İnternat məktəbinin şagirdləri fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlandırılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 7 aprel, AZƏRTAC
Səssiz Ünsiyyət-Jest Dilinin İnkişafına Dəstək İctimai Birliyinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli xüsusi internat məktəbində təhsil alan eşitmə məhdudiyyətli üzvləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında olublar.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirliyin təşkilatçılığı ilə keçirilən tədbir şagirdləri FHN-in, o cümlədən akademiyanın fəaliyyəti ilə yaxından tanış etmək, məktəblilərin hərtərəfli inkişafına, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasına kömək etmək məqsədi daşıyıb.
Əvvəlcə qonaqlar akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Burada şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib.
Daha sonra şagirdlər akademiyanın 15 illik fəaliyyətini əks etdirən muzey, fənn kabinetləri, laboratoriyalar, kitabxana, həmçinin fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.
Sonda şagirdlərə fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumat verilib, suallar cavablandırılıb.


