Sirli sehrli İçərişəhər
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aynur Ədil
Bir gün "Həyatda nəyin mövcud olmasını istəyərdin?" kimi mistik sualla üzləşsəydim, böyük ehtimal, cavabım qısaca belə olardı: İstərdim ki, bəzi küçələrin qucağı, əlləri olsun - qucaqlamaq üçün... Və əgər bu arzum hasil olsaydı, çox istərdim ki, İçərişəhər məni qucaqlasın. Hərçənd ruhu dərin, daxili aləmi geniş və rəngli, daş-divarın səsini duya bilən insan doğma küçələrlə xəyalən də qucaqlaşa bilər.
Kiçik yaşlarımdan Qız Qalasının ətrafı, İçərişəhərin hər bir küncü məni cəlb edirdi. Hələ uşaq ikən o yerlərdən keçəndə illərdir ruhumun oralarda gəzdiyini, o küçələrə aid olduğumu hiss edirdim. Bəlkə də bu duyğular gələcəkdə yaşayacaqlarımla bağlı Tanrının ilahi mesajı idi, kim bilir.
Böyüdüm... Həyatın mənim üçün olduqca rahat, hüzurlu, hər anını sevgi ilə yaşayacağım yalanlarına inanaraq illər bir-birini əvəzlədi. Amma sonra anladım ki, həyatı maraqlı edən mübarizə və çətinliklərdir. O daşlı, tikanlı yollarda gəzmək, bədənini incidib ruhunu yormasa, güclü olmağın və güclü olana qədər apardığın mübarizənin ləzzətini heç vaxt hiss edə, duya bilmərsən. Və beləcə İçərişəhər anamtək ən yaxın dostuma, sirdaşıma çevrildi. Zaman gəldi, ilklərimə şahidlik etdi İçərişəhər. İlk sevginin verdiyi saf, təmiz duyğulardan yaranan hiss-həyəcanıma şahidlik etmişdi, bir insana könül verəndə sənə sadiq qalacağına inandırmışdı məni o doğma yerlər. Hər dəfə oradan keçəndə və ya gəzəndə o əvəzolunmaz anlar gözümdə canlanaraq, yaşamaq eşqimi bir az da artırırdı.
Sonra elə an gəlir ki, yaşadıqların bir yuxu kimi bir göz qırpımında səndən gedir. Əvvəllər cüt gəzib gözünün parıldadığı yerlər artıq tək gəzib gözünün dolmağına səbəb olur. O yerlərdə gəzəndə keçmişim və bugünümlə o qədər rahat üzləşə bilirəm ki... Qaysaq bağlamış yaralarım elə dərindən sızıldayır ki, hələ də sağalmadığının şahidi oluram. İçərişəhərin hər bir izi mən orada gəzəndə sanki dil açıb danışır və hiss etdiklərimə, duyğularıma şərik olaraq məni anlayır. Ömrü yalnız yaşadığım bu dönəmlərdə kimlərsə mənə məhz İçərişəhərdə birgə gəzməyi təklif edən zaman etirazımı bildirirəm. Mənim oraya elə bir sirli, emosional bağlılığım var ki, bunu heç kəs anlaya bilməz (hətta ən doğmalarım belə). Özümü bəzən cümə günləri İçərişəhərdə gerçəkləşməyəcəyindən əmin olduğum dualarımı gözyaşı içində "Cümə" məscidində Allahdan yalvararaq istəyəndə, bəzən də bir skamyada əyləşib öz marağını itirmiş dünyada xoşbəxt və heç nədən xəbəri olmayan uşaqların futbol oynayarkən üzlərində yaranan təbəssümü, qol vurarkən sevincdən, qürurdan yaranan həyəcanlarını seyr edib zövq alaraq tapdım. Oranın daimi sakinlərini tanımasam da, özümə dost, doğma bildim. Dəfələrlə olub ki, Qız Qalasının yanında əyləşib ətrafı heyranlıqla müşahidə edən zaman oranın sakinlərindən biri yanımda əyləşib və sanki ağlımdan keçənləri duyaraq, ortaq mövzudan söz açıb. Bir də baxmışam ki, biz bir neçə dəqiqəlik zamanda o qədər cana yaxın söhbətlər etmişik ki... Və bu duyğular məndə əvəzolunmaz izlər buraxıb. Daha sonra bir-birimizin adını belə soruşmadan sağollaşmış, bir-birimizə həyatda uğurlar arzulayaraq, şirin söhbəti yekunlaşdırmışıq. Evə qayıdarkən bunu düşünmüşəm: bəzən bütün doğmaların sənə "yad" olsa belə, hansısa bir yad bir neçə dəqiqəlik "doğma" olur sənə. Elə həmin gün özümdən biixtiyar şükür etmişəm Allaha, hələ də eyni dili paylaşa bildiyim, tək gəzəndə belə yalnız hiss etməyə imkan verməyən insanların var olduğu üçün. Elə bir an olub ki, keşməkeşli həyat yolunda qarşılaşdığım məyus ruh və xəyal qırıqlığı ilə birgə sığındığım, ən yaxın dostum, sirdaşım olan İçərişəhərə üz tutmuş və gəzərkən məscidlərdən gələn azan səsi ilə qarşılaşaraq, bütün bədənimə bir anlıq hüzuru hopdurmuşam. Oralara hər addımımı atanda yazıçı ruhumu bir az da həvəsə gətirmiş, hər daşında, hər ağacında, abidəsində tarixin, mədəniyyətimizin qoxusunu hiss etmiş, bir anlıq gözlərimi yumanda sanki keçmişə gedib qayıtmışam. Elə sevgilər, hisslər var ki, bəzəkli cümlələr onları tam ifadə edə bilməz. Bunun üçün mütləq ki, sən eyni hiss-həyəcanı yaşamalı, hiss etməlisən. Mənim də İçərişəhərə olan sevgim belədir...
Bir gün İçərişəhər barədə yazı qələmə alacağım barədə qərar verərkən oranın on üç illik sakini olmuş dizayner Vəfa xanım İsazadədən İçərişəhərdə yaşayan biri kimi, öz xatirələrini bizimlə paylaşmasını rica etdim. Və təklifimi məmnuniyyətlə qəbul edən Vəfa xanım İçərişəhərin daxili dünyası ilə bağlı bunları söylədi:

- İçərişəhərdə bir çox həyətlər ümumi olur. Bizim yaşadığımız bina üçmərtəbəli idi, təxminən yeddi-səkkiz qonşu vardı. Onlar bir-birilə çox mehriban idilər. Bizim heç vaxt qapılarımız bağlı olmayıb. Yayda ümumiyyətlə, qapılar açıq olurdu. Bizə duz, yumurta və ya yağ lazım olurdusa, bir-birimizdən rahatlıqla götürə bilirdik. Və yaxud da kiminsə uşağı məktəbdən gələndə əgər həmin gün o yemək bişirməmişdisə, rahatlıqla qonşudan yemək, hətta köynəyinə ütü çəkilməsini də istəyə bilərdi. Bir sözlə, biz hər şeyi paylaşırdıq. Yemək bişirəndə yeməyin qoxusu yayılırdı və mütləq biz o yeməkdən bir boşqab hər evə verirdik. Pandemiya dövründə çölə çıxmaq icazəsi yox idi və biz öz həyətimizin içində balaca bir samovar çayı dəmləyərək otururduq. Həmçinin kimin evində nə var idisə - meyvə, mürəbbə və s. - gedib evindən gətirirdi. Bir-birimizin xeyir, şərində iştirak edirdik. Ümumiyyətlə, Qala divarının içərisində yaşayan insanlar yaxın qonşu olmasalar da, bir ərazidə yaşayırlarsa, mütləq bir-birlərinə salam verirdilər. Mütləq deyildi ki, biz bir-birimizə salam vermək üçün eyni həyətdə yaşayaq. Biz beş küçə yuxarıda yaşaya bilərdik, amma hamımız bir-birimizi tanıyırdıq. İçərişəhərin içərisində yəqin bilirsiniz, tək market var idi. Əslində iki marketimiz var idi. Biri bizim məhlə adamlarının öz birinci mərtəbəsində açdığı market idi. Hər zaman kiçik nələrsə lazım olduqda, həmin o marketə üz tuturduq. Hətta pul olmayanda belə, biz "nisyə dəftəri"nə nəyisə yazdırırdıq. Yəni bu qonşuluqda o qədər güvən var idi ki, nəsə lazım olduqda hətta xırda pulun belə olmasa, deyirdilər ki, götür, sonra verərsən.
Bir az da Novruz bayramından danışım. Novruzda biz mütləq tonqal qalayırdıq. Qız Qalasından üzü aşağı düşəndə bir yer var və biz həmişə tonqalı orada qalayırdıq. Hamı da oraya yığışırdı. Bir sözlə, hər məhlə arasında bir tonqal qalamaq əvəzinə, İçərişəhər sakinləri müəyyən bir yeri seçirdik və tonqalı orada qalayırdıq. Papaq atanda isə papağın içərisinə hər şey qoyurdular. Bir də görürsən, elə yerlər var ki, papaq atırsan, amma qapını açmırlar. Bizdə isə qoğal, paxlava, şəkərburadan tutmuş, hər şey yığırdılar papağın içərisinə. "Qapı pusmaq", "qapı döydü" kimi bütün milli adət-ənənələr qorunub saxlanılır və onlara əməl olunurdu. Yeni ildə isə "fişəng" atanda bizim üçüncü mərtəbədə yaşayan qonşunun panoraması açılırdı lap qabağa və bütün birinci-ikinci mərtəbədə yaşayan qonşular, uşaqlar qucağımızda saat on iki olan kimi yığılırdıq həmin qonşunun evinə ki, indi "atəşfəşanlıq" olacaq, hamı onu görəcək. İçərişəhərdə qonşular həqiqətən çox mehriban olurlar.
Mən İçərişəhərdə on üç il yaşamışam. Bizim bir qonşumuz var idi, təzə gəlmişdi və kirayədə yaşayırdı. Onun bir uşağı var idi və eyni zamanda hamilə idi. Siz inanırsınız, o, hamilə olduğu müddətdə birinci uşağını qonşular böyütdülər. Həkimə getmək lazım olanda uşağı bizə qoyurdu. Mən üç ildir İçərişəhərdən köçmüşəm, amma buna baxmayaraq, indiyə kimi qonşularımla əlaqə saxlayır, danışır və qonaq gedirəm. Bəli, artıq qonaq gedirəm ora... Xatırlamışkən, Novruz bayramı olan zaman İçərişəhərdə gözəl konsertlər, yarmarkalar təşkil edirdilər. "Əli və Nino" filminin çəkilişi İçərişəhərdə də olmuşdu. Hər gün səhər mən oğlumu bağçaya aparanda dekorasiyaların arasından keçib gedirdik. Baş rolda oynayan türk aktyor Halit Ergenç orada oteldə qalırdı. Bir gün səhər mən oğlumu məktəbə aparan zaman otelin qarşısından Halit Ergenç çıxdı, oğlum ona baxaraq dedi ki, ana, mən bu aktyoru tanıyıram. Halit Ergenç bunu eşitdi və cavab verdi ki, bəli, o, mənəm. Daha sonra yaxınlaşaraq oğlumun başını sığalladı, salamlaşdı onunla. Və bir sakin kimi həmin filmin bir hissəsi olmaq çox xoş idi. Dekorasiyaları, həmin aktyorları canlı görmək adama çox gözəl təəssürat bağışlayırdı. Ümumiyyətlə, İçərişəhərdə turistlərin gəzməsi üçün Qız Qalası, miniatür kitab muzeyi və hansı ki, orda xırdadan tutmuş böyüyə kimi çox gözəl kitablar var, Şirvanşahlar kompleksi, eyni zamanda məscidlərimiz var.
Bizim yaşadığımız evin yanında İsveç səfirliyi yerləşirdi. O səfirliyin içərisində böyük bir tut ağacı var idi. Yeganə səfirlik idi ki, səfirliyin ətrafı böyük divarlarla yox, sadəcə dəmir zəncirlərlə əhatələnmişdi. Təbii ki, sən zəncirin o biri tayına keçəndə səfirliyin ərazisində sayılmış olurdun. Amma səfirlik əməkdaşları İçərişəhər sakinlərinə o qədər güvənirdi ki, icazə verirdi dəmirdən keçməyimizə. Uşaqlar qalxırdılar ağacın başına, biz isə evdən böyük süfrələr gətirirdik və açırdıq süfrəni, uşaqlar ağacı silkələyirdilər. Daha sonra tutları vedrələrə yığıb, aparırdıq. Kimi mürəbbə bişirir, kimi isə eləcə yeyirdi.
İçərişəhərdə sakitçiliyə çox riayət olunur. Hətta kimsə çox səs-küy salanda bizim ixtiyarımız var idi ki, çıxıb deyək, ay bala, sakit ol, qoy yataq. Və bundan heç kəs incimirdi. Yağış yağanda və sən evdə olmayanda, ipdə asılı paltarların var idisə, gəlib görürdün ki, qonşu sənin paltarını həm yığıb, həm də qatlayıb. Həm də bunu təkcə yaşlı nəsil yox, gənc qızlar, gəlinlər də edirdi. Bu mədəniyyət sanki nəsildən-nəsilə ötürülürdü. Evdə oturub televizora baxırdıq. Bir də görürdük ki, qapı döyüldü yox, açıldı, qonşu qəfil sənin evinə girdi. Sən ona demirdin gözlə, çay gətirim, o özü öz çayını süzüb gətirirdi. Biz bunu balaca uşaqlara da öyrədirdik. Əminəm ki, bu səmimiyyət, ab-hava orada həmişə davam edəcək.
Mən hazırda da İçərişəhər ərazisində yaşayıram, amma qaladan çöldə. Mənim yaşadığım blokda səkkiz qonşu var və bir-birinə görəndə salamlaşmır. Hətta bu Novruzda mən iki qonşumun qapısına papaq atdım və onlar qapını açmadılar. Bax, onda xatırladım ki, İçərişəhərdə ən kasıb adamın da qapısını döyəndə bir konfet belə olsa, mütləq papağın içərisinə qoyurdu.
İçərişəhərdə yaşamaq tarixi daşımaq deməkdir. Yerlərdə nə şüşə qırıntısı, nə də bir çirkaba rast gəlmək mümkün idi. Günü bu gün də o təmizliyə riayət olunur və buna görə də xüsusilə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğuna təşəkkür edirəm ki, bizim tariximizi qoruyur və bu tarix nəsildən-nəslə ötürülür. İçərişəhər mənim üçün keçmişi gələcəyə daşımaq və o tarixi anları yaşamağı ifadə edir. Sanki keçmişdə yaşayırsan və mən hələ də ora daxil olanda həmin ab-havanın şahidi olur, özümü öz eviməki kimi hiss edirəm.
Son olaraq bir məqamı da deyim: İçərişəhərdə itməmək üçün bir sirr var. Sən İçərişəhərdə gəzirsən və itəndə düşünürsən ki, buradan necə çıxacağam. Bildiyimiz kimi, İçərişəhərin bir neçə girişi var. Əsas ana giriş Qoşa Qaladandır. İçərişəhərdə bütün enişlər çıxışa aparır. Əgər itmisinizsə, üzüaşağı gedən yollara üz tutun. Üzüaşağı yollar sizi mütləq çıxışa aparacaq...


