Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
2020-ci il noyabrın 25-də Kəlbəcər rayonunun işğaldan azad edilməsindən altı il ötür. 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı tarixi Qələbə nəticəsində Ağdam, Kəlbəcər və Laçın rayonları hərbi əməliyyatlar aparılmadan ölkəmizə qaytarılıb.
Kəlbəcərin bir güllə atılmadan azad edilməsi Azərbaycanın hərbi və diplomatik uğurlarından biri kimi tarixə düşüb. Prezident İlham Əliyev 2025-ci il avqustun 21-də Kəlbəcər sakinləri ilə görüşündə bu məsələyə toxunaraq bildirib ki, rayonun mürəkkəb relyefi, qış mövsümünün yaxınlaşması və Ermənistan ordusunun qurduğu istehkamlar nəzərə alınsaydı, Kəlbəcərin hərbi yolla azad edilməsi böyük itkilərlə nəticələnə bilərdi. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Ordusu istənilən halda bu torpaqları azad etmək gücündə idi, lakin yaranmış siyasi reallıq rayonun itkisiz qaytarılmasına imkan verdi.
Kəlbəcərin 1993-cü il aprelin 2-də işğal olunması isə Azərbaycanın həmin dövrdə yaşadığı siyasi böhran və hakimiyyət uğrunda mübarizə ilə əlaqələndirilir. Prezident İlham Əliyev işğalın səbəblərindən danışarkən o zamankı AXC-Müsavat hakimiyyətini məsuliyyət daşıyan tərəf kimi göstərib.
İşğaldan sonra BMT Təhlükəsizlik Şurası 1993-cü il aprelin 30-da 822 saylı qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edib. Lakin qətnamənin icrası uzun illər təmin olunmayıb. Azərbaycan 2020-ci ildə hərbi-siyasi gücü hesabına ərazi bütövlüyünü bərpa edərək beynəlxalq sənədlərdə əksini tapmış tələblərin həyata keçirilməsinə nail olub.
Ermənistanın işğal illərində və ərazilərdən geri çəkilərkən törətdiyi dağıntılar Kəlbəcərin tarixi-mədəni irsinə, yaşayış məntəqələrinə və təbiətinə ciddi ziyan vurub. Evlərin yandırılması, ərazilərin minalanması və mülki infrastrukturun dağıdılması rayonun bərpasını daha da çətinləşdirib.
Prezident İlham Əliyev 2025-ci ildə Kəlbəcər sakinləri ilə görüşündə şəhərin işğaldan sonrakı vəziyyətini xatırladaraq bildirib: "Kəlbəcər şəhərində, heç bir kəndində bir dənə də bina qalmamışdır. O, vəhşilik idi”.
Bu gün isə həmin dağıntıların yerində yeni yaşayış məntəqələri salınır, infrastruktur qurulur və Böyük Qayıdış prosesi davam edir. 2025-ci il avqustun 20-dən etibarən keçmiş məcburi köçkünlərin Kəlbəcər şəhərinə qayıdışına başlanılıb. 2026-cı ilin sentyabrında şəhərdə 162 ailənin yaşadığı açıqlanıb.
Kəlbəcərin gələcək inkişafı 2040-cı ilədək nəzərdə tutulan Baş Plan əsasında həyata keçirilir. Sənədə əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyevin Kəlbəcər sakinləri ilə görüşündə səsləndirdiyi "Biz ədaləti bərpa etdik, haqqımızı bərpa etdik” fikri rayonun keçdiyi tarixi yolu və bu gün həyata keçirilən quruculuq işlərinin mahiyyətini ifadə edir.
Beləliklə, altı il əvvəl işğaldan azad edilən Kəlbəcər bu gün yenidən qurulur, doğma sakinlərinə qovuşur. Uzun illər həsrətlə gözlənilən qayıdış prosesi qədim diyarın yeni inkişaf mərhələsinin əsasını qoyur.
Könül Nurullayeva
Milli Məclisin deputatı
Baxış sayı:84
Bu xəbər 24 Noyabr 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















