Icma.az
close
up
RU
“Puldan danışanda çox çətinlik çəkirəm”

“Puldan danışanda çox çətinlik çəkirəm”

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Müsahibimiz Dövlət Pantomim teatrının aktyoru Əli Əlizadədir. “Zibillik pərvanələri”, “Eşq”, “Dəli Domrul”, “Tıq-Tıq xanım”, “Məlikməmməd”,  “Qaranlıq”, “Dulusçu”, “Pantomima buketi”, “No comment”, “Ora-bura”, “Həqiqətmi”,  “Son ştrix”,  “Hamlet”, “Müfəttiş” kimi tamaşalarda rol alan aktyor “Günaydın, Mələyim”, “Sizə məktub var”, “Asəf”, “Suğra və oğullar”, “Bəlkə də”, “Əqrəb mövsümü”, “İmtahan” kimi film və seriallarda da çəkilib.

Aktyor Əli Əlizadə ilə söhbəti təqdim edirik.

- Necəsiniz?

- Şükür Alllaha, hər şey yaxşıdır. Bu yaxınlarda Taleh Yüzbəyovun “Bəlkə də” filmini təhvil verdik. Maraqlı premyerası oldu. Bu il mənim üçün xüsusi yeri olan işlərimdən biri də Dövlət Pantomim Teatrında “Müfəttiş” tamaşası oldu. Ən çətin işlərimdən idi. İlin ilk yarısında iki premyera etdik. Bu, mənim üçün qürurdur. İl ərzində qarşıma qoyduğum məqsədlərdən azı birinə çatıramsa, bu həm həyatda, həm yaradıcılıqda mənə stimul verir. İnsanın hər zaman qarşısında bir məqsədi və o məqsədə çatmağa həvəsi olmalıdır. 

- Əli bəy, tanınmış simaların əksəriyyətinin yolu Pantomim Teatrından başlayıb. Amma çox azı axıra qədər burada qalıb. Bəs siz necə, kifayət qədər tanındıqdan sonra Pantomimadakı fəaliyyətinizi yarımçıq qoyacaqsınızmı?

- Əsla bu barədə düşünməmişəm. Bu bir yoldur. Onun harada başlaması, harada qırılması bizim istəyimizə bağlıdır. Bu istək də yaranan vəziyyətlərdən və situasiyalardan asılıdır. Başqa teatrlar inciməsin, amma bütün hallarda Pantomim ən sevdiyim, ən yüksək bildiyim teatr olduğu üçün özümü burada daha rahat hiss edirəm. Bizim teatrın çox maraqlı, dost kollektivi var. Bu işin mahiyyəti tək sənət deyil, Bəxtiyar Xanızadənin bizə öyrətdiyi bir ənənə, bir məram var: teatrda bir-birimizlə dost olmalıyıq, qarşılıqlı sevgi olmalıdır. Burada hər hansı konflikt olsa, artıq yaradıcılıqdan söz gedə bilməz. Bu şərtlər mənə çox uyğundur deyə, üstəlik də, keyfiyyət baxımından bura üstündür deyə mən Pantomimanı daha üstün bilirəm. Düşünmürəm ki, yaxın zamanlarda buradan gedim. 

- Sizin teatrda xeyli rollarınız var. Amma tamaşaçılar sizi serial və kinodakı rollarınızla tanıyır. Bu, sizi incitmir ki?

- Acıdır, amma gerçəkdir. İstəsək də-istəməsək də, bütün dünyada belədir. Bu yaxınlarda Vaqif İbrahimoğlunun bir müsahibəsinə baxdım, orada qeyd edir ki, hər kəsin teatra gəlməyi vacib deyil. Teatra buranı hiss edən, ədəbiyyatı hiss edən, teatra ehtiyacı olan, içində nisbətən teatrallıq olan insanlar gəlir. Bu gün teatra az tamaşaçı gəlir. Həqiqətdir ki, bu gün aktyor və rejissorlar teatrda məşhur ola bilmirlər. Halbuki teatr incəsənətin, yaradıcılığın başlandığı, aktyorun özünü yetişdirdiyi yerdir. Aktyor həmişə kino sahəsində fəaliyyət göstərə bilər. Amma o aktyor kinoda özündən xərcləmiş olacaq, burada isə hər zaman axtarışdasan, özündə nəsə yeniliklər axtarırsan, paslanmamaq üçün hər gün hərəkətdə olursan. Ona görə teatr aktyor üçün çox vacib bir məkandır. Tamaşaçısı nə qədər az olsa da, teatra xəyanət etmək olmaz. 

- Müəyyən kütlə tərəfindən tanındığınızı hiss edirisinizmi?

- Təbii ki. Yolda, avtobusda qarşı tərəfdən gələn insanlar bunu hiss etdirir. Bəzən xoşdur, amma bəzən adamın elə əhvalı olur ki, həmin an kiminsə səni tanımağının əhəmiyyəti olmur. Hər bir halda tamaşaçı mənim üçün ən yaxşı göstəricidir. Əgər gördüyümüz hər hansı işi tamaşaçı yaxşı qiymətləndirirsə, həmin iş gördüyümüz ən vacib iş olur. Çünki bütün bunların hamısı tamaşaçı üçündür, nə ediriksə, hamısı tamaşaçının zövq alması üçündür. Tamaşaçı ilə hisslərimizi bir-birimizlə bölüşdükcə daha yaxın, daha mehriban oluruq. Bizi birləşdirən dəyərlər budur. 

- Bunu aktyor xoşbəxtliyi saymaq olar?

- Əlbəttə. Sizə deyim ki, aktyorun ən xoşbəxt olduğu məqam elə hər kəs tərəfindən tanınmağıdır. Çünki gördüyümüz bütün işlər tamaşaçı üçündür. Adicə bir rol oynayırsan, evə gedənə qədər onu beynində hərləyib-fırlayırsan ki, görəsən, kimin xoşuna gəldi, bəyənməyən oldumu? Aktyor ruhu çox qəribədir, həmişə gözləntisi olur ki, gördüyü işi həm rejissor, həm aktyor, həm də uşaqlar bəyənsin. Qısası, hər kəsdən bir gözlənti olur. Hətta ailədən belə. 

- Pantomimçilər bədən dilində daha çox istifadə edirlər. Bu, sizə serial və filmlərdə mane olur, yoxsa kömək edir?

- Aktyor yüzdə yüz bədən keyfiyyətlərinə malik olmalıdır və bədənini tanımalıdır. Bu, Bəxtiyar Xanızadənin bizə örətdiyi ilk dərslərdən biridir. Əgər aktyor bədənini tanımırsa, özünü təqdim edə bilməyəcək. Hər dəfə eyni bədən plastikası ilə rol canlandıra bilməzsən. Plastika aktyor üçün ən vacib şərtlərdən biridir. Buna görə universitetlərdə öncə bədən dili keçməyə başlayırlar. Bura düşməyim də təsadüfi deyil. Pantomima ilə məşğul olmaq ən vacib şərtlərdən biridir. Demirəm ki, bütün aktyorlar mütləq pantomima ilə məşğul olmalıdılar. Yox, sadəcə bədənlərini mütləq tanımalıdırlar. 

- “Əqrəb mövsümü” serialındakı canlandırdığınız Elnur obrazının qatil olmasını finala qədər bütün tamaşaçılardan gizlədə bildiniz. Bəs özünüzdən necə gizlətdiniz?

- Düzü, çox çətin oldu. İlk növbədə rejissor Emil Quliyevlə qarşımıza məqsəd qoyduq ki, finala kimi qatil olduğumu heç kimə yansıtmamalıyam. Tamaşaçıya finalda sürpriz olmalı idi. Özümüzdən gizlətmək isə bizim peşəmizə xas texnikadır. Çox çətin prosesdir. Şəxsiyyətimə aid olan bir obraz deyildi. Elnuru canlandırdıqdan sonra adamda nəsə qalır. Eqoizmi, kin-küdurəti qalır. Bəlkə də, özümdə də var bu şeylər. Amma həmin rolu canlandırdıqdan sonra bir müddət özümdə kin duğyusunu hiss elədim. Onu həyatda gizlədə bilmədim, amma rolda çalışdım gizlədim. 

- Onun yerində olsaydınız, elə davranardınızmı?

- Yox. Belə deyim, Elnurun çox dərin və əzablı yaşantıları olub. Həmin yaşantılar onu o vəziyyətə gətirib çıxarıb. İndi yox deyirəm, amma Allah eləməsin, bəlkə də mən də onun yerində olsaydım, elə davranardım. Düşünürəm ki, insan bağışlamağı bacarmalıdır. Bunu Əli kimi düşünürəm, Elnur kimi yox. İnsan bütün hallarda bağışlamağı bacarmalıdır. Əgər qəlbində rəhm yoxdursa, nələrinsə üstündən keçə bilmirsənsə, hər saat içində bir şeylər səni yeyib bitirəcək. Ona görə də insanda az da olsa, mərhəmət olmalıdır. Elnurda bağışlamaq hissi tükənmişdi. Çünki uşaqlıqdan bu hissi görməmişdi.

- “Əqrəb mövsümü 2” serialında rol almamısınız, həm də indiyə kimi baxmamısınız. İncimisiniz?

- Qətiyyən, orada inciməli heç nə yoxdur. Çünki artıq mənim hekayəm bitib. Çox sual verirlər ki, ikincidə niyə yoxsunuz. Əgər orada rol alsaydım, seriala böyük xələl gətirərdim. Çünki bu insan birincidə öldü, ikinci hissədə olmağının bir mənası yoxdur. Hətta istəməzdim ki, Elnur obrazının xətti davam eləsin. Bir şey bitibsə, elə də qalmalıdır. Hər kəsin bir sonu, ölüm nöqtəsi var. Yaxınlarımızın belə öldüyü nöqtəni qəbul etmək lazımdır. Ona görə də burada incimək lazımsızdır. 

- “Aktyor prodüser və menecersiz işləməməlidir. Artıq biz bu mərhələyə keçməliyik. Belə olmasa, ucuz seriallar, mənasız işlər davam edəcək. Biz yaxşı mənada aktyor kimi özümüzü sata bilmirik. Çünki bizə ssenaridən əvvəl, hətta telefonda qiymət deyirlər”. Bu fikirlərin müəllifi sizsiniz. Dedikləriniz bir az iddialı səslənmir?

- Hə. Düzdür, bəzi aktyorlarımızın meneceri var. Amma çoxumuzda yoxdur. Bu tendensiya hələ bizdə qəbul olunmur. Pulu prodüserlə birbaşa danışmamalıyıq. Çünki həm yaradıcılıq, həm də biznes baxımından bunlar tamam fərqli şeylərdir. Bizneslə biznesmen məşğul olmalıdır. Biz bu sahənin yaradıcı tərəfini düşünə bilərik, amma biznes tərəfini düşünəndə sağa-sola çox qaçırıq, düzgün mövqe tuta bilmirik. Hər dəfə prodüserlərlə danışanda endirimlər olunur, bir növ maşın bazarı kimi. Mən də çox danışa bilmirəm. Sonda ya güzəştə gedirsən, ya istəmədəyin bir məbləğlə çəkilməli olursan, ya da ümumiyyətlə çəkilmirsən. Bu baxımdan deyirəm ki, rejissor aktyoru seçibsə, artıq digər məsələləri aktyor tərəfindən kimsə danışmalıdır. Əgər varsa, aktyor hər hansı bir iqtisadçı dostunu özünə menecer seçsin, qiyməti də o danışsın. Şəxsən mən puldan danışanda çox çətinlik çəkirəm. Azərbaycanda kino sahəsində qonorarlar da çox aşağıdır. Dəfələrlə olub ki, gələn təklifləri imtina eləmişəm. Sonra peşman olmuşam ki, gərək etməyəydim. Amma düşünürəm ki, elə bir məvacibin qarşısında çəkilməsəm, daha yaxşıdır. Günün reallığında az da olsa dəyərin yoxdursa, çəkilməmək ondan yaxşıdır. Minimal işlə də məşğul olmaq olar. Teatr mənə kifayətdir. İllərdir kino sektorunda çalışmadığım vaxtlar olub, teatrda çalışmışam. Bu heç nəyi dəyişmir. Nə olursa-olsun əsas yaradıcılıqla məşğul olaq, mənliyimizi itirməyək. 

- Həyat yoldaşınız kinotənqidçidir və sizin “Hamlet” tamaşasındakı rolunuzu tənqid edib. Buna görə ondan incidinizmi?

- Əsla. 

- Ümumiyyətlə, tənqidlərə açıqsınız?

- Açıq vaxtlarım olur. Bəzən isə elə olur ki, evə gedirəm, yoldaşım, qızım nəyəsə irad tutur və yaxud kimsə tənqidi bir yazı yazır, onda hərdən inciyirəm. Amma sonra özümdə nəsə axtarmağa çalışıram. Özümə dönüş edirəm, qarşı tərəfi çox ittiham etmirəm. Tamaşaçı bəyənsə də, haqlıdır, bəyənməsə də. Çünki biz hər şeyi tamaşaçı üçün edirik. Əgər bir məhsulu satışa çıxarırsansa, müştəri razı qalmırsa, bu o demək deyil ki, o, ağız dadını bilmir, sadəcə sən məhsulu yaxşı təklif eləmirsən. Ona görə problemi hər zaman özümdə axtarıram. Düzdür, o problemin kökünü axtarana kimi durğunluq dövründən keçirəm. Çünki istər-istəməz insan çökür. Amma bunların hamısı yaşamalı olduğumuz proseslərdir. Buna görə şükür eləmək lazımdır. Əgər bir maneə yoxdursa, yaşamaq maraqsızdır. 

Ləman İLKİN

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyun 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see269

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see203

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see175

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see156

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see149

Mərkəzi Bankın sədri özünə daha bir müşavir təyin edib

05 Noyabr 2025 09:50see144

Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən XƏBƏRDARLIQ

05 Noyabr 2025 08:44see140

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see139

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see136

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see134

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see133

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see132

İxrac etdiyimiz yağ daxildə satılandan niyə ucuzdur?

05 Noyabr 2025 08:31see132

Dalğalan, Vətənimin hürriyyət carçısı!

05 Noyabr 2025 11:48see132

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see129

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see126

Deputat: “AMEA nın 80 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb“

05 Noyabr 2025 12:49see123

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see123

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see123

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri