Icma.az
close
up
RU
İrəvanda seçki qalmaqalı bitmir

İrəvanda seçki qalmaqalı bitmir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Konstitusiya Məhkəməsi şikayətləri araşdırdı

Ermənistan Konstitusiya Məhkəməsi dünən parlament seçkilərinin nəticələrinin etibarsız elan olunması tələbi ilə təqdim edilmiş apelyasiya şikayətlərinə baxışı başa çatdırıb. Məhkəmənin iclaslarında seçkinin nəticələrindən narazı qalan yeddi siyasi qüvvənin müraciətləri araşdırılıb. Sonradan “Yeni qüvvə” partiyası prosesdə iştirakdan imtina etdiyindən məhkəmə digər 6 siyasi qüvvənin iddialarını dinləyib. Cavabdeh qismində Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK), həmçinin Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi çıxış edib. Hakim “Mülki müqavilə” partiyası isə prosesə üçüncü tərəf kimi cəlb olunub.

Məhkəmədə ən diqqətçəkən çıxışlardan birini “Birlik qanadları” partiyasının nümayəndəsi, hüquqşünas Liparit Drmeyan edib. O bildirib ki, seçki günü qeydə alınmış çoxsaylı pozuntuların miqyası səsvermənin nəticələrinə təsir göstərə biləcək səviyyədə olub. Onun sözlərinə görə, müxtəlif seçki məntəqələrində aşkar edilən uyğunsuzluqlar və texniki səhvlər seçkinin nəticələrinin ləğvi üçün kifayət qədər əsas yaradır. Drmeyan MSK-nın və digər cavabdeh tərəflərin “pozuntular nəticələrə təsir edəcək həddə olmayıb” arqumentini də qəbul etməyib. O, məhkəməyə müraciətlə sual edib ki, nəticələrin etibarsız sayılması üçün konkret neçə pozuntu baş verməlidir və belə bir meyar mövcuddursa, niyə açıqlanmır. Hüquqşünas vurğulayıb ki, məhkəmə prosesində pozuntuların baş vermədiyini sübut edən hər hansı tutarlı əks-arqument səsləndirilməyib, yalnız onların izahına cəhd göstərilib. Onun fikrincə, Konstitusiya Məhkəməsinin seçkilərin nəticələrini etibarsız hesab etməsi cəmiyyətin bir hissəsində yaranmış şübhələrin aradan qaldırılması və seçki institutuna inamın bərpası baxımından mühüm əhəmiyyət daşıyacaq.

“Çiçəklənən Ermənistan” partiyasının nümayəndəsi Elinar Vardanyan isə əsas ittihamlarını MSK-ya yönəldib. O bildirib ki, ilkin nəticələr hesablanarkən partiyanın topladığı səslər sistemə düzgün daxil edilməyib. Vardanyanın sözlərinə görə, əgər məlumatlar düzgün qeydə alınsaydı, partiya 4 faizlik seçki baryerini keçmiş hesab olunacaq və bəzi seçki məntəqələrində nəticələrin etibarsız sayılması halında təkrar səsvermənin keçirilməsi zərurəti yaranacaqdı. Vardanyan iddia edib ki, MSK məhz sonradan manevr imkanını qorumaq üçün bu məlumatları düzgün əks etdirməyib. O, seçki administrasiyasının pozuntuların miqyasını kiçiltməyə çalışdığını, bunun isə seçki sisteminə ictimai etimadı daha da sarsıtdığını bildirib. Partiya təmsilçisi Konstitusiya Məhkəməsinin qərarının vətəndaşların seçki prosesinə inamının bərpası üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məhkəmə tərəflərin yekun çıxışlarını dinlədikdən sonra müşavirə otağına çəkilib. Konstitusiya Məhkəməsinin sədri Arman Dilanyan qərarın iyulun 4-də günün sonunadək açıqlanacağını bildirib.

***

Konstitusiya Məhkəməsinin verəcəyi qərar təkcə seçkilərin hüquqi taleyi ilə bağlı deyil, həm də Ermənistanda seçki institutuna etimadın hansı səviyyədə qorunub saxlanılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmə iclaslarında səsləndirilən iddialar göstərir ki, müxalifət əsas diqqəti ayrı-ayrı texniki pozuntulardan daha çox, seçki prosesinin bütövlüyünün şübhə altına alınmasına yönəldib. Buna qarşılıq olaraq MSK və digər dövlət qurumları pozuntuların mövcudluğunu tam inkar etməsələr də, onların səsvermənin yekun nəticələrinə təsir edəcək miqyasda olmadığını bildiriblər.

Mövcud vəziyyət göstərir ki, Konstitusiya Məhkəməsinin seçkiləri tamamilə etibarsız hesab etməsi ehtimalı yüksək qiymətləndirilmir. Çünki bunun üçün yalnız prosedur pozuntularının mövcudluğu deyil, həmin pozuntuların mandat bölgüsünə və seçkinin yekun nəticəsinə birbaşa təsir göstərdiyini təsdiqləyən hüquqi əsaslar tələb olunur. İndiyədək ictimaiyyətə açıqlanan materiallar isə belə nəticəyə gəlmək üçün kifayət qədər güclü hüquqi baza formalaşdırmır.

Prosesin diqqətçəkən cəhətlərindən biri də odur ki, məhkəmə araşdırmaları davam etdiyi günlərdə hakim komandanın daxilində də müəyyən kadr dəyişiklikləri baş verir. Parlamentin sədri Alen Simonyanın deputat mandatından imtina etməsi və onun yerinə Ruben Rubinyanın irəli sürülməsi hakimiyyətin seçkidən sonrakı mərhələdə idarəetmə modelini yeniləməyə çalışdığını göstərən addım kimi qiymətləndirilir. Simonyan qərarın partiya rəhbərliyinə məxsus olduğunu bildirsə də, bu dəyişikliklər seçkilərdən sonra hakim komandanın yeni siyasi konfiqurasiya formalaşdırmaq niyyətindən xəbər verir.

Eyni zamanda, hakimiyyətin seçki qanunvericiliyinə təklif etdiyi yeni dəyişikliklər də müzakirələri daha da gücləndirib. Xaricdə uzun müddət yaşayan Ermənistan vətəndaşlarının səsvermə hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan layihə müxalifət tərəfindən Konstitusiyaya zidd addım kimi qiymətləndirilir. “Maariflənmiş Ermənistan” partiyasının lideri Edmon Marukyan hesab edir ki, bu təşəbbüs hüquqi zərurətdən deyil, siyasi məqsədlərdən irəli gəlir. Onun fikrincə, hakimiyyət gələcəkdə Konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçiriləcəyi halda seçici bazasını məhdudlaşdırmaqla tələb olunan səs həddini faktiki olaraq aşağı salmağa çalışır. Siyasətçi “Sputnik Ermənistan”a müsahibəsində deyib: “Ermənistanda uzun müddət yaşamayan vətəndaşların seçki hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi təkcə ölkə Konstitusiyasına deyil, həm də beynəlxalq təcrübəyə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna ziddir. Vətəndaşın aktiv seçki hüququ, yəni səsvermədə iştirak etmək hüququ onun müəyyən müddət ölkədə yaşamamasına görə heç bir halda məhdudlaşdırıla bilməz”. O qeyd edib ki, passiv seçki hüququ, yəni seçilmək hüququ ilə bağlı yaşayış senzi artıq qanunvericilikdə mövcuddur: “Məsələn, son 4 ildə daimi olaraq Ermənistanda yaşamayan şəxs deputatlığa namizəd ola bilməz. Lakin aktiv seçki hüququna gəldikdə, Ermənistan Konstitusiyasının 2-ci maddəsinə əsasən, hakimiyyət xalqa məxsusdur və xalq bu hakimiyyəti seçkilər və referendumlar vasitəsilə həyata keçirir. Buna görə də 18 yaşına çatmış hər bir vətəndaş səsvermə hüququna malikdir və bu hüquq son altı ay ərzində harada yaşamasından asılı olaraq məhdudlaşdırıla bilməz”.

Göründüyü kimi, Ermənistan Konstitusiya Məhkəməsinin qarşısında yalnız seçki mübahisəsini hüquqi müstəvidə həll etmək vəzifəsi dayanmır. Veriləcək qərar ölkədə seçki institutlarına inamın, siyasi rəqabətin və hüquqi legitimliyin gələcək inkişafına da təsir göstərə bilər. Seçkilərin nəticələrinin qüvvədə saxlanılması hakimiyyət üçün hüquqi baxımdan mühüm üstünlük yaratsa da, müxalifətin qaldırdığı məsələlər göstərir ki, seçki prosesinin şəffaflığı və seçki administrasiyasına etimad mövzusu yaxın dövrdə də Ermənistanın siyasi gündəmində qalacaq. Bu baxımdan iyulun 4-də açıqlanacaq qərar təkcə hüquqi sənəd deyil, həm də ölkədə seçkidən sonrakı siyasi atmosferin istiqamətini müəyyənləşdirəcək mühüm qərar kimi qiymətləndirilir.

Xatırladaq ki, iyunun 7-də keçirilmiş parlament seçkilərinin rəsmi nəticələrinə əsasən, yalnız üç siyasi qüvvə parlamentə düşüb. Hakim “Mülki müqavilə” partiyası səslərin 49,74 faizini toplayaraq 64 mandat əldə edib. “Güclü Ermənistan” bloku 23,27 faiz səslə 29, “Ermənistan” bloku isə 9,92 faiz səslə 12 mandat qazanıb. “Çiçəklənən Ermənistan” partiyası 3,98 faiz səslə parlamentdən kənarda qalıb. Bununla hakim partiya parlament çoxluğunu qorusa da, Konstitusiyaya təkbaşına dəyişiklik etmək üçün tələb olunan konstitusion çoxluğu əldə edə bilməyib.

Səxavət HƏMİD
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 23:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri