Icma.az
close
up
RU
İrəvan xanlığının “yaşıl” idarəçiliyi

İrəvan xanlığının “yaşıl” idarəçiliyi

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Erməni millətçiləri tarixin “ağıllı şəhər”ini yer üzündən siliblər

Tarixə baxışımız çox vaxt “mərkəz və ucqarlar” düşüncəsinin təsiri altında qalır. Bizə Şərqi çox vaxt mistik və elmi-texniki gerilik, Qərbi isə dünyəvilik və texnoloji tərəqqi məkanı kimi təqdim edirlər. Lakin İrəvan xanlığının (XVIII–XIX əsrlər) su təchizatı və şəhərsalma modelini araşdırdıqda dövrünün ən qabaqcıl hidromühəndislik təcrübəsi ilə rastlaşırıq.

Təbiətin lütfü, yoxsa mühəndisliyin qələbəsi?

Hərdən səslənən “İrəvanın relyefi hər şeyi düzüb-qoşmuşdu” arqumenti baxımından burada suyun idarə olunması texnologiyası çox adi görünərdi. Relyef, sadəcə, bir imkan idi, onu İrəvanın kəhriz və gil boru ustaları bir mühəndislik simfoniyasına çevirmişdilər. Əgər relyef hər şeyi həll etsəydi, İrəvanın coğrafi xüsusiyyətlərinə bənzər digər regionlar da dünya bazarlarını çəltik, pambıq və yüksək keyfiyyətli meyvə qurusu ilə təmin edən ixracat mərkəzlərinə çevrilərdi.

İrəvanı fərqləndirən amil, suyun bir damlasını belə israf etməyən, onu tullantısız istehlaka yönəldən xanlıq idarəçiliyi idi. Bu, qravitasiya qanunlarından mükəmməl istifadə etmiş, riyazi dəqiqliklə hesablanmış su bölgüsü idi. Həmin sistemdə kəhrizlərin çıxış bucaqlarının, boruların daxili diametrlərinin hidravlik müqaviməti minimallaşdıracaq şəkildə seçilməsi və suyun tənzimləyici hovuzlarda (bəndlərdə) çökmə və süzülmə prosesləri dəqiq hesablanmışdı. Suyun saniyəlik axın sürətinin sürtünmə qüvvəsi nəzərə alınmaqla müəyyən edilməsi sistemin ən çətin mühəndislik göstəricilərindən biri idi.

London çirkabı və İrəvan çeşmələri

XIX əsrin ortalarında Londonun “böyük çirkab” dövrü ilə İrəvanın “yaşıl və axarlı” şəhərsalma modeli arasındakı ziddiyyət, sadəcə, bir gigiyena fərqi deyil, iki fərqli dünyanın zəka göstəricisi idi. 1858-ci ildə London sənaye inqilabının yaratdığı nəhəng çirkab yükü altında çökdü. Temza çayı bir kanalizasiya axarına çevrildi, xolera və tif epidemiyaları şəhəri bürüdü. Londonun cavabı “reaktiv” idi: problemi yaratdıqdan sonra vəziyyəti mexaniki yollarla – nəhəng buxar nasosları, torpağın altında qapalı kanalizasiya tunelləri və bahalı kimyəvi təmizləmə sistemləri ilə düzəltməyə çalışırdı. Burada sudan bir “istehlak resursu” kimi istifadə olunur və tullantılar çayla şəhərdən uzaqlaşdırılırdı. Bu model şəhərdə təbiətə divan tuturdu.

İrəvanın su sistemi isə şəhərin əsası qoyularkən düzgün qurulmuşdu. İrəvan mühəndisliyi şəhəri suyun deyil, onun “dövriyyəsi” üzərində inşa etmişdi. İrəvandakı kəhriz sistemi, sadəcə, içməli su daşımır, eyni zamanda, şəhərin mikroiqlimi tənzimləyən “təbii kondisioner” rolunu oynayırdı. Sərdar sarayının bağlarına verilən su yüksək hündürlükdən axaraq müxtəlif fəvvarələr vasitəsilə oksigenlə zənginləşir, sonra isə ondan şəhərin aşağı hissəsindəki bostanları və çəltik tarlalarını suvarmaq üçün istifadə olunurdu.

Bu, sudan hər addımda – istər estetik, istər gigiyenik, istərsə də aqrar məqsədlərlə istifadəni nəzərdə tutan, “dövr edən hidrosistem” nümunəsi idi. Sistemin birbaşa relyefə uyğunlaşdırılmış kaskadlı strukturu suyun potensial enerjisindən maksimum səmərə ilə istifadə etməyə imkan verirdi.

Londonda su xəstəliklər mənbəyinə çevrilərkən, İrəvanda şəhərin canlı damarı idi. Londonlular problemi həll etmək üçün təbiətdən qopmağı (qapalı sistemlər) seçdiyi halda, İrəvan ustaları problemin yaranmaması üçün təbiətlə və relyefin fizika qanunları ilə tam bir sinerji qurmağı bacarmışdılar. Bu, sadəcə, bir mühəndislik zəfəri deyil, təbii ehtiyatları "istismar etmək" yox, onu "idarə etmək” fəlsəfəsi idi.

Tarixin “yaşıl şəhər”i

İrəvanın su sistemi təkcə saraydakı fəvvarənin şırıltısı deyildi. Bu, şəhərin iqtisadi damarı idi. Bu təcrübə İrəvanın kənd təsərrüfatı məhsullarının Paris, Roma və London bazarlarına qədər çatdırılmasının, o dövrün logistika və istehsal zəncirinin mükəmməlliyini göstərirdi. Meyvə qurularının keyfiyyəti, çəltik və pambığın yetişdirilmə texnologiyası məhz bu "ağıllı su təchizatı" sayəsində mümkün olmuşdu. Beləliklə, İrəvan xanlığında "tullantısız istehsal" və "ekoloji dayanıqlılıq" anlayışları hələ XIX əsrdə dövlətçilik təfəkkürünün təməli idi.

Bu sistem suyun axın sürətini tənzimləyən, buxarlanmanı minimuma endirən və torpağın şoranlaşmasının qarşısını alan kompleks hidrotexniki layihələrlə dəstəklənirdi. İrəvanın aqrar ixracat statistikası və bazardakı rəqabətədavamlılığı bu su idarəçiliyinin birbaşa məhsuldarlıq əmsalına necə müsbət təsir göstərdiyinin aydın sübutudur.

İtirilmiş sivilizasiya

İrəvanın memarlıq və mühəndislik irsini qiymətləndirərkən biz, sadəcə, binalardan yox, onları qoruyan “ağıllı sistem”dən danışmalıyq. Xanlıq dövrünün İrəvanı Şərqin mürəkkəb elmi biliyini praktiki mühəndislik təcrübəsi və estetik zövqü ilə sintez edən bir “mədəniyyət lokomotivi” idi.

İrəvanda erməni millətçilərinin Sərdar sarayını və onun möhtəşəm su sistemini darmadağın etməsi, sadəcə, bir memarlıq abidəsinin məhvi deyil, şəhərin “intellektual kod”unu itirməsi, dövrünün ən qabaqcıl hidravlik, sənətkarlıq və aqrar texnologiyaların məhvi, tarixi bir faciə idi. Tarix göstərir ki, idarəçilikdəki qəfil dəyişikliklər, xüsusilə də kənardan gələn qüvvələrin yerli irsi “yad” və “lazımsız” sayması, sivil inkişafı geriyə çevirən dağıdıcı amildir.

Əgər İrəvanın bu mühəndislik ənənələri, o nəhəng su sistemi və sənətkarlıq məktəbi öz təbii axarında inkişaf etsəydi, bu gün biz, bəlkə, dünyanın ən dayanıqlı “yaşıl şəhər” modellərinin birindən danışa bilərdik.

Təəssüf doğuran odur ki, xanlığın süqutu ilə o bilik daşıyıcıları – saxsı boru ustaları, su mühəndisləri, şəbəkə ustadları və aqronomlar sıradan çıxarıldı. Bu, sadəcə, binaların sökülməsi deyildi, həm də yüz illərlə formalaşmış “idarəçilik və quruculuq zehniyyətinin” məhvi idi. Belə olmasaydı, biz bu gün bəzi sahələrdə, xüsusilə, ekoloji mühitlə tam uyğunluq, resursların optimallaşdırılması və sıfır tullantılı şəhərsalma fəlsəfəsində yeni yanaşmalara möhtac olmazdıq.

İrəvan xanlığının texnoloji təcrübəsi bu gün bizə, sadəcə, “tarixi xatirə” kimi yox, “itirilmiş sivilizasiya” fəryadı kimi baxır. Bu itirilmiş zəkanın tarixdə qalmış izləri bizə bugünkü mühəndislik layihələrimizdə təbiətin və fizikanın dilini yenidən oxumağı, şəhəri beton konstruksiya deyil, nəfəs alan bir orqanizm kimi idarə etməyi öyrədir. Bu, həm də indiki nəsillərə "tarixi mühəndislik dərsi"dir.

İsgəndər SƏRDARLI,
Azərbaycan Rəssamlar İttifaqının üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see278

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see265

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see265

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see249

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see224

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see223

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see219

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see218

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see211

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see209

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see195

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see188

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see186

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see184

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see182

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see175

Flik “Barselona”dan ayrıla bilər

02 Sentyabr 2026 03:18see166

Mərkəzi Bank 230 milyon manatlıq notları hərraca çıxarır

01 Sentyabr 2026 21:38see166

Sənədsiz evlərlə bağlı çıxış yolu hansıdır? AÇIQLAMA

01 Sentyabr 2026 21:07see166

“Bizi udmaq istəyənlər ağzının üstündən zərbə alacaq” Putin Bişkekdə nəyə işarə etdi?

02 Sentyabr 2026 01:56see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri