Icma.az
close
up
RU
İçərişəhər: adların qayıdışı

İçərişəhər: adların qayıdışı

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bəzi şəhərlər zamanın içində qocalır, bəziləri isə zamanın özünü yaddaşa çevirir. İçərişəhər ikinci qəbildəndir. Onun daşları yaşlanmır – xatırlayır. Əyri küçələri, səssiz dalanları, tağlı keçidləri, palıd qapıları, döyülmüş dəmir dəstəkləri və günəşdən qaralmış divarları əsrlərin canlı arxividir.

Burada nəsillər doğulub, böyüyüb, ibadət edib, ticarət aparıb, sənət yaradıb, övlad oxudub, ocaq qoruyub. Qalanın hər həyətində bir ailənin gündəlik həyatı, hər eyvanında bir qadının gözləntisi, hər astanasında bir uşağın ilk addımları, hər pəncərəsində bir şəhər sakininin taleyi yaşayırdı.

Bu gün həmin evlərin önündən keçərkən çox vaxt nömrə görürük. Adlar itib. Sakinlərin taleyi daşın arxasında qalıb. Şəhərin memarlıq yaddaşı qorunsa da, insan yaddaşının böyük bir hissəsi səssizliyə çəkilib.

İndi bu səssizliyə səs verməyin zamanıdır.

İnqilaba qədər İçərişəhərdə yaşamış ailələrin, tacirlərin, sənətkarların, din xadimlərinin, müəllimlərin, xeyriyyəçilərin, ziyalıların və şəhərin mənəvi simasını formalaşdırmış köklü nəsillərin adlarını öz evlərinə qaytarmağın vaxtıdır.

Söhbət zahirən kiçik görünən, mahiyyətcə isə böyük mədəniyyət hadisəsinə çevrilə biləcək təşəbbüsdən gedir: İçərişəhərdəki tarixi yaşayış evlərinin girişlərinə xatirə lövhələrinin vurulması.

Bu lövhələr reklam xarakteri daşımamalı, məkanın görkəmini pozmamalı, qalanın əsrlərlə formalaşmış estetik ritminə yad görünməməlidir. Daşdan, bürüncdən və ya memarlıq mühitinə uyğun digər materialdan hazırlanmış təmkinli nişanələr hər evin kimliyini göstərməlidir.

Mətn qısa, aydın və tarixi faktlara əsaslanan formada verilə bilər:

“Bu evdə 1872–1911-ci illərdə ipək taciri və məktəb hamisi Hacı Mirzə Hacıyev ailəsi ilə birlikdə yaşamışdır.”

Aşağı hissədə evin inşa tarixi, memarı və ya ilkin sahibinin adı göstərilə bilər. Lövhənin kənarında yerləşdirilən kiçik QR-kod isə ziyarətçini geniş rəqəmsal arxivə aparar: ailə şəcərəsi, köhnə fotoşəkillər, məktublar, xəritələr, arxiv sənədləri, mülkiyyət qeydləri, xatirələr və evlə bağlı rəvayətlər.

Beləliklə, fasad üzərindəki bir neçə sətir bütöv bir tarixi dünyanın qapısına çevrilər.

Daşın yaddaşı, insanın adı

Şəhər memarlıqdan ibarət fiziki məkan olmaqla yanaşı, insan talelərinin üst-üstə yığıldığı mürəkkəb mədəni sistemdir. Ev öz sakinindən ayrıldıqda dekorativ qabığa çevrilir. Küçə adını itirdikdə istiqamət bildirən xətt kimi qalır. Həyət ailə tarixindən məhrum olduqda keçmişlə əlaqəsi zəifləyir.

İçərişəhərin memarlığı bizi valeh edir, lakin bu memarlığı yaradan, qoruyan və gündəlik həyatla dolduran insanların adları olmadan şəhərin portreti natamam görünür.

Qız qalası, Şirvanşahlar Sarayı, məscidlər, karvansaralar, hamamlar və qala divarları İçərişəhərin monumental yaddaşıdır. Yaşayış evləri isə onun şəxsi yaddaşını daşıyır. Böyük tarix hökmdarların, müharibələrin və dövlətlərin salnaməsini yazır. Evlərin tarixi isə ailə süfrələrindən, toy mərasimlərindən, doğumlardan, itkilərdən, məktəb yollarından, ticarət əlaqələrindən və nəsildən-nəslə ötürülən davranış mədəniyyətindən danışır.

Məhz bu gündəlik həyat şəhərin ruhunu formalaşdırır.

Tarixi evə adın qaytarılması onun memarlıq obyektindən mədəni şəxsiyyətə çevrilməsidir. Ev öz tərcümeyi-halını əldə edir. Divarların yaşı, qapının arxasında yaşayan ailənin taleyi, otaqlarda keçirilmiş görüşlər, həmin ocaqdan çıxmış insanlar bir-biri ilə əlaqələnir.

Bu yanaşma İçərişəhəri açıq səma altında yaşayan bioqrafik muzeyə çevirə bilər.

Şəhərin Xatirə Kitabı

Layihənin ikinci böyük istiqaməti İçərişəhərin yeni tarixi siyahıyaalınmasının aparılması olmalıdır.

Qalanın daxilində 1920-ci ilə qədər yaşamış ailələrin mümkün qədər dolğun siyahısı hazırlanmalı, evlər, küçələr, mülklər, nəsil əlaqələri və ictimai fəaliyyət sahələri dəqiqləşdirilməlidir. Bu iş geniş arxiv araşdırması, müqayisəli təhlil və elmi ekspertiza tələb edir.

Dövlət arxivlərində, vəqf kitablarında, metrik dəftərlərdə, vergi və sığorta siyahılarında, məhkəmə sənədlərində, notariat aktlarında, köhnə şəhər planlarında, ünvan kitablarında, məktublaşmalarda, ailə albomlarında və şifahi yaddaşda qalan məlumatlar bir sistemdə birləşdirilməlidir.

Hər soyad, hər tarix, hər ev və hər qohumluq xətti müxtəlif mənbələr əsasında yoxlanmalıdır. Burada romantik ehtimalların, ailə şöhrətini artırmaq cəhdlərinin və sənədsiz iddiaların yeri yoxdur. Tarixi yaddaşın bərpası dürüstlük, səbir və elmi məsuliyyət tələb edir.

Araşdırmanın yekununda çoxcildli “İçərişəhərin Xatirə Kitabı” hazırlana bilər. Bu nəşrdə köklü ailələrin şəcərələri, yaşayış ünvanları, peşələri, xeyriyyəçilik fəaliyyəti, şəhərin ictimai və mədəni həyatındakı rolu əksini tapar.

Kitab Qoruq-Muzeyin fondlarında qorunar, tədqiqatçıların istifadəsinə verilər, rəqəmsal platformada açıq şəkildə təqdim edilər. Gələcək tarixçilər, memarlar, kulturoloqlar, genealoqlar və şəhər antropoloqları üçün fundamental mənbə yaranar.

Bu, İçərişəhərin yüz ildən sonra ilk dəfə sakinlərinin adları ilə qurulan xəritəsi ola bilər.

Biz bu gün qalanın topoqrafiyasını onun insan mənzərəsindən daha yaxşı tanıyırıq. Hansı küçənin hara apardığını bilirik, lakin həmin küçədə kimlərin yaşadığını çox zaman xatırlamırıq. Divarın tikilmə texnikasını araşdırırıq, onun kölgəsində böyüyən uşaqların adlarını isə bilmirik. Memarlıq planını qoruyuruq, insan xəritəsi isə boş qalır.

Bu tarazlıq bərpa edilməlidir.

Küçələr öz sahiblərini xatırlamalıdır

Layihənin üçüncü istiqaməti İçərişəhərin küçə və dalan adlarının tarixi yaddaş əsasında yenidən nəzərdən keçirilməsidir.

Qalanın tarixində xüsusi rol oynamış ailələrin, memarların, tacirlərin, sənətkarların, maarifçilərin və xeyriyyəçilərin adları müəyyən küçə və dalanlara verilə bilər. Mansurovlar küçəsi, Məlikovlar dalanı, Səlimxanovlar keçidi, Ağabəyovlar döngəsi, Rəməzanovlar dalanı, Tağıyevlər məhəlləsi kimi adlar şəhərin sosial tarixini gündəlik məkanın bir hissəsinə çevirər.

Bu proses kütləvi və tələsik xarakter daşımamalıdır. Hər ad elmi əsaslandırmadan, sakinlərlə müzakirədən, mütəxəssis rəyindən və şəhərin tarixi coğrafiyasının öyrənilməsindən sonra qəbul olunmalıdır.

Əsas məqsəd xəritəni soyadlarla doldurmaq yox, şəhərin itmiş mənəvi coğrafiyasını bərpa etməkdir.

Küçənin adı ictimai yaddaşın ən davamlı formalarından biridir. İnsan həmin adı hər gün səsləndirir, ünvan kimi yazır, uşağına izah edir, qonağa göstərir. Beləliklə, tarix kitab rəfindən çıxaraq canlı nitqə daxil olur.

Ad hərəkətə gəlir. Yaddaş gündəlik həyata qayıdır.

1920-ci ildən sonra itirilən yaddaş

XX əsrin siyasi sarsıntıları İçərişəhərin insan yaddaşına ağır zərbə vurdu. Repressiyalar, mülkiyyət dəyişiklikləri, müsadirələr, köçürülmələr və sosial təbəqələrin zorla yenidən formalaşdırılması nəticəsində çoxlu ailə arxivləri məhv edildi. Ev kitabları itdi, sənədlər dağıldı, fotoşəkillər gizlədildi, şəcərələr yarımçıq qaldı.

İnsanlardan mülklə yanaşı, keçmişlərini açıq şəkildə xatırlamaq hüququ da alındı.

Bir çox ailə öz soyadını ehtiyatla çəkdi. Bəy, tacir, mülkədar, din xadimi və ya xeyriyyəçi mənşəyini söyləmək təhlükəli sayıldı. Nəticədə tarixi sakinlərin adları şəhərin daşlarından silindi, ailə xatirələri isə qapalı ev söhbətlərində yaşamağa məcbur oldu.

Bu gün həmin yaddaşı bərpa etmək kiməsə qarşı yönəlmiş siyasi jest kimi yozulmamalıdır. Məqsəd keçmiş sosial iyerarxiyanı yenidən qurmaq, tarixi imtiyazları diriltmək və ya mülkiyyət mübahisələri yaratmaqdan uzaqdır.

Burada əsas məsələ davamlılıqdır.

Mədəniyyət özünü qırılmış xətlər üzərində qura bilmir. Nəsillər arasındakı bağ zəiflədikdə şəhər dekorasiyaya çevrilir. İnsan yaşadığı məkanın tarixini bilmədikdə onun qorunmasına münasibəti də səthiləşir.

Adların qaytarılması bu qırılmış xəttin yenidən birləşdirilməsidir.

Ev ad qazandıqda şəhər dəyişir

Adsız ev məsuliyyətsiz görünür. Onun divarı çatlayır, həyəti dəyişdirilir, fasadına yad elementlər əlavə olunur, qədim quyu örtülür, taxta qapı plastiklə əvəz edilir. Çünki insanların gözündə həmin tikili kiminsə taleyi ilə bağlı görünmür.

Ev ad qazandıqda münasibət dəyişir.

Sakin anlayır ki, onun yaşadığı məkan bir zamanlar müəyyən ailənin ocağı olub. Burada uşaqlar böyüyüb, qonaqlar qəbul edilib, mühüm qərarlar verilib, sənət və ticarət əlaqələri qurulub. Həyət artıq ümumi keçid sahəsi kimi görünmür. O, şəhərin mədəni irsinin bir hissəsinə çevrilir.

Keçmişə hörmət indiki zamana qayğı yaradır.

Xatirə lövhələri abidələrin mühafizəsi sahəsində əlavə ictimai nəzarət mexanizmi də formalaşdıra bilər. Adı və tarixçəsi məlum olan evin sökülməsi, kobud şəkildə dəyişdirilməsi və ya baxımsız saxlanması cəmiyyətin diqqətini daha tez çəkər.

Tarixi şəxsiyyət qazanan bina öz müdafiə qabiliyyətini artırır.

Turist divarı görür, hekayəni xatırlayır

İçərişəhərin turizm potensialı memarlıq irsi üzərində qurulub. Qonaqlar qala divarlarına, saraylara, məscidlərə, karvansaralara və qədim küçələrə baxmağa gəlirlər. Lakin səfərdən sonra onların yaddaşında faktlardan daha çox hekayələr qalır.

“Bu ev zərgər Axundovların ailə ocağı idi.”

“Bu mülk tacir Sultanbəyova məxsus olub.”

“Bu dalanda şair yaşayıb.”

“Bu məscid bir nəslin vəsaiti ilə tikilib.”

“Bu həyətdə şəhərin məşhur musiqi məclisləri keçirilirdi.”

Belə hekayələr daşın səthini yararaq insanı keçmişə daxil edir. Turist memarlıq obyektinə tamaşa etməkdən çıxıb şəhərin sakinləri ilə xəyalən görüşür.

Dünyanın bir çox tarixi şəhərində ayrı-ayrı məşhur şəxslərin yaşadığı evlər işarələnir. İçərişəhərdə isə bütöv yaşayış mühitinin ailə tarixləri əsasında xəritələşdirilməsi beynəlxalq miqyasda seçilən mədəni model yarada bilər.

Bu təşəbbüs Bakının turizm brendinə yeni məzmun qazandırar. İçərişəhər foto çəkilən fon olmaqdan çıxıb, nəsillərin izləri ilə oxunan şəhər kitabına çevrilər.

Hər küçə bir fəsil, hər ev bir portret, hər qapı başqa bir hekayənin başlanğıcı olar.

Kulturoloji baxımdan böyük dönüş

Bu layihənin əhəmiyyəti xatirə lövhələrinin sayından ölçülə bilməz. Söhbət şəhər irsinə yanaşma fəlsəfəsinin dəyişməsindən gedir.

Uzun illər tarixi məkanların qorunması əsasən memarlıq obyektlərinin fiziki mühafizəsi kimi qəbul olunub. Halbuki mədəni irs daş, taxta, şəbəkə, ornament və divarla məhdudlaşmır. İrsə sakinlərin dili, ailə münasibətləri, məhəllə etikası, peşə ənənələri, dini mərasimlər, qonaqpərvərlik qaydaları və yaddaş formaları da daxildir.

İçərişəhərin qorunması onun insan tarixinin də qorunmasını tələb edir.

Bu mənada xatirə lövhəsi estetik elementdən daha böyük məna daşıyır. O, memarlıqla bioqrafiyanı, şəhərlə ailəni, keçmişlə gələcəyi birləşdirən mədəni işarədir.

QR-kod isə qədimliklə rəqəmsal dövr arasında körpü yaradır. Daşın üzərindəki məhdud mətn telefon ekranında geniş arxivə çevrilir. Tarix müasir texnologiyanın dili ilə yeni nəslə çatdırılır.

Bu, mühafizə ilə innovasiyanın zərif ittifaqıdır.

Layihə necə həyata keçirilə bilər?

İlk mərhələdə tarixçilərdən, arxivçilərdən, memarlardan, kulturoloqlardan, genealoqlardan, şəhərşünaslardan və rəqəmsal mütəxəssislərdən ibarət elmi şura yaradılmalıdır.

AMEA-nın müvafiq institutları, Azərbaycan Respublikasının Dövlət Arxivi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Milli Kitabxana, muzeylər, şəxsi kolleksiya sahibləri və köklü İçərişəhər ailələri vahid platformada əməkdaşlıq edə bilər.

Sonra qala ərazisi sektorlar üzrə araşdırılmalı, hər ev üçün ayrıca elmi dosye hazırlanmalıdır. Mülkiyyət sənədləri, köhnə planlar, fotoşəkillər, sığorta qeydləri, siyahıyaalma materialları və şifahi tarix nümunələri qarşılaşdırılmalıdır.

Ailələrə açıq çağırış elan olunması da mühüm addım olar. İçərişəhərdən kök alan nəsillərin şəxsi arxivlərində dövlət fondlarında rast gəlinməyən fotoşəkillər, məktublar, sənədlər və xatirələr qorunur. Yaşlı nəslin yaddaşı yazılı mənbələrdəki boşluqları tamamlaya bilər.

Toplanan materiallar elmi ekspertizadan keçdikdən sonra rəqəmsallaşdırılmalı və çoxdilli platformada təqdim olunmalıdır. Azərbaycan dili əsas olmaqla, ingilis, rus və digər dillərdə qısa məlumatların hazırlanması layihənin beynəlxalq əhatəsini genişləndirər.

Lövhələrin dizaynı vahid konsepsiya əsasında qurulmalı, hər binanın memarlıq xüsusiyyətləri nəzərə alınmalıdır. Parıltılı, nümayişkaranə və şəhərin qədim ruhuna yad tərtibatdan uzaq durmaq vacibdir. İçərişəhərin estetikası sakitlik, ölçü və materialın ləyaqəti üzərində dayanır.

Burada təmtəraq yox, zövq danışmalıdır.

Mədəni yaddaşın gələcək strategiyası

Belə bir layihə dövlətin mədəni irs siyasətində uzunmüddətli strateji nəticələr yarada bilər.

Birincisi, tarixi məkanın elmi inventarlaşdırılması genişlənər. İkincisi, şəhər sakinlərinin irsin qorunmasına şəxsi münasibəti güclənər. Üçüncüsü, turizm marşrutları yeni məzmun qazanır. Dördüncüsü, ailə arxivlərinin qorunmasına maraq artır. Beşincisi, gənc tədqiqatçılar üçün yeni elmi mövzular və mənbələr meydana çıxır.

Layihə məktəblər üçün də xüsusi proqramlara çevrilə bilər. Şagirdlər İçərişəhərdə yaşayan ailələrin tarixini araşdıra, foto və sənəd sərgiləri hazırlaya, köhnə sakinlərin xatirələrini yazıya ala bilərlər. Bu fəaliyyət tarix dərsini auditoriyadan çıxarıb şəhərin özünə gətirər.

Uşaq evdən çıxarkən qarşısındakı lövhəni oxuyub anlamalıdır:

“Məndən əvvəl burada insanlar yaşayıb. Bu həyət təsadüfi məkan deyil. Mən davam edən bir hekayənin içindəyəm.”

Məhz bu hiss vətəndaş məsuliyyətinin ən dərin qaynaqlarından biridir.

İnsan özündən əvvəlki nəsilləri tanıdıqda özündən sonrakılar qarşısındakı borcunu da daha aydın anlayır.

İtirilmiş adların bərpası

Bu təşəbbüs keçmiş mülkiyyət münasibətlərini yenidən müzakirəyə çıxarmaq çağırışı daşımır. Məqsəd evləri geri almaq yox, evlərin yaddaşını geri qaytarmaqdır.

Biz itirilmiş əmlakın qaytarılmasını tələb etmirik.

Biz itirilmiş adların qaytarılmasını istəyirik.

Bu, müəyyən bir əsrin nostaljisi və ya hansısa sosial təbəqəyə ehtiram mərasimi kimi təqdim oluna bilməz. Söhbət şəhərin tarixi bütövlüyündən, mədəni ardıcıllıqdan və kollektiv yaddaşın sağaldılmasından gedir.

Əcdadlarla bizi birləşdirən ip qırıldıqda insan öz şəhərində yadlaşır. Həmin ip bərpa olunduqda daşlar yenidən mənaya çevrilir.

Qoy İçərişəhərin hər evi kimlərin yaşadığını danışsın.

Qoy küçələr onları quran, qoruyan, bəzəyən və həyatla dolduran ailələrin adlarını yaşatsın.

Qoy qapılar arxasındakı səssiz tarix yenidən eşidilsin.

O zaman İçərişəhər muzey vitrini təsiri bağışlamaqdan uzaqlaşacaq. O, yenidən nəfəs alan, xatırlayan, öz sakinlərini tanıyan bir Evə çevriləcək.

Sahibi olan Evə.

Yaddaşı olan Evə.

Gələcəyi olan Evə.

Və biz bu qalanı əsrlərin içindən keçirərək bizə çatdıranların qarşısında mənəvi borcumuzun bir hissəsini yerinə yetirmiş olacağıq.

Rüfət Ələkbərov

sənətşünas, muzeyşünas

mədəniyyət siyasəti üzrə mütəxəssis

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see279

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see273

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see265

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see251

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see246

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see246

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see240

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see238

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see227

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see221

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see220

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see210

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see203

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see202

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see199

Selen Öztürk yeni serialla ekranlara qayıdır

06 Sentyabr 2026 11:39see199

Misir Mərdanov: Sayı yox, keyfiyyəti artırmaq lazımdır

06 Sentyabr 2026 14:14see197

Şah Qacarın “bığlı arvadları” əslində kimlər idi? ARAŞDIRMA

06 Sentyabr 2026 05:07see187

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see178

İlham Əliyev III Msvatini təbrik etdi

06 Sentyabr 2026 11:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri