Icma.az
close
up
RU
“İşğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər normallaşdırıldı və zamanla qeyri legitim sistem formalaşdırdı”

“İşğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər normallaşdırıldı və zamanla qeyri legitim sistem formalaşdırdı”

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Bu gün müsahibim İqtisadi elmləri doktoru, siyasi alim, İsveçrə Fəxri Federal Təqaüdçüsü, ABŞ-ın Miçiqan Universitetinin (Ann Arbor) Weiser alimi, Macarıstanın Ludovika alimi mükafatçısı Nərgiz Hacıyevadır. Nərgiz Hacıyeva Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Elmi fəaliyyətin təşkili şöbəsinin müdiri, UNEC Xanım Tədqiqatçılar Şurasının rəhbəri, İsveçrə Siyasi Elmlər Assosiasiyası Empirik Metodlar İşçi qrupunun direktorudur.

Nərgiz Hacıyeva Bizimyol.info xəbər portalının ona ünvanladığı sualları cavablandırıb.

Bu mövzunu seçməyinizin əsas səbəbi nə oldu?

- Bu mövzunu seçməyimin əsas səbəbi iqtisad elminə konseptual və nəzəri baxımdan yeni bir istiqamət gətirmək zərurətindən irəli gəlirdi. İlk dəfə olaraq “Occupied Economy – işğal olunmuş iqtisadiyyatlar” anlayışını sistemli elmi kateqoriya kimi formalaşdıraraq, işğal şəraitində mövcud olan iqtisadi münasibətləri ayrıca və müstəqil tədqiqat obyekti kimi irəli sürdüm. Bu yanaşma həm monoqrafiyamda, həm də doktorluq dissertasiyamda əsas nəzəri çərçivəni təşkil edir.

Doktorluq tədqiqatım işğal dövründə Azərbaycanın sonradan azad olunmuş ərazilərində həyata keçirilmiş qanunsuz idxal–ixrac fəaliyyətlərinin iqtisadi və hüquqi qiymətləndirilməsinə həsr olunmuşdur. Burada məqsəd yalnız iqtisadi zərərlərin hesablanması deyil, daha dərin səviyyədə iqtisadi hüquq və iqtisadi sosiologiyanın kəsişməsində yeni interdisiplinar fenomenin üzə çıxarılması idi. Çünki klassik yanaşmalarda illegal bazarlar və kölgə iqtisadiyyatı əsasən sabit və suveren ərazilər kontekstində araşdırılmışdır. Halbuki konfliktli və işğal olunmuş ərazilər bu baxımdan tamamilə fərqli hüquqi və institusional mühit yaradır. Tədqiqatın əsas elmi nəticələrindən biri ondan ibarətdir ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlər yalnız iqtisadi kateqoriya deyil, hüquqi istismar indikatorları ilə sıx bağlıdır. Bu kontekstdə “illeqal bazarların leqitimləşdirilməsi” anlayışı xüsusi əhəmiyyət kəsb edir. Yəni işğal olunmuş ərazilərdə formalaşan bazarlar faktiki olaraq qeyri-qanuni olsa da, müxtəlif aktorlar tərəfindən hüquqi və institusional illüziya yaradılaraq legitim iqtisadi fəaliyyət kimi təqdim olunur.

Bu fenomen təkcə Azərbaycan nümunəsində deyil, eyni zamanda Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərində, Moldovanın Transnistriya bölgəsində, eləcə də Ukraynanın Krım, Donbas və Luqansk ərazilərində müşahidə olunur. Bu məkanlarda hüququn real mövcudluğu deyil, “hüququn illüziyası” formalaşdırılır. Müxtəlif dövlətlər və elita qrupları öz iqtisadi maraqlarına uyğun şəkildə idxal–ixrac rəqəmlərini, ticarət axınlarını və statistik göstəriciləri manipulyasiya edirlər. Nəticədə etibarlı və vahid empirik məlumat bazasının formalaşması ciddi şəkildə mümkünsüzləşir.

İlleqal bazarlardan daşınan malların üçüncü dövlətlərdə müsadirə olunması, qeyri-rəsmi tranzsərhəd əməliyyatlar və məlumatların heterogen xarakter daşıması bu sahədə empirik tədqiqat aparmağı olduqca çətinləşdirir. Məhz buna görə də mən iqtisadi hüququ ayrıca deyil, iqtisadi-hüquqi prizma əsasında, interdisiplinar yanaşma ilə, əsas prinsipal meyarlar üzərindən təhlil etdim. Bu yanaşma nə yerli, nə də beynəlxalq ədəbiyyatda 30 ilə yaxın bir dövr ərzində sistemli şəkildə tətbiq olunmamışdır.

Monoqrafiyamda ilk dəfə olaraq bu problemlər vahid nəzəri çərçivədə ümumiləşdirilmiş, işğal olunmuş iqtisadiyyatlarda illegal bazarların strukturu, legitimləşmə mexanizmləri və imperium–dominion hüquqlarının pozulması iqtisadi hüquq kontekstində əsaslandırılmışdır. Bu baxımdan əminliklə qeyd edə bilərəm ki, bu tədqiqat işğal olunmuş ərazilərdə kölgə iqtisadiyyatı mövzusunda ən sistemli və kompleks elmi araşdırmalardan biridir.

Tədqiqat nəticələri əsasında hazırlanmış monoqrafiya ABŞ-də nəşr olunmuş və Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarına – Prezident Administrasiyasına, Baş Prokurorluğa və digər aidiyyəti strukturlara təqdim olunacaqdır. Eyni zamanda monoqrafiyanın təqdimatı Azərbaycan Dövlət İqtisad Universitetində keçiriləcək Elm Günləri çərçivəsində baş tutacaq və burada hörmətli rektor professor Ədalət Muradov, baş elmi redaktorlar və tanınmış dövlət və akademik nümayəndələr iştirak edəcəklər.

Bu mövzuda apardığım tədqiqatlar beynəlxalq elmi platformalarda da geniş rezonans doğurmuşdur. Elmi işim İsveçrədə ETH Zürich və Basel Universitetində, Lozanna Universitetində, Yaponiyada Kyoto Universitetində, İspaniyada Málaga Universitetində, Macarıstanda Szeged Universitetində, Polşada Kazimierz Wielki Universitetində, eləcə də ABŞ və Böyük Britaniyada müxtəlif akademik mühitlərdə təqdim olunmuşdur. Norveç, ABŞ, Macarıstan, Çexiya, Polşa, İspaniya, İsveçrə və digər ölkələrdən monoqrafiyanın təqdimatı ilə bağlı dəvətlər almışam.

Nəticə etibarilə bu mövzunu seçməyim həm elmi boşluğu doldurmaq, həm də işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin mahiyyətini qlobal elmi diskursa çıxarmaq məqsədi daşıyır. Bu tədqiqat işğal olunmuş iqtisadiyyatların yalnız regional deyil, qlobal iqtisadi hüquq və konflikt tədqiqatları üçün fundamental əhəmiyyət daşıdığını ortaya qoyur.

Beş illik araşdırma prosesində sizi ən çox təəccübləndirən nəticə nə oldu?

- Beş illik tədqiqat prosesində məni ən çox heyrətləndirən nəticə, ilk növbədə, məlumatlara çıxışın sistemli şəkildə bloklanması və hüquqi-institusional manipulyasiyanın miqyası oldu. Azərbaycanın mövcud IP və statistik sistemləri vasitəsilə Ermənistan və işğal dövründə Qarabağla bağlı məlumatların əldə olunmasının faktiki olaraq mümkünsüz olması, bu sahədə elmi tədqiqat aparmağın nə qədər çətin və qeyri-adi şəraitdə həyata keçirildiyini açıq şəkildə göstərirdi. Buna baxmayaraq, elmin və elmi yeniliyin siyasi baryerləri aşmaq gücünə malik olduğunu şəxsən bu tədqiqat prosesində müşahidə etdim. Məhz bu mövzuda aparılan araşdırmaya görə, dünya üzrə seçilmiş ölkələrdən olan tədqiqatçılar arasında İsveçrə Federal Hökumətinin fəxri elmi təqaüdünə layiq görülməyim də elmi yanaşmanın aktuallığını və qlobal elmi ictimaiyyət tərəfindən tanındığını təsdiqləyən mühüm göstəricidir.

İkinci və daha sistemli şəkildə məni təəccübləndirən nəticə isə işğal dövründə Qarabağ ərazisində fəaliyyət göstərmiş təxminən 160-a yaxın şirkətin iqtisadi əməliyyatlarının çoxsəviyyəli və transmilliləşmiş xarakter daşıması oldu. Bu şirkətlərin hər biri formal olaraq müxtəlif ölkələrdə – İsveçrə, Yaponiya, Çexiya, İspaniya və digər Avropa dövlətlərində qeydiyyatdan keçmiş törəmə strukturlarla əlaqəli idi. Mən bu şirkətlərin hər biri ilə bilavasitə əlaqə saxlamış, onların hüquqi və iqtisadi şəbəkələrini izləyərək Qarabağ və ətraf ərazilərə investisiya axınlarını və ticarət mexanizmlərini rekonstruksiya etmişəm. Eyni zamanda Gürcüstan və Moldova Gömrük Komitələri ilə yazışmalar apararaq müəyyən tranzit və idxal–ixrac məlumatlarını əldə etmişəm. Bir sıra hallarda məlumatların yüksək konfidensiallıq daşıması səbəbindən onların monoqrafiyada dərc edilməsi məsələsində etik və hüquqi seçimlərlə üzləşmişəm.

Bu tədqiqatın mürəkkəbliyi yalnız elmi deyil, həm də şəxsi və insani ölçülərdə özünü göstərirdi. Mövzunun həssaslığı, müəyyən hallarda mafiya tipli iqtisadi şəbəkələrə toxunması, bir qadın alim və ana olaraq bu araşdırmanı aparmağın əlavə risk və çətinlikləri tədqiqat prosesini daha da ağırlaşdırırdı. İsveçrədə apardığım tədqiqat dövründə ailəmlə birlikdə yaşamaq, eyni zamanda analıq məsuliyyəti ilə elmi öhdəlikləri paralel şəkildə daşımaq bu işin mənim üçün sadəcə akademik fəaliyyət deyil, vətəndaş və intellektual borc olduğunu daha da aydın göstərdi.

Məni xüsusilə heyrətləndirən digər fundamental nəticə isə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO, Cenevrə) və Avropa Patent Ofisinin patent qeydiyyatı bazalarında “Armenia”, “Karabakh”, “Garabakh”, Nagorno-Karabakh”, “Artsakh” kimi açar sözlər əsasında sistemli şəkildə manipulyasiya olunması idi. Mən bu qeyri-qanuni patentləri, ticarət nişanlarını və “Made in Armenia” etiketi ilə qeydiyyata alınmış məhsulları açar sözlər əsasında araşdıraraq monoqrafiyada sistemli şəkildə sənədləşdirmişəm.

Bu məsələ ilə bağlı Avropa Patent Ofisində patent strategiyası üzrə məsul şəxslərlə birbaşa müzakirələr apararaq qeyd etmişəm ki, konfliktli ərazilərlə bağlı ticarət nişanlarının və patentlərin qeydiyyatında əsas coğrafi indikatorlar nəzərə alınmadıqda, hüququn aliliyi və eksteryitoriallıq prinsipi pozulur. Bu isə təkcə əqli mülkiyyət hüququnun deyil, eyni zamanda beynəlxalq hüququn, ticarət hüququnun, vergi hüququnun və iqtisadi hüququn əsas prinsiplərinin sistemli şəkildə pozulması deməkdir. İşğal şəraiti Azərbaycanın bu proseslərə müdaxilə imkanlarını məhdudlaşdırmış, nəticədə hüquqi boşluq və hüququn illüziyası formalaşmışdır.

Digər tərəfdən, bu tədqiqat mənim üçün həm də elmi müqavimət forması idi. Mən cəbhədə silahla mübarizə aparan əsgərin paralelində, bir alim olaraq qələmlə mübarizə aparırdım. 2022-ci ildə Zürich Universitetində, Ermənistan Dövlət Universiteti və Ermənistan tərəfindən maliyyələşdirilən “Status Quo in the South Caucasus” adlı beynəlxalq workshopda, iyirmidən çox erməni alim arasında yeganə azərbaycanlı tədqiqatçı kimi çıxış edərək öz elmi arqumentlərimi təqdim etdim. Maraqlıdır ki, bir sıra erməni professorlar sonradan mənə yaxınlaşaraq irəli sürdüyüm iqtisadi və hüquqi arqumentlərin elmi əsaslandırmasının onları heyrətləndirdiyini bildirmişdilər.

Monoqrafiyada həmçinin ABŞ-ın Hudson Mineralogiya İnstitutunun məlumatları əsasında Kəlbəcər və Zəngilan qızıl yataqlarından çıxarılan qızılların kimyəvi tərkibi, xalça ornamentlərinin mənimsənilməsi, qeyri-qanuni tollinq əməliyyatları və digər iqtisadi istismar mexanizmləri də detallı şəkildə təhlil edilmişdir. Nəticə etibarilə, məni ən çox heyrətləndirən məqam işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin təsadüfi deyil, yüksək səviyyədə institusionallaşmış, beynəlxalq şəbəkələrə inteqrasiya olunmuş və hüquqi illüziya üzərində qurulmuş sistem olmasıdır. Bu isə işğal olunmuş iqtisadiyyatların tədqiqinin nə qədər vacib və gecikmiş bir elmi istiqamət olduğunu bir daha sübut edir.

Beş illik araşdırma prosesində üzə çıxan ən diqqətçəkən və eyni zamanda hüquqi baxımdan ən mürəkkəb nümunələrdən biri “Artsakh Fruit” brendi altında həyata keçirilən iqtisadi fəaliyyətlər oldu. İlk baxışdan adi kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı kimi təqdim edilən bu fəaliyyətlər, əslində, işğal olunmuş ərazilərdə hüququn sistemli şəkildə pozulmasının klassik modelini əks etdirirdi. Məsələnin mahiyyəti ondan ibarət idi ki, bu məhsulların coğrafi mənşə indikatorları beynəlxalq hüquqa görə Azərbaycan Respublikasının ərazisinə aid olduğu halda, istehsal və ixrac prosesi işğal şəraitində, Azərbaycanın yurisdiksiyasından kənarda və qeyri-legitim rejim altında həyata keçirilirdi.

Bu vəziyyət bir neçə hüquq sahəsinin eyni anda pozulmasına gətirib çıxarırdı. Əvvəla, coğrafi göstəricilər və mənşə hüququ baxımından ciddi təhriflər müşahidə olunurdu. “Artsakh” adı altında bazara çıxarılan məhsullar faktiki olaraq Azərbaycanın işğal olunmuş ərazilərində istehsal edilsə də, bu ərazilər beynəlxalq hüquqda heç vaxt ayrıca iqtisadi vahid kimi tanınmamışdır. Beləliklə, məhsulların mənşə etiketi hüquqi reallığı əks etdirmir, istehlakçıya yanlış informasiya ötürür və əqli mülkiyyət hüququnun əsas prinsiplərindən biri olan coğrafi indikatorların qorunması prinsipini pozurdu. İşğal olunmuş ərazilərdə həyata keçirilən idxal–ixrac əməliyyatları isə beynəlxalq hüquq baxımından daha ağır pozuntular silsiləsini təşkil edir. 1907-ci il Haaqa Qaydalarına və 1949-cu il Cenevrə Konvensiyalarına əsasən, işğalçı tərəf işğal olunmuş ərazilərin iqtisadi resurslarından yalnız müvəqqəti və məhdud şəkildə istifadə edə bilər. Lakin Qarabağda müşahidə edilən vəziyyət müvəqqəti istifadə deyil, davamlı iqtisadi istismar və resursların xarici bazarlara çıxarılması idi. Bu isə beynəlxalq humanitar hüquqda qadağan olunan davranış formasıdır və dövlət suverenliyinin açıq şəkildə pozulması deməkdir.

Bu kontekstdə xüsusi diqqət yetirdiyim hüquqi anlayışlardan biri də usufrukt (istifadə hüququ) prinsipi olmuşdur. Usufrukt prinsipinə görə, işğalçı dövlət ərazinin “müvəqqəti istifadəçisi”dir və həmin ərazilərin təbii və iqtisadi resurslarını mənimsəyə, onları öz iqtisadi sisteminə inteqrasiya edə və uzunmüddətli gəlir mənbəyinə çevirə bilməz. Ermənistanın Qarabağda apardığı iqtisadi fəaliyyətlər isə bu prinsipin tam inkarı idi. Kənd təsərrüfatı məhsullarının sistemli şəkildə istehsalı və ixracı, emal müəssisələrinin yaradılması və brendləşmə prosesləri artıq müvəqqəti istifadə deyil, iqtisadi sahibliyin qurulması anlamına gəlirdi.

Bir çox tədqiqatçı üçün iqtisadiyyat yalnız ekonometrik modellər, rəqəmlər və statistik göstəricilərdən ibarətdir. Amma işğal olunmuş ərazilər kontekstində bu yanaşma özü-özünü aldatmaqdır. Rəqəmlər yanıla bilər, manipulyasiyaya məruz qala bilər və bəzən də sadəcə “sistemin qurduğu yalan”ın bir hissəsinə çevrilir. Belə vəziyyətdə əsas sual ortaya çıxır: maddi itkilərdən daha dərin nə itirilib? Çünki iqtisadi qiymətləndirmə yalnız maliyyə itkilərini ölçməklə bitməməlidir. İşğal dövründə məhv edilən və ya məhv edilməkdə olan flora və fauna, ekosistemlər, mineral ehtiyatlar, tarixi-mədəni irs, kənd təsərrüfatı sahələrinin dağıdılması, bunların hamısı “rəqəmlərlə ölçülə bilməyən” itkilərdir.

Bu məqamda iqtisadi-hüquqi qiymətləndirmənin məntiqi aydınlaşır: iqtisadi hüquq yalnız bazar mexanizmlərinin bir hissəsi deyil, dövlət suverenliyi və hüququn aliliyi ilə birgə işləyən institusional sistemdir. İqtisadi hüquq təkcə tələb–təklifdən ibarət deyil; o, ədalətli rəqabət, vergitutma prinsipləri, əqli mülkiyyətin qorunması, coğrafi indikatorların dəqiq müəyyənləşdirilməsi kimi institusional qaydaları formalaşdırır. Təəssüf ki, ölkəmizdə iqtisadi hüquq və iqtisadi sosiologiya hələ də zəif tədris olunur. İqtisadiyyat çox vaxt maliyyə, bazar alqı-satqısı yönümlü fənn kimi təqdim edilir və bu da bizi fundamental bir yanlışa aparır: iqtisadiyyatın strukturunu, onun hüquqla necə əlaqələndiyini və konfliktli ərazilərdə bu əlaqənin necə pozulduğunu anlamırıq. Halbuki bu sahə elmi əsaslandırma tələb edir. İqtisadiyyat və hüquq bir-birindən ayrı düşünülməməlidir; onlar vahid, interdisiplinar sistem kimi təhlil edilməlidir, çünki iqtisadiyyatın əsasını ilk növbədə, hüquqi bazanın formalaşdırılması təşkil edir.

Beynəlxalq alimlərlə əməkdaşlıq prosesində hansı çətinliklər və üstünlüklər oldu?

- Ən böyük çətinlik ondan ibarət idi ki, konfliktli və işğal olunmuş ərazilərdə qeyri-qanuni bazar fəaliyyətlərini, qanunsuz idxal–ixrac mexanizmlərini sistemli şəkildə araşdıran alimlər xüsusilə İsveçrədə demək olar ki, yox idi. Ümumilikdə, qeyri-leqal bazarları tədqiq edən professorlar mövcud olsa da, onların əksəriyyəti sabit ölkələrdə klassik “shadow economy” modelləri üzərində çalışırdılar. Halbuki işğal olunmuş, hüquqi rejimi pozulmuş və institusional boşluqların mövcud olduğu ərazilər tamam fərqli elmi yanaşma tələb edir. Məsələn; St. Gallen Universitetində doktorantura "fellowship"-i dövründə bu sahəyə yaxınlaşan alimlərlə müəyyən intellektual müzakirələr aparmaq mümkün idi, lakin həssas bölgələr və konfliktli ərazilər kontekstində çalışan tədqiqatçı tapmaq olduqca çətin idi. Bu boşluq mənim üçün həm çətinlik, həm də elmi baxımdan dönüş nöqtəsi oldu.

Məlumat toplama prosesi klassik metodlarla deyil, demək olar ki, “ip ucu ala-ala” həyata keçirildi. Bir hüquqşünasdan beynəlxalq hüquqi presedentlərə dair fikir, bir iqtisadçıdan qeyri-formal bazar strukturlarına dair yanaşma, cinayət hüququ üzrə professorlardan isə qanunsuz ticarət və məsuliyyət mexanizmləri ilə bağlı dəyərləndirmələr aldım. Bu parçalı, lakin dərin müzakirələr nəticəsində əldə olunan ideyalar mənim üçün vahid konseptual çərçivənin formalaşmasına gətirib çıxardı və iqtisadi elmdə “işğal olunmuş iqtisadiyyatlar” occupied economies anlayışının nəzəri əsaslarını qurmağa stimul verdi. Bu kontekstin beynəlxalq müstəvidə müzakirəsi də xüsusilə əhəmiyyətli idi. Məsələn, Kyoto Hüquq Məktəbində professor Hamamoto ilə görüş zamanı mövzunu Kuril adaları kontekstində müzakirə etdik. Bu dialoq göstərdi ki, müxtəlif coğrafiyalarda konfliktlərin forması fərqli olsa da, işğal şəraitində iqtisadi fəaliyyətlərin hüquqi və institusional mahiyyəti oxşar sistem pozuntularına əsaslanır.

Digər bir çətinlik, mövzunun emosional ağırlığı idi. Araşdırma predmeti həddindən artıq həssas olduğuna görə bəzən emosional təsir qaçılmaz olurdu. Əldə etdiyim hər bir data, hər bir fakt yalnız akademik obyekt deyil, eyni zamanda insan taleləri, pozulmuş hüquqlar və sistemli ədalətsizliklərin göstəricisi idi. Buna baxmayaraq, özümü elmi məsafədə saxlamağa, emosiyanı analitik düşüncə ilə tarazlaşdırmağa çalışdım. Çünki bu mövzu məhz soyuqqanlı, metodoloji və hüquqi əsaslandırılmış yanaşma tələb edir. İşğal dövründə qeyri-qanuni iqtisadi fəaliyyətlərin ən ciddi nəticəsi iqtisadi zərərdən daha çox, hüquqi və institusional nizamın sistemli şəkildə dağıdılması oldu.

Ən təhlükəli nəticə ondan ibarət idi ki, işğal olunmuş ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlər normallaşdırıldı və bu normallaşma zamanla alternativ, qeyri-legitim “iqtisadi sistem” formalaşdırdı. Bu sistemdə vergidən yayınma, qeyri-qanuni idxal–ixrac, saxta mənşə sertifikatları, coğrafi indikatorların təhrif edilməsi və ticarət nişanlarının yanlış qeydiyyatı sıradan iqtisadi praktikaya çevrildi. Nəticədə hüquqi boşluq iqtisadi davranışın əsas qaydasına çevrildi. Digər mühüm nəticə ərazi üzərində iqtisadi suverenliyin faktiki olaraq əlindən alınması idi. İşğal şəraitində həyata keçirilən iqtisadi əməliyyatlar Azərbaycanın fiskal, gömrük və tənzimləyici mexanizmlərindən kənarda qaldığı üçün dövlətin öz ərazisində iqtisadi nəzarət hüququ pozuldu. Bu isə beynəlxalq hüquqda "sovereign economic rights" anlayışının və territorial integrity prinsipinin birbaşa pozuntusu demək idi. Eyni zamanda bu qeyri-qanuni fəaliyyətlər beynəlxalq bazarlarda yanlış iqtisadi siqnallar yaratdı. Məsələn; “Made in Armenia” adı altında dövriyyəyə buraxılan məhsullar yalnız istehlakçıları aldatmadı, həm də beynəlxalq ticarət sistemində mənşə qaydalarını (rules of origin) və Ümumdünya Ticarət Təşkilatının fundamental prinsiplərini pozdu. Bu cür praktika bazar etimadını zəiflədir və qlobal iqtisadi sistemdə hüquqi qeyri-müəyyənlik yaradır. Ən dərin və uzunmüddətli nəticə isə institusional yaddaşın məhv edilməsi oldu. Qanunsuz iqtisadi fəaliyyətlər yalnız maddi sərvətləri deyil, həm də torpağın hüquqi statusunu, toponimləri, mədəni irsi, coğrafi indikatorları və iqtisadi kimliyi hədəf aldı.

Bu monoqrafiyanın Azərbaycan elminin beynəlxalq nüfuzuna təsirini necə qiymətləndirirsiniz?

- Hər şeydən əvvəl onu vurğulamaq istərdim ki, bu tədqiqat Azərbaycan və dünya elmi tarixində işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlərin, qanunsuz idxal–ixracın, əqli mülkiyyət pozuntularının və institusional destruksiyanın kompleks şəkildə araşdırıldığı ilk fundamental monoqrafiyalardan biridir və ABŞ-ın NOVA Publishing nəşriyyat evinin maliyyə dəstəyilə nəşr edilmişdir. Bu baxımdan əsər yalnız mövcud bilikləri sistemləşdirmir, eyni zamanda yeni elmi istiqamətin - occupied economies konseptinin formalaşmasına töhfə verir. Monoqrafiya üzərində aparılan araşdırmalar son dərəcə dərin və çoxşaxəli olmuşdur. Tədqiqat yalnız regional çərçivədə deyil, beynəlxalq müqayisəli kontekstdə aparılmış, müxtəlif ölkələrin hüquqi, iqtisadi və institusional təcrübələri ilə paralellər qurulmuşdur. Bu, Azərbaycan elmi üçün mühüm yenilikdir və gələcək tədqiqatlar üçün ciddi metodoloji baza yaradır.

Əsərin digər mühüm elmi yeniliyi ondan ibarətdir ki, ilk dəfə olaraq yerli və xarici nüfuzlu alimlərdən ibarət geniş beynəlxalq redaksiya heyəti bu monoqrafiyanın elmi redaktorluğunu həyata keçirmişdir. Onların sırasında:

Professor Ədalət Muradov, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professorJohn D. Branch – Miçiqan Universitetinin Ross Biznes Məktəbinin professoru (ABŞ)Simon Grima – Malta Universitetinin İqtisadiyyat, Menecment və Mühasibatlıq fakültəsinin dekanı, professor; eyni zamanda Latviya Universitetinin professoruKiran Sood, PhD – Chitkara Biznes Məktəbinin professoru (Hindistan), UNEC Women Researchers Council üzvüİrşad Kərimli, PhD – UNEC professoruJoseph Salomonsen – Norveçdə ARKIVET Sülh və İnsan Hüquqları Mərkəzində Demokratik Dayanıqlıq mərkəzinin direktoru

Bu cür beynəlxalq elmi əməkdaşlıq monoqrafiyanın həm akademik keyfiyyətini, həm də beynəlxalq etibarlılığını əhəmiyyətli dərəcədə artırmışdır. Xüsusilə qeyd etmək istərdim ki, elmi yolum boyunca UNEC-in rektoru professor Ədalət Muradovun davamlı elmi dəstəyi mənim üçün həmişə böyük stimul olmuşdur. O, mənim elm yolunda işıq göstərən bir akademik lider kimi bu tədqiqatın formalaşmasında mühüm rol oynamışdır. Yerli elmi rəhbərim professor İrşad Kərimli və İsveçrəli elmi rəhbərim professor Dirk Lehmkuhl isə bu elmi işin konseptual və metodoloji əsaslarının qurulmasında əsas fiqurlar olmuşlar. Tədqiqat nəticələrinin 25-dən çox ölkədə elmi aprobasiyadan keçməsi, beynəlxalq konfrans və workshoplarda təqdim olunması monoqrafiyanın qlobal elmi diskursda qəbul olunduğunu göstərir. Bundan əlavə, yüksək impakt faktorlu jurnallarda dərc etdirdiyim qeyri-qanuni bazarlar və Qarabağ mövzusunda məqalələrim Norveçin Agder Universitetində “GEO404 – Geopolitics” fənni çərçivəsində tədris olunmuşdur. Maraqlıdır ki, bu dərsi tədris edən şəxs monoqrafiyanın elmi redaktorlarından biri olan Joseph Salomonsen idi. Bu fakt əsərin yalnız tədqiqat obyekti deyil, eyni zamanda tədris materialı kimi də beynəlxalq elmi dəyər qazandığını sübut edir.

Bu kitabın dünya elminə verdiyi ən böyük “çağırış” nədir?

- Bu kitabın dünya elminə verdiyi ən böyük “çağırış” ondan ibarətdir ki, o, iqtisadiyyata baxış bucağını kökündən dəyişməyi tələb edir. Əsər açıq şəkildə göstərir ki, iqtisadiyyat yalnız neytral rəqəmlər, balans cədvəlləri və ekonometrik modellər toplusu deyil. Xüsusilə işğal olunmuş və konfliktli ərazilər kontekstində iqtisadi fəaliyyətlər hüquqi boşluqlar, siyasi güc münasibətləri, hərbi nəzarət və institusional manipulyasiya ilə sıx şəkildə iç-içədir. Kitabın əsas elmi çağırışı ondan ibarətdir ki, o, işğal olunmuş iqtisadiyyatlar (occupied economies) anlayışını ayrıca və müstəqil tədqiqat predmeti kimi təqdim edir. Monoqrafiya dünya elmini ciddi sual qarşısında qoyur:

Əgər hüquq sistematik şəkildə pozulursa, əgər coğrafi indikatorlar saxtalaşdırılırsa, əgər ticarət nişanları və patentlər işğal olunmuş ərazilər üzərindən leqallaşdırılırsa — biz bunu hələ də “iqtisadi fəaliyyət” adlandıra bilərikmi? Bu kitab göstərir ki, belə hallarda söhbət iqtisadiyyatdan deyil, institusional zorakılığın iqtisadi formalarından gedir.

Və sonda: Bir gün kimsə soruşsa ki, Qarabağda nə baş verib? — bu monoqrafiya cavab verəcək…

Günel Həsənova, Bizimyol.info

https://novapublishers.com/shop/economic-activities-during-the-occupation-of-karabakh-a-case-study-1992-2020-of-decades-of-property-exploitation-in-an-occupied-economy/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Fevral 2026 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see234

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see204

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see176

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see166

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see149

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see148

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri