Icma.az
close
up
RU
İlk daşı kim atacaq?!

İlk daşı kim atacaq?!

Icma.az bildirir, 525.az portalına istinadən.

Şahanə MÜŞFİQ

Cəmiyyətimizin ən böyük paradokslarından biri budur: hamımız insanıq, hamımızın günahı, səhvi, zəifliyi, qorxuları var, amma buna baxmayaraq, hamımız başqalarını mühakimə etməkdə, günahlandırmaqda bir-birimizlə yarışırıq. Bu dilemmanı İsa peyğəmbərin məşhur sözü çox gözəl ifadə edir: "Aranızda günahı olmayan ilk daşı atsın". Hər kəsin içində özünü doğrultmaq üçün bir bəhanə var, başqasını ləkələmək üçün isə bəhanəyə belə ehtiyac yoxdur.

Bu gün cəmiyyətə baxanda görürük ki, daş atmaq adətə çevrilib. Sosial şəbəkələrdən tutmuş məhəllə aralarına qədər insanlar bir-birini ittiham etməyə, linç etməyə hazırdırlar. Əslində isə "dürüstlük mühakiməsi" aparanların öz keçmişinə baxsan, nəinki bir daş, yüz daşlıq günah tapmaq olar. Lakin qəribədir ki, insan öz eyiblərini görməz, amma başqasının ən kiçik qüsurunu mikroskop altında böyüdər.

Bu gün kiminsə həyatına, davranışına, seçiminə qarışmaq çox asandır. "Namus", "qeyrət" sözü dilimizdən düşmür. Halbuki əksər hallarda bu çağırışları edənlərin öz həyatında gizlinlər, qaranlıq nöqtələr çox olur. Belə namus keşikçilərinin əksəriyyəti yalançıdır, rüşvət alandır, saxtakardır, ailəsində söz yiyəsi deyil. Amma buna baxmayaraq, başqasına "dərs keçmək" ən rahat yol kimi görünür, deyəsən. Öz başlarını quma salanlar çöldə qalan bədənlərini və insanların da bunu görmək üçün gözlərinin, anlamaq üçün ağıllarının olduğunu nəzərə almırlarmı? Yoxsa bu boyda yer kürəsində tək ağıllı özlərini sanırlar, tək doğrunun öz düşüncələrinin olduğunu düşünürlər? Ya bəlkə özlərini seçilmiş sanırlar - yəni onlara olar, amma başqalarına yox?!

Bir də görürsən özünü təmiz göstərmək üçün başqasının üstünə kölgə salmağa çalışır. Ən acınacaqlısı isə budur ki, belə hallar ictimai rəydə "norma"ya çevrilir. Saxtakarlıq edən, yalan danışan adam başqasını dürüst olmamaqda ittiham edirsə, deməli, biz artıq ədalət deyil, imitasiya cəmiyyətində yaşayırıq.

Daş atan əllər niyə çoxdur?

Cavab sadədir: daş atmaq, mühakimə etmək ən asan işdir. Özünü dəyişmək, günahlarından təmizlənmək, səhvlərini düzəltmək isə çətin və ağrılıdır. Ona görə də özünü dəyişməkdənsə, başqasını ittiham etməklə rahatlıq tapır.

Sosial şəbəkələrdə kiminsə şəxsi həyatını müzakirə etmək, kimin nə geyindiyi, kiminlə oturub-durduğu, kimin hansı sözləri dediyi barədə hökm vermək, çox uzun illər olmuş hadisəni gərəksiz məqamda isidib cəmiyyətin qarşısına qoymaq "kollektiv daş atma" mərasimidir. Hər kəs bir daş atır, ortada böyük bir dağ peyda olur. Amma o dağ heç vaxt kiminsə qüsurunu aradan qaldırmır, sadəcə cəmiyyətin içində nifrət və ikili standartları böyüdür. O dağı yaradanların əsl dərdi isə cəmiyyəti düzəltmək, ədaləti bərpa etmək, insanları yaxşıya yönəltmək yox, öz qüsurlarını, öz günahlarını ört-basdır etməkdir. Əlbəttə, bununla daha böyük günah qazandıqlarını bilmədən...

İkiüzlülüyün gündəlik həyatda təzahürü

Təsəvvür edin: işdə rüşvət alan adam evdə övladına dürüstlük dərsi keçir. Yoldaşına yalan danışan adam televizorda göstərilən "cəmiyyətin saxtakarlığından" şikayətlənir. Bir yandan Allahın adını dilindən düşürtmür, o biri yandan qardaşının haqqına girir. Hansısa yolla qazandığı statusundan başqalarını şantaj, təhdid üçün istifadə edən jurnalist bir polisi xidməti vəzifəsini yerinə yetirmək üçün illər öncə etdiyi hərəkətə görə linç edir. Bu ziddiyyətlər bir insanın içində birləşir və nəticədə cəmiyyətin özülü çürüyür.

Bəli, günahı olmayan yoxdur. Amma günahı olanın, üstəlik, başqasını ittiham etməsi ikiqat günahdır. Çünki insanın öz qüsurunu dərk etməsi vicdandır, amma başqasını qınaması vicdansızlıqdır.

Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində mollaların özlərini müqəddəs göstərərək camaatı necə aldadıb idarə etməsi, insanların isə onları kor-koranə izləməsi, başdan sona çirkaba bulaşanların İsgəndəri içki içməkdə günahlandırması günümüzün ikiüzlülüyü ilə o qədər səsləşir ki, bilmirsən, müəllif görüb bir əsr sonrakı bizi, ya biz qalmışıq elə o dövrdə?!

Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü" romanının qəhrəmanı olan Təkin ailəsi özlərinin bütün mənfilərinə bəhanələr tapıb normallaşdırarkən başqalarını görmədikləri, şahid olmadıqları, sadəcə "qulaqdandolma" ən xırda səhvlərlə belə günahlandırıb silə bilirlər. Sanki insanın təbiətində var: özünü "ağ" qələmə vermək üçün başqasını "qara" göstərmək.

Həyatın ironiyası

İronik bir haldır ki, dürüstlük tələbi ən çox dürüst olmayanların dilindədir. Ən çox "ədalət" deyənlər çox vaxt ədalətsiz qərarların arxasında gizlənirlər. Ən çox "namus" deyənlər öz vicdanı ilə üz-üzə qalmaqdan qaçanlardır. Əbəs yerə deyilməyib axı "kimdə nə yoxdursa, ən çox ondan danışar..."

Bir insanın əxlaqı onun başqasına necə davranmasında yox, öz içindəki qaranlıqla necə mübarizə aparmasında ölçülür. Əgər bir insan özünü dəyişmirsə, amma başqasını dəyişmək istəyirsə, bu artıq nə səmimiyyətdir, nə qəhrəmanlıq, nə də fədakarlıq. Bu, ən böyük saxtakarlıqdır, riyadır.

Ən böyük həll yolu insanın öz günahı ilə üzləşməsidir. İsa Peyğəmbərin sözü də məhz buna işarədir. Yəni daş atmaq istəyirsənsə, əvvəlcə özünə bax. Özündə günah tapmadınsa, ilk daşı atmağa haqqın var. Amma əmin ola bilərik ki, heç kim o daşı ata bilməyəcək.

Cəmiyyətin ən böyük xəstəliyi başqasının günahı ilə məşğul olmaqdır. Halbuki biz hər gün öz vicdanımıza hesabat verməliyik. Əgər hər kəs başqasını mühakimə etmək əvəzinə özünün səhvlərindən nəticə çıxartsaydı, günahlarını yumağa çalışsaydı, cəmiyyət daha təmiz və sağlam olardı. İnsan özünü düzəltmədən başqasını düzəltmək istəyirsə, bu, yalnız ikrah doğurur.

Ən böyük faciə isə daha sənə cavab verməyə gücü, imkanı olmayan insanlar üzərində qurulan ədalət oyunlarıdır. Milli dəyərlərimizdə yazılmamış bir qanun vardı: "Ölünün arxasınca danışmazlar". Bu, bir insanlıq göstəricisi, bir mədəniyyət idi. Axı ölüb gedən insan nə özünü müdafiə edə bilər, nə etdiyi hərəkətə açıqlama verər, nə də sənin günahlarını üzünə vurar. Böyüklərimiz deyərdilər ki, "o, indi Haqq dünyasındadır, yalan dünyada qalan bizik". Hərənin Allahla hesabatı da özünə aiddir. Təəssüf ki, indi daha buna da baxan yoxdur. Elə ən çox ölən adamın arxasınca danışırlar. Özü də hələ cəsədi soyumamış, torpağa qoyulmamış. Nə zaman bunca çirkinləşdi bu cəmiyyət, bilmirəm...

Bəlkə də bu gün ən çox ehtiyacımız olan şey susmaqdır. Başqasını qınamadan öncə bir anlıq dayanıb öz həyatımıza baxmaq. Bəlkə bizim gördüyümüz "başqasının günahı" elə bizim öz günahımızın kölgəsidir?!

Həqiqi dürüstlük, həqiqi namus və həqiqi ədalət daş atmaqda deyil, daş atmamaq cəsarətindədir. Ən ağır daş isə vicdan daşıdır - onu özümüzə yönəltmədən başqasına daş atmağa haqqımız varmı?!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri