İlin ən yaxşı deputatları: adları çəkilənlər və unudulanlar
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Parlamentdə fəallıq bəzən tribunadan deyilən sözlərlə, bəzən komitə iclaslarında görülən işlərlə, bəzən də seçicinin qapısını döyən deputatın varlığı ilə ölçülür. Elə buna görə də “ən fəal deputat kimdir” sualına verilən cavablar nadir hallarda eyni olur. Kimisi çıxışları ilə yadda qalır, kimisi təşəbbüsləri ilə, kimisi isə ictimai və mədəni mühitdə görünməsi ilə seçilir.
Modern.az-ın müxtəlif peşə sahibləri ilə apardığı bu sorğu da Milli Məclisdəki fəallığa fərqli baxışları üzə çıxarır. Bəzi adlar bir neçə dəfə təkrarlanır, bəziləri isə yalnız müəyyən sahələr üzrə ön plana çıxır. Toplanan fikirlər, parlamentin içindən və kənarından baxıldıqda deputat fəallığının necə qavranıldığını göstərir və oxucunu bu sual üzərində düşünməyə vadar edir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, uzun müddət deputat kimi fəaliyyət göstərmiş Sabir Rüstəmxanlı sorğumuzda iştirak etməkdən yayınsa da, daha sonra hazırda parlamentdə təmsil olunan həyat yoldaşının adını çəkib:
"Məndən soruşsanız, deyərəm ki, ən fəal deputat Tənzilə Rüstəmxanlıdır. Ayda iki dəfə rayona gedir, yanına gələnləri qəbul edir, heç bir məktubu cavabsız qoymur. Amma bu, mənim subyektiv fikrimdir. Müşahidələrimi, gördüklərimi deyirəm”.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Qüdrət Həsənquliyev, Fazil Mustafa, Zahid Oruc və Razi Nurullayevin çıxışlarını çox bəyəndiyini bildirib:
“Qadın deputatların çox aktiv olduqlarını görməmişəm. Amma Səbinə Salmanovanın çıxışlarını, qəzet yazılarını oxuyuram, o, aktiv deputatlar arasındadır”.
Milli Məclisin sabiq deputatı, professor, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov bildirib ki, VII çağırışın deputatları əvvəlki çağırışların deputatlarından daha aktivdirlər:
“Çox az deputat var ki, çalışmasın. Mənə elə gəlir ki, deputatlarımız son illərdə daha da fəallaşıblar. Komitə sədrləri, xüsusilə Fazil Mustafa, Əli Hüseynli, Polad Bülbüloğlu, həmçinin müavinlər yaxşı işləyirlər”.
Eks-deputat Etibar Əliyev fəallarla bağlı siyahını çox da uzatmayıb:
“Mən Cavanşir Feyziyev, Qüdrət Həsənquliyev, Elnarə Akimova və Rəşad Mahmudovun adlarını çəkə bilərəm”.
REAL Partiyasının sədri Natiq Cəfərli parlamentdə rəhbəri olduğu partiyanı təmsil edən deputatın adını çəkib:
“İqtisadçı kimi baxsaq, Erkin Qədrilinin fəaliyyətini qeyd etmək olar. Eyni zamanda, Vüqar Bayramovun açıqlamaları və məsələlərə gətirdiyi aydınlıq da müsbət dəyərləndirilməlidir”.
Yazıçı Şərif Ağayar Milli Məclisin ədəbiyyatşünas deputatı Elnarə Akimovanın adını çəkənlərdən olub:
“Mən yeni deputatımız Elnarə Akimovanın adını çəkərdim. Həm sosial-siyasi sferada, həm də ədəbi fəaliyyətdə xeyli aktivlik göstərib. Özümün iştirak etdiyim mədəni tədbirlərdə Aqil Abbası, İmamverdi İsmayılovu, Aydın Hüseynovu, Elçin Mirzəbəylini və Hikmət Babaoğlunu tez-tez görmüşəm. Xüsusən Fazil Mustafa ilə kitab sərgilərində və ədəbi-mədəni tədbirlərdə daim rastlaşmışam. İl ərzində parlamentdə də onun aktivliyini müşahidə etmişəm”.
Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bu istiqamətdə adını çəkə biləcəyi heç bir millət vəkilinin olmadığını deyib:
“Parlament üzvlərinin seçiciləri bizə müraciət edir və vəkillərinin onların mənafelərini müdafiə etmədiklərini deyirlər. Bu müraciətlərin əsas səbəbi vaxtilə parlamentdə millət vəkili nümunəsi göstərmiş partiya sədrimiz İqbal Ağazadənin fəaliyyəti ilə bağlıdır. Biz bu gün kimsəni inandıra bilmirik ki, Milli Məclisdə deyilik. Amma parlamentdə oturanları da xalqa inandırmaq olmur ki, onlar həqiqətən millət vəkilidirlər. Özümün yaşadığım bələdiyyə ərazisində belə həmin dairənin deputatı seçicilərin nə problemini qaldırıb, nə də onların həlli istiqamətində aidiyyəti qurumlara müraciət edib”.
Hərbi ekspert Ədalət Verdiyev vurğulayıb ki, zaman-zaman deputatlar Milli Məclisdə problemlərlə bağlı çıxışlar edirlər:
“Razi Nurullayev, Fazil Mustafa, Hikmət Babaoğlu və Ceyhun Məmmədov daha çox əhalini narahat edən məsələlərlə bağlı maraqlı təşəbbüslər irəli sürüblər. Lakin bu təkliflərin qəbul edilməsi kifayət qədər ləng həyata keçirilir”.
O, Qüdrət Həsənquliyev və Zahid Orucun da adlarını xüsusi vurğulayıb:
“Mən hərbi sahədə olduğum üçün bu istiqamətdə il ərzində Milli Məclisdə ən aktiv fəaliyyət göstərən, təkliflər və qanun layihələri irəli sürən deputatlardan biri kimi Arzu Nağıyevi görürəm. Amma bəzi deputatlar var ki, əhali üçün əlçatan deyillər. Onların adlarını çəkmək istəmirəm”.
İlahiyyatçı Elşad Miri son illərdə parlamenti yaxından izləmədiyini desə də, ilin ən aktiv və yaddaqalan deputatının Fazil Mustafa olduğunu bildirib.
Politoloq Elxan Şahinoğlu isə konkret ad çəkməyib:
“Milli Məclisdəki deputatları bir neçə qrupa bölmək olar. Birinci qrup sessiya iclaslarında daim çıxış edən, qanunverici təşəbbüslər irəli sürən deputatlardır. Onlar komitə iclaslarında da fəaldırlar. İkinci qrup deputatlar əsasən komitələrdə çıxış edirlər. Üçüncü qrup deputatlar televiziya proqramlarında çıxışlar edir, müsahibələr verirlər. Dördüncü qrup deputatlar isə nə sessiya, nə komitə iclaslarında çıxış edir, nə televiziya proqramlarının dəvətlərini qəbul edir, nə də seçicilərinin problemlərinin həllinə maraq göstərirlər. Təəssüf ki, dördüncü qrup deputatlar Milli Məclisdə çoxluq təşkil edir”.
Ədalət Partiyasının sədri Mütəllim Rəhimli layiqli deputatların hansı keyfiyyətlərə malik olmalı olduğunu qeyd edib:
“Cəmiyyətin bütün təbəqələrində mövcud olan və yarana biləcək problemlərin aradan qaldırılması məqsədilə qanunlara əlavələr və yeni qanunların qəbuluna çalışmalıdırlar. Seçicilərin problemlərini qanunvericilik təşəbbüsləri əsasında həll etməlidirlər. Elçin Mirzəbəylinin qanunvericilik təşəbbüslərini, ictimai problemlərə yanaşmasını və seçiciləri ilə daimi ünsiyyətini müsbət qiymətləndirirəm. Fəallığı, orijinal yanaşması və obyektiv mövqeyi hörmət doğurur”.
Ağ Partiyanın sədri Tural Abbaslı bu mövzuda konkret deputat fərqləndirə bilmədiyini deyib:
“Təəssüf hissi ilə qeyd etməliyəm ki, mən düşündüyüm millət vəkili obrazını orada görə bilmirəm. Bu il ərzində mənimlə debatlarda iştirak edən bəzi deputatlar olub, amma təkcə debatlarda iştirak etmələri onları aktiv deputat adlandırmağa əsas vermir. Mənə elə gəlir ki, hamısı aşağı-yuxarı eyni səviyyədədir. Kimisə xüsusi fərqləndirmək mümkün deyil”.
İqtisadçı ekspert Vahid Məhərrəmov parlamentdə Vüqar Bayramovun bu sessiyanın və ümumilikdə 2025-ci ilin ən təşəbbüskeş, ictimai problemlərin qaldırılmasında, qanunvericilik təşəbbüslərində və seçicilərlə ünsiyyətdə daha fəal deputat olduğunu bildirib.
“Media Türk” internet televiziyasının baş redaktoru Heydər İsmayıl parlamenti yaxından izlədiyini qeyd edib:
“Mənim üçün bu il xüsusilə seçilən deputatlar Tənzilə Rüstəmxanlı, Cavanşir Feyziyev, Tahir Mirkişili, Ceyhun Məmmədov və Naqif Həmzəyev oldu. Onlar zaman-zaman televiziyada mənim də qonağım olurlar və hər biri hadisələrə yanaşması ilə fərqlənir”.
Politoloq Tofiq Abbasov isə Azər Allahverənov, Bəhruz Məhərrəmli, Rizvan Nəbiyev və Hikmət Babaoğlunun adlarını çəkib.
Yazıçı Fəridə bildirib ki, Milli Məclisin payız sessiyasında aktivliyi və təşəbbüsləri ilə diqqətini xüsusilə cəlb edən deputatlar Rəşad Mahmudov və Elnarə Akimova olub:
“Rəşad həkimin səhiyyə sistemindəki mövcud problemlərə vaxtaşırı toxunması, xüsusilə sertifikasiyadan keçməyən həkimlər məsələsini gündəmə gətirməsi yadda qaldı. Elnarə xanım isə milli ədəbiyyat mükafatının təsis olunması ilə bağlı təşəbbüsü ilə seçildi. Bundan əlavə, Müşfiq Məmmədli və Ceyhun Məmmədovun da adlarını qeyd etməyə dəyər. Mövzu ilə bağlı suallar zamanı operativ cavab vermələri və əməkdaşlığa açıq olmaları üçün hər birinə təşəkkür edirəm”.
Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Füzuli Musayev fəal deputatlar sırasında Ülvi Quliyevi xüsusi qeyd edib:
“Bundan başqa, Vüqar İskəndərov və Göydəniz Qəhrəmanovu da ilin ən fəal deputatları hesab edərdim. Naqif Həmzəyev və Müşfiq Cəfərovu isə bu siyahıya gəncəli olduqları üçün deyil, idman sahəsindəki fəallıqlarına görə əlavə edirəm”.
İqtisadçı-hüquqşünas Əkrəm Həsənov bildirib ki, deputatlar qanunverici orqanda təmsil olunsalar da, layihə hazırlamaq əvəzinə daha çox danışırlar.
Bir neçə dəfə Milli Məclis seçkilərində iştirak etmiş müğənni Elza Seyidcahan da bir neçə deputatın adını çəkib:
“Bu gün mən çox sevinirəm ki, həqiqətən xalqın içində olan millət vəkillərimiz var. Məsələn, Aqil Abbas. Mən onu əsrimizin Cəlil Məmmədquluzadəsi adlandırıram. Onun qələmi, fikirləri, çıxışları və xalqına sevgisi təsadüfi deyil. Yevlaxı təmsil edən İlham Məmmədov alicənab, ziyalı və həkimdir. Eşitdiyimə görə, seçiciləri ilə yaxından maraqlanır, evlərində olur, həkim kimi də xidmət göstərir. Şəkidən deputat seçilən Vüqar İskəndərov da tədbirlərimdə dəfələrlə iştirak edib, çıxışları ilə məni və tamaşaçıları ruhlandırıb. Hətta Ulu öndərin 100 illiyinə həsr olunmuş konsertimdə tədbirin sonuna qədər qalıb və dedi ki, ‘bu konsertdən ayrıla bilmədim, çox dəyərli idi’”.
Elza Seyidcahan həmçinin Jalə Əliyeva, Tənzilə Rüstəmxanlı, Razi Nurullayev, Ülvi Quliyev və Qubanın yəhudi əsilli deputatı Anatoli Rafailovun da adlarını çəkib:
“Adını çəkdiyim millət vəkilləri musiqini və poeziyanı duyan insanlardır. Onların bəziləri mənim şeirlərimi də dinləyir, təhlil edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Dekabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















