İslahat kağızda qalmasa, məktəbdə hiss olunsa yeni model müəllimliyi daha professional çərçivəyə sala bilər
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Məsələ ilə Bizimyol.info xəbər portalına Azərbaycan Maarifçilər Assosiasiyasının sədri Tofiq Sadıxov bildirib ki, dəyişiklik gecikmiş olsa da, ümumi sistemin keyfiyyətinə ciddi müsbət təsir göstərə bilər: “Saatlıq dərs sistemi uzun illərdir ki, Azərbaycan təhsilində davamlılıq probleminin əsas səbəblərindən biridir. Müəllim yalnız öz dərsini deyib gedəndə, məktəbdə metodik iş zəifləyir, həmkar əməkdaşlığı yaranmır, fərdi yanaşma mümkün olmur və valideyn-müəllim dialoqu kəsilir.
Yeni model müəllimliyi daha professional çərçivəyə salır. Dünya təhsilində - Finlandiya, Estoniya, Sinqapur kimi ölkələrdə müəllim məktəbdə yalnız dərs demir, həm də inkişaf, planlama və təhsil mühitinin formalaşması ilə məşğul olur. Müəllimin məktəbdə daha çox olması şagirdin də inkişafına real təsir göstərir. Bu baxımdan dəyişiklik gecikmiş olsa da, ümumi sistemin keyfiyyətinə ciddi müsbət təsir göstərə bilər”.
Tofiq Sadıxov
Tofiq Sadıxov vurğulayıb ki, bu sistemi müəllimlər öz inkişafları üçün fürsət kimi görəcəklər: “Bu sualın cavabı iki əsas şərtdən asılıdır:
Birincisi - maaş məsələsi. Nazirlik yeni modelin “yüksək maaşlı və rəqabətli” olacağını bildirirsə, bu, xüsusilə gənc müəllimlər üçün cəlbedici olacaq. Peşəkar müəllimlər üçün karyera pillələri, sabit iş və sosial paket ciddi motivasiya verir.
İkincisi -iş yükünün balansı. Əgər müəllimə 18-24 saat dərs yükü, qalan zaman isə planlama, fərdi məşğələ, valideynlə iş, metodik fəaliyyət üçün real şərait yaradılarsa . Əksinə, əgər inzibati hesabatlar çoxaldılsa, kağız işi artarsa və məktəbdaxili proses ağırlaşarsa, maraq azalacaq. Modelin uğuru onun necə tətbiq ediləcəyindən asılıdır”.
Tofiq Sadıxov qeyd edib ki, bu modellə kənd məktəbləri üçün yeni imkanlar da yarana bilər: “Bu, islahatın ən həssas və riskli tərəfidir. Kənd və rayon məktəblərində çox müəllim birdən çox yerdə saatlıq dərs deyərək öz gəlirini formalaşdırır. Tam iş günü modeli onların gəlir strukturunu dəyişəcək və bəzilərinin işini çətinləşdirəcək.
Bundan başqa sertifikasiyada yüksək nəticə tələbi, kənd müəllimlərinin resurslara daha məhdud çıxışı seçim imkanlarını daralda bilər.
Amma qarşı tədbirlər düzgün görülərsə, bu modellə kənd məktəbləri üçün yeni imkanlar da yarana bilər. Məsələn: kənd müəllimləri üçün əlavə maaş əmsalları, yaşayış yeri, yolpulu, qaldığı yer üçün sosial paketlər, sertifikasiya hazırlığı üçün regional təlimlər və mentor proqramları. Yəni sistemin düzgün tətbiqi müəllim çatışmazlığını artırmaq yox, əksinə, peşəkar müəllimləri bölgələrə cəlb etmək üçün də stimul ola bilər.
Bu addım müəllimlik peşəsini struktur baxımından yeniləyir. Peşəni “saat yığma”dan çıxarıb, tam ştatlı, planlı, komanda işi tələb edən bir modelə salır. Əgər real şərtlər düzgün qurularsa, bu, təhsilin keyfiyyətinin artırılmasına, müəllim peşəsinin nüfuzunun yüksəlməsinə və məktəbin inkişafına xidmət edəcək. Amma bunun üçün şərtlər aydın, proses mərhələli, müəllim maraqları nəzərə alınmış, bölgələr üçün ayrıca mexanizmlər hazırlanmış olmalıdır. İslahatın uğuru - kağız üzərində deyil, məktəbin içində hiss olunmalıdır”.
Günel Həsənova, Bizimyol.info
Baxış sayı:92
Bu xəbər 18 Noyabr 2025 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















