İri və xırdabuynuzlu heyvanların sayı niyə azalır? Araşdırma
Icma.az bildirir, 525.az portalına istinadən.
Azərbaycanda iri və xırdabuynuzlu heyvanların sayı kəskin azalıb. Rəsmi statistika da ölkədə xırdabuynuzlu heyvanların sayının son illərdə xeyli azaldığını göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, yarım ildə Azərbaycanda qoyun və keçilərin sayı 6 milyon 757,8 min baş olub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 138,7 min baş və ya 2 faiz azdır. Son beş ilin statistikası da azalma meylinin davam etdiyini göstərir. Belə ki, 2021-ci ildə ölkədə 8 milyon 89,7 min baş, 2022-ci ildə 7 milyon 899,7 min baş, 2023-cü ildə 7 milyon 751,7 min baş, 2024-cü ildə 7 milyon 60,6 min baş, 2025-ci ildə isə 6 milyon 896,5 min baş qoyun və keçi qeydə alınıb. Beləliklə, son beş ildə ölkədə xırdabuynuzlu heyvanların sayı təxminən 1,3 milyon baş azalıb.
Mütəxəssislər bu azalmanın bir neçə əsas səbəbinin olduğunu bildirirlər. Bunlar yem bazasının və otlaq sahələrinin azalması, yemlərin bahalaşması, yemlərə qatılan qatqıların heyvanların tələf olmasına səbəb olması və s.
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, örüş sahələrinin azalması heyvanların azalmasına təsir edən əsas amillərdəndir: "Bələdiyyələr fəaliyyətə başladıqdan sonra örüş sahələrinin çoxu bələdiyyələrin balansına verildi və bələdiyyələr də örüş sahələrinin çoxunu satdı. Həmin ərazini satın alan vətəndaşlar isə onu əkin yeri kimi istifadə etdi. Bu da örüş sahələrinin əkin yerlərinə çevrilməsi deməkdir. Beləliklə, tədricən örüş sahələri azaldı və fermerlər çox sayda mal-qara saxlaya bilmədilər. Min qoyun saxlayan fermer indi 200 qoyun, 150 qoyun saxlayır. Demək, qoyunun baş sayı 4-5 dəfə azaldı. İribuynuzlu heyvanlar da həmçinin. Məsələn, əvvəllər kənd yerində iribuynuzlu heyvanlar örüşə otlamağa aparılardı. İndi heç kim örüşə apara bilmir. Çünki örüş yoxdur. Əvvəllər 6 inək olurdusa, indi 1 və ya 2 inək saxlayırlar".
A.Nəsirli mal-qaranın azalmasının digər səbəbini subsidiya ilə əlaqələndirib: "Bitkiçiliklə məşğul olan fermerlərə subsidiya vermək mexanizmi asandır, amma heyvandarlıqla məşğul olan fermerlərə subsidiya vermək mexanizmi çətindir. Subsidiya verməkdən ötrü hər bir heyvanın identifikasiya qeydiyyatı olmalıdır. Yəni qeydiyyatda olmalıdır ki, hökumət onu görsün. Subsidiya verən Kənd Təsərrüfatı Nazirliyi həmin heyvanın vəziyyətinə mütəmadi olaraq nəzarət etməlidir. Bu da yalnız heyvanların qeydiyyatı vasitəsilə olmalıdır. Qeydiyyatsız heyvanlara görə subsidiya verilməsi mümkün deyil. İribuynuzlu heyvanların çoxu qeydiyyatdan keçir və onlara görə cüzi miqdarda subsidiya verilir".
Mütəxəssis hesab edir ki, identifikasiya məsələsi ölkədə sürətləndirilməlidir, iri və xırdabuynuzlu heyvanlara görə subsidiya verilməsi məsələsi həll olunmalıdır: "Eyni zamanda heyvandarlığın inkişafının əsas yollarından biri də işğaldan azad olunmuş ərazilərdədir. Həmin ərazilərin böyük əksəriyyəti otlaq sahələridir. Orada heyvandarlıq üçün əlverişli şərait var və hesab edirəm ki, hökumət o ərazilərdə heyvandarlıqla məşğul olan fermerləri dəstəkləməklə heyvandarlıq sahəsini bu kritik dövrdən çıxara bilər".
İqtisadçı ekspert Xalid Kərimli də bildirib ki, son dövrlərdə ölkədə iri və xırdabuynuzlu heyvanların sayında kəskin azalmasının bir çox ciddi səbəbləri var: "Bu səbəblərdən birincisi ölkədə əhalinin artımıdır. Belə ki, son 10 ilin statistikasına baxsaq, ölkədə heyvan kəsimi 20 faiz artıb. Lakin saxlanılan heyvanların sayı azalıb. Əvvəllər kənddə yaşayan insanlar heyvan saxlayırdılar. Son illərdə böyük şəhərlərə köç səbəbindən heyvan saxlayanların sayında ciddi şəkildə azalma var. Təbii otlaqların da sayı azalıb. Belə ki, həyət evlərinin tikintisinin çoxalması, şoranlaşma, əkinçilik, bağçılıq məqsədilə ərazilərin hasarlanması otlaqların azalmasına səbəb olan əsas amillərdir. Heyvanların qidalanması üçün fərdi ev təsərrüfatı məcbur qalıb yem alır ki, bu, xərclərin artımıdır. Əslində, bahalaşma tələbatı aşağı salmalıdır. Lakin bahalaşma fonunda insanlar kifayət qədər ət alırlar. Ümumiyyətlə, heyvandarlıq çox ağır sahədir. Ona görə də çox adam bu sahə ilə məşğul olmaq istəmir. İribuynuzlu heyvan təsərrüfatlarının damazlıq saxlaması üçün sahələri yoxdur ki, yem bazalarını formalaşdırsınlar. Yem qiymətlərinin son üç ildə bahalaşmasına görə hətta damazlıq heyvanları da kəsimə göndərirlər. Bu da növbəti illərdə damazlıq heyvanların və bazara təklif olunan ətin azalmasına səbəb olur".
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bəzi örüş ərazilərinin iri fermer təsərrüfatlarının, aqroparkların istifadəsinə verilməsi də heyvandarlıqla məşğul olan kiçik və orta fermerlərin imkanlarına təsir göstərə bilər. Bu baxımdan örüş sahələrinin idarə olunması və istifadəsi məsələsinə daha diqqətli yanaşmağa ehtiyac var: "Hazırda Azərbaycanda heyvan saxlamaq üçün imkanların genişləndirilməsi müəyyən çətinliklərlə üzləşir. Örüş sahələrinin məhdudluğu ilə yanaşı, yem istehsalının həcmi də tələbatı tam qarşılamır. Azərbaycan yem çuğundurunun istehsalının geniş yayılmadığı ölkələrdən biridir. Eyni zamanda silos istehsalının artırılmasına ehtiyac var. Halbuki əvvəlki dövrlərlə müqayisədə bu sahədə daha yüksək göstəricilər mövcud olub. Dövlət tərəfindən bu istiqamətdə əlavə tədbirlər görülməlidir. Əsas addımlar sırasında örüş ərazilərində məhsuldarlığın artırılması, yem bazasının gücləndirilməsi, keyfiyyətli yem məhsullarının istehsalının genişləndirilməsi və fermerlərin imkanlarının artırılması yer alır".
Ekspert hesab edir ki, bu məsələyə ciddi yanaşmaq vacibdir: "Azərbaycan digər ölkələrlə müqayisədə heyvanlar üçün zəngin yem rasionunun formalaşdırılması baxımından müəyyən çətinliklərlə üzləşir. İqlim dəyişiklikləri də kənd təsərrüfatına təsir göstərən amillərdən biridir. Lakin müxtəlif ölkələrin təcrübəsi göstərir ki, düzgün idarəetmə və müasir yanaşmalar tətbiq etməklə bu sahədə inkişaf əldə etmək mümkündür. Məsələn, Özbəkistan və Qazaxıstan kimi ölkələrdə iqlim şəraitinin müəyyən çətinliklərinə baxmayaraq, kənd təsərrüfatı və heyvandarlıq sahəsində inkişaf istiqamətində addımlar atılır. Azərbaycanın da bu sahədə böyük potensialı var. Ölkənin hər il heyvandarlıq məhsullarının idxalına əhəmiyyətli vəsait xərclədiyini nəzərə alsaq, həmin imkanların yerli istehsalın inkişafına yönəldilməsi həm fermerlərin gəlirlərinin artmasına, həm də daxili bazarın təminatına müsbət təsir göstərə bilər. Bəzi hallarda heyvandarlıq sahəsində yaranan problemlərin səbəbi kimi fermerlərin fəaliyyəti göstərilir. Lakin fermerlərin əsas məqsədi təsərrüfatlarını inkişaf etdirmək və gəlir əldə etməkdir. Mövcud çətinliklər isə onların imkanlarını məhdudlaşdırır. Buna görə də bəzi fermerlər heyvan sayını azaltmaq məcburiyyətində qalırlar. Heyvan sayının azalması ilə yanaşı, sonradan həmin göstəricilərin bərpası da müəyyən vaxt tələb edir. Xaricdən gətirilən heyvanların da məhsuldarlığı hər zaman gözlənilən səviyyədə olmur. Bu səbəbdən damazlıq işlərinin düzgün təşkili və keyfiyyətli heyvan seçiminə diqqətin artırılması vacibdir. Ümumilikdə, heyvandarlığın inkişafı üçün yem bazasının gücləndirilməsi, fermerlərin dəstəklənməsi və mövcud resurslardan daha səmərəli istifadə olunması əsas məsələlərdən biridir".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 21 Avqust 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















