İran məmurları niyə qalstuk taxmırlar...
Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyanın əksər ölkələrində qalstuk işgüzar geyimin, rəsmi görüşlərin və diplomatik protokolun ayrılmaz hissəsi hesab olunur. Dövlət başçıları, nazirlər, deputatlar və diplomatlar kostyumlarını adətən qalstukla tamamlayırlar. Azərbaycanın cənub qonşusu İranda isə yüksək vəzifəli şəxsləri qalstuksuz görmək adi haldır.
İran prezidenti, xarici işlər naziri, parlament rəhbərliyi və digər yüksək vəzifəli şəxslər beynəlxalq tədbirlərdə kostyum geyinsələr də, qalstuk taxmırlar. Maraqlıdır, dünyanın bir çox ölkəsində adi geyim aksessuarı sayılan qalstuk İranda niyə arzuolunmaz hesab olunur? Bunun dinlə, siyasətlə, yoxsa tarixi hadisələrlə əlaqəsi varmı?
Modern.az-ın araşdırmasına görə, İranda hazırkı geyim ənənəsinin kökləri 1979-cu ildə baş vermiş İslam İnqilabına gedib çıxır.
Şah dövründə qalstuk dəbdə idi

Əslində, qalstuk İran cəmiyyətinə yad olan geyim elementi deyil. Əksinə, ölkə uzun müddət Avropa geyim mədəniyyətinin təsiri altında olub.
"Encyclopaedia Iranica" nəşrinin İranın Pəhləvi və Pəhləvidən sonrakı dövrlərdə geyim tarixinə dair araşdırmasında qeyd olunur ki, hələ 1906-1909-cu illərdə Konstitusiya inqilabından sonra xarici ölkələrdə təhsil alan və səfərlərdə olan iranlı kişilər Avropa geyimlərini, o cümlədən kostyum, qalstuk və kəpənək bantını mənimsəməyə başlamışdılar.
Bu geyim tərzi xüsusilə Tehranda və ölkənin iri şəhərlərində yaşayan təhsilli, imkanlı təbəqə arasında yayılmışdı.
Pəhləvi sülaləsinin hakimiyyəti dövründə, xüsusilə Məhəmmədrza şahın 1941-1979-cu illərdəki hakimiyyəti zamanı Qərb həyat tərzi daha geniş şəkildə qəbul olunurdu. Neft gəlirlərinin artması, xarici ölkələrlə əlaqələrin genişlənməsi və şəhərləşmə Avropa dəbinə marağı gücləndirmişdi.
Həmin dövrdə qalstuk İranda müasirliyin, şəhər mədəniyyətinin və Avropa həyat tərzinin göstəricilərindən biri idi.
Lakin 1979-cu il inqilabı bu mənzərəni kökündən dəyişdi.

Ayətullahlar qalstuku niyə hədəfə aldılar?
1979-cu ildə şah rejiminin devrilməsi və Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi ilə İslam Respublikasının qurulmasından sonra ölkədə siyasi və ictimai həyatın bir çox sahələrində dəyişikliklər başladı.
Yeni hakimiyyət Qərb mədəniyyətinin təsirini azaltmağı ideoloji prioritetlərdən birinə çevirdi. Qərbləşmə və şah dövrünün həyat tərzi ilə əlaqələndirilən bir sıra geyim elementləri tənqid olunmağa başladı.
Bu prosesdə qalstuk da hədəfə çevrildi.
"Encyclopaedia Iranica"nın məlumatına görə, inqilabın ilk mərhələsində hakimiyyətə gələn qüvvələrin bir qismi hətta səliqəli və dəbli geyinməyi belə Qərb təmtərağının göstəricisi hesab edirdi. Qalstuk isə dini baxımdan laqeydliyin və Qərb təsirinin simvolu kimi qəbul olunurdu.
Bəzi dini dairələr isə qalstuku xristian xaçına bənzətdikləri üçün də ona etiraz edirdilər. Onların yanaşmasına görə, bu aksessuar İslam cəmiyyətinin geyim ənənələrinə uyğun deyildi.
Nəticədə İslam İnqalabından sonra İranda qalstuk geyim detalı olmaqdan çıxdı və siyasi-ideoloji mövqe göstəricisinə çevrildi.

Qalstuk taxanlar küçədə belə təzyiqlə üzləşirdilər
İnqilabdan sonrakı ilk illərdə Qərb üslubunda geyinən kişilərə münasibət heç də birmənalı deyildi.
"Encyclopaedia Iranica" yazır ki, inqilabi qüvvələrin bəzi üzvləri küçələrdə Avropa üslubunda geyinən kişilərə qarşı təzyiq göstərirdilər. Tədricənə qalstuksuz kostyumlar yeni siyasi mühitin qəbul etdiyi görünüşə çevrilirdi.
Britaniyanın "The Guardian" nəşri də bu məsələyə dair maraqlı material dərc edib.
Nəşrin yazdığına görə, İslam İnqilabından sonra İranda qalstukların satışı qadağan edilmiş, lakin bu məhdudiyyətə hər zaman ciddi əməl olunmamışdı. Müxtəlif dövrlərdə mağazalara qalstukları vitrinlərdən yığışdırmaq barədə xəbərdarlıqlar edilmişdi.
Hətta İranın geyim satıcıları və toxucuları ittifaqından loqotipindəki qalstuk təsvirini dəyişdirmək tələb olunmuşdu.

Xatəmi dövründə qalstuk yenidən görünməyə başladı
İranda qalstukun taleyi siyasi dəyişikliklərdən də asılı olub.
1997-2005-ci illərdə prezident olmuş islahatçı Məhəmməd Xatəminin hakimiyyəti dövründə ictimai məhdudiyyətlərin bir qismi yumşaldı. Qalstuklar yenidən bəzi mağazaların vitrinlərində görünməyə başladı.
Lakin bu, qalstukun dövlət səviyyəsində qəbul edilməsi demək deyildi.
2012-ci ildə İran polisi mağazalarda qalstuk satışına qarşı yenidən tədbirlər görməyə çalışdı. Bu barədə ölkənin yarırəsmi İSNA agentliyinin məlumatlarında bildirilib.
Qalstuku Qərb təsirinin simvolu sayan mühafizəkar dairələr hər vəchlə onun istifadəısinə qarşı çıxırlar.
İranın bugünkü rəsmiləri də qalstuk taxmırlar
Bu gün İranın dövlət rəsmilərinin geyimində müəyyən bir üslub formalaşıb.
Prezident, nazirlər, parlament rəhbərliyi və yüksək vəzifəli dövlət qulluqçuları kostyum geyinsələr də, adətən qalstukdan istifadə etmirlər. Onlar daha çox düyməli, açıq yaxalı və ya Mao tipli yaxası olan köynəklərə üstünlük verirlər.

Bu mənzərəni beynəlxalq tədbirlərdə də görmək mümkündür. İran rəsmiləri digər ölkələrin nümayəndələri ilə eyni diplomatik protokolda iştirak etsələr də, geyim seçimində öz ölkələrinin formalaşmış siyasi-mədəni ənənəsinə sadiq qalırlar.
Qalstuk taxmaq həqiqətən qadağandırmı?
Burada maraqlı bir məqam var: İranda qalstuk taxmağın hər kəs üçün nəzərdə tutulmuş, ayrıca cinayət məsuliyyəti yaradan ümumi qanuni qadağa olduğunu demək düzgün olmaz.
"Agence France-Presse"nin (AFP) yaydığı reportajda iranlı hüquqşünas Məsud Mollapənah bildirib ki, qalstuk taxmaq nə Konstitusiyaya, nə də şəriət qanunlarına əsasən cinayət hesab olunur. Bununla belə, televiziya kimi müəyyən məkanlarda geyim məhdudiyyətləri mövcuddur.
Bu isə o deməkdir ki, məsələ daha çox dövlət qurumlarında formalaşmış geyim qaydaları, ictimai münasibət və ideoloji yanaşma ilə bağlıdır.
Gənclər qalstuka yenidən maraq göstərirlər

İranda qalstukun taleyində son illərdə müəyyən dəyişikliklər də müşahidə olunur.
AFP-nin 2023-cü ildə Tehrandan hazırladığı reportajda paytaxtın şimalındakı mağazalardan birində qalstuk satışının davam etdiyi bildirilib.
Mağazanın nümayəndəsi Məhəmməd Ərcəmənd ayda təxminən 100 qalstuk satdıqlarını, məhsulların əsasən Türkiyədən gətirildiyini, bir qisminin isə İranda istehsal olunduğunu söyləmişdi.
Reportajda 27 yaşlı diş həkimi Məhəmməd Cavadın da maraqlı fikirlərinə yer verilib. O, gələcək həyat yoldaşının ailəsi ilə ilk görüşünə daha yaxşı görünmək üçün qalstuk almağa gələrkən, urnalustlə həmsöhbət olub.
Gənc iranlı müsahibəsində cəmiyyətdə qalstuk taxan insanlara hələ də fərqli baxıldığını, lakin onun fikrincə, kişinin qalstukla daha zövqlü göründüyünü söyləyib.
Reportajda qeyd olunub ki, Tehranın bəzi bahalı restoran və kafelərində xidmət personalının geyiminə qalstuk və ya kəpənək bant daxildir. Xarici şirkətlərdə və səfirliklərdə çalışan iranlılar da iş yerlərində qalstuk taxa bilirlər. Ancaq onların bir qismi küçəyə çıxarkən qalstuklarını çıxarmağa üstünlük verir.
A.Qorxmaz
Baxış sayı:114
Bu xəbər 11 Noyabr 2026 17:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















