Icma.az
close
up
RU
Pantürkçü eston irinci Türkoloji Qurultay nümayəndələrinin izi ilə

Pantürkçü eston irinci Türkoloji Qurultay nümayəndələrinin izi ilə

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Vilayət QULİYEV

Bütünlükdə şərqşünaslıq, eləcə də onun tərkib hissəsi olan türkologiya macəra sevən, adilikdə qeyri-adilik görməyi bacaran insanların tutqusudur. Bu, xüsusi ilə Şərqi öyrənən qərblilərə aiddir. Təsadüfi deyil ki, qədim latın ifadəsində Ex Oriente lux - yəni "işıq şərqdən gəlir" - deyirdilər. Bəzən bu cazibədar, əsrarlı işıq onun mənbəyinə yaxınlaşanları elə məftun edir, gözlərini elə qamaşdırırdı ki, aralarında bəlkə özündən də asılı olmayaraq adını, qiyafəsini, dinini, həyat tərzi və dəyərlər sistemini dəyişənlərə də təsadüf edilirdi. Xüsusən orta əsrlər Ərəb Şərqini, Qurani-Kərimi, islam Peyğəmbərinin həyatı və şəxsiyyətini öyrənən və günün birində ərəbə, müsəlmana çevrilən şərqşünaslar istisna deyildi.

Bizə soyuq, praktiki, hissə qapılmaqdan uzaq görünən eston xalqının oğlu Artur Rudolfoviç Zifeld-Simumyaqi (1889-1939) də demək olar ki, oxşar tale yaşamışdı. Amma bir şərtlə ki, Şərqə vurğunluğunun fokusunda türk dili, Uraldan Altaya qədər böyük bir ərazidə məskun olan türk insanı, onun yaratdığı mədəniyyət dayanmışdı.

Birinci Bakı Türkoloji qurultayının 100 illiyi ərəfəsində onun təşkilatçı və fəal iştirakçılarından biri olan türk sevdalısı eston aliminin maraqlı şəxsiyyəti, hələ də mübahisə doğuran elmi irsi diqqəti daha çox çəkir. Onun və oxşar tale yaşamış həmkarlarının - sovet türkoloqlarının yarıda qırılmış, dramatizm və faciə dolu ömür yoluna işıq tutan "Repressiya edilmiş türkologiya" (Moskva, 2002) kitabının müəllifləri F.D.Aşnin, V.M.Alpatov və D.M.Nasilov çox dəqiq müşahidə etmişdilər ki, "1930-cu illər Bakısında yaşayıb fəaliyyət göstərən dilçilər arasında ən parlaq və qeyri-adi şəxs milliyyətcə eston Artur Rudolfoviç Zifeld-Simumyaqi idi. Əgər həmkarlarının türk dillərinin konkret məsələlərinə həsr edilmiş əsərləri bu və ya digər şəkildə  əhəmiyyətini qoruyub saxlamışdısa, onun geniş ümumiləşdirmə və qlobal fərziyyələri daha çox perspektivsizliyi ilə diqqət çəkmişdi". Amma bu bəzən Don Kixot kimi yel dəyirmanları ilə vuruşmuş adam təsiri bağışlayan Zifeld-Simumyaqi fenomeninə  marağı heç zaman azaltmamışdı.

Azərbaycan filoloqları arasında Artur Zifeld barəsində ilk dəfə professor Ədalət Tahirzadə hələ uzaq 1990-cı ildə, Tallində yaşayan soydaşlarımızın "Ocaq" cəmiyyətinin eyni adlı jurnalının mart sayında "Azərbaycan xalqının eston oğlu" adlı məqaləsində söz açmışdı. Akad. İsa Həbibbəyli və prof. Asif Rüstəmlinin Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunu 80 illiyi münasibəti ilə 2014-cü ildə çap olunan "Nizami adına Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında (1933-2013)" kitabında isə ondan azərbaycanşünas-alim və ölkəmizdə XX əsr milli humanitar elmin təşkilatçılarından biri kimi söz açılıb.

A.R.Zifeld-Simumyaqi 1921-ci ilin fevralında gənc sayılacaq vaxtda (o zaman 32 yaşı vardı) Bakıya gələnə qədər hadisələrlə zəngin ömür yolu keçmişdi. Kiçik uşaq ikən ailəsi  cənuba - Odessaya köçdüyü üçün daha çox rus mədəniyyətinin təsiri altında formalaşmışdı. 1898-1905-ci illərdə kilsə-lüteran məktəbində oxumuşdu. 16 yaşından inqilabi fəaliyyətə qoşulmuşdu. Təqib və həbs təhlükəsi ilə üzləşdiyi üçün yaxa qurtarmaq üçün Almaniyaya mühacirət etmək məcburiyyətində qalmışdı.

Öz etirafına görə, 1912-ci ildə Odessadakı Novorossiysk universitetində tarix-filologiyaya dair mühazirələr dinləmişdi. Linqvistika və müqayisəli dilçilik məsələlərinə xüsusi maraq göstərmişdi. Elmi fəaliyyətlə  mühacir həyatı yaşadığı dövrdə maraqlanmağa başlamışdı. İsveçrəyə konfransa gəlmiş professor Yusuf Akçura ilə tanışlığı özünü türkologiyaya, türk dillərinin tədqiqinə həsr etməyə təkan vermişdi. Diqqətini həmin dövrdə dəbdə olan və ciddi müzakirə predmetinə çevrilən Ural-Altay dil əlaqələri məsələsi çəkmişdi. Hətta mövzuya vurğunluğu o yerə çatmışdı ki, yeganə övladına - qızına da romantik Uraltay adı vermişdi (Azərbaycan elminin tarixinə dair bir sıra kitab və məqalələrin müəllifi Tamilla Kərimova 2003-cü ildə yaşı səksənə çatsa da, keçmiş gözəlliyinin izlərini qoruyub saxlayan Uraltay Xovanskaya ilə Bakıda, tək-tənha yaşadığı mənzildə görüşmüş, ondan atasının ATTC və SSRİ EA Azərbaycan filialındakı fəaliyyəti, eləcə də Birinci Türkoloji qurultay haqda foto-şəkillər, sənəd və materiallar almışdı).

Zifeld SSRİ  EA Azərbaycan Filialının əməkdaşı

A.Zifeld Almaniyadan sonra Fevral inqilabına qədər İsveçrədə yaşamışdı. Burada əvvəl Q.V.Plexanovun, sonra V.İ.Leninin çevrəsinə daxil ola bilmişdi. Siyasi baxışları da bu tanışlıqlara uyğun şəkildə sosial-demokratiya və menşevizmdən bolşevizmə qədər dəyişmə yolu keçmişdi. Liderinin ardınca o da Rusiyaya dönmüşdü. 1917-1921-ci illərdə inqilabi hərəkat və vətəndaş müharibəsinin qızğın çağında Odessa, Kuban, Tiflis kimi şəhərlərdə əsasən mədəni-maarifçi fəaliyyətlə məşğul olmuşdu. 1917-ci ilin avqustunda ÜK(b)P-nın VI qurultayında Odessa partiya təşkilatının nümayəndəsi qismində iştirak etmişdi. Qurultaya həlledici səs hüququna malik 167 nümayəndədən biri kimi qatılması həmin dövrdə bolşevik partiyası və sovet hökumətində nüfuz sahibi olmasından xəbər verməkdə idi. Bəlkə də partiya funksioneri kimi  uğurları daha böyük ola bilərdi. Amma onu elm, xüsusilə də türkoloji istiqamətli tarixi-filoloji araşdırmalar daha çox maraqlandırırdı.

Azərbaycanın sovetləşməsindən sonra Rusiyadakı ümumi xaos fonunda nisbətən "sakit liman" təsiri bağışlayan Bakıya böyük axın vardı.  Artur Zifeld də göndərilənlərin, yaxud gələnlərin arasında idi.  Vikimənbələr 1921-1926-cı illərdə Bakı şəhər xalq maarifi şöbəsinin müdiri, Bakı Ali Partiya Məktəbi tədris hissəsinin müdiri -  vəzifəsində əsasən təhsil sahəsində çalışdığını göstərir.

O, sovet Azərbaycanının ilk elmi təşkilatının - 1923-cü il noyabrın 2-də təsis olunan Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyətinin (ATTC) qurucuları sırasında yer almışdı. Təsis yığıncağında Cəmiyyətin sədr müavini seçilmiş, 1923-cü ilin dekabrından 1930-cu ilin yanvarına qədər elmi katib vəzifəsini yerinə yetirmişdi. ATTC-nin gələcək Azərbaycan MEA-nın ilk modeli, nüvəsi olduğunu nəzərə alsaq, eston aliminin adını azərbaycanlı həmkarları ilə bir sırada həm də hər bir xalqın mədəni-intellektual inkişafında mühüm mərhələ təşkil edən akademiyamızın əsasını qoyanlar sırasında çəkmək mümkündür.

1926-cı ildə Bakıda birinci Ümumittifaq qurultayının çağırılması qərara alınanda A.R.Zifeld türkologiyaya ürəkdən bağlı mütəxəssis, həm də qurultayın keçirilməsi üzrə Təşkilat Komitəsinin on beş üzvündən biri və  məsul katibi kimi bu ağır yükün altına girmişdi. Açılış günü - fevralın 26-da  redaksiya heyətinə seçilmişdi. Təbii ki, qurultayla bağlı mötəbər mənbənin - ilk nəşri 1926-cı ildə çıxan "Birinci Ümumittifaq Türkoloji qurultay. 26 fevral-5 mart 1926-cı il. Stenoqrafik hesabat" kitabının çapa hazırlanmasında onun da müəyyən xidməti vardı.

Qurultay alim və elm təşkilatçısı kimi Zifeldin üçün zəfər anı idi. Gündəlikdəki məsələlərlə bağlı müzakirələrdə çıxış etmiş, həm də ayrıca məruzəsi dinlənmişdi. Azərbaycan MİK sədri Səmədağa Ağamalıoğlunun sədrliyi ilə keçən  28 fevral tarixli IV iclasda rus dilçisi, monqolşünas, türk dilləri və altaistika üzrə mütəxəssis N.N.Poppenin "Altay dillərinin qarşılıqlı qohumluğu məsələsinin tarixi və mövcud vəziyyəti" adlı məruzəsi ətrafında ilk söz alanlardan biri Artur Zifeld idi.

Leninqradlı linqvist, qafqazşünas-etnoqraf və tarixçi A.N.Genkonun "Türk dillərinin yafəti dillərə münasibəti haqqında" mövzusunda məruzəsinin müzakirəsi zamanı da fəallığı ilə seçilmişdi. Bu da təsadüfi deyildi. Çünki Poppe kimi Zifeld də Ural-Altay nəzəriyyəsinin vurğunu idi. Çünki Genko kimi Zifeld də yeni dil nəzəriyyəsinin banisi N.Y.Marrın atəşin tərəfdar və ardıcıllarından biri sayılırdı.  Müəllimi kimi onun nəzərində də Ural-Altay dil ailəsi sadəcə "iqtisadi federasiya" idi. Ümumiyyətlə, dillərin yaranması inkişafı və tənəzzülü ilə bağlı məsələdə Zifeld ifrat materialist mövqeyi ilə seçilirdi. Mürəkkəb şüur və mədəniyyət hadisəsi olan dil onun araşdırmalarında daha çox ictimai-siyasi və iqtisadi amillərlə əlaqələndirilirdi. Həm də bu zaman dövrün hakim sovet ideologiyası baxımından məqbul sayılmayan hökmlər (məsələn, rusların slavyanlaşmış fin, Dunay bolqarlarının slavyanlaşmış Bulqar türkü, latışların isə şumer əsilli xalq olmaları və s.) verməkdən də çəkinmirdi. Ural-Altay nəzəriyyəsinə marağın səbəblərindən biri də urallı eston kimi altaylı azərbaycanlılar arasında yaşama duyğusu idi. Amma təbii ki, burada fantaziya elementləri elmilikdən, reallıq və konkretlikdən daha öndə dayanırdı.

Martın 2-də Ağamalıoğlunun sədrliyi altında keçən 8-ci iclasda isə o, "Türk dillərində elmi terminologiya yaranmasının  prinsipləri haqqında" adlı məruzə ilə çıxış etmişdi. Bununla da qurultayda 17 plenar iclas boyu dinlənən 38 məruzədən birinin müəllifi kimi "seçilmişlər" sırasına düşmüşdü.  Yeri gəlmişkən, terminologiya  forumun gedişində diqqət çəkən məsələlərdən idi. Zifeldlə bir sırada Hənəfi Zeynallı (Azərbaycan), Həbibulla Odabaş (Krım), Əhməd Baytursunulı (Qazaxıstan), Bəkir Çobanzadə (Azərbaycan) kimi tanınmış mütəxəssislər də məruzələrini çağdaş dövrün yeni türk elmi terminologiyasının yaradılması baxımından türkologiya elmi qarşısında dayanan təxirəsalınmaz vəzifələrə həsr etmişdilər. Nəticədə qurultayın yekdilliklə qəbul etdiyi yekun sənədlərdən biri - "Türk dillərində elmi terminologiya sistemi haqqında" adlı qətnamə meydana çıxmışdı.

Tatarıstan nümayəndəsi Qalimcan İbrahimovun təklifi əsasında məsələ ilə bağlı fikirlərin öyrənilməsi və yaxın gələcəkdə türk dillərinin elmi terminologiyasının işlənib-hazırlanması üçün xüsusi komissiya yaradılmışdı. Komissiyanın sədri Bəkir Çobanzadə, üzvləri isə çıxışlarında bu məsələyə geniş yer ayıran Zifeld, Hənəfi Zeynallı, Odabaş, Baytursunulı, Gəldiyev, Maqsudov, Şakircan Rəhimi, Mahmud Nədim, Əyyubov, Səədi kimi mütəxəssislər seçilmişdi.

Əksər həmkarları kimi Artur Zifeld də 1930-cu illərin ortasına qədər  ciddi təzyiq, yaxud problemlərlə üzləşmədən işi ilə məşğul olmuşdu. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix-etnoqrafiya bölməsinə rəhbərlik etmiş, ADU-nun şərqşünaslıq fakültəsində mühazirələr oxumuşdu. Ali təhsil haqda diplomu olmasa da, 1929-cu ildə dosent, üç il sonra professor elmi adını almışdı.

1932-ci ildə Tbilisiyə köçüb kumiri, akademik N.Y.Marrın adını daşıyan Qafqazşünaslıq İnstitutunda Dil bölməsinin müdiri vəzifəsində çalışmışdı.

1935-ci ildə Bakıya, Azərbaycan Elmi-Tədqiqat İnstitutunun dil sektoruna baş mütəxəssis dəvət olunmuşdu. Həmin il oktyabrın 25-də SSRİ EA Azərbaycan Filialının təşkil edilməsi ilə qurumun tərkibində 5 müstəqil elmi-tədqiqat institutu, o cümlədən Dil və Ədəbiyyat İnstitutu yaradılmışdı. Yeni akademik qurumun "ilk direktoru Azərbaycan elminin təşkili və təbliği sahəsində fədakarlıq nümunəsi göstərən, professor Artur Rudolfoviç Zifeldt-Simumyaqi təyin edilmişdi". Eston alimini bu sətirlərin müəllifi də daxil indiki Azərbaycan MEA Nizami adına Ədəbiyyat İnstitutunun "şinelindən" çıxanlar üçün doğmalaşdıran cəhətlərdən biri də həmin elmi müəssisənin ilk rəhbəri (1937-ci il mayın 8-dən iyulun 13-nə qədər isə həmin ilin mayında bir təşkilatda birləşdirilən Dil, Tarix və Ədəbiyyat İnstitutu) olmasıdır. Filialın Rəyasət Heyətinin üzvü kimi həm də yerli miqyasda akademik sayılırdı.

Zifeld  Birinci Bakı Türkoloji Qurultayının nümayəndələri arasında

İsa Həbibbəyli və Asif Rüstəmlinin yazdığına görə, A.Zifeldin bu vəzifəyə gətirilməsi elmi olmaqdan daha çox siyasi təyinat idi. "Bununla belə, yeni direktor cəsarətli elm təşkilatçısı, yerli ədəbi mühitə yaxından bələd olduğu (və Azərbaycan dilini yaxşı bildiyi!) üçün İnstitutun elmi-tədqiqat işlərində canlanma yaratmağa nail ola bilmişdi". Təşkilati məsələlərə xüsusi diqqət yetirən Zifeldit-Simumyaqi bəlli səbəblərdən kadrların seçilməsi və yerləşdirilməsində tam müstəqillik nümayiş etdirə bilməsə də, müəyyən işlər görməyə müvəffəq olmuşdu. Əli Nazim, Hənəfi Zeynallı, Qulam Bağırov, Abdulla Tağızadə, İdris Həsənov və b. kimi ədəbiyyatşünaslıq və dilçilik sahəsində öz dövrünə görə müəyyən uğur qazanan azərbaycanlı mütəxəssislər onun seçimi, təqdimatı və əmri ilə İnstitutun fəaliyyətinə cəlb edilmişdi (Doğrudur, tələb olunanda da eyni asanlıqla tutduqları vəzifədən uzaqlaşdırılmışdı). Bəkir Çobanzadə, Xalid Səid Xocayev kimi görkəmli elm adamlarına həssas və qayğıkeş münasibəti də gözdən yayınmamış və zamanı çatanda əleyhinə işləmişdi.

Mənbələrdə onun linqvistika sahəsində elmi axtarışlara 1910-cu illərdən sonra başladığı bildirilir. Asif Rüstəmlinin yazdığına görə, "Səhər" "sözünün mənşəyi haqqında qeyd" yazısı 1913-cü ildə Voronejin "Filoloq" jurnalında çap olunub. F.Aşnin isə 1916-cı ildə Osmanlı mətbuatında Ural-Altay mənşəli xalq saydığı şumerlər haqda məqalə dərc etdirdiyini bildirir. AMEA arxivində mühafizə olunan "Avropada Buddizm", "Birinci Türkoloji Qurultayın əhəmiyyəti haqda", "Azərbaycanı öyrənməyə doğru", "Panislamizm", "Udinlər", "Azərbaycan və Dağıstan tatları", "Azərbaycan ədəbi dili haqda", "Türk dillərində elmi terminologiyanın yaranması prinsipi"  və s. əsərləri fərqli maraq dairəsinə malik alim olması barəsində danışmağa əsas verir. Həbsi ərəfəsində xəzərlərin dili ilə bağlı dissertasiya üzərində işləyirdi. Elmi axtarış şövqünü, alim cəsarətini, zəhmətkeşliyini etiraf etməklə yanaşı ciddi, mövzulara romantik yanaşma tərzinin, bəzi qənaətlərinin diletant xarakter daşıması haqqında F.Aşninin haqlı qeydi əslində real gerçəklikdən uzaq deyil.

lll

Artur Zifeld direktor vəzifəsindən azad edilsə də (azadlığının son aylarında SSRİ EA Azərbaycan filialında qədim Şərq tarixi üzrə məsləhətçi-professor idi), əksər həmkarlarının saxta ittihamlarla həbsə atıldığı 1937-ci ilin yanvar-fevral, iyun və oktyabr "təmizləmələrindən" salamat qurtara bilmişdi. Amma NKVD-nin "ayıq-sayıq nəzərlərindən" kənarda qalmamışdı. Direktor fəaliyyətinin son günlərində - 1937-ci il iyulun 7-9-da artıq həbsə atılmış özbək əsilli  türkoloq Xalid Səid Xocayevin iki gün sürən istintaq marafonunda müttəhimdən belə bir ifadə alınmışdı: "Bundan başqa, Artur Zifeld və Vəli Xuluflu (SSRİ EA Azərbaycan Filialının sədr müavini -V.Q.) məni Mahmud Kaşğarlının "Türk sözləri lüğəti"nin tərcüməsi məsələsində dəstəkləyirdilər. Zifeld imperialist müharibəsi zamanı İstanbulda yaşayıb, pantürkist nəşrlərdə iştirak edib və pantürkizmin ideoloqu Yusif Akçurinlə şəxsən tanış olub" (Cəlal Qasımov. "Xalid Səid Xocayev", Bakı, 2021, s.46)

1937-ci ilin yanvarında həbs edilən professor Bəkir Çobanzadənin dindirilməsi zamanı da İnstitut direktoru və alim kimi A.Zifeld diqqətdən kənarda qalmamışdı. Çobanzadə həmkarı ilə münasibətlərindən bəhs edərkən demişdi: "Müsavatçılarla razılıq əsasında mən akademik Samoyloviçin Cəmiyyətinin (ATTC nəzərdə tutulur - V.Q.) Türkologiya seksiyasının sədri seçildim. Cəmiyyət əsas etibarı ilə pantürkçü ideyaların təbliği istiqamətində işləyirdi. Cəmiyyət sədrinin müavini Zifeldin bu məsələdən yaxşı xəbəri vardı. Zifeld özünün də pantürkist olduğunu tanışlığmızın ilk günü mənə demişdi. Arslan Muradlı təxəllüsü ilə pantürkçü "İttihad və Tərəqqi"nin mərkəzi orqanı olan "Türk Yurdu" jurnalı ilə əməkdaşlıq etdiyini bildirmişdi. Mənim Azərbaycanı Öyrənmə Cəmiyyəti xətti ilə nəşr olunan, bu və ya digər şəkildə pantürkçülük təbliğ edən kitablarıma bir qayda olaraq o, rəy verirdi və əsas pantürkçü fikirlərimlə tam razı idi. 1926-cı ildə Zifeld Təşkilat Bürosunun üzvü kimi Birinci Türkoloji qurultayın hazırlanıb keçirilməsində bilavasitə iştirak etmişdi. Pantürkçü əksinqilabçı nümayəndələrin etirafına görə, qurultayda dinlənən pantürkçü məruzələr, tezislər ona yaxşı məlum idi, əvvəlcədən baxıb bəyənmişdi. Pantürkçü istiqamətini ört-basdır etmək üçün sonradan akademik Marrın yafəti nəzəriyyəsinə qoşulmuşdu. Dediklərim onun elmi fəaliyyəti ilə də öz təsdiqini tapır. Zifeld müxtəlif texniki üsullardan istifadə edərək mahiyyət etibarı ilə yenidən pantürkçü fikirlərinə qayıtmışdır. Zifeldin "Uralo-Altaika", "Türkoloji etüdlər" əsərləri sözlərimə parlaq nümunə ola bilər. Eyni işi mən də tatar dilinə münasibətdə həyata keçirmişəm". 1937-ci ildə bu tipli ifadələrin necə alındığı bilindiyindən onların yenidən təhlilinə, nəyin doğru, nəyin isə xilas, yaxud növbəti işgəncədən can qurtarmaq üçün özünə və həmkarıma atılmış böhtan olduğunu araşdırılmasına xüsusi lüzum görmürəm.

⁠Zifeld NKVD zindanında

Bakı Universitetinin professoru, tarixçi-alim Qaziz Qubaydullin isə sorğu-sual zamanı həmkarının bu sözlərini "xatırlamışdı": "Şərq adamının komminizmə yolu adətən belə olur: əvvəl o, yerli miqyasda millətçiyə çevrilir, sonra isə pantürkçülük və panturançılıqdan keçərək nəhayət, beynəlmiləlçi kimi üzə çıxır".

Təbii ki, belə "daşdan keçən" ifadələrdən sonra həbs artıq qaçılmaz idi. NKVD əməkdaşları "Qasım İsmayılov (indiki Zərgərpalan) küçəsindəki 25 saylı binanın 4-cü mənzilində yaşayan, 1889-cu ildə Estoniyanın Revel şəhərində doğulmuş Artur Rudolfoviç Zifeldin" dalınca 1938-ci il fevralın 11-də gəldilər. Üç gün sonra doldurulmuş "Həbs olunan şəxsin anketi" adlı 1570 nömrəli sənəddə (bu həm də məhbusun identifikasiya nömrəsi idi) peşə və ixtisası "tarixçi-professor" kimi göstərilmişdi. "İş yeri, vəzifəsi və məşğuliyyət növü" qrafasında "EA Azərbaycan Filialında qədim Şərq tarixi üzrə məsləhətçi-professoru" olduğu bildirilirdi. Sosial mənşəyi əsnaf, hazırkı və inqilaba qədərki sosial vəziyyəti isə "qulluqçu" kimi qeyd olunmuşdu. Ali təhsil aldığı, 1915-ci ildən ÜİK(b) üzvü olduğu təsdiq edilirdi. Bakı şəhər milis idarəsinin verdiyi 5 illik etibarlılıq müddətinə malik pasportun daşıyıcısı olması, ehtiyat hərbi qulluqçu kimi Bakı şəhər hərbi komissarlığında qeydiyyata alınması, ağqvardiyaçı dəstələrdə və sovet rejiminə qarşı mübarizə aparan bandalarda, habelə dövlət əleyhinə üsyanlarda iştirak etmədiyi, sovet hakimiyyəti dövründə repressiyaya məruz qalmadığı, cinayət məsuliyyətinə cəlb edilmədiyi haqdakı ənənəvi bilgilər də trafaret xarakterli sənəddə öz əksini tapmışdı. "Ailə tərkibi" qrafasında 35 yaşlı xanımı Sara Xovanskayanın (1904) və 11 yaşlı qızı Uraltayın (1927) adları qeyd olunmuşdu. Azərbaycan SSR Daxili İşlər Komissarlığı Dövlət Təhlükəsizliyi idarəsinin 4-cü şöbəsi tərəfindən həbs edilib idarənin həbsxanasında saxlanması ilə bağlı qeyd sənədin müvafiq bölümündə əksini tapmışdı. "Məhbusun imzası" qrafasındakı həyəcan və əsəbilikdən uzaq aydın, oxunaqlı xətt Artur Zifeldin baş verənlərə bəlkə adi anlaşılmazlıq kimi yanaşdığını, ya da daxilən belə bir sonuca əvvəldən hazır olduğunu düşünməyə əsas verir.

Bir neçə gündən sonra irəli sürülən ittiham isə məsələnin sadədil, bir qədər də əhlikef Artur Rudolfoviçin düşündüyündən qat-qat ciddi olduğunu göstərdi. Sənəddə deyilirdi: "Zifeld Artur Rudolfoviç. Dil və Ədəbiyyat İnstitutunun direktoru. Baxışlarına görə pantürkçüdür. İmperialist savaşına (I Dünya müharibəsi) qədər Türkiyədə çıxan "Türk Ordu" (mətndə belə gedib, əslində "Türk Yurdu" olmalıdır - V.Q.) jurnalında Simumyaqi təxəllüsü ilə iştirak edib. Ural-Altay xalqlarının Turan adlı vahid dövlətdə birləşməsi fikrini dəstəkləyib. 1930-cu ildə çap olunan "Ural-Altayka" (müstəntiqin məsələyə bələdlik dərəcəsi!!!) əsərində panturanizm prinsiplərini ortaya qoyub. Xalid Səid Xocayevə Mahmud Kaşqarskinin pantürkist təbliğat nümunəsi olan üç cildlik "Türk dili məcmuəsi" ("Divani lüğət-it-türk"- V.Q.) əsərinin tərcümə olunmasının təşkilinə yardım göstərib. Bu, 1934-1936-cı illərə aiddir. İnstitutu zibilləyib".

Göründüyü kimi, onu, keçmiş müavini Qulam Bağırovu, direktor vəzifəsində Zifeldi əvəz etmiş İdris Həsənovu və bütün filialın elmi katibi, tanınmış kimyaçı alim Cəfər Kazımovu daha çox "ziyankarlıqda" təqsirləndirirdilər. Amma təbii ki, bu, heç bir halda Dil və Ədəbiyyat İnstitutunun əməkdaşlarına münasibətdə pantürkçülüklə bağlı siyasi xarakterli ittihamları gündəlikdən tam şəkildə çıxarmamışdı. İstintaqın fikrincə, bu məsələdə A.Zifeld-Simumyaqi əksəriyyəti artıq həyatda olmayan həmkarlarının ifadələri ilə kifayət qədər ifşa olunmuşdu.

Maraqlıdır ki, azərbaycanlı ziyalıların "işi" bir qayda olaraq erməni, yəhudi, rus müstəntiqlərə tapşırıldığı halda A.Zifeldin istintaqını azərbaycanlı çekist Mustafayev və rus həmkarı Dranişnikov aparmışdı. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Komitəsinin arxivində saxlanan Pr.22326 saylı "istintaq işindən" də göründüyü kimi, müttəhimin milliyyətcə eston olması (həmin dövrdə Estoniya burjua respublikası idi və SSRİ-nin düşməni sayılırdı), eser-menşevik keçmişi xüsusi xidmət orqanlarına maraqlı görünməmişdi. Lenini şəxsən tanıması, aralarındakı əməkdaşlıq da diqqəti çəkməmişdi. Bu "mühüm fakt" yalnız günahsız müqəssirə bəraət verildiyi zaman yada düşmüşdü.

İstintaq, eləcə də sonrakı bəraət prosesində A.Zifeldin bacarıqlı alim, lakin yarıtmaz rəhbər və təşkilatçı olduğu dəfələrlə vurğulanmışdı. Məsələn, "yaxşı alimdir, amma pis idarəçi və təşkilatçıdır" (Q.Bağırov), "biz Zifeldin təşkilatı məsələlərdə çox naşı olduğunu bilirdik" (S.Tevosov), "insan kimi yumşaq xarakteli idi, tez inanırdı, heç kimi incitməməyə çalışırdı. İnzibatçı kimi zəif idi, əsasən elmlə məşğul olur, İnstitutun təsərrüfat həyatı ilə az maraqlanırdı" (A.Klimov). Təbii ki, sadalananlar insanı nəinki ən şirin nemət olan həyatdan məhrum etməyə, hətta həbsə atmağa da əsas vermirdi. Amma necə deyərlər, bayırda 1937-ci il idi...

A.R.Zifeld-Simumyaqinin məhkəmə istintaqı və zindan həyatı barəsində F.Aşninin kitabında geniş məlumat verildiyindən burada təkrara ehtiyac görmürəm. Sadəcə, onu qeyd etmək istəyirəm ki, qatı pantürkçü olması ilə bağlı irəli sürülən ittihamları qətiyyətlə rədd etmişdi. Daha doğrusu, 1924-cü ilə qədər bu ideya cərəyanına böyük maraq göstərdiyini, sonradan isə uzaqlaşdığını boynuna almışdı. Görünür, üstəlik, müstəntiqlərin işin incəliyinə bələd olmadığını bildiyindən Ural-Altay nəzəriyyəsinə marağını pantürkçülüyə qarşı mübarizə kimi qələmə vermişdi. Amma işgəncə qarşısında da (həbsxanada anfas və profildən çəkilmiş şəkillər bunu aydın göstərir) "pantürkçü təşkilata" mənsubluğunu etiraf etməmişdi. İttiham aktında bu məqam, eyni zamanda özünü təqsirli bilməməsi qeyd olunsa da, 1931-ci ildə "pantürkçü B.Çobanzadəni qanadı altına alması" xüsusi vurğulanmışdı.

Müəyyən mənada A.Zifeldin bəxti gətirmişdi. 1939-cu ilin mayında, ona hökm elan olunanda NKVD-də artıq başqa qaydalar hökm sürürdü. Ölkəni vahimə altında saxlayan "qorxunc cırtdan" - Nikolay Yejov vəzifədən uzaqlaşdırılıb yüz  minlərlə günahsız insanı göndərdiyi məlum ünvana yola salınmışdı. Beriyanın gəlişi ilə qanunçuluq təmin olunmasa da, müəyyən yumşalma yaranmışdı. Nəticədə bir il əvvəl üçlüyün qərarı ilə bəlkə də "ən yüksək cəzaya" layiq görünməsi şübhə doğurmayan Artur Zifeld 8 illiyinə həbs düşərgəsinə göndərilmişdi. Xüsusi müşavirə 6 iyun 1939-cu il tarixli iclasında hökmü təsdiq etmişdi.

Amma məhbusun bu cəzanın heç yarım ilini çəkməyə də gücü çatmadı. 1939-cu il dekabrın 6-da Kolımada, həbs düşərgəsində  öldü. Həkim arayışında ölüm səbəbi kimi  "qocalıq halsızlığı və orqanizmin gücünün tükənməsi" göstərilmişdi...

Sarayevo, dekabr, 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://525.az
archiveBu xəbər 22 Dekabr 2025 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see295

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see257

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see232

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see181

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see174

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see155

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see149

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see149

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see148

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see143

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see140

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see139

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see139

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see137

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri