ci fəsil hələ də qüvvədən salınmamışdı. Konstitusiyanın mətnində 7-ci fəslin saxlanılması müstəqil dövlətin o vaxt konstitusiya quruluşunun tələblərinə etinasızlıq göstərilməsini özündə əks etdirirdi.
Azərbaycanın yeni Konstitusiyasının hazırlanması üçün 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə yaradılmış Komissiya heç bir iclas da keçirməmiş, Azərbaycan Respublikası müstəqilliyini əldə etdiyinə baxmayaraq yeni Konstitusiyanın layihəsi hələ də hazırlanmamışdı. Milli Məclisin 1993-cü il tarixli qərarı ilə yaradılmış daha bir komissiya yarım il ərzində yeni Əsas Qanunun layihəsini təqdim edə bilməmişdir. Komissiyanın işini canlandırmaq üçün 1994-cü ilin may ayında onun tərkibi genişləndirilsə də, layihə üzrə iş hələ də başlanmamışdı.
1994-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müstəqil dövlətin yeni Konstitusiyasının layihəsinin hazırlanmasının təşəbbüskarı oldu. Konstitusiya layihəsinin xüsusi komissiyaya baxılmaq üçün dövlət başçısı tərəfindən müvafiq göstəriş verildi. Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üzrə komissiyanın tərkibi Prezident tərəfindən parlamentə təqdim edildi və nəhayət Milli Məclis 1995-ci il mayın 2-də müvafiq qərar qəbul etdi.
Azərbaycan Respublikası Prezidentinin özünün sədrlik etdiyi komissiyanın tərkibinə qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin nümayəndələri ilə bərabər, respublikanın hüquq elmini təmsil edən şəxslər də daxil edildilər. Yeni Konstitusiya layihəsinin hazırlanması üzrə Komissiya 1995-ci ildə 9 dəfə öz iclaslarını keçirmiş, Komissiyanın qərarı ilə layihə ümumxalq müzakirəsi üçün 1995-ci il oktyabrında dərc edilmişdi. Ümumxalq müzakirəsinə çıxarılan layihə 199 maddədən, referenduma çıxarılan Konstitusiya layihəsi isə 158 maddədən ibarət idi.
Mərkəzi Seçki Komissiyasının qərarına əsasən 12 noyabr 1995-ci il tarixində keçirilən referendumda seçicilərdən 86 faizi iştirak etmiş və səs verənlərin 94.8 faizi yeni Konstitusiyanın qəbulunun lehinə səs vermişdi.
Müstəqil Azərbaycanın ilk Konstitusiyası Respublikamızın dövlət quruculuğunun əsaslarını qoymuş, Azərbaycan demokratik, hüquqi, dünyəvi bir dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının üstünlüyünü özünün gələcək inkişaf yolu kimi seçmişdi. Konstitusiyaya görə Azərbaycanda hakimiyyətin yeganə mənbəyi xalqdır. Konstitusiya ilə müəyyən edilir ki, Azərbaycan xalqını yalnız onun demokratik surətdə seçdiyi səlahiyyətli nümayəndələri təmsil edə bilər.
Dünyada çox az konstitusiya tapılar ki, onun maddələrinin üçdə bir hissəsi insan hüquqlarına və onların təminatlarına həsr edilsin. Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-i insan hüquqlarına həsr edilib. Konstitusiyaya görə insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyətinin borcudur. Konstitusiya ilə müəyyən edilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Azərbaycanın tarixində ilk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiyası məhkəmələrin müstəqilliyini təmin edən əsas prinsipləri özündə əks etdirmişdir. Konstitusiyaya görə hakimlər müstəqildir, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabedirlər və səlahiyyətləri müddətində dəyişilməzdirlər.
Prezidentin müvafiq sərəncamına əsasən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan edilməsi Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə bağlılığı heç də tədadüfi deyildir. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addımdır. Bu il təkcə tarixi hadisələrin qeyd olunması üçün deyil, eyni zamanda Azərbaycanın dövlətçilik inkişafının daha da gücləndirilməsi üçün bir imkandır. Bu il həmşinin 30 illik tarixi olan bir konstitusiyanın yenidən dəyərləndirilməsi, konstitusional düşüncənin dərinləşdirilməsi üçün mühüm imkanlar yaradır və ölkənin hüquqi əsaslarının və milli dövlətçiliyin möhkəmləndirilməsində mühüm mərhələdir. “Konstitusiya və Suverenlik ili” Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun daha dərindən təhlil olunması və ictimai şüurda onun yerinin möhkəmləndirilməsi, eləcədə ölkənin müstəqillik yolunda qazandığı uğurlarını göstərmək baxımından xüsusi əhəmiyyət daşıyır. Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. “Konstitusiya və Suverenlik ili” ərzində hər yerdə dövlət suverenliyinin qorunması, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin əhəmiyyətini göstərən maarifləndirmə tədbirləri təşkil edilir. Bu tədbirlərdə hər bir vətəndaşa konstitusiyanın öyrənilməsi, onun prinsiplərinə hörmət edilməsi və dövlətin suverenliyini qorunması aşılanır. Əminliklə deyə bilərik ki, “Konstitusiya və Suverenlik ili” bu dəyərlərin daha da möhkəmlənməsinə və gələcək nəsillərə ötürülməsinə mühüm tövfə verəcəkdir.
İqbal Əmənullayev
YAP Lənkəran rayon təşkilatının sədri, tibb üzrə fəlsəfə doktoru, dosent
Baxış sayı:66
Bu xəbər 12 Noyabr 2025 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















