İsrail mətbuatında Türkiyə sancısı! Bu papaq Ərdoğanın: Tam qələbə
Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.
Ağ Ev Qəzzada atəşkəsin ikinci mərhələsi çərçivəsində yaradılan Sülh Şurası və Qəzza İdarəetməsi Milli Komitəsinin üzvlərini açıqlayarkən, xarici işlər naziri Hakan Fidanın Qəzza İcraiyyə Komitəsində yer alması Təl-Əvivdə sərt reaksiyalara səbəb olub. İsrail mətbuatı mövzunu geniş şəkildə gündəmə gətirərək, Ankaranın Şuraya daxil edilməsini “Türkiyənin tam qələbəsi” başlığı ilə təqdim edib.
Sherg.az xəbər verir ki, Ağ Ev Qəzzada atəşkəs prosesinin ikinci mərhələsinin mühüm tərkib hissəsi kimi yaradılan “Sülh Şurası”nın üzvlərini və keçid dövrünü idarə edəcək “Qəzza İdarəetməsi Milli Komitəsi”nin sədrini açıqladı. Açıqlamada ABŞ Prezidenti Donald Trampın Qəzzada sülhə dair 20 maddəlik planına istinad edilərək ikinci mərhələyə keçildiyi vurğulandı.
Bu mərhələnin əsas elementlərindən biri olaraq Qəzza İdarəetməsi Milli Komitəsinin yaradıldığı və komitəyə Fələstin Administrasiyasının keçmiş Planlaşdırma nazirinin müavini doktor Əli Şaatın sədrlik edəcəyi bildirildi.
Ağ Ev Trampın sədrliyi ilə fəaliyyət göstərəcək Sülh Şurasında müxtəlif sahələr üzrə vəzifə alacaq üzvlərin adlarını da açıqladı.
“Qurucu İcraiyyə Şurası” adı ilə təqdim edilən Sülh Şurasında ABŞ Dövlət katibi Marko Rubio, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner, Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, Mark Rouan, Ajay Banqa və Robert Qabriel yer aldı.
Açıqlamada Qəzzada idarəçilik və xidmətlər sahəsində bütün fəaliyyətləri hərtərəfli dəstəkləmək məqsədilə “Qəzza İcraiyyə Şurası” adlı yeni qurumun yaradıldığı bildirildi.
Bu qurumda xarici işlər naziri Hakan Fidan, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff, Cared Kuşner, Toni Bleyer, BƏƏ-nin Beynəlxalq Əməkdaşlıq naziri Riem əl-Haşimi, təcrübəli qatarlı diplomat Əli əl-Səvadi, Misir kəşfiyyatının rəhbəri Həsən Rəşad, Mark Rouan, Nikolay Mladenov, Yakir Qabay və Siqrid Kaaq yer aldı.
İsrail mərkəzli "İ24" kanalının xəbərinə görə, Təl-Əvivdə təhlükəsizlik-siyasi kabinet baş nazir Netanyahunun ofisinin ABŞ ilə Qəzzada yaradılması planlaşdırılan “Sülh Şurası”nın strukturu və digər mövzularda fikir ayrılıqları yaşandığına dair açıqlamasından sonra 18.01.2026 tarixində axşam saatlarında toplaşıb. Netanyahu Türkiyə və Qətərin “Qəzza Sülh Şurası”na daxil edilməsini sərt şəkildə pisləyib.
Xəbərdə siyasi müxbir Qay Azaryalın, Netanyahunun Türkiyənin Şuraya daxil edilməsinə dair tənqidinin ABŞ ilə əvvəlcədən koordinasiya olunduğunu bildirdiyi qeyd edilib.
İsrail tərəfi üçün Qətər və Türkiyə aktorlarının ümumilikdə prosesə qoşulmasından çox, ABŞ-ın Hakan Fidanı və Qətərdən yüksək səviyyəli bir şəxsi Qəzzanın icra orqanı olan “İdarəetmə Şurası”na daxil etməsi narahatlıq mənbəyi kimi qiymətləndirilib. İ24-ün məlumatına görə, Ağ Evin həftəsonu bu iki şəxsin icra orqanına daxil edildiyini açıqlaması sürpriz kimi dəyərləndirilib.
Knesset müxbiri Amiel Yerahi isə təhlükəsizlik-siyasi kabinet iclasında gərginlik yaşandığını bildirib. Bir çox nazir Qəzzada “Sülh Şurası”nın yaradılmasını təhlükəsizlik baxımından “məsuliyyətsiz addım” adlandırıb, bəzilərinin iclasdan məyus ayrıldığı vurğulanıb. Məsələyə yaxın mənbə Netanyahunun sərt açıqlamasının ABŞ ilə koordinasiya edildiyini və Ağ Evdən cavab gəlməməsinin təsadüf olmadığını bildirib.
Netanyahunun nazirləri sakitləşdirmək üçün ABŞ Prezidenti Donald Tramptan aldığı təminatları paylaşdığı da qeyd olunub.
İsrailin Channel 14 kanalının xəbərinə görə, diqqətlər Tehrana yönəlsə də, əsas təhlükənin Qəzzada olduğu bildirilib. Xəbərdə Qəzza zolağında Türkiyə hərbi varlığının İsraili “sıfır nöqtəsinə” qaytaracağı iddia edilib.
İsrailli analitik Ben Menahem Türkiyə və Qətərin “Sülh Şurası”na qatılmasını “açıq-aşkar mənfi inkişaf” kimi qiymətləndirib. O, Tal Meirə verdiyi müsahibədə siyasi uzlaşma cəhdləri çərçivəsində İsraili başlanğıc nöqtəsinə qaytara biləcək “dəhşətli ssenari”nin gizləndiyini deyib.
Ən böyük təhlükənin beynəlxalq gücün tərkib hissəsi kimi Qəzzada Türkiyə hərbi varlığının gündəmə gəlməsi olduğunu vurğulayan Menahem hökuməti aydın mövqe tutmağa çağırıb.
Maariv qəzetində isə Türkiyənin Sülh Şurasına daxil edilməsi ilə bağlı Ankaranın Vaşinqtonun gözardı edə bilməyəcəyi regional çəkiyə malik olduğu vurğulanıb.
Siyasi mənbəyə istinadla qeyd olunub: “Trampın Ərdoğan və Qətərlə yaxın münasibətlər saxladığı sirr deyil. O, bunu Netanyahu ilə açıq görüşlərində də dilə gətirib.”
Xəbərdə Netanyahunun Türkiyənin Qəzza İcraiyyə Şurasına daxil edilməsinə açıq etirazının Təl-Əvivlə Vaşinqton arasında etimad böhranı anlamına gəlmədiyi bildirilsə də, İsrailin bu etirazının ABŞ-ın Türkiyə və Qətərə yönəlik jestinin dəyərini paradoksal şəkildə artırdığı qeyd edilib.
“Əgər İsrail etiraz etməsəydi, Vaşinqtonun qərarı daha az məna kəsb edərdi. Bu halda Tramp Ankara və Dohaya İsrailin sərt etirazına baxmayaraq onları daxil etdiyini göstərə bilir və bu da jestin dəyərini yüksəldir”, – deyə yazılıb.
Maarivin başqa bir yazısında israilli jurnalist Ben Kaspi̇tin “Ərdoğan sevinə bilər: Netanyahunun israrı Türkiyənin ‘tam qələbəsinə’ yol açdı” sərlövhəli məqaləsinə yer verilib.
Məqalədə Qəzzanın “ertəsi günü” üçün Qətər və Türkiyənin prosesə daxil edilməsinin sərt şəkildə tənqid edildiyi, Kaspi̇tə görə bunun Təl-Əvivdə siyasi çöküşə işarə etdiyi vurğulanıb.
Kaspi̇t İsraili “tarixinin ən böyük fəlakətlərindən birinə sürükləyən” hökumətin müstəqil dövlət istintaq komissiyası əvəzinə “əvvəldən qüsurlu siyasi ört-basdır komissiyası” yaratdığını iddia edib.
Kaspi̇t, həmçinin Netanyahunun “Qəzzada tam qələbə” şüarının artıq Türkiyə və Qətər üçün keçərli olduğunu və üzərində bu şüar yazılmış papağın artıq Ərdoğana verilməli olduğunu yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 19 Yanvar 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















