Icma.az
close
up
RU
İnsanı səhnədən uzaqlaşdırın!.. Oruellin ən qalmaqallı əsəri

İnsanı səhnədən uzaqlaşdırın!.. Oruellin ən qalmaqallı əsəri

Icma.az, Kulis.az portalına istinadən məlumatı açıqlayır.

25 iyun XX əsr dünya ədəbiyyatının böyük yazıçılarından biri Corc Oruellin doğum günüdür. Totalitarizmə qarşı kəskin tənqidləri və distopik üslubu ilə dünya ədəbiyyatında özünəməxsus yer tutan yazıçının “1984”, “Heyvanıstan” kimi məşhur əsərləri insan azadlığı, ədalət və həqiqət uğrunda mübarizənin simvoluna çevrilib.


Kulis.az ustad yazıçının “Heyvanıstan” əsərindən bir hissəni təqdim edir.


ʺMalikanəʺ fermasının sahibi mister Cons gecə toyuq damının qapısını bağladı. Amma elə sərxoş idi ki, divardakı deşiyə bir şey tıxamaq yadından çıxdı. Arxa qapını təpiyi ilə vurub açdı. Əlində titrəyən fənərin qaranlıqda açdığı işıqlı dairələrlə yıxıla‐dura həyətdən keçdi. Mətbəxdə çəlləyin dibində qalmış axırıncı stəkan pivəni birtəhər töküb içdi və missis Consun bayaqdan bəri xoruldadığı yatağına uzandı. Yataq otağında işıq sönən kimi fermada narahat hərəkət başladı. Bütün günü şaiyə gəzirdi ki, əslən Middluaytdan olan, sərgilərdə bir neçə mükafat qazanmış Mayor ləqəbli qoca donuz dünən gecə qəribə yuxu görüb, bu gecə yuxusunu heyvanlara danışmaq istəyir. Odur ki, mister Cons yatmağa gedən kimi böyük anbara yığışmaq qərara alınmışdı. Qoca Mayor (hamı onu belə çağırırdı, sərgilərdə isə ʺUillinqdonun yaraşığıʺ adı ilə təqdim olunurdu) fermada böyük hörmət sahibi qazandığından onun çağırışı dinməz‐söyləməz qəbul edilmişdi. Mayor həmişəki adəti üzrə anbarın yuxarı tərəfində, səkiyə döşənmiş samanın üstündə yerini rahatlayıb gözləyirdi. Başı üzərindəki dirəkdən fənər asılmışdı. Mayorun artıq on iki yaşı vardı. Son vaxtlar boyundan çox eninə verirdi. Hətta qorxunc dişlərinə baxmayaraq yenə də gözlərində müdriklik və xeyirxahlıq işığı parlayan nəcib görünüşlü donuz idi. Heyvanların hamısı gəlib şakərlərinə uyğun yerləri tutana qədər xeyli vaxt keçdi. Əvvəlcə üç köpək‐Blyubell, Cessi və Pinçer içəri girdilər, onların ardınca donuzlar gəlib səkinin qabağında, samanın üstündə özlərinə yer elədilər. Toyuqlar pəncərənin önünə toplandılar, göyərçinlər itələşə‐ itələşə dam dirəklərinə qondular, qoyunlarla inəklər isə donuzların arxa tərəfində döşəməyə uzanıb həmişəki adətləri üzrə dərhal gövşək vurmağa başladılar. Qoşqu atları Bokserlə Klover bir yerdə içəri girdilər. Onlar enli, tüklü dırnaqlarının mümkün qədər az yer tutmasına və kiçik heyvanların ayaqları altında qalıb əzilməməsinə çalışaraq ehtiyatla hərəkət edirdilər. Klover orta yaşlarında, boylu‐buxunlu madyan idi. Dördüncü dayçasını dünyaya gətirəndən sonra əvvəlki zərifliyini itirmişdi. Bokserin görkəmi isə istər‐istəməz hörmət doğururdu. Yerdən yalına qədərki hündürlüyü 6 futdan çox olardı. Gücü iki adi atın gücü qədərdi. Burnunun üstündəki qaşqası ona bir az səfeh görkəm verirdi. Elə əslində də Bokser intellekt sarıdan axsayırdı. Lakin həlim xasiyyətinə və fövqəladə əməksevərliyinə görə hamının hörmətini qazanmışdı. Atlardan sonra Müriel, ağ keçi və Bencamin adlı uzunqulaq içəri girdilər. Bencamin fermanın ilk sakinlərindən idi və yaramaz xasiyyəti ilə seçilirdi. Çox az danışırdı. Ağzını açanda isə mütləq nə isə riyakar bir söz deyirdi. Məsələn, bir dəfə demişdi ki, cənab Allah quyruğu ona mığmığadan qorunmaq üçün verib. Lakin nə mığmığa, nə də quyruğu olmasa, daha məmnun qalardı. Fermadakı heyvanlar heç vaxt Bencaminin güldüyünü görməmişdilər. Səbəbi ilə maraqlananlara gülməyə bir əsas görmədiyini deyirdi. Bunu çox nəzərə çarpdırmasa da, Bokserlə möhkəm dost idilər. Bazar günlərini əksər hallarda bostanın arxasındakı hasara alınmış örüş yerində birlikdə keçirir, kəlmə kəsmədən sakitcə otlayırdılar. Bokserlə Klover təzəcə uzanmışdılar ki, analarını itirmiş bir dəstə ördək balası anbara soxuldu. Onlar qaqqıldaşaraq o tərəf, bu tərəfə qaçışır, təsadüfən ayaq altında qalıb əzilməmək üçün təhlükəsiz yer axtarırdılar. Kloverin qabağa uzadılmış ayaqlarının müdafiə səddi kimi əla boşluq yaratdığını görüb ora doluşdular və dərhal da yuxuya getdilər. Sonra mister Consun iki yerlik arabasına qoşduğu Molli‐səfeh, lakin yaraşıqlı balaca ağ madyan ağzındakı qəndi xırçıldada‐xırçıldada naz‐qəmzə ilə anbara girdi. O, qabaq sıralarda özünə yer tapdı və içəridəkilərin diqqətini cəlb etmək ümidi ilə, yalına bağladığı qırmızı lenti oynatmağa başladı. Ən axırda pişik gəldi. Həmişəki adəti üzrə isti yer tapmaq üçün o tərəf‐bu tərəfə boylandı, axırda da özünü Bokserlə Kloverin arasına verdi. Mayor danışmağa başlayandan sonra o, yerində aramsız qurdalanır və astadan mırıldanırdı. Odur ki, deyilənlərdən bir kəlmə də eşidə bilmədi. Arxa qapının yanında, payanın üstündə mürgü döyən əl qarğası Mosesdən başqa bütün heyvanlar yığışmışdı. Mayor hamıya yerini rahatlamağı təklif edəndən və səbrlə sakitlik yaranmasını gözləyəndən sonra boğazını təmizləyib sözə başladı: ‐Yoldaşlar, yəqin dünən gecə qəribə yuxu gördüyümü eşitmisiniz. Bu söhbətə sonra qayıdacağam. Lakin əvvəlcə başqa sözüm var. Yoldaşlar, bundan sonra hələ uzun müddət sizinlə birlikdə olacağımı düşünmürəm. Ona görə də ölməmişdən əvvəl həyat təcrübəmi hamınızla bölüşməyi özümə borc sayıram. Mən uzun ömür sürmüşəm. Donuz damında tək‐tənha qaldığım gecələrdə fikirləşmək üçün çox vaxtım olub. Sizi əmin edə bilərəm ki, yer üzündə mövcudluğun mənasını indi hər bir heyvandan daha yaxşı anlayıram. Sizinlə də elə bu barədə danışmaq istəyirəm. Beləliklə, yoldaşlar, mövcudluğumuzun mənası nədədir? Gəlin həqiqətin gözünə dik baxaq: həyatımız qısa və miskindir, ağır zəhmətlə doludur. Doğulduğumuz gündən bizə ancaq nəfəsimizi canımızda tutmağa kifayət edəcək qədər yemək verirlər. Kimin bədənində təpəri, gücü varsa, son nəfəsi ağzından çıxana qədər işləməlidir. Günlərin birində, artıq işə yaramayanda tərəddüdsüz‐filansız hamımızı sallaqxana bıçağının altına göndərirlər. Ingiltərədə bir yaşına çatmış elə heyvan yoxdur ki, haqqı çatan istirahətin, yaxud xoşbəxtliyin nə olduğunu bilsin. Ingiltərədə heç bir heyvan azad deyil. Bütün yaşayışımız başdan‐başa miskinilik və köləlikdən ibarətdir. Həqiqət belədir. Bəlkə bu təbiətin adi bir qanunudur? Bəlkə bütün bunlar ona görə belə olur ki, torpaqlarımız məhsuldar deyil, sakinlərinin həyatını təmin edə bilmir? Yox, yoldaşlar, min dəfə yox! İngiltərənin iqlimi mülayimdir, torpağı barlı‐bəhərlidir. Bu ölkə indiki sakinlərindən qat‐qat artıq heyvanı yedirib bəsləməyə qadirdir. Təkcə bizim fermada bir düjin at, iyirmi inək, yüzlərlə qoyun saxlamaq olar. Onların həyatlarının rahatlıq içərisində, təsəvvürünüzə gətirmədiyimiz şəxsi ləyaqət, hər kəsin izzəti‐nəfsinə hörmət şəraitində keçməsini təmin etmək olar. Bəs elə isə biz niyə bu cür acınacaqlı vəziyyətdə yaşayırıq? Çünki zəhmətimizin bütün bəhrələrini İnsan oğurlayır. Budur, yoldaşlar, qarşımıza çıxan bütün sualların cavabı! Bu cavab tək bir sözdən ibarətdir‐İnsan! Bizim yeganə düşmənimiz İnsandır! İnsanı səhnədən uzaqlaşdırın, o zaman aclığı və kölə əməyini doğuran səbəblər də aradan qalxacaq! İnsan yeganə məxluqdur ki, heç nə istehsal etmədən hər şeyə ağalıq edir. O, süd vermir, yumurtlamır; kotana qoşulmaq üçün çox zəif, dovşanı qovub tutmaq üçün çox astagəldir. Amma bununla belə bütün heyvanların üzərində hökmrandır. O zavallı heyvanları qul kimi qabağında işlədir, onlara yalnız acından ölməmələri üçün yem verir. Qalan nə varsa hamısına özü sahib çıxır. Torpaq bizim zəhmətimizlə becərilir, peyinimizdən gübrə kimi istifadə olunur. Ancaq heç birimizin dərimizdən savayı özgə sərvətimiz yoxdur...

Bu gün Qurban Bayramıdır Yaşından çox bilən 12 yaşlı müəllim – APA TV Dünya ulduzları Efes Antik Teatrında səhnəyə çıxacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://kulis.az
archiveBu xəbər 25 İyun 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see295

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see278

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see249

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see246

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see233

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see229

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see227

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see219

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see212

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see211

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see208

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see204

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see203

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see201

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see197

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see194

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see191

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see188

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see182

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri