“İllərdir bədənimdə qəlpələrlə yaşayıram, dözülməz ağrılar çəkirəm...” Foto
Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
“2020-ci il oktyabrın 21-də Füzuli rayonu Gecəgözlü kəndi uğrunda gedən döyüşlərdə düşmənin atdığı mərmi nəticəsində sol budumdan ağır yaralandım. İllərdir bədənimdə çoxsaylı xırda qəlpələrlə yaşayıram. Hara müraciət etsəm, hamı məni yola verir”.
Bu şikayətlə “Qafqazinfo”ya Bakı sakini olan Vətən müharibəsi qazisi Asəf Sadıqov müraciət edib.
3-cü qrup əlilliyi olan qazi dövlət tərəfindən evlə təmin olunduğunu, pensiya və təqaüd aldığını, maddi təminat baxımından heç bir şikayətinin olmadığını vurğulayır. Artıq 5 ildir bu qəlpələrlə yaşayan 32 yaşlı müharibə iştirakçısı dözülməz ağrılar çəkdiyini qeyd edir: “Müharibə zamanı Füzuli Diaqnostika Mərkəzində ilkin cərrahi müdaxilə edildi, rentgen olundum və məlum oldu ki, yara ətrafında çoxsaylı xırda qəlpələr, yaradan 10 sm yuxarıda arteriya damarının millimetrliyində isə 2 sm ölçüsündə iri qəlpə var. Bundan sonra bir çox problemlər yarandı. 2021-ci ildə “YAŞAT” Fonduna qəlpənin çıxarılması üçün müraciət etdim. Akademik M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə yönləndirdilər və orada dopler müayinə olundum. Həkim bildirdi ki, arteriyaya çox yaxındır, amma onu sıxmır. Həmin cavabla damar cərrahı Rasimə yaxınlaşdım. O da bildirdi ki, “qəlpəni çıxarsaq, qanitirmədən ölə bilərsən, ən yaxşı halda şikəst qalarsan”. Dedim bu cavabı mənə yazılı təqdim et ki, “YAŞAT” Fonduna verim, onlar da əməliyyat üçün xaricə göndərsinlər”. Yenə təkrar eyni şeyləri danışdı, yazılı cavabdan yayındı və mən də əsəbi halda uzaqlaşdım. “YAŞAT” Fonduna müraciət edərək sorğunu ləğv etməsini istədim”.
.jpg)
Asəf Sadıqov bildirir ki, o vaxtdan bu günə qədər bir çox xəstəxanalarda, damar cərrahı, travmatoloq, neyrocərrah qəbullarında olub, lakin heç biri onun dərdinə dərman olmayıb: “Ağrılar artıq xroniki vəziyyət aldığından gün ərzində istəmədən aqressiv oluram. Eyni zamanda PTSP, retrograd amneziya epileptiform ekvivalentlərlə diaqnozum var və 5 ildir müalicə alıram. Bu səbəbdən 2025-ci ilin 31 yanvar tarixində qəlpənin çıxarılması ilə bağlı “YAŞAT” Fonduna müraciət etdim. Oradan bildirildi ki, “İTS-yə müraciət et, onlar qarşılamasa və ya həkimlər üzərinə götürməsə, biz bu barədə komissiya təşkil edib qərar verəcəyik”. İTS-yə müraciət etdim, zülm-zillətlə “City Hospital”a göndəriş aldım. KT görüntülərinə baxarkən çanaq sümüyümdə yeni qəlpə kəşf edildi. Bunu 5 il sonra özəl xəstəxananın həkimi aşkar etdi. O da öz növbəsində əməliyyatı icra etməyin riskli olacağını bildirdi və yazılı sənəd verdi. İTS ilə əlaqə saxlayıb vəziyyəti bildirdim. Onlar isə vatsap nömrəsinə sənədin şəklini göndərməyimi istədilər və göndərdim. Daha sonra TƏBİB-dən zəng etdilər ki, “sənədinizi qəbul etmişik, yaxın günlərdə Yeni Klinikada İTS, TƏBİB, “YAŞAT” Fondunun iştirakı ilə komisiyya təşkil olunacaq və qərar veriləcək”.
Qazinin sözlərinə görə, müraciətlərə baxılma qaydasına uyğun olaraq 15 gün sonra əlaqə saxlayıb, lakin TƏBİB-dən bildirilib ki, məlumat yoxdur: “İTS sənədi göndərdiyini, “YAŞAT” Fondu, ümumiyyətlə, heç nədən xəbəri olmadığını dedi. 1 ay sonra Yeni klinikanın qeydiyyat şöbəsinə də zəng vurdum, cavab verən xanım məlumatsız olduğunu dedi.
İyunun 5-də İTS-in qəbul şöbəsinə yaxınlaşdım problemi izah etdim, bir çox yerlə əlaqədən sonra “Semaşko”dan Şəhid ailələri və qazilərlə iş şöbəsindən Aytən xanım əlaqə saxladı və gün təyin etdi. İyunun 11-də xəstəxanaya getdim. Onunla birgə inzibati binada oturan travmatoloq həkimin qəbuluna getdik, 30-40 dəqiqə gözlədikdən sonra həkim baş həkimin otağından əsəbi çıxaraq “xəstə qəbul etmirəm” dedi. Başqa həkim qəbulu təklif edilsə də, imtina etdim. Səhiyyə Nazirliyinə müraciət edib şikayətimi bildirdim, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasina yönləndirdilər. Orada da travmatoloq-həkim əməliyyatdan imtina etdi”.
.jpg)
Şikayətlə bağlı Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırılacağı, daha sonra bu haqda açıqlama veriləcəyi bildirildi.
İddialarla bağlı “YAŞAT” Fonduna da müraciət etdik. Fonddan bildirildi ki, Vətən müharibəsi əlili Asəf Sadıqov Cavid oğlunun fonda müxtəlif zamanlarda etdiyi müraciətlərə baxılıb və aidiyyəti üzrə dəstək göstərilib: “Belə ki, borc öhdəliklərinin qarşılanması istiqaməti üzrə müraciətinə əsasən 713,32 AZN borc öhdəliyi Fond tərəfindən qarşılanıb, məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 2500 AZN vəsait bank hesabına köçürülüb, tibb istiqaməti üzrə müraciətinə əsasən isə 57.98 AZN dərman vasitələri ilə təmin olunmaqla ona ümumilikdə 3271 AZN məbləğində dəstək göstərilib.
Vətəndaş daha sonra yenidən “YAŞAT” Fondunun 8110 Çağrı mərkəzinə tibb istiqaməti üzrə müraciət edib. Tələb edilən tibbi xidmətin İcbari Tibbi Sığortanın xidmətlər zərfinə aid olması səbəbiylə Asəf Quliyevə müvafiq quruma müraciət etməsi qaydası izah olunub.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bütün əhali sığorta olunan hesab edilir və xidmətlər zərfində nəzərdə tutulmuş tibbi xidmətlərdən yararlanmaq hüququna malikdirlər. Bu səbəblə də, Fondun əhatə dairəsinə daxil olan şəxslərin də müalicə məsələləri ilə əlaqədar ərazi üzrə tibb müəssisəsinə müraciət etmələri tövsiyə olunur (Çağrı mərkəzi 1542). Fond tərəfindən yalnız İcbari Tibbi Sığorta çərçivəsində təmin olunmayan tibbi xidmətlər ilə (stomatoloji xidmətlər istisna olunmaqla) bağlı müraciətlərə baxılır.
Fondun vəsaiti hesabına yaralıların müvafiq xarici dövlətdə müalicələrinin aparılması təqdim olunmuş həkim rəylərinə, ağırlıq dərəcəsinə və növbəlilik prinsipinə əsasən həyata keçirilir. Müalicəsinin ölkə daxilində mümkün olmaması ilə əlaqədar Fonda hər hansı rəsmi məlumat təqdim edilməyib”.
Qazinin sosial vəziyyəti ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də (ƏƏSMN) müraciət edik. Qurumdan cavab olaraq bildirildi ki, Vətən müharibəsi iştirakçısı Sadıqov Asəf Cavid oğlu nazirlik tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub: “Ona 2021-ci ildə müharibə ilə əlaqədar əlillik təyin edilib və bununla əlaqədar 4400 manat məbləğində birdəfəlik sığorta ödənişi verilib, 823 manat aylıq ödəniş edilir. O, 2022-ci ildə Bakı şəhərində yerləşən yaşayış kompleksində ikiotaqlı mənzillə də təmin edilib.
Həmçinin Asəf Sadıqova nazirlik tərəfindən 2021-ci ildə özünüməşğulluq proqramı əsasında “Avtoçilingər xidmətləri” zərfi üzrə kiçik biznesini qurması üçün avadanlıqlar verilib.
Qeyd olunanlarla yanaşı, o, yaxın aylarda Nazirliyin tabeliyindəki Dövlət Tibb-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən reabilitasiya xidmətlərinə də cəlb ediləcək”.
Qeyd edək ki, Asəf Sadıqov “Vətən Müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Lamiyə Məmmədova



