I Ümumittifaq Türkoloji Qurultay və Cənubi Sibir türkləri
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 26 dekabr, AZƏRTAC
I Ümumittifaq Türkoloji Qurultaya Türk dünyasının hər yerindən nümayəndələr dəvət olunmuşdu. Onların arasında Cənubi Sibirin türk boylarını təmsil edən cəmi iki nümayəndə vardı. Onlardan biri xakas türkü Nikolay Qavriloviç Katanov, o biri isə Altaydan gələn Sabaşkin Aleksey Makaroviç idi. Onu da qeyd edək ki, Nokolay Qavriloviç Qurultaya ən gec qatılan nümayəndə idi. Qurultayın axırıncı günü, yəni martın 6-da 17-ci iclasa özünü zorla çatdıran Katanovu sədr “uzaq Sibirdə yaşayan türk xalqlarının nümayəndəsi” kimi təqdim etsə də, o, çıxışında qurultay iştirakçılarını uzaq Sibirdə yaşayan xakaslar adından salamlayır. Əslində, azsaylı da olsa, Cənubi Sibir türk soyları baxımından ən rəngarəng yerdir. Burada çoxlu sayda tayfaların olması onları altaylılar, xakaslar və tıvalar adı altında əsas üç xalq kimi birləşdirməyə səbəb olmuşdu. Bunlardan biri Sibir dairəsinə daxil olan Altay Diyarıdır. Paytaxtı Barnaul şəhəridir. Paytaxtı Qorno-Altaysk olan Altay Respublikası da bu dairəyə aiddir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Türk xalqlarının tarixi və etnologiyası şöbəsinin müdiri tarix elmləri doktoru Güllü Yoloğlunun “I Ümumittifaq Türkoloji Qurultay və Cənubi Sibir türkləri” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Altay deyərkən cənub-qərb hissəsi Qazaxıstana, cənub hissəsi Monqolustan və Qobi Altayına, şimal hissəsi isə Rusiya Federasiyasına daxil olan geniş bir ərazi nəzərdə tutulur. XX əsrin əvvəllərinə qədər Altayda yaşayanlar tayfa və ərazilərə görə etnik və etnoqrafik qruplara bölünürdülər. Sonradan tuba, kumandı, çelkannığ (şalğannar, kuular), tölös, telengit, teleut, Altay-kiji kimi etnoqrafik qruplar “altaylılar” adı altında birləşdirildilər. Onların hamısı türk dillərinin şərq qolunun, qırğız-qıpçaq qrupuna daxil olan Altay türkcəsində danışır və hər birinin dili bu dilin ləhcələri kimi qəbul olunur. Əvvəllər Altay kalmıkları, dağlı, ağ kalmıklar, Altay tatarları adlandırılsalar da, 1922-1948-ci illərdə onlara “oyrat” və ya “oyrot” deyilmişdir. Dağlıq Altay Muxtar Vilayətinin əvvəlki adı da 1922-ci il iyunun 1-dən 1948-ci il yanvarın 7-ə qədər Oyrot Muxtar Vilayəti olub... Ona görə də I Ümumittifaq Türkoloji Qurultaya gələn A.M.Sabaşkin “oyrat” kimi qeydiyyata alınıb.
A.M.Sabaşkinin çıxışı göstərirdi ki, qeyri-müsəlman türklər, yəni ərəb təsirini öz üzərlərində hiss etməyən türk xalqlarının nümayəndələri Qurultayda qızğın müqayisəyə səbəb olan ərəb-latın əlifba qarşıdurmasına hazır deyildilər. Onlar Qurultaydan sadəcə latın qrafikalı ortaq bir əlifbanın yaradılmasını umurdular. Bunu Sabaşkin də öz çıxışında dilə gətirir və sonda fikrini yekunlaşdıraraq deyir: “Tamam neytral şəxs kimi düşünürəm ki, latın şrifti texnikası tətbiq edilsə, daha məqsədyönlü və türk xalqlarının ədəbiyyatı daha zəngin olar”.
Aleksey Makaroviç Sabaşkin Qurultayda həm də jurnalist kimi qeydə alınmışdı. Ulaludan gəlmişdi. “Kızıl Oyrat” dərgisinin baş redaktoru idi...
Burada bir məsələ diqqət çəkir. Xakas, tıva və saxalardan fərqli olaraq Altay türkləri latın əlifbası məsələsi ilə bağlı yazılara, tədqiqatlara o qədər də həvəs göstərmir, hətta Sabaşkinin özünü belə bəzi dairələrdə qəbul etməyərək toplulara salmırlar. Bu da Moskvanın təsirinin, mərkəzə sadiqliyin bir nümunəsi kimi görünə bilər... Lakin 1928-ci ildən sonra altaylıların da digər türklər kimi latın qrafikalı əlifbaya keçdikləri tarixi fakt olaraq qalır. 1938-ci ildən onlar da kiril əlifbası əsaslı əlifbaya keçməyə məcbur edildilər. Halbuki türklərə məxsus ilk yazılı abidələr məhz geniş Altay ərazisindən tapılmışdı. Onu da qeyd edək ki, bu il 15 dekabr tarixi Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi mühüm qərara əsasən Dünya Türk Dili Ailəsi Günü kimi qeyd olunur. Bu tarixin seçilməsi xüsusi əhəmiyyət kəsb edir. 1893-cü il dekabrın 15-də danimarkalı alim Vilhelm Tomsen türk dilinin ən qədim yazılı sənədlərindən biri olan Orxon yazılarının əlifbasını deşifrə etməkdə uğur qazandığını elan etmişdi. Beləcə, hun əlifbası da adlandırılan türk runi yazıları haqqında ilk məlumatlar elm aləminə məlum olub. Abidələrin dili araşdırılarkən qədimdə Mərkəzi və Orta Asiyada, Altay türklərinin də yaşadığı Cənubi Sibirdə vahid əlifba və yazı dilinin mövcud olduğu müəyyən edilib. Onu da qeyd edək ki, runi yazılar yalnız daş üzərində deyil, kağız üzərində də qallb... Yəni əski türk yazısı və yazılı ədəbiyyatının varlığı haqqında kifayət qədər faktlar göstərmək olar. Lakin tarixi hadisələrin sürətlə bir-birini əvəz etdiyi Cənubi Sibir ərazisində yaşayan türklər uzun müddət yazılı ədəbiyyatlarını inkişaf etdirməkdən məhrum olubar. Ruslaşdırma və xristianlaşdırma siyasətini məharətlə həyata keçirən çar Rusiyası bu xalqların həyatındakı bütün inkişaf prosesini özünün həmin bölgələrdəki siyasəti ilə bağlamağa çalışıb. Sovet hakimiyyəti dövründə isə hər bir şey bolşeviklərin xidməti kimi təqdim olunduğundan, heç çar Rusiyası dövründə görülən işlər belə nəzərə alınmayıb. Nəticədə Altay türkləri də bir sıra azsaylı türklər kimi, öz tarixi uğurlarından qoparılaraq yazılı ədəbiyyatı və əlifbası XX əsrdə yaranan xalqlar sırasına daxil edilib.
Ardı var...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 26 Dekabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















